17 Aprel 2026 08:27
180
SİYASƏT
A- A+
Azərbaycanın Mərkəzi Asiya istiqamətində sülh və təhlükəsizlik modeli

Azərbaycanın Mərkəzi Asiya istiqamətində sülh və təhlükəsizlik modeli


2013-cü ildə "Stratfor" analitik mərkəzi Xəzər regionu geosiyasəti və bölgədə gələcək qüvvələr balansı ilə bağlı əhatəli analitik məruzə hazırlamışdı. Məruzədə Xəzəryanı ölkələrlə bağlı təhlili və proqnostik tezislər yer almışdır. Məruzədə vurğulanmışdı ki, ABŞ-nin Azərbaycana böyük ehtiyacı yaranmışdı. "Stratfor" hesab edirdi ki, Amerika qoşunlarını "Mərkəzi Asiyadan çıxarmaq üçün əsas məkan" kimi Azərbaycan ərazisindən istifadə edə bilər. Bunu analitik mərkəz Azərbaycan tarixində "görünməmiş bir vəziyyət" kimi qiymətləndirmişdi.

Bununla yanaşı, ABŞ üçün Azərbaycan regionda terrorla mübarizə və terrorçuların yerdəyişməsinin qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir. Buradan belə bir nəticə çıxır: "Azərbaycan Xəzər dənizində ABŞ-nin yaxın müttəfiqi kimi onun regiondakı maraqlarının qorunması üçün olduqca vacibdir".

Bunun fonunda analitik mərkəzin geosiyasi aspektdə iki qənaəti indi də aktualdır. Birincisi, "bölgədə sülh və sabitliyin təmin edilməsi və beynəlxalq terrorizmlə mübarizə üçün daha geniş ABŞ-Azərbaycan əməkdaşlığı"na ehtiyac vardır.

İkincisi, "Azərbaycan dəfələrlə Xəzər dənizinin silahsızlaşdırılmasını və onun sularından yalnız dinc məqsədlər üçün və ya heç olmasa hərbi tikinti ilə bağlı bəzi qaydalar çərçivəsində istifadə etməyi təklif etmişdi".

"Stratfor"un 13 il əvvəl Mərkəzi Asiya ölkələri ilə bağlı tezislərinə Azərbaycan haqqında deyilənlərin fonunda nəzər salaq. Analitik mərkəz yazırdı ki, Qazaxıstan dünyanın doqquzuncu ən böyük ölkəsidir. Lakin o, əhali sıxlığının ən aşağı olduğu ölkələr sırasına daxildir. Bununla yanaşı, onun Rusiya və Çinlə sərhədləri də nəzərə alınmalıdır. Bu əsasda belə qənaət əldə edilirdi ki, "Qazaxıstan gələcək neft və qaz boru kəmərlərinin inkişafı üçün əlverişli mövqedədir, lakin boru kəmərləri üçün üçüncü tərəflər çətinliklər və təhdidlər yaradır. Nəhəng "Tengiz" qaz yatağı və eyni dərəcədə əhəmiyyətli "Kaşağan" neft yatağı ilə Qazaxıstan neft və qaz bazarında əsas qlobal oyunçu olmağa hazırdır. Beləliklə, Qazaxıstan təkcə regional enerji təhlükəsizliyi üçün deyil, həm də sərhədlərindən kənarda sabitliyin təmin edilməsində mühüm rol oynayır".

Türkmənistanla bağlı tezislər Azərbaycan faktoru fonunda bu gün də maraq doğurur. "Stratfor" vurğulayırdı: "Sovet İttifaqının dağılmasından sonra Türkmənistan Mərkəzi Asiyanın ən böyük hava qüvvələrini miras aldı. Məlumata görə, Türkmənistan hərbi helikopterləri artıq mübahisəli ərazilərdə patrul xidməti göstərir, lakin Türkmənistanın dənizin milli sektoruna olan iddialarını silah gücü ilə dəstəkləmək üçün kifayət qədər güclü olması ehtimalı azdır (xüsusən də mübahisəli ərazilərlə bağlı İran-Azərbaycan münasibətlərində yaranmış durğunluq nəzərə alınmaqla). Keçmişdə, xüsusən də Azərbaycanla bağlı problemləri olsa da, Türkmənistanın bu məsələdə güc tətbiq etməsi ehtimalı azdır".

