30 Dekabr 2025 08:10
158
Təhsil
A- A+
195 yaşlı Şuşa qəza məktəbi - ilk dünyəvi təhsil ocağı

195 yaşlı Şuşa qəza məktəbi - ilk dünyəvi təhsil ocağı


Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin əvəzsiz rolu olmuşdur. Şuşa ictimai fikir tariximizin inkişafına mühüm töhfələr vermiş, Azərbaycana və dünyaya görkəmli şəxsiyyətlər bəxş etmişdir. 

Azərbaycanın tarixi, mədəni mərkəzi olan Şuşa tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin, ictimai-siyasi fikrin görkəmli nümayəndələrinin vətəni hesab edilir.  Tarixi mənbələrə əsasən, XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim olmuşdur. 

Xurşidbanu Natəvan, Molla Pənah Vaqif,  Mir Möhsün Nəvvab Qarabaği, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Mirzə Salah bəy Zöhrabbəyov, Mirzə Ələsgər Növrəs, Qəmər bəyim Şeyda,  Səfərəli bəy Vəlibəyov, Cəlil bəy Bağdadbəyov, İskəndər bəy Rüstəmbəyov, Cahangir bəy Zeynaloğlu, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli  və onlarla maarifçi, şair, dramaturq, publisist və ictimai xadimlərin həyatında Şuşa mühitinin mühüm rolu olmuşdur.

Şuşa XIX əsrin II yarısından Azərbaycanın mədəni mərkəzinə çevrilmiş, musiqi və bəstəkarlıq məktəbinin yüksəlişinə səbəb olmuşdur. Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Üzeyir bəy Hacıbəyli dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınmışdır. Bundan əlavə, Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Xarrat Qulu, Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Əhməd Ağdamski (Bədəlbəyli), Zülfüqar Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Niyazi, Əşrəf Abbasov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, Teymur Elçin, Mehdi Məmmədov, Zakir Bağırov, Çingiz Hacıbəyov, Şəmsi Bədəlbəyli,  Əbülfət Vəli,  Məhluqə Sadıqova, Nəcibə Behbudova, Osman Hacıbəyov, Əbülfət Əliyev, Kərbəlayı Səfixan Qarabaği, Lətif Kərimov, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Münəvvər Rzayeva,  Əmir Hacıyev və  bir çox başqaları Şuşanın yetirdiyi tanınmış musiqişünas, bəstəkar, xanəndə, teatr xadimi, rəssam, heykəltaraş, memar və  görkəmli sənətkarlardır. 

Bu kimi maarifpərvər insanların səyi nəticəsində XIX əsrin əvvəllərindən Şuşa həm də elm-təhsil mərkəzi kimi şöhrət tapmış, görkəmli publisist, naşir, şair, yazıçı və dramaturqlar, memarlar, xəttatlar, astronomlar, alimlər, maarifçi müəllimlər nəsli formalaşmışdı. 

Şuşada XIX əsrin əvvəllərində tədricən Avropa tipli dünyəvi təhsil verən  məktəblər açılmağa başlanmışdı. İlk belə məktəb 1826-cı ildə yaradılmışdı. Onun ardınca 1830-cu ildə Qəza məktəbi, 1874-cü ildə şəhər məktəbi, 1881-ci ildə Real məktəb, 1883-cü ildə Qız məktəbi, 1895-ci ildə 3-cü dərəcəli xüsusi məktəb və digər məktəblər fəaliyyətə başlamışdır. Şuşada həmin dövrdə Gövhər ağa, Səməd bəy Ağayev və Camal bəy Fətəlibəyovun şəxsi məktəbləri də fəaliyyət göstərmişdi. Bu məktəblərdə Moskva, Peterburq, Berlin, Leypsiq, Sarbonna, Mançester, Paris və digər xarici universitetləri bitirən müəllimlər, Şuşada anadan olmuş ziyalılar dərs demişdi. Təbii ki, bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini maarifçilik beşiyi və mədəniyyət mərkəzinə çevirməkdə, elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar. 

