18 Iyul 2024 08:15
89
SİYASƏT
A- A+

Fransa dünyada hərbi-siyasi gərginliyi artırmağa çalışır

 

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri də Fransadır. Bu nüfuzlu beynəlxalq təşkilatın nizamnaməsinə görə Təhlükəsizlik Şurasına üzv dövlətlər  beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır.

Deməli, Fransa dünyadakı münaqişələrin həllinə, habelə qlobal səviyyədə məsələlərə veto qoymağa haqqı olan 5 dövlətdən biridir. Məsələ burasındadır ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan Fransa öz statusundan və hərbi gücündən istifadə edərək geopolitik maraqları naminə birmənalı olaraq hərbi-siyasi gərginliyi  artırmaqla məşğul olub. Müxtəlif regionlarda geosiyasi intriqalar yaratmağa cəhd edən Fransa, Qərb təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

Azərbaycan Prezidenti nüfuzlu beynəlxalq tədbirlərdə və görüşlərdə, beynəlxalq mətbuata verdiyi müsahibələrdə bir qayada olaraq Fransa kolonializmini ifşa edərək  bu ölkənin qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı, törətdiyi vəhşiliklərə görə üzr istəməli olduğunu qeyd edib.

Dünyada baş verən siyasi proseslər Fransanın əleyhinə işləyir. Paris dünyadakı təsir gücünü getdikcə itirməkdədir. Fransa qoşunlarının Mali, Niger və Burkina-Fasodan qovulması bu ölkənin Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu açıq təcəssüm etdirir.

Fransa təkcə əsarəti altında saxlayıb qanlı cinayətlər törətdiyi ölkələrdə deyil, eləcə də Cənubi Qafqazda sabitliyi pozmağa çalışır. Ermənistanı silahlandırmaqla regionda yeni müharibə üçün zəmin hazırlayır...

Prezident  Emmanuel Makronun səhv siyasəti ucbatından beynəlxalq nüfuzunu itirən Fransanın daxili vəziyyəti də yaxşı deyil. Hadisələrin gedişi ölkənin sürətlə xaosa və vətandaş müharibəsinə yaxınlaşdığını ehtimal etməyə əsas verir. Bu baxımdan Emmanuel Makron Cənubi Qafqaz siyasətində söz sahibi olmaq arzusunu reallaşdırmaqdan çox, siyasi həyatının son günlərini yaşaması barədə düşünməlidir.

Fransada ard-arda  baş verən siyasi hadisələr Parisin müstəmləkə altında saxladığı xalqların həyatına da təsirsiz ötüşməyib. Yeni Kaledoniyada, Fransa Polineziyasında müstəmləkəçilik siyasətinin əleyhdarlarının keçirdikləri  uzunmüddətli etiraz aksiyaları bu koloniyalarda xalqların azadlıq uğrunda mübarizələrinin yeni, həlledici mərhələyə daxil olduğunu deməyə əsas verir.

Onu da qeyd edək ki, bu gün Bakı Fransa müstəmləkəçiliyində  əziyyət çəkən xalqların səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün əsl azadlıq tribunası rolunu oynayır. Cəmi bir neçə ay öncə  Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfransda Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılaraq dünya birliyinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilmişdir.

Dünəndən Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin Bakıda öz işinə başlayan  birinci qurultayı bu gün də davam edir. Xatırladaq ki, qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Qurultayda fəxri qonaq qismində Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilatın nümayəndələri də iştirak edirlər. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa kolonializminə qalib gəlmək yolunda nəticə-yönümlü fəaliyyətin əlaqələndirilməsi yollarını müzakirə edirlər. Həmçinin koloniyaların təmsilçiləri öz müqəddəratını təyin etmək uğrunda mübarizədə ən effektiv təcrübə və strategiyalar barədə müzakirələr aparırlar.

Qurultay iştirakçıları adları qeyd edilən koloniyalarda Fransa hökuməti tərəfindən həmin ərazilərin əsl sahibləri olan yerli xalqlara qarşı törədilən çoxsaylı cinayətlər və qeyri-qanuni hərəkətlər haqqında beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasını, ümumilikdə XXI əsrin bəlalarından biri olan kolonializm probleminə diqqət yönəltməyi başlıca məqsədləri hesab edirlər .

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ artıq bir ildir ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə dəstək verir. Bu xüsusda, BTQ tərəfindən artıq 15-ə yaxın beynəlxalq konfrans təşkil edilib. Onlardan 4-ü BMT-nin Nyu York, Cenevrə və Vyana qərargahlarında, biri Türkiyənin İstanbul şəhərində, digərləri isə  Bakı şəhərində baş tutub.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video