Mərkəzi Asiyanın digər ölkələrinin geosiyasi əhəmiyyəti haqqında da analitik mərkəz konkret tezislər irəli sürmüş və onları qiymətləndirmişdir. Lakin məsələyə kompleks şəkildə, Azərbaycan-Mərkəzi Asiya ölkələri prizmasından yanaşdıqda görürük ki, əsas rol (Qərb tərəfindən) Bakıya verilir. Yəni artıq onilliklərdir ki, Amerika başda olmaqla kollektiv Qərb xeyli dərəcədə Mərkəzi Asiyanın geosiyasi gələcəyinə "Azərbaycandan baxır". Bu isə məntiqi olaraq Bakının həmin region istiqamətindəki siyasətini regionlararası miqyası aşaraq qlobal səviyyədə qiymətləndirməsini zəruri edir.

Bundan başqa, Azərbaycan Prezidentinin xarici siyasət kursu mükəmməl sistem xarakterlidir. Onun istiqamətləri arasında yüksək məntiqi, məzmun və məqsəd bağlılığı mövcuddur. Həmin aspektdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda panel iclasında səsləndirdiyi "Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoymuşdur" fikri təsadüfi deyildir. Bu, Azərbaycanın dövlət başçısının ardıcıl və davamlı xarici siyasətinin mahiyyətindən irəli gələn nəticələrdən biridir.

Son illərdə aparılan müxtəlif tədqiqatlar da bu tezisi təsdiqləyir. Politoloji təhlillər əsasında əldə olunan nəticələr bu qənaətlərə gəlməyə əsas verir.


Qafqaz və Mərkəzi Asiyanın siyasi coğrafiyasında rəqabət


Son araşdırmalarda Qafqazla Mərkəzi Asiyanın geosiyasi baxımdan bir-biri ilə sıx bağlı şəkildə təhlil edilməsi təsadüfi deyildir. Çünki reallıq belə bir vəhdətin olduğunu tam aydınlığı ilə ortaya qoyur. Buna görə də tədqiqatçılar məsələyə məhz bu kontekstdə yanaşmağa üstünlük verirlər. Bizim üçün əhəmiyyətli məqam ondan ibarətdir ki, daha geniş geosiyasi çərçivədə Azərbaycanın rolu aparıcı faktor kimi qiymətləndirilir. Bu tezis fonunda bir tədqiqatı nəzərdən keçirək.

A.P.Nodehi və digər iranlı tədqiqatçılar 2019-cu ildə yazırdılar: "Soyuq müharibə"dən sonrakı dövrdə siyasi rəqabət sahələri dəyişdi. Xəzər dənizinin, Qafqazın və Mərkəzi Asiyanın siyasi coğrafiyasının dəyişməsi, Sovet İttifaqının dağılması və yeni ölkələrin meydana çıxması ilə güc balansında dəyişiklik uğrunda rəqabət sahəsi sadəcə genişlənmədi - proses həm də "yeni bir forma aldı". O cümlədən iqtisadi layihələr, karbohidrat yanacaqlarının şaxələndirilməsi kimi proseslər "yeni və böyük bazarlar formalaşdırdı". Bununla geosiyasi aspektdə "transregional ölkələr dünyanın bu hissəsindən xəbərdar oldular".

Bununla Xəzəryanı regionda güc balansını qoruyub saxlamağa çalışan siyasi qüvvələrin rəqabəti fonunda yaranmış "geosiyasi boşluğun doldurulması uğrunda mübarizə"nin tədqiqi daha da aktuallaşdı. Əsas suallardan biri belədir: "Xəzər və Avrasiya bölgələri bu gün dünyanın geosiyasi balansında hansı rolu oynayır?"

