№ 346
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 362-VQ nömrəli Qanununa uyğun olaraq, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının vəsatətini nəzərə alaraq, Paris Sazişinin 4-cü maddəsinə əsasən uzunmüddətli aşağıkarbonlu inkişafın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur).
2. Strategiyada qeyd olunan “xalis sıfır emissiya” hədəfinə nail olunması məqsədilə:
2.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ölkə iqtisadiyyatının sahələri üzrə dekarbonlaşma tədbirlərinin müvafiq dövlət proqramları və strategiyalarına, milli fəaliyyət planlarına və digər sənədlərə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etsin;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsi nəzərə alınmaqla, müvafiq dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etsin.
3. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyada nəzərdə tutulmuş 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə (şərtli hədəfə) nail olunmasının əlavə maliyyə resurslarının (beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər, özəl sektor investisiyaları) cəlb edilməsindən asılı olacağı nəzərə alınsın.
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
4.1. Strategiyanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etsin;
4.2. aidiyyəti qurumlarla birlikdə Strategiyanın məqsədləri və hədəfləri barədə ictimaiyyətin məlumatlandırılmasını, onun təbliğini, habelə elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatının keçirilməsini təmin etsin;
4.3. Strategiyanın icrasına dair monitorinqi həyata keçirsin və onun nəticələrini iki ildən bir İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasına təqdim etsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 21 ” “ oktyabr ” 2026-cı il