2024-cü ilin növbədənkənar prezident seçkilərindən iki il ötdü. Prezident İlham Əliyevin misilsiz liderliyi, şəhidlərimizin, qazilərimizin, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti, yenilməz iradəsi, xalq və dövlətin sarsılmaz birliyi sayəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri - Zəfər seçkisi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində baş tutdu. 2024-cü il fevralın 14-də isə bu seçkidə xalqın etimadını qazanan cənab İlham Əliyev Milli Məclisdə and içdi.
Prezident İlham Əliyevin bu seçkilərdə inamlı qələbəsi xalqımızın öz liderinə ehtiram və sevgisinin növbəti sübutu oldu. Seçkilərin nəticələri Azərbaycan xalqının liderinə inamını bir daha təsdiqlədi. Aparıcı dünya dövlətlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktublarında yer alan səmimi ifadələr də dövlət başçımızın qlobal miqyasda nüfuzlu siyasətçi olmasının nümayişi idi.
Prezident İlham Əliyevin seçki platformasında qarşıya qoyulmuş hədəflər - hər bir vətəndaşın rifahının davamlı yaxşılaşdırılması, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan dayanıqlı iqtisadi artım, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış, milli maraqlara söykənən müstəqil xarici siyasət, milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ təhsil, qabaqcıl səhiyyə, milli köklərə bağlı, vətənpərvər gəncliyin inkişafı, demokratik inkişaf, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi prinsiplər dövlətimizin başçısının Azərbaycanın dayanıqlı inkişafı naminə strateji məqsədlərini bir daha ortaya qoyur.
Ölkəmiz üçün ən mühüm siyasi hadisələrdən biri olan Zəfər seçkisindən sonrakı 2 il ərzində Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Prezident İlham Əliyevin iqtisadi siyasəti dayanıqlı inkişaf və şaxələndirmə prinsipləri üzərində qurulub. Enerji sahəsinin imkanlarından səmərəli istifadə ilə yanaşı, qeyri-neft sektorunun inkişafı strateji prioritetlərdən biri olaraq müəyyənləşdirilib. İqtisadiyyatda qeyri-neft sektorundan asılılığın ilbəil azaldılması da məhz bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirmiş və uzunmüddətli perspektivdə sabit iqtisadi inkişaf modelinin bərqərar olmasına imkan vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir".
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dövlətimizin başçısının xalqa müraciətində iqtisadi sahədə əldə edilmiş nəticələr xüsusi yer tutmuşdu. Hazırda valyuta ehtiyatlarımızın 80 milyard dolları ötərək tarixi maksimum səviyyəyə çatması və xarici borcumuzdan 16 dəfə çox olması, xarici borcun ÜDM-in 6,3 faizini təşkil etməsi məhz uğurlu iqtisadi siyasətin göstəricisi olmaqla, ölkənin maliyyə dayanıqlılığını və iqtisadi müstəqilliyini nümayiş etdirir. Bu göstəricilər beynəlxalq reytinq agentlikləri tərəfindən də müsbət qiymətləndirilib və Azərbaycanın kredit reytinqi yüksəldilib.
Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla da ədaləti bərpa etmiş və beynəlxalq hüququn ümumqəbulolunmuş prinsiplərini təmin etmiş qalib dövlət olan Azərbaycan, eyni zamanda vətəndaşlarının sosial rifahının yüksəldilməsi istiqamətində mühüm irəliləyişlərə yol açan səmərəli sosial siyasət yürüdür. Həyata keçirilən sosial siyasət hər bir vətəndaşın həyat səviyyəsinin yüksəlməsinə, Azərbaycanın sosial dövlət kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir və biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik.
Son yeddi il ərzində ümumilikdə 5 sosial islahat paketi icra olunub. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Qeyd edilən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiyada 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıma imkan verib.
Ölkə əhalisinin, xüsusilə aztəminatlı ailələrin sosial rifah halının yüksəldilməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" 2025-ci il 22 dekabr tarixli sərəncamı ilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi ilə bağlı qərar qəbul edib. 76 min ailəni, o cümlədən 335 min 200 nəfər ailə üzvünü əhatə edən bu sərəncamın aztəminatlı ailələrin sosial müdafiəsi baxımından mühüm əhəmiyyəti var.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərin bərpa və yenidən qurulması qarşıda duran əsas hədəflərdəndir və hazırda bu ərazilərdə irimiqyaslı layihələr gerçəkləşdirilməkdədir. Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixində "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı və Böyük qayıdışın davamlılığının təmin edilməsi məqsədilə 2025-ci il 30 may tarixində imzaladığı sərəncamla "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı" layihəsinin hazırlanması üçün tapşırıq verilməsi bu məqsədə xidmət edir. Dövlət proqramında Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində həyata keçirilən layihələr postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm nümunədir. Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsaslanan layihələr regionda dayanıqlı məskunlaşma modelinin formalaşdırılmasına xidmət edir. Müasir avtomobil yolları, beynəlxalq hava limanları, enerji və kommunikasiya xətləri inşa olunub, yaşayış məntəqələrinin yenidən qurulması istiqamətində mühüm addımlar atılıb. Füzuli, Zəngilan və Laçında tikilmiş beynəlxalq hava limanları regionun nəqliyyat-logistika imkanlarını genişləndirərək iqtisadi fəallığın artmasına əlavə stimul verib.
