09 Oktyabr 2024 08:10
261
CƏMİYYƏT
A- A+
Qarabağ, Zəfər... və Polad Həşimov!

Qarabağ, Zəfər... və Polad Həşimov!


Generalın həyat yoldaşı Ofelya SALMANOVA: "Poladın təmiz adını, namuslu ömür yolunu qorumaq ən böyük amalımızdır" 


...İlk görüşümüzün dəqiq tarixini xatırlamıram. O ay, o gün yadımda qalmayıb. 

Önəmli olan hisslərdir. Tarixi, rəqəmi unuda bilərsiniz. O anlarda keçirdiyiniz hisslər necə vardısa, elə qalıbsa, demək, sizin üçün dəyərlidir...

Mən də hər dəfə yada saldıqca o hissləri yenidən yaşayıram...


Poladla ilk görüş 


Ömrünə sevinc gətirən, həyatı gözlərində daha da gözəlləşdirən, daha da mənalandıran xatirələrini danışacaq. Simasına nur kimi çilənən təbəssümü ilə anladır bunu... 

Sanki general Polad Həşimov özü də otağın ən gözəgörümlü yerində qoyulmuş portretindən həyat yoldaşı Ofelya Salmanovanın üzündəki təbəssümə, səsindəki sevincə gülümsəyir: "Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək tanımamışam onu. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyümüşdü. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də bildirdilər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər. İndiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad Həşimov bir dəfə kənddə toya gələndə məni görübmüş. Ancaq adımı, kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. Biz görüşəndə o bildi ki, elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan diqqət etdim ki, dövrünün gənclərindən çox seçilir... İyirmi səkkiz yaşı vardı. Çox çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar. Onun da dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşındaydım, artıq həyata öz baxışım, öz yanaşmam vardı". 

Susur, gözləri yol çəkir... Simasına çox yaraşan təbəssümü ilə general Polad Həşimov elə bil həyat yoldaşı Ofelya Salmanovanın hisslərinə şərik çıxır: "O görüş, bizim qarşılaşmağımız təsadüf ola bilməzdi. Ümumiyyətlə, təsadüflərə heç vaxt inanmamışam. Həmişə deyirəm ki, o dağın başında, mən kitabxanada... Məni necə görə bilərdi? Demək ki, Allah istəyincə olur".

Polad Həşimov çox yaraşıqlı oğlan idi. Ucaboy, sağlam görünüşlü, dik duruşlu... Murovdağda xidmət edirdi, batalyon komandiri idi. Kapitan rütbəsinə yüksəlmişdi. Təbiətin soyuğu, sazağı, şaxtası üzünün dərisini qarsımış, yandırmışdı. Çəkdiyi zəhmətin, əziyyətin izləri vardı simasında...

...Bakı Dövlət Universitetinin həyətində iki gənc üz-üzə dayanmışdı. Bir-biriləri barədə məlumatlı idilər. Oğlan bilirdi ki, qızın adı Ofelyadır. Bu universitetdə təhsil alır. Magistraturanı bitirmək üzrədir. 

Qız da Poladı qiyabi tanıyırdı. "Onda mənə çox qəribə gəldi, bir-birini ilk dəfə gördüyün andan necə doğmalaşmaq olar?! Onun yanında heç sıxılmadım, heç utanmadım. Sanki doğmamı gördüm. Bəzən belə olur, sənə elə gəlir ki, birinci dəfə gördüyün insanı yüz ildir tanıyırsan. Könlünə rahatlıq, fərəh dolur. Hisslər insanı aldatmaz. Amma onda məəttəl qalmışdım. Fikirləşirdim bu oğlanı ilk dəfədir görürəm, söhbət edirəm, axı bu qədər rahat olmalı deyiləm. Utanmalıyam, ya da naz etməliyəm. Bunları etmirəm axı... Yaxın insanlar kimi söhbət edirdik. Özünə güvəni o qədər yüksək idi ki, ilk andan başladı mənimlə evlənmək barəsində danışmağa: bax mən beləyəm, həyatım belədir... Çox da qapalı adam idi. Yəqin hərbçi olmasından irəli gəlirdi. Suallarımın çoxuna cavab ala bilmədim. Dedim ki, bir az sirli adama oxşayırsız, ancaq özünüzdən danışırsız, mənim dediklərimə cavab vermirsiz, yox, bizimki alınmaz. Bakı Dövlət Universitetinin həyətində ondan uzaqlaşdığım yer yadımdadır... Universitetin binasına üz tutdum. Gördüm gəlir. "Yaxşı, gəl danışaq", - dedi. Oturacaqda əyləşdik... Sanki bir ailənin üzvü idik. Elə danışırdıq".

