ANA
Pək çocuqdum yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömrüm gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!
Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, ah gözlərim həp səni bəklər,
Bax, övladın nasıl giryandır, ana!
Sən bir günəş idin, doğdun da batdın,
Yazıq övladını qəmlərə atdın.
Bir cavab ver, hankı murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəllim ah ilə fəğandır, ana!
ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə - gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
- Şair, nə tez qocaldın sən!
VƏTƏN HƏSRƏTİ
Elindən, günündən ayrılan könül,
Arabir vaxt tapıb ağlasın gərək.
Əziz kimsələri qırılmış kimi,
Yas tutub qaralar bağlasın gərək.
Demirəm incidib üzsün özünü,
Əl üzüb dünyadan yumsun gözünü.
Nə qədər olsa da, Vətən sözünü,
Duysun ürəyində, anlasın gərək.
Bir şikəstə neyəm, bir qırıq kaman,
Görmədim bir bəla-həsrətdən yaman,
Vurğun ellər deyib ağlar hər zaman,
Onun qaydasıdır, ağlasın gərək.
GÖDƏKÇƏ
Dostum! Moskvada iki il qabaq
Qarlı bir qış günü bir evə dolduq.
Dostlar, tanışlar da məclis quraraq,
Üstünə yüngüllük, gülüb şad olduq.
Mən soyuqlamışdım o axşam bir az.
Sənsə ərk eləyib danladın məni,
Dedin ki, bu qədər soyuqluq olmaz,
Özünə baxmırsan... Doğrudan da sən.
Elə bil canının lap düşmənisən!
Sonra əynindəki bir gödəkçəni
Mənə bağışladın o məclisdəcə.
Üstəlik bir söz də dedin o gecə:
"Biz heç... Qoy şairə soyuq dəyməsin!"
O ürəkdən gələn mehriban səsin
İndi də, indi də xatirimdədir...
Əzəldən qaydadır eldə, obada,
Dostluğun töhfəsi bir çöp olsa da,
Anlayan bilər ki, mənası nədir!
İndi qış günləri şaxtada, qarda,
Əlimdə tüfəngim, çöllər gəzirəm.
Arabir yol azıb qasırğalarda,
Bir işıq axtarıb ellər gəzirəm.
Gah şər qarışanda, gah da dan üzü
Sazaq qılınc kimi kəsəndə məni,
Geyirəm verdiyin o gödəkçəni,
Elə bil gül açır Mil, Muğan düzü.
Bəzən Bakıda da xəzri əsəndə,
Elə ki, qəflətən xəstələnirəm,
Elə ki, qorxudur məni sətəlcəm,
Uşaqlar deyinib, həmdəm küsəndə,
Geyirəm verdiyin bu gödəkçəni.
Bu ceyran dərisi bir loğman kimi
Davasız, dərmansız sağaldır məni.
Xeyirxah, mehriban bir insan kimi,
hər zaman, hər yerdə anıram səni...