30 Dekabr 2025 08:30
702
Mədəniyyət
A- A+
Fətəli xan Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi

Fətəli xan Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi


Azərbaycan Xalq Cümhuriyyəti (AXC) milli dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biridir. 1918-ci il mayın 28-də elan edilən bu respublika Şərqdə ilk parlamentli-demokratik dövlət kimi tarixə düşmüşdür. AXC-nin dövlət quruculuğu prosesi yalnız milli kimlik və azadlıq ideyalarının təcəssümü deyil, həm də müasir idarəçilik mədəniyyətinin əsasını qoymaq baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu tarixi prosesdə önəmli rol oynayan siyasi xadimlər arasında Fətəli xan Xoyskinin adı xüsusi olaraq çəkilməlidir. 

Fətəli xan Xoyski Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxuduğu müddətdə (1891-1897) Avropanın hüquqi və siyasi düşüncəsini əxz etmiş, liberal-demokratik ideyalarla tanış olmuşdur. İlk növbədə qeyd edək ki, bəzi qaynaqlarda Fətəli xan Xoyskinin siyasi mənsubiyyəti, Kadet Partiyasına mənsubluğu kimi göstərilmişdir. II Dövlət Dumasının Stenoqrafik hesabatlarında isə Xoyskinin şəxsi məlumatları belə bildirilmişdir: "Xoyski Xan Fətəli İskəndər oğlu - türk-müsəlman, 30 yaşlı, ali hüquq təhsilli, Dumanın fəaliyyətinə qədər prokuror müavini vəzifəsində çalışmış, Müsəlman Fraksiyasının üzvü". 

1919-cu il dekabrın 2-11-də Bakıda Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının ikinci qurultayı keçirilərkən, çıxışı zamanı F.Xoyski qeyd etmişdir ki, "Bir sıra səbəblərə görə, mən indiyədək heç bir partiyaya daxil olmamışam. Buna görə də hər bir partiyanın fəaliyyətini kənardan müşahidə edirəm, ona qərəzsiz qiymət vermək mənim üçün asandır... ". 

Fəaliyyətinin ilkin dövrlərində siyasi baxışlarına görə liberal-demokrat dünyagörüşünə malik Fətəli xan Xoyskinin mövqeyi Kadetlərin siyasi baxışlarına uyğun gəlsə də, o, nə Rusiya imperiyası dövründə, nə də Azərbaycan Xalq Cümhuriyyəti illərində hər hansı siyasi partiyanın üzvü olmuşdur. 1907-ci ildə Rusiya İmperiyasının II Dövlət Dumasına deputat seçilmiş Xoyski burada Müsəlman fraksiyasının fəal üzvlərindən biri olmuşdur. 

F.Xoyskinin siyasi baxışlarını Kadet Partiyasının 1907-ci ilin mayın 18-də hazırlayaraq 173 deputatla birlikdə Dövlət Dumasına təqdim olunan "Milli və ya dini mənsubiyyətlə bağlı hüquqlardakı məhdudiyyətlərin ləğvi haqqında qanun layihəsi"ndə yer alan prinsiplərlə müəyyən edə bilərik. Məlumdur ki, bu qanun layihəsini imzalayanlardan biri də Fəytəli xan Xoyski idi. Dövlət Dumasına təqdim olunan bu layihədə vətəndaşların dini və milli mənsubiyyətindən asılı olmayaraq mövcud olan bütün hüquqi məhdudiyyətlərinin aradan qaldırılmasının zəruriliyi qeyd edilirdi. Həmçinin layihədə Rusiya vətəndaşlarına peşə seçimi azadlığı, dövlət və ictimai xidmətdə bərabər hüquqlar, şəxsi toxunulmazlıq, söz və mətbuat azadlığı, təhsil almaq hüququ və digər təminatların verilməsi tələb olunurdu. Xoyskinin də bu qanunu dəstəkləməsi onun liberal-demokratik dəyərlərə sadiqliyinin göstəricisi idi. Xüsusilə qeyd edək ki, onun dünyagörüşündə ilk milli dövlət ideyasının təməlləri bu dövrdə formalaşmağa başlamışdır. Onun siyasi baxışlarına görə, dövlətin dayağı xalqın suveren iradəsi, azad yaşamaq haqqı və siyasi-hüquqi bərabərliyidir. Məhz Dövlət Dumasına təqdim olunan layihədəki prinsiplər Xoyskinin dövlətçilik baxışlarının ilkin siyasi-hüquqi konturlarını ortaya qoyurdu. O dövr Xoyski liberal və modernləşmiş hüquqi düşüncəyə malik ziyalı kimi çıxış edirdi və hüququn aliliyi prinsipini ön planda tuturdu. Onun tənqid obyektləri əsasən çar hakimiyyətinin qanunları və sərt mərkəzləşdirilmiş idarəetmə sistemi olmuşdur ki, bunlar həm məhdud, həm də dövrün ictimai-siyasi tələblərinə cavab vermirdi. 