Beynəlxalq müstəvidə uğurla gerçəkləşdirilən prinsipial və müstəqil xarici siyasət kursu dövlətimizin nüfuzunu davamlı olaraq artırır. Dünyanın əksər ölkəsi ilə istər ikitərəfli, istərsə də çoxtərəfli formatda qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulan əlaqələrimiz öz bəhrəsini verməkdədir.
Azərbaycan hazırda qardaş türk dövlətləri ilə uğurlu əməkdaşlığı davam etdirir. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun prioritetlərindən biri kimi türk dövlətləri ilə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi xüsusi əhəmiyyət kəsb edir. Andiçmə mərasimində dövlətimizin başçısının vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimiz davam etdiriləcək və bu təşkilat bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz davam edir və əsas hədəf Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsidir.
Ümumi evimiz olan Yer kürəsində iqlim dəyişikliyinin əsas çağırışlardan birinə çevrildiyi bir dönəmdə ölkəmizin milli prioritetləri sırasında "yaşıl gündəliy"in yer alması və 2023-cü ilin dekabr ayında 200-dək ölkənin yekdil qərarı ilə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına 2024-cü ildə uğurlu evsahibliyi etməsi dövlətimizin qlobal problemlərin həllində mühüm aktorlardan birinə çevrildiyini bir daha nümayiş etdirdi. Beynəlxalq miqyasda ən mötəbər tədbirlərdən biri olan COP29-un Azərbaycanda keçirilməsi, eyni zamanda tədbirdə 196 ölkəni təmsil edən 76 min iştirakçının qeydiyyata alınması və 80 prezident, vitse-prezident və baş nazirin sammitdə iştirak etməsi müdrik liderimizin rəhbərliyi ilə ölkəmizin beynəlxalq müstəvidəki növbəti böyük siyasi qələbəsi, nəhəng diplomatik uğuru oldu. Sessiyanın yekununda qəbul edilən qərarlar - Bakı Maliyyə Məqsədi, Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi, İtki və Zərər Fondunun institutlaşdırılmasının yekunlaşması, Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması və digər vacib nəticələr bəşəriyyətin gələcəyi üçün müstəsna əhəmiyyət daşımaqla bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu, bu kimi nəhəng tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq qabiliyyətini bir daha təsdiqlədi.
Xüsusilə qeyd edilməlidir ki, ölkəmiz sədrlik etdiyi və ya üzv qəbul olunduğu beynəlxalq təşkilatlarda daim öz fəallığı ilə seçilmiş və bu təşkilatların fəaliyyətinə əhəmiyyətli töhfə vermişdir. Bu baxımdan, ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi, 2025-ci ildə inkişaf etməkdə olan səkkiz islam ölkəsini biləşdirən D-8 beynəlxalq təşkilatına üzv qəbul edilməsi, Orta Asiya ölkələrinin Məşvərət Şurasında tamhüquqlu üzv statusu qazanması Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir və qeyd olunan təşkilatların fəaliyyətinin intensivləşməsində vacib rol oynayacağı şübhə doğurmur.
2025-ci ildə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya istiqamətinin intensivləşməsi xüsusi əhəmiyyət kəsb etdi. Tarixi, mədəni və strateji bağlara əsaslanan bu münasibətlər artıq institusional əməkdaşlıq mərhələsinə keçib. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün yekun bəyanatında vurğulandığı kimi, "Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlətlərinin möhkəm dostluq əlaqələri, qarşılıqlı faydalı tərəfdaşlıq və strateji maraqlarını nəzərə alaraq, tərəflər Azərbaycan Respublikasının Mərkəzi Asiyanın dövlət başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakını alqışlayırlar". Bu qərar Azərbaycanın Mərkəzi Asiya regionunun siyasi, iqtisadi və nəqliyyat-logistika proseslərinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Azərbaycan Xəzər hövzəsində yerləşən aparıcı dövlətlərdən biri kimi, Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxış qapısı rolunu oynayır. Orta dəhliz layihəsi çərçivəsində Çin-Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Avropa xətti üzrə yükdaşımaların artması Azərbaycanın strateji əhəmiyyətini daha da gücləndirir. Bu əməkdaşlıq regionlararası inteqrasiyanın real mexanizminə çevrilir və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun mühüm nəticələrindən biri kimi çıxış edir.
