23 Iyul 2024 08:30
373
İQTİSADİYYAT
A- A+

Azərbaycanın heç bir ölkənin qazına ehtiyacı yoxdur

 

Biz 8 ölkəyə mavi yanacaq ixrac edir, bir sıra ölkələrin isə neftə olan tələbatının yarısını ödəyirik

 

Azərbaycanın karbohidrogen ehtiyatları və "yaşıl enerji" məsələləri hansı mövzuda keçirildiklərindən asılı olmayaraq, mötəbər beynəlxalq konfrans, forum və digər toplantıların əksəriyyətinin gündəmində özünə yer alır. Bu da təsadüfi deyil. Çünki ölkəmiz neft və qaz təchizatçısı olaraq etibarlı tərəfdaş imici qazanıb. İndi də "yaşıl enerji"nin təkcə istehsalçısı və ixracatçısı olmağı deyil, həm də onun tranzitini həyata keçirməyi hədəfləyir.

Elə bu günlərdə Oksfordda keçirilən "Avropa Siyasi Birliyi"nin 4-cü Zirvə toplantısını və II Şuşa Qlobal Media Forumunu misal gətirək. Hər iki tədbirdə 2027-ci ilin sonuna qədər Avropaya qaz təchizatımızın ikiqat artırılmasının nəzərdə tutulduğu və bu hədəfə doğru irəlilədiyimiz vurğulanıb. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının prezidenti ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalananda qarşıya məhz belə konkret hədəf qoyulub. Əgər 2021-ci ildə ölkəmizin Avropa qitəsinə qaz təchizatı 8 milyard kubmetr təşkil edirdisə, cari ildə bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. Həmin vaxt illik ümumi ixrac 18 milyard kubmetr olmuşdusa, bu il 25 milyard kubmetə çatacaq.

İxracın yarıdan çoxu Avropaya gedir. Bu gün Azərbaycanın təbii qazını səkkiz ölkə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiya alır ki, onlardan beşi Avropa İttifaqının üzvü, ikisi bu ittifaqa daxil olmaq üçün namizəddir. Idxalçıların sayının artacağı da gözlənilir. Prezident İlham Əliyev bu barədə demişdir: "Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir".

Mavi yanacaq ehtiyatlarımız Avropaya 3500 kilometrlik "Cənub qaz dəhlizi" ilə çatdirılır. İnterkonnektorların işə salınması ilə ixrac şaxələnir.

II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev qazla bağlı sualları cavabladırarkən bir sıra digər məsələlərə də toxunmuşdur. Məsələn, maliyyələşmə ilə bağlı demişdir:" Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin, riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur. Avropa İnvestisiya Bankı faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı, demək olar ki, bu sahəyə maliyyə ayırmır. ... Onlar istəyirlər ki, biz "Cənub qaz dəhlizi"ni 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Deyə bilərəm ki, "Cənub qaz dəhlizi"nə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik və bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq?"

Bu vəziyyətə son qoyulmalıdır. Çünki bu bir həqiqətdir ki, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil.

Neft layihələrinə gəlincə isə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdi və qonşuları, tərəfdaşları ilə birlikdə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi nəhəng bir ixrac infrastrukturu yaratdı. İndi neftimiz Ceyhan limanından müxtəlif təyinat nöqtələrinə, o cümlədən bundan əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edilir. Bəzi ölkələrdə Azərbaycanın xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir.

