18 Mart 2026 08:25
140
İQTİSADİYYAT
A- A+
Azərbaycan etibarlı logistik mərkəz statusunu möhkəmləndirir

Azərbaycan etibarlı logistik mərkəz statusunu möhkəmləndirir


Orta dəhliz dünya ölkələrinə iqtisadi təhlükəsizlik və səmərəli ticarət vəd edir


Beynəlxalq ticarət sistemində baş verən kataklizmlər, geosiyasi gərginliklər və silahlı münaqişələr ənənəvi ticarət yollarında risklərin yaranmasına yol açıb. Təhlükəli vəziyyət yeni nəqliyyat marşrutlarının ortaya çıxmasını şərtləndirib. "Şimal" nəqliyyat dəhlizi Avropa və Asiyanı birləşdirən ən qısa dəniz yolu olsa da, hazırda ciddi maneələrlə üzləşib. Rusiya-Ukrayna müharibəsi bu dəhlizi qlobal şirkətlər üçün qeyri-sabit marşruta çevirib. Əlavə olaraq, il boyu buzqıran gəmilərə ehtiyac duyulması yüksək maliyyə və texniki çətinliklər yaradıb. Nəticədə sığorta şirkətləri yükləri sığortalamaqdan imtina ediblər. 

Uzun müddət qlobal ticarətin bel sütunu olan Süveyş kanalında (Cənub dəhlizi) da vəziyyət ağırdır. Yaxın Şərqdə davamlı gərginliklər, Qırmızı dənizdəki təhlükəsizlik problemləri Süveyş kanalı vasitəsilə həyata keçirilən ənənəvi dəniz daşımalarını təhlükə altında qoyub. Dənizdə husilərin ticarət gəmilərinə hücumları isə gəmilərin yolunu məcburən dəyişməyə və Afrika qitəsini dolanmağa (Ümid burnu marşrutu) vadar edir ki, bu da çatdırılma müddətini 10-15 gün uzadır, yanacaq xərclərini kəskin artırır. 

ABŞ-İsrail və İran arasında gedən müharibədən dolayı dünya iqtisadiyyatının damarlarından sayılan Hörmüz boğazı da artıq keçilməz durumdadır. Nəzərə alsaq ki, dəniz yolu ilə daşınan neftin təxminən 20-25 faizi bu boğazdan keçir, istənilən hərbi gərginlik və ya geosiyasi münaqişə neft təchizatını dayandıra bilər ki, bu da qlobal enerji qiymətlərinin kəskin bahalaşmasına səbəb olar. Üstəlik, Hörmüz boğazı sənaye və kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən bir çox məhsulun da keçid nöqtəsidir. Dəniz yolu ilə daşınan gübrələrin təxminən üçdəbiri Hörmüzdən keçir. O səbəbdən, dünya ölkələri, xüsusilə Avropa İttifaqı enerji təhlükəsizliyini təmin etmək üçün tək mənbədən asılılığı azaltmaq strategiyasına keçir. 

Logistikada sadəcə bir-iki yoldan asılılıq qəbuledilməzdir. Çünki beynəlxalq daşımaların ləngiməsi dünya bazarlarında təchizat zəncirinin qırılmasına səbəb olur. Bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) xüsusi strateji əhəmiyyət kəsb edir. Şimal dəniz marşrutu və Cənub dəhlizinin riskləri Azərbaycanın təmsil etdiyi Orta dəhlizi ən etibarlı liman və sabit quru-dəniz marşrutu kimi ön plana çıxarır. Çin, Mərkəzi Asiya, Xəzər regionu, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut beynəlxalq ticarətin yeni arteriyalarından hesab olunur. Azərbaycan bu dəhlizin əsas tranzit ölkələrindən biridir və layihənin inkişafında mühüm rola sahibdir. Xüsusən, son illərdə ölkəmizin həyata keçirdiyi infrastruktur layihələri Azərbaycanın logistik potensialını əhəmiyyətli dərəcədə artırıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və genişlənən logistik infrastruktur Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz yolun təməlini təşkil edir. 

Zəngəzur dəhlizinin işə düşməsi Orta dəhlizin imkanlarını daha da genişləndirəcək. Bu marşrut təkcə yükdaşıma vaxtını azaltmayacaq, həm də Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin edərək regionda yeni iqtisadi arteriyanın yaranmasına səbəb olacaq. Hazırda Çin-Bakı marşrutu ilə yüklərin çatdırılması vaxtı əhəmiyyətli dərəcədə, bəzi hallarda 11-12 günə qədər azalıb, bu da ənənəvi dəniz yolları ilə müqayisədə ciddi rəqabət üstünlüyü yaradır. Eyni zamanda Azərbaycan Xəzər dənizi vasitəsilə qaz və neftini Avropaya çatdırmaqla Hörmüz boğazı kimi riskli nöqtələrdən asılılığı azaldan əsas tərəfdaş rolunda çıxış edir. Hörmüzdəki gərginlik artdıqca, Azərbaycanın enerji təchizatındakı sabitliyi və etibarlılığı daha yüksək qiymətləndirilir. Əgər qlobal ticarət və enerji yalnız Süveyş kanalı və ya Hörmüz boğazlarının ümidinə qalarsa, təhlükəsizlik sistemi daim kövrək olar. Orta dəhliz alternativ kimi təhlükəsiz marşrut təklif edir.

