BP-nin əməliyyatçı olduğu bu layihə Azərbaycanın "yaşıl enerji" səylərinə dəstək vermək məqsədi daşıyır
Hazırda Cəbrayıl rayonunda tikilən "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli 2024-cü il noyabrın 12-də Bakıda keçirilən COP29 çərçivəsində qoyulub. 2025-ci il iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində isə layihə üzrə yekun investisiya qərarı qəbul edilib.
Daha sonra biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb. Bu müqavilələr çərçivəsində ötən il layihə sahəsində hazırlıq işləri tamamlanıb və avqust ayında ilk panellər uğurla əraziyə çatdırılıb.
Keçən ilin dördüncü rübündə "Şəfəq"in tikintisi qrafikə uyğun irəliləyib və bu gün də öz qaydasında davam edir. Layihənin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bu ayın əvvəlində jurnalistlər üçün keçirdiyi brifinqdə stansiyanın tikintisində işlərin vüsət aldığını deyib. O bildirib ki, günəş panellərinin quraşdırılacağı sahədə taxta şalbanlar, yəni dayaqlar qaldırılıb və görülən işlər məmnunluq yaradır.
Bu layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Tikinti zamanı yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət yetiriləcək. İnşaat işlərinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
240 meqavatlıq "Səfəq" stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidirlər. Səngəçal terminalının investorları STEL laytihəsini keçən il iyunun 2-də təsdiqləyiblər.
230 milyon dollar dəyərində olan bu layihə terminalın "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa olunacaq.
"Virtual enerji ötürmə mexanizmi"nə əsasən, "Şəfəq" stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda "Azərenerji"yə verəcək, "Azərenerji" isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismarı dövründə terminal əməliyyatlarından yaranan emissiyaları təxminən yarıbayarı azaldacaq.
Qeyd edək ki, hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə söküləcək və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
2025-ci ildə STEL layihəsi üzrə üç əsas müqavilə imzalanıb və hazırda bu müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər, o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri təhlükəsiz şəkildə və qrafikə uyğun olaraq davam edir. Layihə üzrə tikinti işlərinin iki mərhələdə aparılacağı nəzərdə tutulub. Birinci mərhələnin 2027-ci ilin ortalarında, ikinci mərhələnin isə 2028-ci ilin sonunadək başa çatacağı gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti bu layihələrlə ölkəmizin bərpaolunan enerji səylərinə yardımçı olmaq məqsədi daşıdıqlarını deyir. Xatırladaq ki, BP Azərbaycanda uzun illərdir ən iri neft, qaz və ixrac layihələrinin operatorudur. İndi artıq onun ölkəmizdəki fəaliyyətinə "yaşıl enerji" sahəsi də daxil olub.
Flora SADIQLI,
"Azərbaycan"