Şuşanın yüksək iqtisadi inkişafı və şəhər ziyalılarının dünyəvi təhsil verən məktəb açmaq səyi Şuşaya bu sahədə də birincilik qazandırmışdı. Qafqazda ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabrın 30-da Şuşada olmuşdu. Bununla da Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulmuşdu. Şuşa qəza məktəbi dünyəvi təhsil verən məktəblərin birincisi olmuşdu. Çar Rusiyası hökuməti Qafqazda dövlət məktəblərini açmazdan əvvəl xüsusi nizamnamə hazırlayaraq 1829-cu il avqustun 2-də təsdiq etmişdir. Nizamnamədə nəzərdə tutulmuş şəhərlərdən birinci olaraq, Şuşada qəza məktəbi təsis edilmişdir.

Şuşa qəza məktəbi açılanda birinci sinfə 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. 

Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci oldu. 1835-ci il mayın 12-də Zaqafqaziya (Cənubi Qafqaz) məktəblərinin ikinci nizamnaməsi təsdiq edilmişdi. Bu nizamnamədə Azərbaycan üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa məktəbini təkmilləşdirmək nəzərdə tutulmuşdu. Yeni nizamnamə ilə işləməyə başlamış təhsil ocağının II və III siniflərində rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxətt, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili rus bölməsi üçün də məcburi fənn kimi həftədə 6 saat keçirilirdi. 

Şuşa qəza məktəbinin kitabxanasında 1845-ci ilin məlumatına görə, 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi. 5 müəllim və 127 şagirdlə təlimə başlamış Şuşa qəza məktəbi əvvəlcə üç sinifli, 1878-ci ildən isə dörd sinifli şəhər məktəbinə çevrildi.  1848-ci il dekabrın 18-də Zaqafqaziya (Cənubi Qafqaz) məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Qəza məktəblərinin, o cümlədən Şuşa qəza məktəbinin qarşısında yeni məqsədlər qoyuldu. Belə ki, əvvəlki fənlərdən əlavə dəftərxana qaydalarına aid qısa məlumat da tədris planına daxil edildi. Azərbaycan dilinin öyrənilməsinə daha geniş yer verildi. Şuşa qəza məktəbində tədris-təlim işi digərlərinə nisbətən yüksək səviyyədə idi. Şagirdlərin sayına görə bu məktəb bütün Cənubi Qafqazda  birinci yeri tuturdu. 1865-ci ildə Şuşa qəza məktəbində 240 şagird təhsil alırdı. 1868-ci ildən isə tədris planına latın və Avropa dilləri daxil edildi. Şuşa qəza məktəbində fransız dilinin tədrisi tətbiq olunmağa başlanıldı.

Maarifçiliyin inkişafı nəticəsində Şuşada  dünyəvi təhsil sisteminə keçid gücləndi. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Qafqazda şəhər məktəblərinin ilk qaranquşu oldu və Şuşa şəhər məktəbinə çevrildi. Beləliklə, Şuşa şəhər məktəbi xeyli şagirdi, kitabxanası, tədris-maddi bazası olan Şuşa qəza məktəbinin bazasında 1874-cü ildə fəaliyyətə başladı. Yeni məktəb daha yüksək tipli idi. Ona görə də pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. Şuşada şəhər məktəbi şagird çoxluğuna görə yenə də seçilirdi. 1876-cı ildə burada təkcə I sinifdə 70, 1877-ci ildə isə 160 nəfər şagird var idi. Məktəb proqramına şəriət, Azərbaycan, rus və fransız dilləri, hesab, təcrübi həndəsə, coğrafiya, tarix, fizika, rəsmxət, nəğmə və gimnastika fənləri salınmışdı. 1880-ci ildə məktəbin nəzdində xüsusi musiqi sinfi açılmışdı.

Şagirdlərinin çoxluğuna görə Şuşa şəhər məktəbi çar Rusiyası ərazisində ilk yerlərdən birini tuturdu. Məktəbdə ilk vaxtlarda 375 uşaq oxuyurdu. Məktəbin nəzdində pulsuz istifadə olunan kitabxanalar fəaliyyət göstərirdi və burada fənn kabinələri, digər tədris vasitələri var idi, həmçinin tarixi kolleksiyalar təşkil edilirdi.

Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdur. Onların sırasında tanınmış pedaqoq, Azərbaycanın elmi-pedaqoji, ictimai fikri tarixində xüsusi xidmətləri olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli və tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov da var idi. XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində almışlar.

1881-ci il  sentyabrın 20-də Şuşada 6 sinifdən ibarət olan Real məktəbinin əsası qoyulmuşdur. Məktəbdə riyaziyyat və fizika kursları, təbiətşünaslıq, rəsm və rəsmxət, şəriət və digər fənlər tədris edilmiş, lakin alman və fransız dillərinə ayrılan saatların miqdarı daha çox olmuşdur. Şuşa Real məktəbinin geniş və zəngin kitabxanası ilə yanaşı, fənn kabinələri, xüsusilə fizika kabinəsi öz mükəmməlliyi ilə diqqəti cəlb etmişdir. Məktəb Qafqaz orta təhsil müəssisələri içərisində nümunəvi tədris müəssisələrindən hesab olunmuşdur. Burada Azərbaycan dilini görkəmli pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı Haşım bəy Vəzirov, fransız dilini publisist, pedaqoq, yazıçı, hüquqşünas, şərqşünas, türkoloq, islamşünas alim Əhməd bəy Ağaoğlu, elmi-ilahiyyat dərslərini isə həkim, həmçinin şair Mirzə Sadıq Lətifov tədris etmişdir.

Bununla yanaşı, tanınmış maarifçilər, Qori Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov, maarifçi, pedaqoq, şair, xeyriyyəçi Fransada və Rusiyada təhsil almış Mirzə Salah bəy Zöhrabbəyov da Real məktəbində dərs demişlər. Qarabağlı gənclərin bir hissəsi Şuşa Real Məktəbində təhsil almış, sonradan Rusiyanın və Avropanın ali məktəblərinə daxil olmuş, oranı bitirdikdən sonra isə xalq maarifi və təhsildə, elm və mədəniyyət, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində xidmətlər göstərmişlər.

Sovet dövründə 1921-1922-ci tədris ilində Şuşada pedaqoji məktəb, 1923-1924-cü tədris ilində isə musiqi məktəbi fəaliyyətə başlamışdı. 1922-1923-cü tədris ilində Şuşa ərazisində 580 şagirdi, 25 müəllimi özündə birləşdirən 8 məktəb fəaliyyət göstərmişdi. 1927-1928-ci tədris ilində Şuşa ərazisində məktəblərin sayı 11-ə çatmışdı. 1938-ci ildə Şuşada Mərkəzi Uşaq Kitabxanası açılmışdı. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1933-cü ildə Şuşa yeddiillik nümunə məktəbinə, 1937-1938-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrilmişdi. 1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olmuşdur. 1966-cı ildə 1 nömrəli məktəbdən yeni bir təhsil ocağı - 4 nömrəli orta məktəbi yarandı. 1 nömrəli Şuşa şəhər orta məktəbi isə yeni binaya köçürüldü və burada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin adını daşıyaraq fəaliyyətini davam etdirdi.

Ümumilikdə, Şuşa rayonunun işğalı nəticəsində 23 ümumtəhsil məktəbi, 13 məktəbəqədər təhsil müəssisəsi, Peşə-ixtisas məktəbi, Mədəni-maarif, Kənd təsərrüfatı, M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun Şuşa filialı, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat  İnstitutunun filialları dağıdılmişdır. 

Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev hələ 1982-ci ilin yanvarında Şuşa şəhər 1 nömrəli orta məktəbinin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan KP MK Bürosunun qərarını imzalamış və bu qərar əsasında məktəbin yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

1984-cü ildən Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını daşıyır. Daha sonra 1990-cı ildə Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılmışdır.

Şuşa şəhər 1 saylı orta məktəb yarandığı vaxtdan 1992-ci il mayın 8-nə  kimi öz fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, 2 linqafon kabineti, maşınşünaslıq kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, zəngin kitabxana, geniş idman zalı, akt zalı, yeməkxana və sair fəaliyyət göstərmişdi.

