"AzerGold" QSC və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş "Nadir incilər - ipəklə gümüşün harmoniyası" adlı tədbirdə "Nadir fauna növləri" adlı yeni nəsil gümüş sikkələrin, ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.
"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədbirdə çıxış edərək deyib:
- Azərbaycan dünyanın ən zəngin biomüxtəliflik mərkəzlərindən biridir.
Ölkəmizin milli dəyərlərinin təbliği istiqamətində irəli sürülən bu dəyərli təşəbbüsün ərsəyə gəlməsi üçün qısa zaman ərzində mühüm işlər görən "Azərxalça" ASC-nin peşəkar kollektivinə təşəkkür edirəm.
İlk növbədə qeyd edim ki, ölkəmizin aparıcı dağ-mədən şirkəti "AzerGold" yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə deyil, həm də məhsulların son istehlakçıya çatdırılması sahəsində uğurla həyata keçirdiyi təşəbbüsləri ilə də seçilir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət çərçivəsində bu istiqamətdə bir çox uğurlar əldə edilib. Yerli istehsalın təşviqinə yönəlmiş iqtisadi siyasət fəaliyyətimizə geniş imkanlar açıb. Yerli xammal əsasında hazırlanmış qiymətli məmulatların daxili bazarda satışı, mədəni irsin və milli dəyərlərin təbliği ilə yanaşı, rəqabətqabiliyyətli milli məhsulların yaradılması baxımından da uğurlu nümunəyə çevrilib.
"AzerGold" ilk məhsullarının təqdimatına 2019-cu ildən başlayıb. Sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərlərimizi əks etdirən məhsullarla təmin etməklə "Made in Azerbaijan" brendini təşviq etmək idi. Bu günədək, maddi dəyərlə yanaşı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib. Zamanla bu layihə yalnız təbliğat missiyası ilə məhdudlaşmayaraq, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu bir modelə çevrilib. Yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməyə töhfə verib. Cari ildə qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə edilib. 2019-cu ildən bu günədək isə məhz bu istiqamət üzrə ölkə iqtisadiyyatına təqribən 92 milyon manata yaxın vəsait cəlb olunub.
Dövlət şirkətinin 2025-ci ildə dünya və yerli bazarlarda ümumi satışlarının həcmi isə 431 milyon manat təşkil edib. Şirkətin fəaliyyət dövrü ərzində ölkə iqtisadiyyatına 1,9 milyard manat həcmində vəsait cəlb edilib.
"AzerGold" 2023-cü ildən etibarən məhsulların hazırlanmasında müasir və alternativ istehsal həlli olan "smartminting" texnologiyasının tətbiqinə başlayıb. Xüsusilə qeyd etmək istərdim ki, numizmatika sahəsində inqilabi yenilik sayılan bu texnologiya vasitəsilə üçölçülü formatda mürəkkəb dizaynlı sikkələrin istehsalı həyata keçirilir. Bu innovativ üsul Asiya qitəsində ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "100 il və onun fövqündə bir irs" adlı qızıl sikkənin "AzerGold" tərəfindən istehsalında tətbiq edilib.
Yaşadığımız dövr innovativ texnologiyalar və süni intellekt dövrü olsa da, eyni zamanda iqlim dəyişiklikləri, təbiətin, canlıların qorunması kimi qlobal problemlərin yaşandığı dövrdür. Bu kontekstdə dünyanın 200-dən çox ölkəsinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının keçirilməsinin ölkəmizə həvalə edilməsi beynəlxalq nüfuzun, etibarlı tərəfdaş imicinin və "yaşıl iqtisadiyyat"a keçid strategiyasının nəticəsidir. Ötən ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə möhtərəm cənab Prezident İlham Əliyevin bu qlobal çağırışlara verdiyi önəmin daha bir göstəricisidir.
Ölkəmizdə vəhşi təbiətin mühafizəsi dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən biridir. Bu sahədə atılan ardıcıl addımlar göstərir ki, biz təbiətə yalnız iqtisadi resurs kimi deyil, gələcək nəsillərə ötürüləcək irs kimi yanaşırıq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər mədəniyyətin, humanizmin və ekologiyanın ayrılmaz olduğunu göstərir. Çünki təbiəti qorumaq - insanı, milli kimliyi və gələcəyi qorumaq deməkdir.
Bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Təşkilatın həyata keçirdiyi layihələr nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırıb. "Qafqazın böyük beşliyi" layihəsi çərçivəsində qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsi, ceyranların tarixi areallarına reintroduksiyası istiqamətində görülən işlər bu sahədə nümunəvi yanaşmalardır.
Bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu var. Onun təşəbbüsləri və fəal liderliyi ilə nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi yalnız yerli deyil, beynəlxalq müstəvidə də diqqət mərkəzinə gətirilib. Təqdimatına yığışdığımız layihənin icra edilməsində əsas ilham mənbəyimiz də məhz bu fəaliyyətdir.
Mədənçilik ənənəvi olaraq ekologiya və ətraf mühitə müəyyən mənfi təsirləri ilə diqqət çəkən sahə kimi qiymətləndirilir. Bunun üçün də ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması mədən şirkətlərinin bütün fəaliyyət istiqamətləri üzrə ən vacib çağırış hesab edilir. "AzerGold" bu və digər prinsipləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun formalaşdıraraq təbii resursların məsuliyyətli idarə olunmasını təmin edir. Ətraf mühitlə bağlı fəaliyyətlərdə milli qanunvericiliyə və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara uyğunluq əsas götürülür. Təkcə yataqların istismarı prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblər ən vacib prioritet kimi nəzərə alınır.
Cəmiyyət tərəfindən Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə mütəmadi olaraq, ekoloji maarifləndirmə, bölgələrdə yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın qorunmasına töhfə verilməsi istiqamətində birgə tədbirlər icra edilir. Fəaliyyət dövrü ərzində hasilat bölgələrindən yeri iqlim şəraitinə uyğun minlərlə ağac və kol bitkiləri əkilib.
Şirkət tərəfindən həyata keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin qorunması önəmli yer tutur. 2021-ci ildə Cəmiyyət və ETSN tərəfindən həyata keçirilən ekoloji layihə çərçivəsində Daşkəsən rayonunda yerləşən Güney-Zağalı su anbarına Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmiş 3000-dən çox qızılxallı forel körpələri buraxılıb.
Hasilat zonalarında bitən və "Qırmızı kitab"a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsində olan bitki növlərinin çoxaldılması və onların tarixən yetişdiyi ərazilərə reintroduksiyasını özündə ehtiva edən uzunmüddətli ekoloji layihələr bu istiqamət üzrə çoxşaxəli fəaliyyətə ən bariz nümunələrdən biridir.
Layihə çərçivəsində "Qırmızı kitab"a daxil edilmiş Zəngəzur itburnusu (Rosa zangezura), Nizami itburnusu (Rosa nisami), İriyarpaq kövrək mürdəşər (Frangula grandiflora), Dəmirağac kimi 10-dan çox nadir ağac və bitki növünün kütləvi əkini həyata keçirilib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının "Qırmızı kitabı"nın 2023-cü ildə nəşr edilmiş 3-cü nəşrində "AzerGold" QSC-nin icra etdiyi bu ekoloji əhəmiyyətli layihə öz əksini tapıb.
Bu gün təqdim etdiyimiz sikkələrin üzərində təsvir olunan nadir fauna növlərinin seçimi də təsadüfi deyil. Onların hər biri respublikamızın "Qırmızı kitabı", o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "qırmızı siyahı"nın nəsli kəsilmək təhlükəsi olan həssas olan canlılar kateqoriyasına daxil edilib.
"Ceyran" - azadlığın və zərifliyin, "Qafqaz bəbiri" - gücün və əsalətin, "Bezoar keçisi" isə iradə, inadkarlıq və cəsarətin rəmzidir. Bu canlılar minilliklər boyu bu torpaqlarda yaşayıb. Bu gün isə onların taleyi bizim seçimlərimizdən və məsuliyyətimizdən asılıdır.
Canlıların məhv olmasının qarşısının alınması təkcə bir ölkənin deyil, bütün bəşəriyyətin qarşısında duran qlobal çağırışdır. Bu gün "smartminting" texnologiyası ilə zərb edilmiş gümüş sikkələr, ipək və yun qarışımından toxunmuş zərif xalçalar "AzerGold" və "Azərxalça"nın bu çağırışa verdiyi mesajdır. Mesaj isə sadədir: "Qoruduğun qədər varsan, yaşatdığın qədər yaddaşlardasan".
Sonra tədbirdə çıxış edən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən 3D texnologiyası ilə toxunmuş xalçalar "AzerGold" QSC və "Azərxalça" ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaq mesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunub ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlif Qarabağ xalçalarının qısa tarixindən də söz açaraq "Azərxalça" ASC-nin gələcək planları və əsas hədəflərindən tədbir iştirakçılarına xəbər verib.
Qeyd edək ki, kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü - ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının "Qırmızı kitab"ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən "Smartminting" texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksəkkeyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.
Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi məhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə də digər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növ xalçalarla tanış olublar.