Bu nümunənin müəllifi Prezident İlham Əliyevdir
Dünya gərginləşməkdən qalmır. Böyük güclərin hikkəsi beynəlxalq düzəni alt-üst edib. Kimin gücü var, özünü dünyanın az qala sahibi sayır. Beynəlxalq qanunlar, ədalət, insaf ayaq altına atılıb.
Ətrafımıza nəzər salaq. Rusiya-Ukrayna müharibəsindən, qana, dağıntıya, itkiyə görə ondan geri qalmayan Yaxın Şərq münaqişəsindən elə də uzaqda deyilik. Müasir raketlərin sürəti ilə aramızdakı məsafə dəqiqə məsələsidir. Üstəlik 2020-ci ilin noyabr və 2023-cü ilin sentyabr məğlubiyyətlərindən dərs götürməyən,
30 illik işğalın şirəsi ağzında qalan Ermənistanın (məhz) silahlandırılması və Gürcüstanda seçkiləri uduzan müxalifətin sakitləşmək istəməməsi, daha doğrusu, buna təhrik olunması üzündən davam edən gərginlik...
Bütün bu qeyd etdiklərimiz fonunda Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, davam edən sosial-iqtisadi inkişaf, xüsusən işğaldan azad olunmuş ərazilərdə sürətlənən dirçəliş və yenidənqurma, hər çağırışa cavab verməyə qadir olan ordunu daha da gücləndirmək sıradan gerçəkliklər deyil. Bunun üçün xalq-iqtidar birliyi və ən əsası, güclü lider lazımdır. Azərbaycanın da bu rahatsız dünyada və çalxalanan regionda bəxti onda gətirib ki, onların hər ikisinə sahibdir, başqa sözlə, bu gün Azərbaycan adlı dövlətin sükanı arxasında xalqa güvənən Lider var. Məhz bunun sayəsində ölkəmiz üçün il ildən uğurlu gəlir, makroiqtisadi göstəricilərimiz hətta bütün müsbət proqnozları belə üstələyir. Bu baxımdan 2024-cü il də istisna olmadı.
Dövlət Statistika Komitəsi (DSK) bu günlər ötən ilin makroiqtisadi göstəricilərini açıqlayıb. Açıqlamada bildirilir ki, ötən il ölkə üzrə 126,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 6,2, neft-qaz sektorunda 0,3 faiz artmışdır.
DSK-nın hesabatına görə, 2024-cü ildə ÜDM-in 35,9 faizi sənaye, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 19,9 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 12382,5 manat əlavə dəyər düşmüşdür.
İl ərzində ölkə üzrə 64,1 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2023-cü ildəkindən 1,1 faiz çoxdur. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri neft-qaz sektorunda 7,3, neft-qaz sektorunda 0,5 faiz artmışdır. Sənaye məhsullarının 64,3 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir.
Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 3,6 faiz azalmış, əmtəəlik qaz hasilatı 6,2 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsulları istehsalı 81,5, mebel istehsalı 45,9, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44,7, hazır metal məmulatlarının istehsalı 38,9, elektrik avadanlıqlarının istehsalı 32,8, metallurgiya sənayesi məhsullarının istehsalı 27,1, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,9, geyim istehsalı 24,7, rezin və plastik kütlə məmulatlarının istehsalı 18, tikinti materiallarının istehsalı 16,9, içkilərin istehsalı 15,7, qida məhsullarının istehsalı 10,5, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9,3, kimya sənayesi məhsullarının istehsalı 6,5, kağız və karton istehsalı 5,9, kompüter, elektron və optik məhsulların istehsalı 4,7, tütün məmulatlarının istehsalı 4,1, digər sənaye məhsullarının istehsalı 2,8, toxuculuq sənayesi mıəhsullarının istehsalı 0,9 faiz artmışdır.
Artım (2,7 faiz) həmçinin su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda qeydə alınmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə istehsalın həcmi 1,7 faiz azalmışdır.
Dövlət Statistika Komitəsininn açıqlamasına görə, keçən il əsas kapitala 21 milyard 435,1 milyon manat vəsait yönəldilmişdir. Neft-qaz sektoruna sərf olunmuş investisiyaların həcmi 10,2 faiz azalmış, qeyri-neft sektoruna xərclənmiş sərmayələrin həcmi isə 3,3 faiz artmışdır. İstifadə olunmuş ümumi vəsaitin 49,6 faizi məhsul istehsalı və 38,4 faizi xidmət obyektlərinin, 12 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 84,7 faizi daxili sərmayələr olan vəsaitin 72,4 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.
Sosial sahəyə, daha dəqiq desək, yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 8 faiz artaraq 996,8 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə ötən il ərzində 83,1 milyard manat olmuşdur ki, bu da 6,4 faiz artım deməkdir.
DSK-nın hesabatında həmçinin bildirilir ki, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 62,2 milyard manatlıqdan çox məhsul satılmış, 12,8 milyard manatlıqdan artıq ödənişli xidmətlər göstərilmişdir. 2023-cü illə müqayisədə əmtəə dövriyyəsi 3,9, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 8,6 faiz artmışdır.
Keçən il ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 3,6 milyard manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 71,2 faizindən əhali istifadə etmişdir. İl ərzində göstərilən xidmətlərin həcmi 11,4 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən il ölkə üzrə 238,8 milyon ton yük, 2 milyard nəfərdən çox sərnişin daşınmışdır ki, bu da 2023-cü ilə nisbətən yük daşınması üzrə 3,9, sərnişin daşınması üzrə 8,5 faiz çoxdur.
Sonda istehlak qiymətləri barədə: ötən il 2023-cü ilə nisbətən istehlak qiymətləri ümumilikdə 2,2, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 1,3, qeyri-ərzaq malları üzrə 1,6, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 4 faiz bahalaşmışdır.
"Azərbaycan"