Xoyskinin sonrakı mərhələlərdə siyasi baxışları daha da konkretləşməyə doğru inkişaf etmişdir. Xüsusilə də digər milli-demokratik ziyalılar kimi I Dünya müharibəsindən müsbət gözləntilər Xoyskinin də əsas istəklərindən idi. Proqressiv Azərbaycan ziyalıları, zahirən hökumətə loyal münasibət göstərsələr də, bu müharibənin nəticələrini öz xalqı üçün mümkün qədər əlverişli məcraya yönəltməyə ümid edirdilər. Bu baxımdan AXC-nin baş naziri olmuş Fətəli xan Xoyskinin 1915-ci ildə söylədiyi sözlər xüsusilə səciyyəvidir. Xoyski yazırdı: "Müharibədən sonra hər şey dəyişəcək, güclü dövlətlər ondan zəifləmiş və yaralanmış şəkildə çıxacaqlar və o zaman bizim öz şərtlərimizi diktə etmək dövrümüz yetişəcək ki, bu da bizim üçün azadlıq deməkdir. Bu azadlıq isə bizim gücümüzdən, sərvətlərimizdən və neftimizdən qaynaqlanır. Buna görə də unutmayın: dünya bizə, bizim dünyaya olduğumuzdan daha çox möhtacdır". Həqiqətən də Xoyskinin söylədiyi perspektiv vəd edən bu siyasi fikirləri gerçək həqiqəti əks etdirir, Rəsulzadə və digər milli-demokratik ziyalıların fikirləri ilə səsləşirdi. Ümumiyyətlə, Xoyskinin 1907-1917-ci illər siyasi baxışlarını təhlil edərkən bu qənaətə gəlirik ki, həmin dövrdə konkret siyasi mənsubiyyəti olmayan Xoyski liberal-demokratik baxışları ilə  seçilmiş, çar Rusiyası hüdudları daxilində yaşayan xalqların hüquq bərabərliyi, insan hüquq və azadlığının təmini prinsiplərini müdafiə etmiş, etnik və dini ayrı-seçkiliyə qarşı mübarizə aparmışdır. 

1917-ci il Oktyabr çevrilişindən sonra Fətəli xan Xoyskinin siyasi baxışlarında müstəqillik ideyaları özünü daha qabarıq göstərməyə başladı. Bu dövrdə o, Cənubi Qafqazın vahid siyasi birlik kimi müstəqil olması fikrini dəstəkləyir və bu mövqeyi öz çıxışlarında xüsusi olaraq vurğulayırdı. 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi. Bu tarixi hadisə Fətəli xan Xoyskinin uzun illər ərzində formalaşan siyasi dünyagörüşündə yeni ideyaların əsasını qoydu. Artıq həmin dövrdən etibarən Xoyskinin baxışlarında yeni mərhələ başlayır - liberal-demokratizm mövqeyindən milli-demokratiya prinsiplərinə keçid. Bu ideoloji mövqe onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir və ilk müstəqil milli Azərbaycan dövlətinin quruculuğunda mühüm rol oynayırdı. Cümhuriyyətə qədərki dövrdə Xoyski Rusiyada idarəçilik və qanunvericilik sahəsində hüquqi və demokratik prinsipləri ön plana çıxarırdısa, Cümhuriyyət qurulduqdan sonra onun fəaliyyəti daha çox milli dövlətçilik prinsiplərinin praktik olaraq həyata keçirilməsinə, suverenliyin qorunmasına və müstəqil Azərbaycanın beynəlxalq müstəvidə tanınmasına yönəlmişdi. Bu baxış onun həm baş nazir, həm də digər dövlət vəzifələrindəki fəaliyyəti dövründə həyata keçirdiyi siyasətdə aydın şəkildə görünürdü. 