Polad getdi... Bir ay sonra yenə gəldi. Murovdağdan komandiri onu Gəncəyə göndərib. Verilən tapşırığı yerinə yetirib, sonra Bakıya gəlib. Ofelya bir də görüb ki, Polad universitetin qapısında dayanıb: "Gül alsın, qızın xoşuna gələn sözlər deməyə çalışsın... Yox... İkinci dəfədir məni görür, elə danışır, sanki dünən ayrılmışıq: "Gəncəyə gəlmişdim, dedim, bir gəlim səni də görüm. Hə, necəsən?" On-on beş dəqiqə söhbət etdik. Gümüş bir üzük uzatdı mənə: "Gör barmağına olur bu üzük", - dedi və getdi. Sanki mənə evlilik təklifi edib, "hə" cavabı alıb, qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mən istədiyim insandır... Sanki zaman içində zaman yaratmalı idi Polad. O uzunluqda yollardan keçib gəlməli, məni görməliydi. Və vaxtında hərbi hissədə olmalıydı. Bunların hamısını edə bilmişdi... Bir-iki aydan sonra nişanlandıq".

Elçiliklə nişan mərasimi bir yerdə oldu: "Polad hər dəfə gəlmək üçün icazə ala bilmirdi. Mən də çox yüksək tələbləri olan qız deyildim və ilk gündən ona güzəştə getməyin yolunu tutdum, yəni necə edə bilirsənsə, elə edək. Ailə daxilində kiçik nişan mərasimi keçirdik. Çox nişanlı qalmadıq...

Magistratura təhsilini başa vurub çox sevdiyi Bakı Dövlət Universitetindən ayrıldı. Dərslərini çox yaxşı oxuyan, savadlı tələbələrdən olmuşdu. Müəllimləri universitetdə qalıb işləməsini istəyirdilər. O isə gedirdi. Maşında qabaq sırada universitetin yaşlı müəllimlərindən biri oturmuşdu. Ofelyaya dərs deməsə də, onu nümunəvi tələbələrdən biri kimi tanıyırdı. Soruşdu ki: "Ofelya, magistraturanı bitirdin, neyləyəcəksən?" Gənc qızlara xas utancaqlıqla dedi: "Nişanlanmışam, toyum olacaq". Müəllim kiminlə ailə quracağını xəbər aldı. "Hərbçidir" cavabını eşidəndə qəzəbləndi: "Getdi sənin həyatın... Hərbçiyə gedirsənsə, karyeranı davam etdirə bilməyəcəksən. Axı sən niyə hərbçi ilə ailə qurursan?" "Mən bilmirəm hərbçilərin həyatı necə olur. Nə bilim... oğlandan xoşum gəldi".

İndi, aradan illər keçəndən sonra isə: "Müəllim, görünür, məni gözləyən həyatın çətinliklərindən xəbərdarmış", - deyir.

Polad Həşimov toydan qabaq nişanlısına bildirmişdi: "Bax mən cəbhə bölgəsində yaşayıram. Ora gedəcəksənsə, hər şeyi sıfırdan başlayacaqsan. Qərar ver". "Bir var başqa şəhərə, ya da başqa ölkəyə gedəsən, bir də var çətin şəraitli ucqar kəndlərə... - Ofelya danışır. - Asan qərar deyildi. Polada söylədim ki, ailə mənim üçün hər şeydən üstündür. Yəni mən şəhərdə qala bilərdim. Polad vaxt tapdıqca, məzuniyyətdə olanda gələrdi. Bacarığıma uyğun işləyərdim. Şəhər yerində uşaq böyütmək də asan olardı, qohum-əqrəba əlimdən tutardı. Ancaq bu qədər xatirələrim olmayacaqdı. Övladlarımı atalarını daha çox görməkdən, onunla daha çox vaxt keçirməkdən məhrum edəcəkdim. O vaxt karyeramı Poladdan üstün tutsaydım, indi rahat yaşaya bilməzdim, vicdan əzabı çəkərdim. Doğru etdim ki, Poladla getdim".