Şəhərin Ermənistan silahlı dəstələri tərəfindən işğal edilməsindən sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışdılar. Şuşa şəhər 1 saylı orta məktəbi isə 1992-ci ildən etibarən Bakı şəhəri Yasamal rayonu 38 nömrəli orta məktəbin binasında fəaliyyət göstərmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il dekabrın 7-də Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi dövlət səviyyəsində təntənəli surətdə qeyd edilmişdi. 

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğalçılardan azad edilməsindən 6 ay sonra Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il mayın 8-də Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə müvafiq sərəncam imzaladı  və 4 gün sonra, mayın 12-də Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu. 

Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı oldu. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar inşa edilibdir. 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə isə 2024-cü il sentyabrın 16-dan başlanılmışdır. Müasir avadanlıqlarla təchiz olunan bu bina həm məktəbin, həm də Şuşanın təhsil ənənələrinə uyğun şəkildə yenidən dirçəldilmişdi. Məktəbdə 3-4 yaşlı uşaqlar üçün "Məktəbəqədər icmaəsaslı təhsil" layihəsi 2-8-ci siniflərdə rəqəmsal bacarıqlar, 3-4 cü siniflərdə isə "STEAM" layihəsi tətbiq olunmağa başlamışdır. 

Beləliklə, Qafqazda ilk dünyəvi təhsil ocağı olan 1 saylı Şuşa şəhər məktəbi kollektivini yenidən doğma yurdunda qəbul edərək öz fəaliyyətini davam etdirir və inam var ki, qocaman tədris ocağı Azərbaycan təhsilinin inkişafına dəyərli töhfəsini verəcəkdir. 

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma işləri çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Bu təkcə bir təhsil ocağının bərpası deyil, həm də Şuşanın mədəni ruhunun, tarixi irsinin və maarifçilik beşiyinin yenidən canlanması deməkdir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük qayıdış proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.

Ümumilikdə, işğaldan azad edildikdən sonra ölkəmizin, həmçinin türk və islam dünyasının mədəniyyət paytaxtına çevrilmiş bu qədim şəhər müxtəlif xarici tədqiqatçı-alimlərin, arxeoloqların, ekspertlərin, xüsusilə beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən çoxsaylı tədbirlərin əhəmiyyətinə görə beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənilir.


Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Qarabağ İrsini Araşdırma Mərkəzi"nin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

09:33
30 Dekabr

BDYPİ bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

09:17
30 Dekabr

İran hər hansı potensial təcavüzə sərt cavab verəcəyinə söz verib

08:55
30 Dekabr

Tədqiqat: Günəş işığı kişilərdə depressiya riskini azaldır

08:46
30 Dekabr

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər daha bir əzəmətli zəfərimizdir

08:45
30 Dekabr

Ukrayna 2026-cı ildə ABŞ yardımı alacaq ölkələrin siyahısına daxil edilib

08:43
30 Dekabr

Tramp: ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir

08:41
30 Dekabr

20 il əvvəl “Qərbi Azəri”dən ilk neft hasil olunmuşdur

08:40
30 Dekabr

ABŞ Prezidenti: Türkiyə qoşunlarının Qəzza zolağında yerləşdirilməsinə etiraz etmirəm

08:39
30 Dekabr

TAP-ın ilk yubileyi

08:35
30 Dekabr

Fətəli xan Xoyskinin siyasi baxışları və dövlətçilik fəlsəfəsi

08:30
30 Dekabr

2025-ci il sosial müdafiə sahəsində növbəti uğurlarla yadda qaldı

08:25
30 Dekabr

Zəfərdən dirçəlişə

08:20
30 Dekabr

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

08:15
30 Dekabr

195 yaşlı Şuşa qəza məktəbi - ilk dünyəvi təhsil ocağı

08:10
30 Dekabr

Azərbaycanın liderliyi, sülh strategiyası və yeni regional reallıqlar

08:05
30 Dekabr

Azərbaycanın başlatdığı sülh prosesi real nəticələr verir

08:00
30 Dekabr

Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında

03:31
30 Dekabr

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

03:29
30 Dekabr

Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında

03:15
30 Dekabr

Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında

03:13
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!