Xalq Daxili İşlər Komissarlığı "üçlükləri" respublika, diyar və vilayət idarələrində "antisovet elementləri"nin repressiyası üçün əməliyyatların aparılması məqsədilə 1937-ci ilin avqust ayından 1938-ci ilin noyabrına qədər fəaliyyət göstərmiş inzibati - məhkəmədənkənar orqandır. Onlar güllələnmə, həbs düşərgəsinə sürgün etmə və türmədə 8-10 il həbs cəzası vermək hüququna malik idilər.
31 iyul 1937-ci ildə SSRİ Daxili İşlər üzrə xalq komissarı Nikolay Yejov "antisovet elementlərin məhvi" məqsədilə "operativ üçlüklərin" fəaliyyətini təsdiq edən "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" 00447 nömrəli operativ əmr imzalamışdır.
Arxiv materiallarına əsasən, 1 oktyabr 1936-cı ildən 1 noyabr 1938-ci ilə qədər SSRİ XDİK orqanları tərəfindən 1 565 041 insan həbs edilmişdir. O cümlədən XDİK-in 00447 nömrəli əmrinə əsasən isə 702 656 nəfər tutularaq ittihama cəlb olunmuşdur. Bu qısa dövr ərzində 668 305 nəfər güllələnmişdir.
Xalq əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri hakimiyyətdə oturmuş dövlət quldur dəstəsi tərəfindən görünməmiş vəhşiliklə həyata keçirilirdi. Sumbatovun, Borşevin, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın və qeyrilərinin əli ilə təxminən 70-80 min Azərbaycan ziyalı nümayəndəsi bir ucdan məhv edilmişdir. Hər bir "xalq düşməni"nə məhkəmə zamanı ancaq 15 dəqiqə vaxt ayrılırdı.
"Üçlüklər"ə qarşı repressiya
Üçlüklərin əksər üzvləri 1938-ci ildən sonra repressiya olunublar. ÜKP MK və SSRİ XKS-nin ortaq qərarında qeyd edilirdi ki, istintaqları sadələşdirilmiş şəkildə keçirmələrinin nəticəsində "XDİK işçiləri agentura-məlumat işlərini tamamilə başlı-başına buraxıblar" və bu üçlüklərin işində həm də "qanunla müəyyən edilmiş prosessual qaydaların kobud şəkildə pozulması və istintaqın gedişatına məsuliyyətsiz münasibət" öz yerini alıb. Bir sıra XDİK əməkdaşları bilərəkdən sovet qanunlarını təhrif edərək, saxtakarlıqlar törədiblər, istintaq sənədlərini dəyişdirərək əsassız ittihamlarla insanları məsuliyyətə cəlb ediblər, hətta günahsız insanlara qarşı təxribat məqsədilə heç bir dəlil-sübut olmadan cinayət işləri tərtib ediblər, eyni zamanda antisovet fəaliyyəti olan şəxsləri gizlətmək, onlarla əlbir olmaq və cinayətlərini ört-basdır etmək üçün də hər cür əməllərə gediblər.
Ruben Ambartsumoviç Markaryan 1955-ci ilin əvvəlində "qəsdçi Beriya-Bağırov qrupu"nun iştirakçısı kimi həbs edilmiş və Butırka həbsxanasının təkadamlıq kamerasına yerləşdirilmişdir. Xoren İvanoviç Qriqoryan 1953-cü ilin mayında həbs olunmuş, hərbi rütbəsindən məhrum edilmiş, sonradan məhkəmənin qərarı ilə güllələnmişdir. İstintaqın gəldiyi qənaətə görə, X.Qriqoryanın iştirakı ilə 100-ə yaxın cinayət işi saxtalaşdırılmışdır.
Timofey Mixayloviç Borşev 1955-ci il yanvarın 25-də həbs edilmiş, 1956-cı il mayın 16-da güllələnmişdir. Bəraət almamışdır. İvan Mixeyeviç Zaryanov Stalinin ölümündən sonra həbs edilmiş, general-mayor rütbəsindən məhrum olunmuş, Sov.İKP sıralarından çıxarılmışdır. İvan Osipoviç Matuleviç 1955-ci ildə cinayət işlərini saxtalaşdırdığını etiraf etmiş, həmin ilin avqustunda partiya sıralarından xaric olunmuşdur. Yuvelyan Davidoviç Sumbatov-Topuridze 1953-cü il iyulun 15-də tutulmuşdur. Həmin ilin dekabrında psixiatriya xəstəxanasına yerləşdirilmiş, istintaq zamanı vəfat etmişdir. Andrey Aleksandroviç Jdanov 1948-ci ildə Moskvada ürəktutmasından dünyasını dəyişmişdir.
Akademik Ziya Bünyadov yazırdı: "Həmin illərdə bizim sovet Azərbaycanına başçılıq edənlər tərəfindən neçə yüz min şəxsin məhv edildiyini hesablamaq çətin və bəlkə də qeyri-mümkündür. İbrətamizdir ki, öz həmvətənlərinə qarşı qırmızı terroru düşünüb həyata keçirənlərin özləri də cilovsuz qan çanağının qurbanı oldular. Külək yaradanlar tufana düşdülər".
İ.ƏLİYEVA,
"Azərbaycan"