27 Dekabr 2025 08:15
1716
SİYASƏT
A- A+
Azərbaycanın regional liderliyini təmin edən uğurlu xarici siyasət

Azərbaycanın regional liderliyini təmin edən uğurlu xarici siyasət


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğurlu mövqeyinin formalaşması səmərəli və balanslaşdırılmış xarici siyasətdən asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət ölkəmizin milli maraqlarının qorunmasına, suverenliyinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına yönəlib. Bu siyasət praqmatizm, çoxvektorlu yanaşma və qarşılıqlı fayda prinsipləri əsasında qurulub.

Azərbaycan Prezidentinin dekabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə rəsmi səfəri, səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və aparılan danışıqlar da bunu bir daha nümayiş etdirdi və iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın növbəti mühüm göstəricisi kimi yadda qaldı. Belə ali səviyyədə qarşılıqlı səfərlər, mütəmadi siyasi dialoqlar etimada, uzunmüddətli maraqlara əsaslanan Azərbaycan-BƏƏ münasibətlərini daha da möhkəmləndirir. 

Bu münasibətlərin əsas gücü onların çoxşaxəli xarakterindədir. Siyasi əməkdaşlıqla yanaşı, iqtisadiyyat, enerji və xüsusilə bərpaolunan enerji sahələrində tərəfdaşlıq hər iki ölkənin gələcək inkişaf strategiyaları ilə üst-üstə düşür. Azərbaycan üçün BƏƏ qabaqcıl texnologiyalar, investisiya imkanları və qlobal bazarlara çıxış baxımından mühüm tərəfdaşdırsa, Birləşmiş Ərəb Əmirlikləri üçün Azərbaycan Cənubi Qafqazda etibarlı tərəfdaş, enerji və nəqliyyat-logistika baxımından strateji mövqeyə malik ölkədir.

Humanitar, mədəni və idman sahələrində əməkdaşlıq isə münasibətlərin "yumşaq güc" komponentini gücləndirir. Prezident İlham Əliyevin "Gələcəyin Oyunları 2025" kimi innovativ və qlobal miqyaslı bir tədbirin açılışında iştirakı Azərbaycanın yalnız regional deyil, qlobal təşəbbüslərə açıq olduğunu göstərir. Eyni zamanda BƏƏ-nin bu turnirə evsahibliyi etməsi ölkənin gələcək, rəqəmsallaşma və gəncləryönümlü strategiyasını əks etdirir ki, bu da Azərbaycanla ortaq baxışların mövcudluğunu göstərir.

Bu baxımdan Azərbaycan-BƏƏ münasibətləri klassik diplomatik əlaqələr çərçivəsindən kənara çıxaraq, qarşılıqlı faydaya əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilib. Bu model həm regional sabitliyə töhfə verir, həm də hər iki ölkənin qlobal səviyyədə mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Səfər bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət ölkəmizə hörmətlə yanaşan, milli maraqlarımızı nəzərə alan bütün ölkələrlə qarşılıqlı etimada və uzunmüddətli əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasına yönəlib.


Regional və qlobal balans siyasəti 


Ümumən, Prezident İlham Əliyevin xarici siyasət kursunun əsasını milli maraqların prioritetliyi, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət, daxili işlərə qarışmama, çoxşaxəli və balanslı diplomatiya prinsipləri təşkil edir. Bu prinsiplər Azərbaycanın həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradır. 

Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət modeli "balanslaşdırılmış siyasət" kimi xarakterizə olunur. Azərbaycan eyni zamanda Avropa İttifaqı ilə strateji tərəfdaşlığa, qardaş Türkiyə ilə müttəfiqlik əlaqələrinə malikdir, ABŞ və digər Qərb ölkələri ilə əməkdaşlığı gücləndirir, islam dünyası və Qoşulmama Hərəkatı çərçivəsində fəal diplomatiya aparır, Türk Dövlətləri Təşkilatının sədri kimi bu qurumun inkişaf edərək qlobal gücə çevrilməsi üçün ardıcıl çalışır, eyni zamanda Rusiya ilə konstruktiv münasibətlərin təmin olunması yönündə müvafiq addımlar atır. Bütün bunlar Azərbaycanın heç bir güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürütməsinə şərait yaradır, heç bir xarici ölkənin, beynəlxalq qurumun ölkəmizin daxili işlərinə qarşımasına imkan vermir. 

Prezident İlham Əliyevin xarici siyasətində enerji amili xüsusi yer tutur. Azərbaycan "Cənub qaz dəhlizi", TANAP və TAP, Bakı-Tbilisi-Ceyhan əsas-ixrac neft kəməri strateji layihələr vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi əhəmiyyət daşıyaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir.


Xarici siyasətdə yeni mərhələ


Tarixi Zəfərimiz nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ölkənin xarici siyasətində fundamental dönüş nöqtəsi yaradıb. Uzun illər beynəlxalq gündəmdə əsas mübarizə mövzusu olan Qarabağ məsələsinin həlli ilə Azərbaycan artıq post-münaqişə mərhələsinə qədəm qoyub və bu, diplomatik prioritetlərin mahiyyətini də köklü şəkildə dəyişib.