Xoyskinin dövlətçilik fəlsəfəsinin əsasını, fəaliyyəti dövründə əməli şəkildə həyata keçirməyə çalışdığı və hər zaman sadiq qaldığı əsas prinsiplər - millətin hüququ, istiqlalı və hürriyyəti təşkil edirdi. Bu prinsipial mövqe 1918-ci il dekabrın 7-də AXC Parlamentinin birinci iclasında Azərbaycan Hökumətinin fəaliyyəti barədə hesabatı zamanı bir daha özünü göstərmişdir. Cümhuriyyətin hökumət başçısı nitqində deyirdi: "Möhtərəm Azərbaycan parlamenti əzası! Bugünkü gün Azərbaycan üçün böyük mübarək gündür ki, bunu yuxumuzda görməzdik, əqlimizə belə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə bu bayram günü sizi və sizinlə bərabər özümüzü də təbrik edirəm. Bu qısa zamanda qüvvəmiz qədər vəzifəmizi də ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu qətiyyətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: MİLLƏTİN HÜQUQU, İSTİQLALI, HÜRRİYƏTİ!" 

Fətəli xan Xoyski istər Zaqafqaziya Seyminin fəaliyyəti dövründə, istərsə də müstəqillik dönəmində Cənubi Qafqazın siyasi birliyinin tərəfdarı olmuşdur. Onun 21 dekabr 1919-cu il tarixdə Bakıda keçirilən Azərbaycan-Ermənistan konfransında çıxışı da bunu təsdiq edir: "...Bizim nümayəndə heyətimiz hesab edir ki, Zaqafqaziya xalqlarının müstəqil varlığının və gələcək inkişafının əsasında dayanmalı olan əsas məsələ - siyasi və iqtisadi birliyin müəyyən formasıdır. Bu birliyi siyasi nəzəriyyədə müstəqil və suveren dövlətlərin konfederasiyası adlandırmaq olar. Biz inanırıq ki, konfederasiya ideyası Zaqafqaziya respublikalarına müstəqillik ideyasını həm formal, həm də faktiki cəhətdən möhkəmləndirmək üçün lazımi siyasi çərçivə verə bilər. Bu konfederativ sistem daxilində iqtisadi və ticarət əlaqələrinin də təbii şəkildə tənzimlənməsi mümkün olacaqdır". 

Paris sülh konfransı tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınmasına həsr olunmuş AXC Parlamentinin təntənəli iclasında xarici işlər naziri F.X.Xoyskinin 14 yanvar 1920-ci ildə çıxışı xüsusi önəm daşıyır. O çıxışında deyirdi:  "Bu gün ingilis nümayəndəsi bizə bildirdi ki, lord Kerzon sülh konfransında təklif etmiş ki, Azərbaycan və Gürcüstan istiqlaliyyətləri təsdiq olunsun. Sülh konfransı nümayəndələri bu təklifi qəbul etmişlər. Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq... Bugünkü bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. İndi də təsdiqini sizə mən elan edirəm".

Fətəli xan Xoyski şəxsiyyəti haqqında dövrün bir çox xadimləri dəyərli fikirlər səsləndirsələr də, onun fəaliyyətini və xarakterinin mahiyyətini ən təbii, ən səmimi ifadə edənlərdən biri cümhuriyyət qurucularının görkəmli siması - Xəlil bəy Xasməmmədov olmuşdur. Xasməmmədovun Xoyski barədə söylədikləri həm bir silahdaşın etirafı, həm də bir dövlət adamının qəlbindən süzülüb gələn həqiqət idi. Xəlil bəy Xasməmmədli 1933-cü ildə Azərbaycan Yurd Bilgisi jurnalında yazdığı "28 Mayısın Büyük Kurbanı Feth Ali Han" adlı məqaləsində yazırdı: "Azərbaycanla doğulub, Azərbaycanla sönən bir ulduz olan Fətəli xana Azərbaycanla bərabər ağlamamaq mümkün deyildir. "Əslən aristokrat, qəlbən demokrat", "dövlətşünas", "qanunçü", "dərin zəka sahibi olan Fətəli xan səmimi milliyyətpərvər və sınmaz iradəli bir dövlət adamı idi... "Qırmızı imperializmin zorakı işğalı" ilə "Azərbaycanın müstəqilliyinin düşmənləri, Azərbaycanın ideallarının zəhərli qatilləri, qanlı əllərini mərhuma uzatdılar. Onu yalnız öz xalqına xidmət etdiyinə və ölkəsinə olan dərin bağlılıq və məhəbbətinə görə, ana torpağından uzaq, qürbət ellərin küçələrində qəddarcasına qətlə yetirdilər. Milli Cümhuriyyətimizin təməllərini qoyanlardan biri, əziz dostumuz, qatil və məkruh  millətin gülləsi ilə istiqlaliyyətə gözünü yumdu. Bu itki milli Cümhuriyyətin münəvvər zümrəsinin bel sümüyünə endirilən zərbələrdən bəlkə ən həssası və ilki idi".

