Yaxın Şərqin ən həssas geostrateji nöqtələrindən biri olan Hörmüz boğazı ətrafında gərginliyin artması artıq yalnız regional təhlükəsizlik məsələsi olmaqdan çıxaraq qlobal iqtisadi və maliyyə sabitliyi üçün ciddi təhdidlər yaradan faktora çevrilib. Dünyada dəniz yolu ilə daşınan neftin əhəmiyyətli hissəsinin məhz bu boğazdan keçməsi onun bağlanması və ya fəaliyyətinin məhdudlaşması ehtimalını qlobal iqtisadiyyat üçün kritik risk səviyyəsinə yüksəldir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadiyyat və maliyyə məsələləri üzrə ekspert İlhan İşbaşı bildirib.
İ.İşbaşı qeyd edib ki, mövcud vəziyyət enerji bazarlarında qeyri-müəyyənliyin kəskin şəkildə artmasına səbəb olur. Onun sözlərinə görə, belə geosiyasi risklər fonunda neft və qaz qiymətlərində ani və yüksək artımlar qaçılmazdır. Bu isə qlobal inflyasiya dalğasının yenidən güclənməsinə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi təzyiqlərin artmasına gətirib çıxarır.
“Enerji qiymətlərindəki artım yalnız yanacaq bazarları ilə məhdudlaşmır. Bu artım istehsal xərclərinin yüksəlməsi vasitəsilə sənaye sektoruna, logistika xərclərinin artması yolu ilə isə beynəlxalq ticarətə birbaşa təsir göstərir. Nəticədə, qlobal təchizat zəncirlərində əlavə gecikmələr yaranır, məhsul və xidmətlərin qiymətində ümumi bahalaşma müşahidə olunur. Bu isə dünya iqtisadiyyatında staqflyasiya risklərini daha da aktuallaşdırır”, - deyə ekspert vurğulayıb.
Maliyyə bazarları baxımından vəziyyəti dəyərləndirən İlhan İşbaşı qeyd edib ki, bu tip geosiyasi böhranlar investor psixologiyasına birbaşa təsir edir: “Risklərin artdığı şəraitdə investorlar daha təhlükəli hesab edilən aktivlərdən çıxaraq kapitalı daha stabil və likvid alətlərə yönəldirlər. Bu isə inkişaf etməkdə olan bazarlardan kapital axınını sürətləndirir, milli valyutaların dəyərdən düşməsinə və fond bazarlarında kəskin enişlərə səbəb olur. Bu proses fonunda dollar və qızıl kimi “təhlükəsiz liman” aktivlərinin cazibədarlığı daha da artır. Nəticədə dolların möhkəmlənməsi qlobal borclanma şərtlərini ağırlaşdırır, xüsusilə xarici borcu yüksək olan ölkələr üçün əlavə maliyyə təzyiqi yaradır. Eyni zamanda, mərkəzi banklar inflyasiya risklərini cilovlamaq üçün daha sərt pul-kredit siyasətinə üstünlük vermək məcburiyyətində qala bilər ki, bu da iqtisadi artım tempinin zəifləməsinə gətirib çıxarır”.
Region iqtisadiyyatlarına təsir məsələsinə toxunan ekspert bildirir ki, Yaxın Şərq ölkələri üçün vəziyyət ikili xarakter daşıyır. Enerji ixrac edən ölkələr qısa müddətdə yüksək qiymətlərdən əlavə gəlir əldə etsələr də, təhlükəsizlik risklərinin artması investisiya mühitini zəiflədir və uzunmüddətli iqtisadi sabitliyə mənfi təsir göstərir. Digər tərəfdən, enerji idxalçısı olan ölkələr üçün artan xərclər tədiyə balansında kəsirin dərinləşməsi və fiskal yükün artması ilə nəticələnir.
İlhan İşbaşı xüsusi olaraq qeyd edir ki, sığorta haqlarının artması və nəqliyyat risklərinin yüksəlməsi beynəlxalq ticarətin maya dəyərini artırır. Bu isə region ölkələrinin ixrac imkanlarını məhdudlaşdıra və iqtisadi artımı ləngidə bilər. Belə bir şəraitdə logistika təhlükəsizliyi və marşrutların şaxələndirilməsi strateji əhəmiyyət kəsb edir.
Ekspertin fikrincə, yaranmış vəziyyət alternativ enerji və nəqliyyat dəhlizlərinin önəmini daha da artırır. Bu kontekstdə Xəzər regionu, xüsusilə Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz layihəsi qlobal ticarətdə yeni imkanlar yaradır. Avropa ilə Asiya arasında daha təhlükəsiz və sabit bağlantı təmin edən bu marşrut geosiyasi risklərin təsirini azaltmaq baxımından mühüm alternativ kimi çıxış edir.
Onun sözlərinə görə, Azərbaycanın enerji strategiyası və beynəlxalq layihələrdə iştirakı da yeni geoiqtisadi reallıqlar fonunda daha da aktuallaşır. Xüsusilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihələr alternativ təchizat mənbələrinin formalaşmasına töhfə verir və qlobal enerji balansının qorunmasına xidmət edir: “Nəticə etibarilə, Hörmüz boğazı ətrafında baş verən gərginlik yalnız enerji bazarlarını deyil, bütövlükdə qlobal maliyyə sistemini və region iqtisadiyyatlarını transformasiya edən amilə çevrilməkdədir”.
Türkiyəli ekspert İlhan İşbaşının qənaətinə görə, bu mürəkkəb şəraitdə dövlətlər iqtisadi dayanıqlılığı gücləndirməli, riskləri qabaqlayan siyasət yürütməli və alternativ marşrutların inkişafına xüsusi diqqət yetirməlidirlər.