Toyun vaxtını dəyişməli oldular. Polad Həşimov ilk dəfə 1994-cü ildə Müdafiə Nazirliyinin göndərişi ilə İstanbulun Tuzla bölgəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərdə iştirak etmişdi. 2003-cü ilin avqustunda isə Türkiyəyə bir aylıq kursa göndərildi. Qayıdanda nişanlısına Qurani-Kərim və suvenir qızılgül alıb gətirdi. Müqəddəs kitabla imanını, qızılgüllə sevgisini ifadə etmişdi Polad Həşimov...

Toydan qabaq nikahlarını rəsmiləşdirəndə ənənəvi sualı eşitdi: "Soyadınızı dəyişmək istəyirsiniz?" Polad Həşimov nişanlısından qabaq cavab verdi: "Yox, dəyişməyəcək. Onun öz soyadı öz adına daha çox yaraşır. Onsuz da o, bir ömür mənim həyat yoldaşım olacaq". "Sanki bununla dedi ki, mən sənin sahib olduqlarına hörmət edəcəyəm, - Polad Həşimovun ozamankı qərarı barədə Ofelya xanım belə düşünür. - Bu gün eşidirəm, söyləyirlər ki, nəyə görə soyadı fərqlidir. Hətta "Polad Həşimovun soyadına keçin", deyənlər var. Cavab verirəm ki, soyadım mənə iki nəfərdən - atamdan və həyat yoldaşımdan yadigardır. Çünki Salmanova ata soyadımdı, həyat yoldaşım onu dəyişməyə qoymadı. İndi soyadına keçsəm, sözündən çıxmış olacağam. Dedi, dəyişmə, mən də dəyişmədim. İkincisi, onun soyadından istifadə etmiş kimi olacağam. Elə bir məqamlar ola bilər, qoşa soyadla - Həşimova-Salmanova kimi yaza bilərəm..."

Ona çətinliklərdən danışmışdılar. Ancaq insan özü görməyincə, çəkməyincə bilmir: "Sentyabrın 6-da toyumuz oldu. Bir həftə Sumqayıtda qaldıq. Göygöl rayonuna yollandıq. Bir həftə sonra o, Murovdağa getdi. Qaldım tək... Polad iki gündən, üç gündən bir gəlirdi. Əvvəllər daha çətin idi. Bələd olmadığım yer, yanımda qohum-əqrəba yox, yerli camaatı tanımıram... Başa düşdüm ki, məni gözləyən həyat bu imiş. Tək də qalacağam, qorxacağam da, həyəcanlanacağam da... Və mən yerli camaatla nəinki tanış, qohum kimi olmalıyam. Onlarla yaxşı münasibətlər qurmağa başladım. Sağ olsunlar. Poladı tanıyır, ona böyük hörmət bəsləyirdilər".

Prezident İlham Əliyevin general Polad Həşimovun qızı Aybəniz Həşimova ilə söhbətindən:

"Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. İlk növbədə, sənin üçün, sənin yaxınların üçün. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq".


Polad necə bərkidi...


Ailə qurandan bir ay sonra mayor rütbəsi aldı. Polad Həşimov əsl hərbçi, əsl vətənpərvər idi. Tərif, rütbə, vəzifə, qazanc naminə xidmət göstərmirdi. Vətən təəssübü, xalqa, dövlətə sevgisi idi onu o dağa-dərəyə salan, cəbhə bölgəsinə aparan, səngərdə yatırdan...

