26 Dekabr 2025 08:55
128
SİYASƏT
A- A+
Yurd sevgisi sərhəd tanımır

Yurd sevgisi sərhəd tanımır


Ədalət qərbi azərbaycanlıların da üzünə güləcək


Ermənilərin işğalçılıq siyasəti üzündən əsrlər boyu köçkünlük və qaçqınlıq həyatı yaşayan soydaşlarımız 5 ildir  ki, görmədikləri, eşidib-inanmadıqları doğma yurda qayıdış sevincinin ovqatını yaşayırlar. Bu sevincdən bir pay da erməni işğalından azad edilmiş torpaqlarımıza, şəhər və kəndlərimizə, tarixi abidələrimizə, məscid və inanc yerlərimizə, habelə erməni vəhşiliyindən təngə gəlmiş dağlarımıza, dərələrimizə, meşələrimizə, çaylarımıza, bulaqlarımıza düşür. Bizə bu sevinci yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir.

Əsrə bərabər son 22 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi və doğma yurda qayıdış dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Zəfər sayəsində regionda yeni reallıqlar yarandı.

İndi Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə apardığı sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar çəkilir, elektrik stansiyalar, strateji infrastruktur obyektləri tikilir, yaşayış məntəqələri salınır və s. Prezident İlham Əliyevin dediyi kimi: "Bu gün Böyük qayıdış proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır".

Məlumdur ki, dövlət başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq olunmuşdur. Proqram bu gün uğurla həyata keçirilir. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunmuşdur. İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il  30 may tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı" layihəsinin hazırlanmasını tapşırmışdır. 

Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə yüzlərlə tədbirdə iştirak edib, müxtəlif təyinatlı onlarla layihənin təməlini qoyub,  infrastruktur layihəsinin açılışını edib. "İşğaldan azad edilmiş ərazilərin ümumi planı", 8 şəhərin baş planı, 3 şəhərin isə müfəssəl planı təsdiqlənib. Azad olunmuş ərazilərdə çoxsaylı şəhər, qəsəbə və kəndlərin inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli artıq qoyulmuşdur. Bütün bunların hesabına 2025-ci il 31 oktyabr tarixinədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilmişdir. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox əhali yaşayır və fəaliyyət göstərir. Ümumilikdə ötən dövrdə doğma yurda dönüş sakinlərdən 6,3 mindən çoxunun məşğulluğu təmin edilmiş, 513 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərini qurmuşdur. 258 sakin üçün isə peşə kursları təşkil edilmişdir. Böyük qayıdış bu gün də davam edir. Yeni il ərəfəsində onlarla qarabağlı təqvim yenilənməsini öz doğma yurdlarında qeyd edəcək. 

Ötən əsrin müəyyən dövrlərində dədə-baba yurdlarından zorla qovulmuş, deportasiyalara məruz qalmış qərbi azərbaycanlılar da belə bir günü həsrətlə gözləyirlər. Elə 22 il öncə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən İlham Əliyevin  44 günlük Vətən müharibəsində qazanılmış zəfərdən sonra məqsəd və məramı da qərbi azərbaycanlıların doğulub boya-başa çatdıqları kənd, qəsəbə, şəhərlərə qayıdışını təmin etmək, soydaşlarımızı  öz doğma yurdlarına qovuşdurmaqdır. Bunun üçün Qərbi Azərbaycan ziyalıları, ağsaqqal və ağbirçəkləri bir araya gələrək Qərbi Azərbaycan İcması yaradıblar. Prezidentin tapşırığına əsasən,  əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş" İctimai Birliyinin yerləşdiyi  bina əsaslı təmirdən sonra icmanın istifadəsinə verilib. 

2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüşdür. Səmimi keçən bu görüş zamanı dövlət başçısı nəinki Qərbi Azərbaycandan olan qaçqınların, bütün dünya azərbaycanlılarının ürəyində illərlə qövr edən nisgilə, istəyə toxunaraq demişdir: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı ilk dövrdən beynəlxalq arenaya çıxıb. Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi baxımından böyük uğurdur. Sözügedən müraciətin BMT-nin rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə bu məsələ barədə xəbərdar olub. 

