19 Dekabr 2025 08:00
266
SİYASƏT
A- A+
ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN


Yollar cığırlardan başlayır.

Amma hər cığır da yola çevrilmir.

Cığırı yola insanlar çevirir...

Öz işləri, əməlləri ilə, məqsəd və hədəflərinə doğru irəliləyərkən!

Yolların rahatı, kələ-kötürü, təhlükəsizi və sıldırımlı dağlardan keçənləri də olur.

Bəzən yollar gəlib bir uca dağa dirənə də bilirlər.

Bu zaman onu ya yamaclara dolandıraraq dağa qaldırır, ya da tunel çəkərək dağ maneəsini dəf edirlər.

Yolların insanları rahat və sürətlə mənzil başına çatdırmaları onu çəkənlərin məharət və uzaqgörənliyindən xeyli dərəcədə asılıdır.

Yollarla təkcə insanlar və maşınlar getmirlər.

Bəzən elə nəhəng yollar olur ki, bütöv bir ölkələr, dövlətlər həmin yolla addımlayırlar!

Buna inkişaf, tərəqqi, dövləti və xalqı məqsədinə çatdıracaq yol da deyirlər!

Belə yolları isə dahilər, qeyri-adi insanlar, dövlət başçıları, siyasi liderlər və rəhbərlər müəyyənləşdirirlər.

***

İlk dəfə Azərbaycan 1918-ci il mayın 28-də öz yolunu müəyyən etmək imkanı qazandı. 

Lakin nə özünə düz-əməlli yol müəyyən edə bildi, nə də həmin yolu yaşatmağı bacardı.

XI Qırmızı Ordu cəmi 23 ay ömür sürmüş Azərbaycanın özünə də son qoydu, yoluna da.

Könüllü adı altında ölkə SSRİ adlı qırmızı imperiyanın tərkibinə qatılaraq "on beş qardaşdan biri"nə çevrildi.

Özgə yolla, başqalarının müəyyən etdiyi istiqamətdə getməyə məcbur edildi.

Bu yolun "uzunluğu" isə təqribən 70 il oldu.

Döngələri, dönümləri, sürət və dayanacaqları özü yox, özgələr müəyyən etdi.

Hər yolun başlanğıcı olduğu kimi, sonu da var.

Bu yol isə sona çatmadı, yarıda qırıldı...

Təəssüf ki, bu qırılmada yolsuzluq başladı...

Xalqımız üçün bir çox itki, faciə, fəlakətə çevrilən yolsuzluq...

Çünki xalq öz sevimli rəhbəri Ulu Öndər Heydər Əliyevdən aralı düşmüşdü.

Həmin dövrdə isə Azərbaycana məsuliyyət yükünü çəkə bilməyənlər, maymaqlar, qorxaqlar, qətiyyətsizlər, təcrübəsizlər və səriştəsizlər, bir sözlə, karyera hərisliyini, şəxsi maraqlarını xalqın mənafeyindən üstün tutanlar başçılıq etməyə başladılar.

Mərkəzə qul itaəti göstərənlər kim, dağılan SSRİ-ni yaşatmaq üçün "yamaq referendum" keçirən kim, dar ayaqda postunu ataraq müxtəlif istiqamətlərə qaçanlar kim!

Meydan qəhrəmanları, parlament çevrilişi yolu ilə hakimiyyəti qəsb edən "bəylər"in iqtidara gəlişi isə əslində, yeni faciələrin başlanğıcına çevrildi.

Olmayan "atom bombaları" ilə, Yakutiyaya bayraq sancacaqları ilə hədə-qorxu gələnlər "rüşvətin qarşısında duruş gətirə bilmədilər".

Nə istədikləri özlərinə belə aydın olmayan, məqsədə çatmaq yolları və vasitələri qeyri-müəyyən görünən AXC-Müsavat cütlüyü nəinki xalqa doğru-düzgün yol göstərə bildi, əksinə, dövləti məhvolma həddinə çatdırmaqla xaos və anarxiya, qanunsuzluq bataqlığı yaradaraq özləri də həmin bataqlıqda boğuldular.

Xalqın yeganə ümidi sınanmış oğluna - Ulu Öndər Heydər Əliyevə idi.