Xəlil bəy Xasməmmədov həmçinin böyük bir ürək yanğısı ilə arzu edirdi ki, "Azərbaycan yenidən müstəqilliyinə qovuşduqda, bu məmləkətin övladları mərhum Fətəli xanın cəsədini - onun qəlbimizdə yaşayan əziz ruhu ilə birgə - vətənə gətirəcək və onun xatirəsinə layiq, qürurverici bir abidə ucaldacaqlar".

Xoyskinin dövlətçilik fəlsəfəsi milli dövlət quruculuğu, siyasi və sosial-iqtisadi islahatlar, beynəlxalq hüquqa hörmət, daxili işlərə müdaxilədən çəkinmək, suverenliyin qorunması və qonşu dövlətlərlə dostluq münasibətlərinin inkişaf etdirilməsi kimi prinsiplərə əsaslanırdı. Onun diplomatik fəaliyyəti göstərirdi ki, Azərbaycan hökuməti həm regionda sabitliyin təmin olunmasına, həm də ölkənin beynəlxalq miqyasda tanınmasına böyük əhəmiyyət verirdi.

Beləliklə, Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi milli suverenliyin qorunması, demokratik idarəetmə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsi və qonşularla qarşılıqlı əməkdaşlıq kimi fundamental prinsiplərə söykənirdi. Bu isə onun Azərbaycanın dövlət quruculuğu və diplomatiyasında oynadığı mühüm tarixi rolu daha aydın ortaya qoyur.


Mübariz AĞALARLI,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyəli ekspert: Ermənistanla münasibətlərin normallaşması Bakı ilə İrəvan arasında sülh sazişindən asılıdır  

17:02
22 Yanvar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Ağsuda vətəndaşların müraicətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:00
22 Yanvar

Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib YENİLƏNƏCƏK  

16:24
22 Yanvar

YAP Veteranlar Şurasının iclası keçirilib  

16:09
22 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

15:59
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib YENİLƏNİB  

15:58
22 Yanvar

Davos Forumunun Azərbaycan üçün real nəticəsi  

15:54
22 Yanvar

Tərtərdə DOST filialı fəaliyyətə başlayıb

15:53
22 Yanvar

Parlamentin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

15:33
22 Yanvar

Tramp: İran danışıqlar aparmaq istəyir

15:16
22 Yanvar

Donald Tramp: BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib  

15:01
22 Yanvar

Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

14:53
22 Yanvar

ABŞ Prezidenti: Ukrayna Rusiya Prezidenti Vladimir Putin üçün “gözünün ağı” olub  

14:49
22 Yanvar

ABŞ İŞİD məhbuslarını Suriyadan çıxarır  

14:48
22 Yanvar

Donald Tramp: Bu gün dünya daha təhlükəsiz və sabit yerə çevrilib

14:43
22 Yanvar

ABŞ-ın müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq  

14:43
22 Yanvar

Tramp: Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik  

14:42
22 Yanvar

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar  

14:39
22 Yanvar

Donald Tramp: Biz 8 müharibəyə son qoyduq

14:33
22 Yanvar

Azərbaycanla NATO arasında əməkdaşlıq imkanları müzakirə olunub  

14:28
22 Yanvar

Baş katib: TÜRKPA parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü keçiriləcək  

14:21
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!