Bu suala cavab axtarışları kontekstində müəlliflər belə qənaətə gəlirlər: "Qloballaşmanın genişlənməsi, sərbəst bazar və informasiyanın partlaması bu bölgənin qütbləşməsini göstərir. Bu ərazidə mühüm transregional və regional oyunçuların mövcudluğu nəzərə alınmaqla mühüm fərziyyə budur ki, region gələcəkdə çoxqütblü dünyanın geosiyasi kəsişməsi olacaq". Bundan başqa, iranlı araşdırmaçılar da Azərbaycanla Mərkəzi Asiya ölkələrini bir-biri ilə bağlı geosiyasi faktorlar kimi qiymətləndirirlər. Ancaq onlar İran mərkəzli mövqedə olduqlarından lazımi səviyyədə obyektiv ola bilmirlər. Buna baxmayaraq, onların yanaşmalarında demək olar ki, "Stratfor"un qiymətləndirməsi ilə üst-üstə düşən iki mühüm məqam diqqəti cəlb edir. Birincisi, Qərbin "Yaxın Şərqin inkişaf etməsi üçün Azərbaycana ehtiyacı vardır". Bu, iqtisadiyyatla yanaşı, həm də "təhlükəsizlik üçün bir ehtiyacdır". İkincisi, geniş kontekstdə "çoxqütblü dünyanın geosiyasi sistemi hazırda Xəzər, Qafqaz və Mərkəzi Asiya bölgələrində yaranır".

Bu isə onun etirafıdır ki, bütövlükdə dünya geosiyasətinin yenidən formalaşması prosesində Azərbaycanın yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Həmin rola kompleks şəkildə - Xəzər, Qafqaz və Mərkəzi Asiya kontekstində baxmaq gərəkdir. 2025-ci ilin 8 avqust Vaşinqton razılaşması və 2026-cı ildə İran-ABŞ-İsrail savaşı göstərdi ki, vurğulanan qənaətlər əsaslıdır. Bu prizmadan çıxış edərək Azərbaycanın Mərkəzi Asiya siyasətinin bir sıra xüsusiyyətlərini nəzərdən keçirməyə çalışaq.


C6: Azərbaycan oyun qaydasını dəyişdi


Azərbaycan Prezidenti İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi Mərkəzi Asiya siyasəti öz bəhrəsini verməkdədir. Burada Azərbaycanın təşəbbüsü ilə reallaşan nəqliyyat-logistika layihələrinin yeri və rolunu xüsusi vurğulamaq lazımdır. Eyni zamanda təhlükəsizlik və daha geniş aspektdə əməkdaşlıq xüsusi qeyd edilməlidir.

Onu da xüsusi vurğulayaq ki, rəsmi Bakının Mərkəzi Asiya siyasəti əsas məqamlarda Avropa İttifaqının (Aİ) həmin regiona dair siyasəti ilə kəsişir. Buraya təhlükəsizlik və nəqliyyat-logistika sferaları ilə yanaşı, regional əməkdaşlığın inkişafı da daxildir.

Yuxarıda qeyd etdiyimiz məqamları da nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, Azərbaycanın Mərkəzi Asiya istiqamətindəki siyasəti ABŞ və Aİ-nin siyasəti ilə ziddiyyət təşkil etmir. Əksinə, Bakının atdığı addımlar Mərkəzi Asiyanın dünya siyasi-iqtisadi, geosiyasi, enerji və nəqliyyat-logistika sferalarına inteqrasiyası üçün çox faydalı olmuşdur. Buna görədir ki, Azərbaycanın 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Mərkəzi Asiya-Azərbaycan formatında 7-ci məşvərət görüşünün iclasında həmin təşkilata üzv qəbul edilməsi böyük ümidlə qarşılanmışdır.

