Azərbaycan Respublikası Milli Məclisinin
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində
dövlətimizin xarici təhlükələrdən qorunması, bütövlüyü və təhlükəsizliyi ilə
bağlı, o cümlədən Azərbaycan xalqının birliyinə və milli-mənəvi dəyərlərinə təhdid
yarada biləcək məkrli fəaliyyətlərə dair təhlillər aparır, onların ifşası və qarşısının
alınması istiqamətində tövsiyələrini hazırlayır.
Komissiyanın apardığı monitorinqlər
zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən
aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri
tədqiq edilmiş, anti-Azərbaycan kampaniyada sistemli və mütəşəkkil qaydada
iştirak edən şəbəkə müəyyən olunmuşdur.
Kampaniyaya 300-dən çox hesab cəlb
edilmişdir ki, onların da 124-ü “Facebook”-da, 67-si “Instagram”-da, 67-si
“Telegram”-da, 32-si “YouTube”-da, 10-u “X”-də və digər sosial media
platformalarında fəaliyyət göstərirlər.
Araşdırmalar zamanı vətəndaşlarımız
arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun
dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş
zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı
aşkarlanmışdır.
Xarici müdaxilələrə və hibrid təhdidlərə
qarşı komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırır.
Monitorinqin nəticələri ilə bağlı
hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim
ediləcəkdir.