Odur ki, onu yenidən ölkə rəhbərliyinə dəvət etdi!

Azərbaycanın əsl xilaskarına çevrilən Ümummilli Liderimiz qısa müddətdə ölkə daxilindəki başıpozuqluqlara son qoydu, möhkəm və dönməz sabitlik yaradaraq müstəqilliyimizi əbədiliyə çevirdi!

Həm də cari, təxirəsalınmaz işlərlə uzaq hədəflərimizi məharətlə uzlaşdıra, əlaqələndirə bildi.

Azərbaycanı təkcə fəlakətlər burulğanından çıxarmadı, həm də onun sürətli, daimi və davamlı inkişafını təmin edəcək siyasi kurs müəyyənləşdirdi!

Heydər Əliyev siyasi kursunu!

***

Azərbaycanın yeni ərazilər itirəcəyinin qarşısını alan atəşkəsin imzalanmasına nail olan, ölkə iqtisadiyyatı üçün lokomotiv rolunu oynayan "Əsrin müqaviləsi"ni imzalatdıran, hərbi əməliyyatlar başlanan dövrdən sonra ilk dəfə 1994-cü ilin yanvarında Horadiz qarışıq 22 kəndin geri qaytarılmasına nail olan Ulu Öndər Heydər Əliyev ən layiqli siyasi varisini yetişdirərək əbədiyyətə qovuşdu.

Azərbaycana rəhbərliyi dövründə cənab İlham Əliyev nəinki ata vəsiyyətlərini şərəflə yerinə yetirdi, üstəlik, bu yolu uğurla davam və inkişaf etdirməklə yeni zəfər və nailiyyətlərlə daha da zənginləşdirdi:

* Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars transmilli layihələrini gerçəkləşdirdi;

* "Cənub qaz dəhlizi" layihəsini reallaşdıraraq Azərbaycanı qaz idxalçısından təbii qaz ixracatçısına çevirdi;

* Ələt Beynəlxalq Dəniz Limanını inşa etməklə heç bir dənizə birbaşa çıxışı olmayan Azərbaycanı beynəlxalq logistika mərkəzi etdi;

* Tarixinin ən qüdrətli Azərbaycanının müəllifi oldu;

* Beynəlxalq qurum və təşkilatlarda fəaliyyət gücləndirildi, Azərbaycanın siyasi nüfuzu və çəkisi xeyli artırıldı;

* Yeni gənclər nəsli tərbiyə olundu, onların da iştirak etdiyi müasir ordu quruldu;

* Ordu ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırıldı, dördgünlük Aprel müharibəsində şərəfli sınaqdan çıxdı.

Lakin bütün bunlar hələ görüləcək işlərin bir qismi idi.

Qarşıda duran ən mühüm vəzifə işğal altındakı torpaqları azad etmək, ərazi bütövlüyünə nail olmaq idi.

Nəyi nə vaxt və necə etməyi hamıdan gözəl bilən cənab İlham Əliyev bu vəzifənin də öhdəsindən ləyaqətlə gəldi!

Bu dəfə onun yaratdığı möhtəşəm ordu 44 gün ərzində Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfərinə imza atdı!

Düşmən ordusu darmadağın edilərək diz çökdürüldü, kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamağa məcbur edildi!

Lakin məsələ bununla da bitmədi.

Havadarlarına güvənən düşmən götürdüyü öhdəliklərdən boyun qaçırmaq niyyətinə düşdü!

Azərbaycan Ordusu daha iki unikal vadaretmə əməliyyatı keçirdi:

* Əvvəlcə 2023-cü il aprelin 23-də ani əməliyyatla Həkəri çayı üzərindəki erməni postu ələ keçirildi və beləliklə, "Laçın qapısı" əbədi qapadılaraq ərazi bütövlüyümüz tam təmin edildi.

* Həmin il sentyabrın 19-20-də isə antiterror tədbirləri nəticəsində 23 saat ərzində ərazimizdəki qeyri-qanuni silahlı birləşmələr və terrorçu tör-töküntülər ağ bayraq qaldıraraq təslim olmağa vadar edildi, Azərbaycan qanunlarına itaət etməyərək onun əsasında yaşamaq istəməyənlərin isə ölkəni tərk etmələrinə şərait yaradıldı.