Bu hadisədən cəmi iki gün sonra Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst bəyan etmişdir: "ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir. Təsadüfi deyil ki, Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda toplaşmışıq. Tezliklə bu platforma Azərbaycanın qoşulması ilə C6+1 olacaq. Bu baxımdan əlaqələrimizin əhəmiyyəti daha da artır". Lakin artıq Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşünün tamhüquqlu üzvü idi və görünür, C.Herbst format olaraq C5+1-dən C6+1-ə keçidin real olmasını vurğulamaq istəmişdir. Burada əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti regional və qlobal miqyaslarda həyata keçirilən inteqrasiya proseslərinin çox fəal təşkilatçılarından və aparıcılarından biridir.

2026-cı ilin fevralında Bakıda "C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi" mövzusuna həsr edilən Azərbaycan-C6 (Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri) ölkələrinin beyin mərkəzlərinin beynəlxalq konfransı təşkil edildi. Tədbirdə daha geniş kontekstdə müzakirələr aparılmışdır. O cümlədən vurğulanmışdır ki, Azərbaycan üçün Mərkəzi Asiya yalnız qonşu deyildir, həm də təbii tərəfdaşdır. Çünki bu ölkələr ortaq tarixə, etnik eyniliyə və zəngin mədəni irsə malikdirlər. Bunlar çox əhəmiyyətli təməl şərtlərdir. Müasir mərhələdə həmin faktorlara geosiyasi və geoiqtisadi faktorlar da əlavə olunmuşdur. "Bu, xüsusilə enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqda özünü göstərir".

Azərbaycanın Mərkəzi Asiya siyasətinə geniş kontekstdə yanaşılması təbiidir. Bu, Bakının xarici siyasətinin bütövlükdə mahiyyəti ilə bağlıdır. Buna görədir ki, mütəxəssislər problemi ABŞ, Avropa, Rusiya, Çin, Türk Dövlətləri Təşkilatı (TDT), İran kontekstlərinin qarşılıqlı əlaqəsi çərçivəsində təhlil edirlər.


Mərkəzi Asiya siyasəti: Orta dəhliz boyunca


İranla bağlı hərbi proseslər fonunda artıq ayrıca regional təhlükəsizlikdən danışmaq çox nisbidir. Xüsusilə Cənubi Qafqazın təhlükəsizlik məsələsi Yaxın Şərq və Mərkəzi Asiya regionlarındakı geosiyasi-hərbi durumla sıx bağlıdır. Bu aspektdə Azərbaycanın Mərkəzi Asiya siyasəti regionlararası təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Söhbət təhlükəsizlik və əməkdaşlıqdan gedirsə, təbii ki, rəsmi Bakının regionlararası əlaqələri müsbət mənada birləşdirməyə istiqamətlənmiş addımları ön sıraya çıxarılmalıdır. Orta dəhliz məsələsi bu baxımdan prinsipial rol oynaya bilər. Bu kontekstdə Azərbaycan Prezidentinin 2022-ci ilin noyabrında Bakıda keçirilən "Orta dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda ifadə etdiyi aşağıdakı fikirlər məsələni dolğun izah edir. Dövlət başçısı demişdir: "...Mən bu konfransın necə adlandırıldığını gördükdə, - "geosiyasət, təhlükəsizlik və iqtisadiyyat", - bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq".

Tədbirdə Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmin "Sizcə, gələcəkdə Cənubi Asiyanı, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirmək ideyası həyata keçəcəkmi?" sualına verilən cavab Azərbaycanın Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi xarici siyasətdəki bir çox məqama aydınlıq gətirir.

Cavabda həm də məsələnin strateji tərəfi olduqca dəqiq ifadə olunmuşdur və bu günün reallıqları onu tam təsdiq etməkdədir. Pakistan təmsilçisinin Azərbaycanın dövlət başçısının həmin istiqamətdə fəaliyyətini xüsusi vurğulaması da diqqətdən qaçmamalıdır.