Təəssüf ki, bəzən karbohidrogenlərin ixracı ilə bağlı müxtəlif məzmunlu yalanlar yayılır. Şuşadakı sözügedən tədbirdə dövlətimizin başçısı bununla bağlı demişdir: "Ukrayna ilə Rusiya arasında müqaviləyə xitam verilməsi məsələsinə gəldikdə, Ukrayna və Avropa İttifaqı bizə müraciət edib ki, biz bu müqavilənin uzadılmasında yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda maraqlıdır. Çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Düzgün qeyd etdiniz, Avstriya, Slovakiya kimi ölkələr də çox ciddi çətinliklə üzləşəcəklər. Onlar ya, - dəqiq rəqəm demək istəmirəm, - digər mənbələrdən qaz almaq üçün yüzlərlə milyon dollar və ya avro həcmində əlavə pul verməli olacaqlar və fiziki olaraq da onların əlavə qaz həcmlərinə çıxışı olmayacaq. Çünki digər Avropa ölkələri kimi, bu iki ölkə də ən çətin vəziyyətdədir. Yəqin ki, məlumatınız var, Azərbaycan, - yenə də mövzuya qayıdırıq, - Rusiya qazını satmaqda ittiham edilirdi. Bu, tamamilə "feyknyus", yalan xəbərdir. Sizin üçün bir misal çəkim: bəli, biz Rusiya ilə 1 milyard kubmetr həcmində qazla bağlı müqavilə imzaladıq. Bazarlarda qiymət çox yüksək olanda Rusiya qazının qiyməti daha münasib idi və bu, tamamilə kommersiya prinsipli bir biznes sazişi idi. Dediyim kimi, biz 25 milyard kubmetr ixrac edirik, yalnız 1 milyardı idxal etmişik. Yəni burada Rusiya qazının ixracı üçün hər hansı bir kanal olmaqda ittiham edilməmiz çox yanlış və necə deyərlər, "feyk" xəbərdir".

Ukrayna tərəfinin və Avropa Komissiyasının bizə müraciət ilə bağlı Rusiya ilə danışıqlar apardığımız barədə isə dövlətimizin başçısı bildirmişdir ki, biz burada yardımçı ola bilsək, bunu edəcəyik: "Hesab edirəm ki, bu müqavilənin uzadılması mümkündür. Bu, Rusiya üçün də faydalı olacaq, çünki o istiqamətdə 50 milyard kubmetrdən artıq premium bazarında satılacaq qazı var. Biz bilirik ki, bu gün Rusiya digər bazarları da nəzərdən keçirir. Bunu da anlamaq olar. Onlar qazı Qazaxıstana nəql etməyə başlayıblar, artıq Özbəkistana da qaz nəql edilir. Çünki bu iki ölkənin ənənəvi təchizatçılarla bağlı problemləri var. Digər müəyyən fikirlər də var. Hər bir ölkə şaxələndirmə üzərində işləyir. Bizim Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə, İtaliyaya - hər yerə uzanan boru kəmərlərimiz var. Biz bu baxımdan özümüzü rahat və təhlükəsiz hiss edirik. Sizin sualınıza uzun cavab verdim, çünki bu, çoxtərəfli sual və məsələdir. Bir daha qeyd edirəm ki, biz kömək etməyə hazırıq. Ancaq biz yalnız vasitəçiyik. Bundan başqa hər hansı digər mövzudan söhbət gedə bilməz".

Azərbaycanın "Şahdəniz" kimi nəhəng qaz mənbəyi var ki, bu da "Cənub qaz dəhlizi"nin əsas ehtiyat mənbəyidir. Prezidentimiz vurğulayıb ki, bizim "Abşeron" adlanan nəhəng qaz yatağımız da var. Bu il oradan 1,5 milyard kubmetr qaz hasil edəcəyik, qarşıdan gələn illərdə bu rəqəm 5 milyard kubmetrə çatacaq. Gələn il isə "Azəri-Çıraq-Günəşli" yatağından əlavə qaz alacağıq. Heç bir ölkənin qazına ehtiyacımız yoxdur.

Prezident İlham Əliyev Türkmənistan qazının İran ərazisindən Azərbaycan vasitəsilə nəql edilməsinin müəyyən səbəblərdən dayandığını da bildirib. Bizim buna ehtiyacımız da yoxdur.

Bizim hədəflərimiz başqadır. Pezidentimiz bu barədə belə deyib: "Atdığımız bütün addımlar və təşəbbüslərimiz əsas məqsədi güdür - ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək".

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video