Vətən müharibəsinin üzərindən heç bir il keçməmiş, 2021-ci il mayın 28-i tarixində Prezident İlham Əliyev tərəfindən Qarabağ bölgəsinin ilk təməl daşının Ağdamda qoyulması rəmzi xarakter daşıyırdı. Qalib Lider ilk olaraq, erməni vandalları tərəfindən "Qafqazın Xirosiması"na çevrilən bu tarixi Azərbaycan şəhərinin yeni bünövrəsini qoymaqla həm xalqımıza qarşı olmazın faciələr, işğal, məcburi köçkünlük yaşatmış düşmənə, həm də ona havadarlıq edən qüvvələrə Azərbaycan xalqının əzmini, qüdrətini, gücünü nümayiş etdirdi. Yerlə yeksan edilərək xarabalığa çevrilən "ruhlar şəhəri"nin yerində qurulan yeni Ağdam Azərbaycan tarixinin dirçəliş ünvanı kimi ölkəmizin simvoluna çevrildi.
O da təsadüfi olmadı ki, qurucu lider İlham Əliyev öz ad günündə - bu ilin 24 dekabrında Ağdam şəhərinə ilk köçün, ilk qayıdışın baş verdiyi, həyatın döndüyü tarixi gündə ağdamlıların yurd sevincini onlarla birlikdə yaşadı. Öz əlləri ilə yeni evlərinin açarlarını təqdim etdiyi sakinlərin əziz qonağı oldu, Qarabağın şan-şöhrətli şəhərindən, "Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir", - deyə qürurla bəyan etdi.
Ağ günlərin şahidiyik
Azərbaycan xalqı olaraq cəmi bir neçə il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan, məzarlıqları yerlə yeksan edilən Ağdamın ağ günlərinə şahidlik etməyimizin özü İlahi ədalətin yerini tapmasının təzahürü kimi qəlblərimizi fərəhləndirir. Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla düşmənlə layiqli mübarizə aparan Ağdam rayonu 6 mindən çox şəhid verdi, işğal zamanı ən dəhşətli talanla, dağıntılarla üzləşdi. Ağdam xarabazarlığa döndərildi, başdan-başa mina tarlasına çevrildi.
Təkcə onu qeyd edək ki, vaxtilə şan-şöhrəti, zənginliyi ilə adından söz etdirən Ağdam şəhərində düşmən tək bircə "salamat" bina saxlamışdı: Ağdam Cümə məscidini. Bu qədim məsciddən geriyə qalan uçuq divarlar isə hərbi məqsədlərə görə "salamat" saxlanılmışdı. Düşmən Qarabağın simvolu olan Ağdamı tar-mar etməklə xalqımızın qayıdış ümidini öldürmək istəyirdi.
Ancaq 2020-ci ilin Zəfəri Ağdamın tarixini yenidən yazdı. Kəlbəcər və Laçınla bərabər bir güllə atılmadan, bir itki verilmədən qaytarılan bu rayonumuzda da çox qısa zamanda quruculuq və bərpa işlərinə başlanıldı. 2021-ci ilin 28 may tarixində Ağdam şəhərində 140 illik tarixə malik 1 saylı məktəbin, eyni zamanda gələcəkdə burada iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu, İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verildi. İşğal və Zəfər muzeyi konsepsiyası dövlət başçısına təqdim edildi, həmçinin şəhərin içində olacaq 125 hektarlıq böyük meşə sahəsinin bünövrəsi qoyuldu.
2022-ci il oktyabrın 4-də isə Prezident İlham Əliyev tərəfindən Ağdamın 3 kəndinin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlləri atıldı. Beləliklə, Ağdamda yeni və möhtəşəm quruculuq dövrü başladı. Ötən qısa müddətdə görülən kompleks işlərin nəticəsidir ki, artıq adıçəkilən yaşayış məskənlərinə qayıdış həyata keçirilib, rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin sakinləri doğma yurdlarında xoşbəxt həyata başlayıblar.
Əlamətdar və tarixi gün
Dekabrın 23-24-də Qarabağda səfərdə olan Prezident İlham Əliyev əvvəlcə Xankəndidə, Kərkicahan qəsəbəsində və Xocalının Ballıca kəndində bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib, həmçinin Kərkicahan qəsəbəsinə köçən sakinlərlə görüşüb. Həmin tarixdə dövlətimizin rəhbəri İlham Əliyev Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoyub, "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Prezidentin iştirakı ilə Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hoteli istifadəyə verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Məlumat verilib ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü iki-otaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.
Ağdam şəhərinə köçən sakinlərlə görüşü zamanı dövlətimizin başçısı İlham Əliyev bu günün Ağdam şəhərinin tarixində çox əlamətdar və tarixi bir gün olduğunu dedi: "Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq Böyük qayıdış proqramının əyani təzahürlərini hər kəs görə bilir".
Bu gün yalnız Ağdamda deyil, işğaldan azad edilən bütün ərazilərimizdə mühüm quruculuq işləri həyata keçirilir və Böyük qayıdış proqramı uğurla icra edilir.
Ağdam rayonunda da artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilib. Sənaye potensialına görə Ağdam Bakı, Sumqayıt və Gəncədən sonra dördüncü sənaye mərkəzi olacaq. Rayonda nəqliyyatla bağlı məsələlər də həllini tapır. Xatırladaq ki, 2023-cü il dekabrın 24-də Prezident tərəfindən Bərdə-Ağdam avtomobil yolunun açılışı olub. Bu il mayın 10-da ölkəmizin rəhbəri Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Hazırda Ağdam-Xankəndi dəmir yolunun inşası gedir. Eyni zamanda suvarma sahəsində işlər görülür və Xaçınçay su anbarı yenidən qurulub.
Qarabağ və Şərqi Zəngəzurda tarixi, dini, mədəni abidələrimiz də yüksək səviyyədə bərpa olunur. Ağdam Cümə məscidi ilk bərpaolunan tarixi-dini abidədir. Qiyaslı məscidinin açılışı həyata keçirilib, "İmarət" kompleksi bərpa edilib.
Ağdam şəhərinə köç edən sakinlərlə görüşü zamanı quruculuq istiqamətində görülən işlərin miqyasına vurğu edən dövlətimizin başçısı qeyd etdi ki, hər şey göz qabağındadır: "Bütün bunlar da cəmi 5 il ərzində yaradılıb. Yəni bilirsiniz o nəyi göstərir? Təkcə söhbət ondan getmir ki, biz proqram qəbul etmişik və təbii ki, nəzarət var. Mən də dəfələrlə azad edilmiş ərazilərə gedərkən özüm şəxsən nəzarət edirəm. Söhbət ondan gedir ki, bütün xalqımız bu işləri böyük həvəslə görür. Əgər bu amil olmasaydı, biz qısa müddət ərzində bu qədər işi görə bilməzdik".
Bəli, bütün bunlar xalqımızın milli iradəsindən güc alan Prezident İlham Əliyevin şəxsi əzmini və qətiyyətini nümayiş etdirən möhtəşəm qayıdış gerçəkliyidir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"