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini bir daha gündəmə gətirib. Dövlətimizin başçısı vurğulayıb ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır: "Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır". 

Dövlətimizin başçısının bəyanatları Azərbaycanın strateji mövqeyini və qlobal logistika mərkəzinə çevrilmək hədəflərini çox dəqiq ifadə edir. Azərbaycan liderinin vurğuladığı məqamlar sadəcə iqtisadi deyil, həm də ciddi geosiyasi əhəmiyyət kəsb edir. Ölkəmiz qazıntı yanacağından gələn gəliri gələcəyin infrastrukturuna, qlobal bağlantılara yatırır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə daxilində bütün tikinti işləri artıq bitib, indi əsas hədəf dəhliz və limanların yükaşırma qabiliyyətini artırmaqdır. Çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Dövlətimizin başçısı çıxışında bu məqama da diqqət çəkib: "Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək". 

Göründüyü kimi, Azərbaycanın bu sahədəki fəaliyyəti təkcə infrastruktur layihələri ilə məhdudlaşmır. Ölkəmizin regionda sülh körpüsü kimi də nüfuzu artır, diplomatik çəkisi yüksəlir. 2026-cı il etibarilə Azərbaycanın hədəfi Orta dəhlizi sadəcə keçid marşrutu etmək yox, böyük logistik mərkəz kimi möhkəmləndirməkdir. Orta dəhliz bütövlükdə Avrasiya qitəsinin iqtisadi təhlükəsizliyi üçün vazkeçilməz marşrut hesab olunur. 

Avropa İttifaqının layihəyə xüsusi maraq göstərməsi də göz önündədir. Aİ İttifaqı Orta dəhlizi özünün "Qlobal qapı" strategiyasının mərkəzi hissəsi kimi görür. Qitə ölkələri öz tədarük zəncirlərini şaxələndirərək bir marşrutdan asılılığı minimuma endirməyə çalışırlar. Həmçinin 2024-cü ilin əvvəlində Brüsseldə keçirilən İnvestorlar Forumunda Aİ Orta dəhliz boyu nəqliyyat əlaqələrinin inkişafı üçün 10 milyard avro həcmində investisiya öhdəliyi götürüb. Avropa rəsmiləri layihənin önəmini və Azərbaycan bu dəhlizin mərkəzi qovşağı olduğunu dəfələrlə qeyd ediblər. BMT-nin Ticarət və İnkişaf konfransının baş katibi Rebeka Qrinspan Orta dəhlizin qlobal ticarətdə rolunun getdikcə artdığını və bu marşrutun ərsəyə gəlməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Rumıniyanın Baş nazirinin sabiq müavini Ana Birçal da deyib ki, Orta dəhlizin nəticələri qısa müddətdə özünü göstərəcək və gələcəkdə qlobal qapıya çevriləcək: "Gələcəkdə Orta dəhliz Avropanın maraqlarına cavab verəcək. Orta dəhliz region ölkələri üçün prioritet istiqamətlərdən biridir və daşımalar baxımından mühüm əhəmiyyət daşıyır. Alternativ dəhlizlərin mövcudluğu da regionun maraqlarına xidmət edir. Əvvəllər Asiyadan Avropaya yüklərin çatdırılması 45 gün çəkirdisə, hazırda bu müddət təxminən 20 günə enib". Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım isə qeyd edib ki, müvafiq strateji addımlar atmaqla illik daşımaların həcmini 20 trilyon dollara qədər artırmaq mümkündür: "Bu kontekstdə Orta dəhlizin əhəmiyyəti əvəzsizdir. Orta dəhlizin inkişafı daha fəal şəkildə dəstəklənməlidir".

Beləliklə, Orta dəhliz ətrafında formalaşan beynəlxalq konsensus göstərir ki, Bakının illər öncə uzaqgörənliklə başladığı infrastruktur quruculuğu bu gün qitələrarası sabitliyin zəmanətinə çevrilib. Ölkəmiz dünyaya Şərqlə Qərbi qırılmaz bağlarla birləşdirən, təhlükəsiz, etibarlı və iqtisadi baxımdan səmərəli keçid təklif edir. Azərbaycanın təqdim etdiyi təhlükəsiz liman konsepti artıq qlobal zərurətdir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!