Bununla da hərbi yolla, silah gücünə görülən bütün işlər başa çatdırıldı.

Daha bir mühüm problem isə danışıq və razılaşma yolu ilə öz həllini tapdı.

Rusiya sülhməramlı kontingenti 12 iyun 2024-cü ildə görəcəyi bir iş qalmadığından musiqi sədaları altında Azərbaycan ərazisini tərk etdi.

Bununla da Azərbaycan öz ərazisində bir nəfər də olsun separatçının və əcnəbi əsgərin olmadığı nadir dövlətlərdən birinə çevrildi!

***

Əsas problemini uğurla həll edən Azərbaycan yoluna davam etməklə bərabər, yeni vəzifələrin uğurlu həllinə də başladı.

Qalib dövlət olsa da, məğlub tərəfi sülh müqaviləsi bağlamağa çağırdı, beynəlxalq hüquqa əsaslanan sülh şərtlərini bəyan etdi.

Bununla da Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinə ən dəyərli töhfəsini vermiş oldu.

Ermənistanın bütün ikibaşlı oyunlarına, gündə bir ağıla qulluq etməsinə baxmayaraq, ABŞ-dəki 8 avqust görüş və razılaşmalarında bütün məsələlərə son qoyuldu!

Azərbaycan istəklərinə çataraq yolunu daha uğurla getməkdə davam edir!

Bu yol isə inkişaf və tərəqqi yoludur, dövlətin iqtisadi qüdrətinin və siyasi nüfuzunun daim yaxşılaşmasına, xalqın rifahının yüksəlməsinə, beynəlxalq transmilli layihələrin səmərəli fəaliyyətinə imkan yaradan yoldur!

***

Zəfər müharibəsindəki möhtəşəm qələbədən sonra Azərbaycan öz inkişafını və fəaliyyətini iki mühüm istiqamətdə davam etdirir.

Yaxın hədəfdəki əsas vəzifələr bunlardır:

* "Böyük qayıdış" proqramını uğurla həyata keçirməklə keçmiş məcburi köçkünləri sürətlə doğma yurda qaytarmaq.

* Yeni layihələrin reallaşdırılması, habelə mövcud imkanlardan səmərəli istifadə etməklə dövlətin iqtisadi gücünü, siyasi nüfuzunu və xalqın rifahını daha da yüksəltmək.

Artıq beş ildir ki, azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam edir.

Qarabağ və Şərqi Zəngəzur ilbəil deyil, aybaay tikilib qurularaq keçmiş sakinlərini qoynuna alır.

Statistik rəqəmlərə nəzər salaq:

* Geriyə qayıdışı əngəlləyən ən böyük maneə ərazilərin minalarla hədsiz dərəcədə çirkləndirilməsi, Ermənistanın əsl xəritələri bizə verməməsi və bu səbəbdən yaranan vaxt itkisidir;

* 2020-2025-ci illər ərzində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumların, həmçinin yerli şirkətlərin birgə əməliyyatları nəticəsində 240 min hektardan artıq ərazi təmizlənib, 227 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib;

* 2020-2025-ci illərdə şəhərsalma və yaşayış məntəqələrinin bərpası istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilib. "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı" 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. 8 şəhərin Baş planı və 3 şəhərin müfəssəl planı, 12 rayon üzrə 91 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırması artıq təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin planları işlənmə mərhələsindədir.

* İşğaldan azad olunmuş ərazilərdə "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarına əsaslanan, sosial ədalətli və dayanıqlı məskunlaşma modeli formalaşıb ki, bu həm postmünaqişə dövrü siyasətinin, həm də milli birliyin bərpasının mühüm göstəricisidir.

* Bu vaxta kimi 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Hazırda azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Onların istifadəsinə müasir sosial infrastruktur - məktəblər, bağçalar və mədəniyyət obyektləri verilib.