Prezident İlham Əliyev suala cavabında demişdir: "Mənim region liderləri ilə təmaslarıma gəlincə, bəli, bu təmaslar çox böyük dinamizm səviyyəsinə malikdir. Xüsusilə indi - postpandemiya dövründə beynəlxalq səfərlər yenidən bizim həyatımızın bir hissəsinə çevriləndən sonra mən Mərkəzi Asiya ölkələrində çox vaxt keçirdim. Bu ilin aprelindən bu yana mən üç dəfə Özbəkistanda səfərdə oldum, rəsmi səfər və beynəlxalq tədbirlərlə əlaqədar. Mən Qırğızıstanda dövlət səfərində oldum. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olub və həmçinin bundan əvvəl mən Türkmənistanda səfərdə oldum. Gələn il Tacikistana səfər etməyi planlaşdırıram. Prezidentdən dəvət almışam. Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində biz həmişə vaxtdan istifadə edib söhbət edirik. Çünki çox hadisələr baş verir və biz buna hazır olmalıyıq".

Ölkə rəhbəri İlham Əliyev TDT-nin sammitində təhlükəsizlik məsələsinə indi onun daha vacib olması səbəbindən toxunduğunu vurğulamışdır. O cümlədən xüsusi qeyd etmişdir: "Bu məsələyə "çoxtərəfli müstəvidə" yanaşılmalıdır. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var".

Nəhayət, bütün bu faktların fonunda Azərbaycan Prezidenti çox aktual ümumiləşdirmə aparmışdır. Dövlət başçısı ifadə demişdir: "Bir daha bizə gəlincə Azərbaycanda bütün nəqliyyat layihələri - istər "Şərq-Qərb", istər "Şimal-Cənub" dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - hər şey hazırdır. Eyni hazırlıq səviyyəsi dəhliz marşrutu boyunca yerləşən bütün ölkələrdə olmalıdır. Bu belədirmi? Xeyr. Lakin biz müsbət dinamika görürük. Məsələn, təxminən bu yaxınlarda iştirak etdiyim beynəlxalq tədbirlərdən birində Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun tikintisi ilə bağlı razılıq imzalandı".

Beləliklə, Azərbaycanın Mərkəzi Asiya siyasətinin çoxaspektli və birləşdirici xarakter daşıdığı şübhə doğurmur. Rəsmi Bakı məsələyə geniş geosiyasi məkanda dövlətlərarası münasibətlərdə inteqrasiya meyillərinin güclənməsi müstəvisindən yanaşır. Bunun üçün konkret layihələrdən səmərəli şəkildə istifadə edir. Bu baxımdan Orta dəhliz məsələsi strateji əhəmiyyət kəsb edir.

Hazırda İran ətrafında baş verən geosiyasi-hərbi proseslər göstərir ki, Azərbaycan Prezidenti məsələləri olduqca uzaqgörən və faydaverici kontekstdə təhlil edir və praktiki nəticələrə yönəlmiş addımlar atır. Həmin kontekstdə o da aydın olur ki, Azərbaycanın Mərkəzi Asiya siyasəti regionlararası aspektdə Yaxın Şərq məsələsi ilə də sıx bağlıdır. Bunun bir tərəfi "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin qarşılıqlı əlaqəsində ifadə olunursa, digər tərəfi təhlükəsizliyin infrastruktur diplomatiyası kontekstində təmin edilməsi ilə bağlıdır.

Beləliklə, Azərbaycanın dövlət başçısı Çin-Mərkəzi Asiya-Cənubi Qafqaz-Türkiyə-İran-Yaxın Şərq miqyasında əməkdaşlıqla təhlükəsizliyin təmini məsələlərini vahid məntiqi müstəviyə gətirmişdir. Bu tezisin daha aydın olması üçün rəsmi Bakının Mərkəzi Asiya siyasəti işığında bu gün aktual olan digər bir xüsusiyyətə diqqət yetirmək vacibdir. Bu, Azərbaycanın geniş bir geosiyasi məkanda sistemyaradıcı rolu ilə bağlıdır. 


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

Azərbaycanın Mərkəzi Asiya istiqamətində sülh və təhlükəsizlik modeli

08:27
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!