16 Iyul 2024 19:24
95
SİYASƏT
A- A+

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün aparılan işlər barədə məlumatlandırılıb

 

İyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Troy Duli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Azərbaycan" qəzetinə bildiriblər ki, görüş zamanı missiyanın rəhbəri etimadnamə məktubunun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Troy Duliyə fəaliyyəti müddətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, eləcə də cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin Beynəlxalq Miqrasiya Təşkilatı ilə sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir münaqişə nəticəsində ölkəmizin genişmiqyaslı miqrasiya problemi ilə üzləşdiyini, Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü xatırladıb. Postmünaqişə dövründə məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün aparılan işlər barədə məlumat verilib.

Ölkəmizin cari ildə COP29-a ev sahibliyi edəcəyini xatırladan nazir Ceyhun Bayramov iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video