* Regionun təbii sərvətlərindən istifadəyə başlanıb. "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye parklarında 50 rezident və 7 qeyri-rezident müəssisə qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 950 milyon manata yaxın məbləğdə məhsul istehsal olunub, Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlığı ixrac olunub. Sahibkarlığa vergi və gömrük güzəştləri tətbiq olunur, KOB-lar üçün hüquqi və maliyyə dəstəyi göstərilir.

* Turizm sektoru da iqtisadi reinteqrasiyanın vacib hissəsidir, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi və demoqrafik vəziyyətini, eyni zamanda turizm və rekreasiya potensialını əks etdirən turizm əsaslı inkişaf konsepsiyaları hazırlanır, mehmanxanalar, parklar və istirahət kompleksləri inşa edilir, Şuşa, Suqovuşan, Laçın və digər istiqamətlərə turist səfərləri təşkil olunur.

* Azad edilmiş ərazilərdə 1500-dən çox fərdi evdə və ictimai binalarda Günəş panelləri quraşdırılıb. Beynəlxalq tərəfdaşlarla layihələr genişlənir, məsələn, BP şirkəti ilə Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyası layihəsi icra olunur.

Proqnozlara görə, yaxın illərdə bərpaolunan enerjinin istehsal gücü 600 MVt-a çatdırılacaq. Bu isə regionun enerji müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın enerji balansında "yaşıl enerji"nin payını artıracaq və karbon emissiyalarını azaldacaq:

* İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik enerjisi infrastrukturu genişmiqyaslı şəkildə bərpa olunub. 14 elektrik yarımstansiyası istismara buraxılıb, 1000 km.-dən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilərək 12 yeni 110 kV-luq yarımstansiya zəncirvari şəkildə birləşdirilib və dairəvi təchizat sistemi yaradılıb. Bu sistem 330 kV-luq yarımstansiyalarla əlaqələndirilərək regionun enerji ehtiyaclarını tam təmin edir. Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən 38 su-elektrik stansiyası 307 MVt güc təmin edərək ölkənin vahid enerji sisteminə inteqrasiya olunub.

* Qaz təchizatı sahəsində 6 magistral qaz xətti çəkilib, 9 qazpaylayıcı stansiya və 1 qaztənzimləyici məntəqə inşa olunub, 8 şəhərə, 20 kənd və 1 qəsəbəyə qazın verilməsi təmin olunub.

* 19 ümumi, 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Onlardan 16 ümumi və 7 məktəbəqədər təhsil müəssisəsi hazırda fəaliyyət göstərir. Təhsil müəssisələrində 3700-ə yaxın şagird və 260-dan çox uşaq təhsil alır, ümumilikdə 500 müəllim və texniki işçi fəaliyyət göstərir.

* İşğaldan azad edilmiş ərazilərdə 2020-2025-ci illərdə nəqliyyat infrastrukturu üzrə də böyük layihələr icra olunub. Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara uyğun hava limanları inşa edilərək istifadəyə verilib. Bu limanlara IATA kodları verilib və rəsmi açılış mərasimləri Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Bərdə-Ağdam, Horadiz-Ağbənd və Ağdam-Xankəndi dəmir yolu xətləri üzrə layihələndirmə və tikinti işləri aparılıb. Bərdə-Ağdam dəmir yolu xətti tam istifadəyə verilib. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün inşaası planlaşdırılıb, onlardan 42 körpünün tikintisi başa çatıb, 3 körpü istismara verilib. Avtomobil yolları infrastrukturunda isə 60 layihə üzrə 3501,6 kilometr yolun tikintisi nəzərdə tutulub, bunlardan 16 layihə tam, 1 layihə qismən başa çatıb. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Ərazidə 19 marşrut xətti təşkil edilərək, ziyarət xarakterli səfərlər üçün "yolumuzqarabağa.az" portalı üzərindən bilet əldə etmək imkanı yaradılıb.

Mətbuatda elan olunmuş bu faktlar və rəqəmlər görülən işin bir hissəsidir.

Hər gün Qarabağda və Şərqi Zəngəzurda yeni obyektlərin təməli qoyulur, inşası başa çatanlar təhvil verilir, insanlar sevinc və fərəh içərisində geriyə qayıdaraq dövlətin yaratdığı şərait sayəsində sevinc və fərəh dolu günlərini davam etdirirlər.