Ermənistanla Azərbaycan arasında normallaşma prosesində önəmli razılaşmalar əldə edilməsi baxımından 2025-ci il xüsusilə tarixi dönüş ili hesab edilə bilər. Sülh gündəliyinin formalaşmasında ölkəmizin, şəxsən Prezident İlham Əliyevin rolu əvəzsizdir. 2025-ci ilin mart ayında razılaşdırılan 17 maddədən ibarət sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanıb və əsas kimi ölkəmizin irəli sürdüyü 5 baza prinsipi üzərində formalaşıb.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra Prezident İlham Əliyev tərəfindən irəli sürülən sülh gündəliyi, normallaşma prosesi ilə bağlı ölkəmiz tərəfindən atılan addımlar son nəticədə 8 avqust tarixdə Vaşinqtonda ABŞ Prezidentinin vasitəçiliyi və şahidliyi ilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması və ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun ünvanlanmasından sonra, 2025-ci il noyabrın 30-da saat 23:59-da bu səmərəsiz strukturların ləğv olunması ilə nəticələndi. Bu isə öz növbəsində, ümumilikdə regionumuzda sülh və sabitliyin, inklüziv inkişafın təmin olunması üçün əlverişli şərait yaratdı. Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsi idi və məhz dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində milli maraqlarımıza xidmət edən müddəalar bəyannamədə öz əksini tapdı. Həmçinin Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Prezident İlham Əliyev daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ilə regionda Azərbaycanın yaratdığı status-kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul etdi.
Azərbaycanın sülh təşəbbüsləri təkcə siyasi-hüquqi normaların müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Bu təşəbbüslər həm də regionun iqtisadi xəritəsinin yenilənməsi, inteqrasiya layihələrinin genişləndirilməsi və yeni nəqliyyat-kommunikasiya bağlantılarının qurulması baxımından geniş perspektivlər yaradır. Cənubi Qafqaz qitələrarası nəqliyyat yollarının kəsişməsində yerləşən mühüm regiondur və xüsusi olaraq vurğulanmalıdır ki, bu bölgənin aparıcı və lider dövləti olan Azərbaycan son illər ərzində qlobal logistika xəritəsində strateji tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi", Trans-Xəzər marşrutu, Orta dəhliz kimi irimiqyaslı layihələr Azərbaycanın regiondakı rolunu gücləndirib, ölkəmizi enerji və nəqliyyat bağlantılarının etibarlı mərkəzinə çevirib. Ermənistanla sülhün təmin olunması bu layihələrin daha da genişlənməsinə, regionun bütövlükdə Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyasına, iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan verəcək. Bu isə öz növbəsində təkcə Azərbaycan üçün deyil, Ermənistan, Gürcüstan, Türkiyə, hətta İran və Mərkəzi Asiya ölkələri üçün də əlavə iqtisadi üstünlüklər yaradacaq, "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat qovşağında yerləşən Cənubi Qafqazı beynəlxalq ticarətin daha mühüm halqasına çevirəcək. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, beynəlxalq oyunçularla qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan səmərəli əməkdaşlıq qurmaq bacarığı proseslərin bu şəkildə inkişafında əvəzsiz rol oynayıb.
2025-ci ilin əsas nailiyyətlərindən biri kimi Azərbaycan-ABŞ münasibətlərində əldə olunmuş tarixi uğur xüsusilə qeyd edilməlidir. Vaşinqton səfərinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymaqla, enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açdı. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir.
Vaşinqton səfərini Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən hesab etmək olar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilməsini, müstəqil, balanslı və prinsipial xarici siyasət kursu yürütməsini nəzərə alsaq, ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlik siyasətində və planlarında ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir. Bu səfər Azərbaycanın ABŞ üçün enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini möhkəmləndirməklə yanaşı, beynəlxalq güc mərkəzlərinin rəsmi Bakıya diqqətini daha da artıracaq. Vaşinqtonun Bakı ilə əlaqələri gücləndirməsi, Cənubi Qafqazda sülh təşəbbüsünün dəstəklənməsi və postmünaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər həmçinin regionda geosiyasi güc balansına təsir edəcək mühüm diplomatik addım kimi dəyərləndirilməlidir.
Azərbaycan və ABŞ liderlərinin praqmatik və prinsipial mövqe sərgiləməsi, oxşar dəyərləri üstün tutması münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər. Məhz bu kimi amillər Azərbaycan-ABŞ münasibətlərinin qarşıdan gələn illərdə yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verir. Azərbaycan və ABŞ arasında aparılan səmərəli müzakirələr qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı və iştirakçısı olan ölkəmizə siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin regional liderliyini və beynəlxalq nüfuzunu, regional təhlükəsizlik arxitekturasında rolunu, diplomatik manevr imkanlarını daha da artıracaq, Qərb diplomatiyası istiqamətində mövqeyini daha da gücləndirəcək.
Prezident İlham Əliyevin mükəmməl liderlik bacarığı, xalq-iqtidar və vətəndaş-dövlət birliyinin, beynəlxalq platformalarda son dərəcə məharətli, uzaqgörən və milli maraqlara əsaslanan diplomatik fəaliyyətin nümunəvi modeli sayəsində son 2 il Azərbaycanın şanlı inkişaf tarixinə daha bir qürurverici dövr olaraq yazılmışdır.
Zaur ŞÜKÜROV,
Milli Məclisin deputatı