Azərbaycan memarlığı xalqın minillik tarixinin, mədəni dəyərlərinin və həyat tərzinin daş yaddaşıdır. Qədim dövrlərdən bu günə qədər formalaşan memarlıq nümunələri ölkənin coğrafi mövqeyi, iqlim şəraiti, din inancları və tarixi hadisələri ilə sıx bağlı olub. Qobustan qayaüstü rəsmlərindən başlayaraq Orta əsr qalaları, türbələr, eləcə də müasir şəhərsalma nümunələri Azərbaycan memarlığının zənginliyini və inkişaf mərhələlərini aydın nümayiş etdirir.
Təbii ki, zəngin memarlıq irsi sadəcə tariximizi əks etdirmir, həm də müasir dövrdə onun qorunması və inkişafı üçün dövlət səviyyəsində atılan addımların vacibliyini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi memarlığın inkişafına verilən strateji əhəmiyyətin bariz göstəricisidir. Sərəncamı ölkədə tarixi-memarlıq irsinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və davamlı urbanizasiya proseslərinin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirmək doğru olar.
Azərbaycan memarlığının tarixi haqqında söz açmaq, əslində, xalqın yaddaşına nəzər salmaq deməkdir. Çünki hər daş, hər divar, hər naxış keçmişin izlərini bu günə daşıyır. Qədim yaşayış məskənləri, möhtəşəm qalalar, müqəddəs ibadətgahlar insanların məkan qurmaq və öz dünyagörüşünü ifadə etmək istəyindən doğub. Zaman keçdikcə memarlıq ənənələri zənginləşib, müxtəlif dövrlərin siyasi, dini və sosial xüsusiyyətlərini özündə cəmləşdirərək günümüzə qədər gəlib çatıb. Bu gün Azərbaycan şəhərlərində qədim abidələrlə müasir memarlıq layihələrinin yanaşı mövcudluğu tarixlə müasirliyin vəhdətini yaradır. Məhz bu vəhdət Azərbaycan memarlığını keçmişin yadigarı və gələcəyə yönəlmiş canlı bir sənət sahəsi kimi təqdim edir. Məsələn, Qobustan qayaüstü rəsmləri ilk məkan anlayışının və estetik düşüncənin formalaşdığını göstərən nümunələrdəndir. Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası, Atəşgah, Möminə Xatun türbəsi, Gəncə və Naxçıvan memarlıq məktəblərinin nümunələri Azərbaycan memarlığının yüksək səviyyəsindən xəbər verir. Bu abidələrdə daş və kərpicdən ustalıqla istifadə, həndəsi ornamentlər və simvolik elementlər diqqəti cəlb edir.
Təəssüf ki, bir çox tarixi abidə baxımsızlıq, zamanın təsiri, insan amili səbəbindən sıradan çıxıb, bəziləri isə işğallar nəticəsində tamamilə dağılıb. Ona görə də Orta əsr memarlıq nümunələrinin qorunması, öz qədim gözəlliyini itirməmək üçün ciddi müdafiə və bərpa tədbirlərinə ehtiyac duyulur. Bir çox bölgədə tarixi-memarlıq abidələrinin uzun illər diqqətdən kənarda qalması onların estetik və mədəni dəyərinin itirilməsinə səbəb olub. Nə yaxşı ki, dövlət və ictimaiyyət nümayəndələrinin səyi ilə bir sıra abidələr xilas edilərək, əvvəlki simasına qaytarılmaqda bugünkü nəslə çatdırılıb.
Azərbaycan xalqının keçmişi olan qiymətli daş xəzinələr xilas edilib. 1976-cı ildə 850 illik yubileyi təntənə ilə qeyd edilən böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin xilas olunduğu kimi... Respublikanın digər bölgələrində də tarixi abidələrin qorunması diqqətdən kənarda qalmayıb. Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri öz ilkin gözəlliyini geri qaytarıb. Bakı, Şuşa, Şəki, Şamaxı və Ordubad kimi şəhərlərdə isə memarlıq abidələrinin planlı və intensiv bərpası davam edir. Xüsusən Bakıdakı Orta əsr daş memarlığının incisi sayılan Şirvanşahlar Sarayı ansamblının bərpası hər kəsi heyran edir. Son illər Gəncədəki qədim ictimai və dini tikililər də yenilənərək həm tədqiqatçılar, həm də sakinlər üçün canlı tarix nümunəsinə çevrilib. Bala Bəhmənli, Qızılhacılı, Ozan və Zərrabı məscidləri, eləcə də karvansaralar əsaslı bərpa edilərək xalqın istifadəsinə verilib.
Tarixi irsimizin qorunması və bərpası ilə paralel Azərbaycan memarlığı müasir dövrdə də inkişaf yolunu davam etdirir, şəhərsalma və dizayn sahəsində öz sözünü deyir, müasir texnologiyalar və estetik prinsiplərlə zənginləşərək gələcəyə doğru yol alır. Bu da onu göstərir ki, müasir Azərbaycan memarlığı zamanın ruhunu əks etdirməyi bacarır. İndi inşa olunan müasir tikililər estetik düşüncənin, texnoloji yeniliklərin və yaradıcı yanaşmanın nəticəsidir. Bakının simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzi bu yanaşmanın ən parlaq nümunələrindən biridir. Bina axıcı forması və sərhədsiz məkan anlayışı ilə klassik memarlıq qaydalarından kənara çıxaraq, yeni estetik düşüncə təqdim edir. Alov Qüllələri isə həm müasir texnologiyanı, həm də Azərbaycan tarixində mühüm yer tutan od rəmzini özündə birləşdirərək şəhərin müasir siluetini formalaşdırır. Hər iki abidə Azərbaycan memarlığının gələcəyə açıq və yenilikçi olduğunu göstərir. Müstəqilliyin "övlad"ları olan Bakı Olimpiya Stadionu, Bakı Kristal Zalı, Beynəlxalq Muğam Mərkəzi, Heydər Əliyev Mərkəzi, Xalça muzeyi, Dövlət Neft Fondunun binası da paytaxtın müasir simasını formalaşdırır və Azərbaycanın beynəlxalq memarlıq məkanında tanınmasına qapı açır.
Regionlarda həyata keçirilən abadlıq və yenidənqurma işləri, azad olunmuş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası memarlığın həm estetik, həm də sosial və funksional əhəmiyyətini ön plana çıxarır. Parklar, mədəniyyət mərkəzləri, yenilənmiş meydanlar və yaşayış kompleksləri insanların gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Bütün bu deyilənlərin fonunda qeyd edə bilərik ki, Azərbaycan memarlığı keçmişini unutmadan gələcəyi qarşılamağı və hətta qabaqlamağı bacarır. Qədim abidələrin qorunması və bərpası isə göstərir ki, biz keçmişimizi unutmur, onu gələcək nəsillərə çatdırırıq. Başqa sözlə, tarixi ilə fəxr edən, gələcəyə inamla addımlayan Azərbaycan memarlığı keçmişi, bu günü və gələcəyi birləşdirən vəhdəti uğurla qoruyur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"