***

Bu gün dünyada gedən müharibələr, müxtəlif dövlətlərə sanksiyaların tətbiqi ticarət edən ölkələri tərəfdaş, habelə yükdaşıma üçün marşrut seçimində yeni variantları nəzərdən keçirmək zərurəti ilə üzləşdirir.

Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək Cənubi Qafqazda söz sahibinə çevrilməsi, yaranan yeni situasiya ilə bağlı Orta dəhlizin əhəmiyyətinin qat-qat artması da yeni reallıqlardandır.

BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi, Qoşulmama Hərəkatına rəhbərliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü dəyərli təşəbbüslər, atdığı səmərəli addımlar onun beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, ölkəyə xeyli sayda yeni dostlar da qazandırmışdır. 

Ölkəmizin "etibarlı tərəfdaş" imici də onunla əlaqə və əməkdaşlıq qurmaq istəyənlərin sayını daim artırır.

Bərabərhüquqlu, bir-birinə hörmət və daxili işlərinə qarışmamaq prinsipini rəhbər tutan Azərbaycan daim əməkdaşlığa hazırdır və bir çox ölkə, habelə beynəlxalq təşkilatla sıx əlaqələr qurub.

Türk Dövlətləri Təşkilatı buna parlaq misaldır.

Bu təşkilatın yaranmasında və fəaliyyətinə yeni nəfəs verilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sonsuzdur.

Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizinin (TRIPP) Azərbaycanın qələbəsi və fəaliyyəti sayəsində yenidən türk dövlətlərinin quru əlaqələrinin bərpasını təmin etməsi bu təşkilat üçün yeni inkişaf perspektivləri yaradır.

Cənubi Qafqazda yerləşsə də, ölkəmizin fəal qarşılıqlı fəaliyyəti sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiona çevrilib.

Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür.

"Mərkəzi Asiya+" formatına keçid, cari ildən isə Azərbaycanın da Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv statusunda iştirakı yeni reallıqlardandır.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvlərindəndir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa Siyasi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının tədbirlərində daim fəxri qonaq qismində iştirak edir.

Ötən il Azərbaycan 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv seçilmiş və beləliklə, enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.

Bütün bunlar Azərbaycanın doğru və uzaqgörən siyasət yürütməsindən, Azərbaycanın dövlət başçısının yüksək beynəlxalq nüfuzundan xəbər verir.

***

Cənubi Qafqaz dövlətləri arasında yalnız Azərbaycanın özünəməxsus siyasi kursu, inkişaf yolu vardır!

* Bu yol dövlətə və dövlətçiliyə xidmət edən yoldur!

* Bu yol xalqın mənafeyinə, bu gününə və sabahına xidmət edən yoldur!

* Bu yol inkişaf və tərəqqi yoludur, müstəqilliyə xidmət edən yoldur!

* Bu yol haqqa, ədalətə xidmət edən yoldur!

* Bu yol hazırkı və gələcək nəsillərə xidmət edən yoldur!

Yaxın qonşularımız isə hərəsi bir tərəfə baxdıqlarından hələ də öz yollarını müəyyənləşdirə, həqiqi inkişaf və tərəqqiyə nail ola bilməyiblər.

Hələ də problemlər içərisində çabalayırlar.

Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan real müstəqilliyinin ilk günlərindən düzgün siyasi kurs müəyyənləşdirdi, düz yolla getdi!

Xalq isə bu yolun parlaq gələcəyini gördüyündən müvəqqəti çətinliklərə dözərək Heydər Əliyev siyasi kursunu daim dəstəklədi!

Bəli, bu yol asan və rahat olmadı...

Ən çətin sınaqlardan, hətta müharibə alovlarından keçən bir yol oldu.

Amma nəticədə xalqı ən ülvi istəklərinə, ən müqəddəs arzularına qovuşdurdu!

Bu gün də Azərbaycan inamla irəliyə doğru addımlayır...

Daim etibar etdiyi, güvəndiyi Heydər Əliyev siyasi kursu ilə!

Onu daim ucaldan və xoşbəxt çağlara çatdıran İlham Əliyev yolu ilə!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqres işə başlayıb - YENİLƏNİB 

15:49
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!