İlk növbədə xarici siyasətin gündəmi müdafiə və haqq mübarizəsindən inkişaf və təşəbbüskarlıq mərhələsinə keçib. Ərazi bütövlüyünün bərpasına qədər beynəlxalq platformalarda əsas məqsəd Azərbaycanın haqlı, ədalətli mövqeyinin tanıdılması idi. Bu gün isə rəsmi Bakı regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və nəqliyyat-logistika layihələri ilə daha fəal və təşəbbüskar mövqedən çıxış edir.

Yeni reallıq Ermənistanla münasibətlərə də birbaşa təsir göstərib. Ermənistana göndərilən taxılın Azərbaycan üzərindən daşınmasına şəraitin yaradılması, Azərbaycanın neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsi tarixi Vaşinqton görüşündən sonra sülhə doğru nə qədər mühüm irəliləyişlərin əldə edildiyini göstərir. 

Suverenliyin bərpası Azərbaycanın beynəlxalq legitimliyini də möhkəmləndirib. Rəsmi Bakı öz addımlarını beynəlxalq hüquq normaları əsasında quraraq, "yeni reallıqların qəbul edilməsi" tezisini xarici siyasətin əsas kommunikasiya xəttinə çevirib. Bu isə ölkənin beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlərlə dialoqunda mövqelərini daha inamlı şəkildə müdafiə etməsinə imkan yaradır.

Eyni zamanda regional və qlobal səviyyədə Azərbaycanın manevr imkanları genişlənib. Münaqişə faktorunun aradan qalxması çoxvektorlu xarici siyasətin daha çevik icrasına şərait yaradıb. Enerji diplomatiyası, "yaşıl enerji" layihələri, Orta dəhliz kimi nəqliyyat təşəbbüsləri ölkəmizin xarici siyasətinin əsas alətlərinə çevrilib və dövlətimizi etibarlı tərəfdaş kimi ön plana çıxarıb.

Bu mənada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yalnız hərbi-siyasi qələbə deyil, eyni zamanda xarici siyasətin keyfiyyətcə yeni mərhələyə keçididir. Bu mərhələ Azərbaycanın regional liderlik ambisiyalarını gücləndirir, beynəlxalq nüfuzunu artırır və ölkəni postmünaqişə dövrünün aktiv oyunçusuna çevirir.


Etibarlı tərəfdaş


Bu kontekstdə son dövrlərdə Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan dinamika da xüsusi diqqət çəkir. Vaşinqtonla dialoqun yenidən intensivləşməsi Azərbaycanın postmünaqişə dövründə artan geosiyasi çəkisinin göstəricisi kimi qiymətləndirilməlidir. Enerji təhlükəsizliyi, regional kommunikasiyalar, "yaşıl enerji" və Orta dəhliz kimi mövzular ABŞ ilə münasibətlərdə əsas əməkdaşlıq istiqamətlərinə çevrilir. Bu, Azərbaycanın Qərb üçün etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş statusunu daha da möhkəmləndirir.

Eyni zamanda ABŞ ilə münasibətlərin inkişafı Prezident İlham Əliyevin çoxvektorlu xarici siyasət xəttinin mühüm elementidir. Azərbaycan nə bir qütbə bağlanır, nə də geosiyasi qarşıdurmaların tərəfinə çevrilir. Əksinə, rəsmi Bakı Şərq-Qərb, Şimal-Cənub əməkdaşlıq oxlarında balansı qoruyaraq, milli maraqlara əsaslanan praqmatik siyasət yürüdür. ABŞ ilə əməkdaşlığın dərinləşməsi də məhz bu balanslı yanaşmanın tərkib hissəsidir.


Multilateral diplomatiya


Ölkəmiz multilateral diplomatiya xəttini də uğurla həyata keçirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü (2019-2023) cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin multilateral diplomatiyada qazandığı ən mühüm nailiyyətlərdəndir. Bu dövrdə Azərbaycan inkişaf etməkdə olan ölkələrin maraqlarını fəal şəkildə müdafiə etmiş, qlobal ədalət, bərabərlik və beynəlxalq hüquq prinsiplərinin təşviqində aparıcı rol oynamışdır. Bu isə Azərbaycanın beynəlxalq arenada etibarlı və məsuliyyətli aktor kimi mövqeyini daha da gücləndirmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi, dövlətin milli maraqlarına əsaslanan, praqmatik və strateji baxımdan düşünülmüş xarici siyasət xətti nəticəsində Azərbaycan regional liderliyini daha da möhkəmləndirmiş, qlobal səviyyədə söz sahibi olan dövlətə çevrilmiş, müstəqil və balanslı xarici siyasət modeli ilə nümunə göstərilən ölkələrdən biri olmuşdur. Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi kimi gələcəkdə də ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edəcəkdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

“Qəhrəmanların izi ilə” layihəsi başa çatıb

18:31
03 Mart

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

18:28
03 Mart

Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:21
03 Mart

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!