Respublikamızın rayon mərkəzlərində və kəndlərində icmanın özəkləri yaradılıb. Bu ilin oktyabr ayında "Özbəkistanda yaşayan Qərbi Azərbaycanlılar" İctimai Birliyi fəaliyyətə başlayıb. Birliyə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev rəhbərlik edir.  Qonşu və qardaş ölkə olan Türkiyədə isə bu gün təxminən 1,5 milyon nəfərdən çox qərbi azərbaycanlı yaşayır. Qərbi Azərbaycan İcmasının  ideya xəttini və  fəaliyyətini dəstəkləyən Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının Türkiyə ofisi yaradılıb.

Xatırladaq ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə yalnız ermənilər yaşayırlar.

Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin yarıdan çoxuna dəymiş ziyanı hesablamışdır. Hazırda bu iş davam edir. Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılır. Artıq 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması üzərində də ciddi iş aparır. 

1905-ci ildən intensivləşməyə və açıq forma almağa başlamış soyqırımı siyasəti Azərbaycanın qərb hissəsində xüsusilə amansızcasına həyata keçirilib. Ermənistan ordusu 1918-1920-ci illərdə İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə aparıb. Yüz minlərlə azərbaycanlının öldürüldüyü soyqırımı aktları nəticəsində İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq idilər. 1948-1952, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə doğma yurdlarından qovulublar. Hazırda Ermənistan adlanan ərazidə bir nəfər də olsun azərbaycanlı qalmayıb və azərbaycanlılara məxsus mədəni irs tamamilə dağıdılıb.

Ermənistan beynəlxalq öhdəliklərinə rəğmən, irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur. İcmanın verdiyi bəyanatlarda dəfələrlə xüsusi vurğulanıb ki, biz Ermənistandan soyqırımı cinayətlərinə görə məsuliyyətini etiraf etməyi və barışıq naminə zəruri addımları atmağı tələb edirik. Ermənistan hökuməti qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir. Həmçinin Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir.

Qərbi azərbaycanlılar tam əmindirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi və uğurlu siyasəti nəticəsində qarabağlılar kimi, onlar da tezliklə öz dədə-baba yurdlarına qayıdacaqlar.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycan və Liderlik Amili  

11:01
26 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:52
26 Dekabr

Pambıq yığımı başa çatır - sahələrdən 360 min tondan çox məhsul yığılıb  

10:51
26 Dekabr

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür  

10:25
26 Dekabr

Qusar, Quba və Xızı rayonlarına qar yağıb

10:16
26 Dekabr

Qaxın İlisu kəndinə mövsümün ilk qarı yağıb

10:15
26 Dekabr

Dağlıq və dağətəyi rayonlarda qar yağır – FAKTİKİ HAVA  

10:14
26 Dekabr

COP31-in Prezidenti elan edilib  

09:56
26 Dekabr

Tramp ABŞ-ın Nigeriyadakı İŞİD terrorçularına qarşı hücum təşkil etdiyini açıqlayıb  

09:43
26 Dekabr

Moskva Bakı ilə İrəvan arasında dialoqda müsbət dinamika görür  

09:35
26 Dekabr

Qidalanma vərdişləri sağlamlığın əsas şərtidir

09:20
26 Dekabr

Azərbaycan Dövlət Aqrar Universiteti bu ili də uğurla başa vurur 

09:15
26 Dekabr

Qeyri-neft sənaye məhsulları istehsalının həcmi 5 faizə yaxın artıb

09:10
26 Dekabr

Azərbaycan memarlığı: dünənin və bu günün sabaha daşınan daş yaddaşı

09:05
26 Dekabr

Bir millət, iki dövlət və bir-birinə güvənən iqtisadiyyat

09:00
26 Dekabr

Yurd sevgisi sərhəd tanımır

08:55
26 Dekabr

Qərbi Azərbaycanın geosiyasi tədqiqinə dair dəyərli elmi əsər 

08:50
26 Dekabr

Naxçıvan elektroenergetikasının inkişaf mərhələləri

08:45
26 Dekabr

Fəxr etdiyimiz Lider, qürur duyduğumuz Sərkərdə

08:40
26 Dekabr

Dünyanın şahidlik etdiyi həqiqətə göz yumanlar

08:35
26 Dekabr

Avropa Parlamentindən növbəti saxta qətnamə

08:30
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!