Əcdadlarımızın əmanəti olan Vətəni qorumağı vəfa borcu sayırdı. Onun hərbçi ömrünün on yeddi ilinə şahidlik etmiş həyat yoldaşı bu fikirdədir: "Polad Həşimov çox ağır, məsuliyyətli peşəsi ilə fədakarcasına Vətəninə, xalqına, dövlətinə xidmət edirdi...

Ailə albomunu vərəqləyirik. Şəkil çəkdirməyə həvəsli deyilmiş Polad Həşimov... Bəlkə də heç yadına düşmürmüş. Ondan qalan şəkilləri həyat yoldaşı göz bəbəyi kimi qoruyur. Uşaqlığının yadigarı olan şəkillərə baxa-baxa soruşuruq: "Uşaqlıq illərindən danışmağı sevirdi?" "Arada danışırdı, - Ofelya xanım cavab verir. - Bir dəfə oğlum balaca olanda yıxıldı, üzü azacıq cızıldı. Polad evə gələndə gördü mən ağlayıram, başladı təsəlli verməyə ki, eybi yox, mən o vaxt ikinci mərtəbədən düşmüşdüm yerə... Zarafat etmədiyini qohumlardan öyrəndim. Onda maraqlandım, dedilər ki, bir az nadinc, amma çox şirin uşaq olub. Müəllimləri də onu çox istəyiblər".

Dörduşaqlı ailənin üçüncü övladı olub. Adını ata babası Mikayıl nəvəsi polad kimi möhkəm olsun deyə verib. Köhnə kişilərdən olub Mikayıl kişi. Ağır təbiətli, təmkinli, sözükeçərli, imanlı... Polad Həşimovun tərbiyəsində mühüm rol oynayan babası Mikayıl müharibədə döyüşmüşdü. Ona Böyük Vətən müharibəsinin qanlı-qadalı günlərindən, iştirak etdiyi ağır döyüşlərdən danışırdı. Polad Həşimovun qəlbində hərbçi peşəsinə ilk sevgi qığılcımını yandıran da babası oldu.

Ofelya xanım onu görməsə də, haqqında yalnız xoş sözlər eşidib: "Mən gəlin gedəndə Mikayıl baba həyatda yox idi. Poladın atası İsrayıl isə on il idi parkinson xəstəliyindən əziyyət çəkirdi. O, böyük hörmət qazanmış, savadlı, dünyagörmüş insan olub. Uzun müddət Sumqayıtda alüminium zavodunda sex rəisi vəzifəsində çalışmışdı. Poladın yanında və qəlbində onun yeri başqa idi. Bu yalnız ata sevgisi deyildi, həm də mənəvi yaxınlıq idi. Həzrət Yaqubla Yusifin bir-birinə sevgisi, bağlılığı Polad Həşimovla atası arasında vardı. Atası vəfat edəndə Polad çox ağladı. Mən bundan başqa heç vaxt onun ağladığını görmədim. Aybənizə adı babasından yadigar qaldı. Yaxşı ki, qızımızı gördü... Oğlanlarımızın adını isə Polad özü qoydu. Böyük oğluna dövlət başçısı, sərkərdə Davud Peyğəmbərin şərəfinə Davud, sərkərdəliyinə aşiq olduğu Əmir Teymura görə kiçik oğluna Teymur adını verdi".

İlk övlad sevinclərindən danışır Ofelya xanım: "Aybənizin dünyaya gəlməsi ilə ailədə səs-küy, şənlik artdı. Polad evdə olanda istəyirdi uşaqla çox ünsiyyətdə olsun. Qızını yedirdir, yatırdırdı. Onda Tovuzda yaşayırdıq. Evimiz çox soyuq olurdu. Polad gecə boyu qalxıb baxırdı ki, uşaq üşüyər. Gecənin bir aləmi oyanıb gördüm hərbi gödəkcəsinədək töküb körpənin üstünə, Aybənizin iki gözü qalıb..."

Polad Həşimovun xidmət etdiyi hərbi hissələrə yaxın yerlərdə yerləşən, soyuq, normal şəraiti olmayan evlərdə nə qədər xoşbəxt olduqlarını danışdığı xatirələrlə bəlli edir Ofelya xanım... Məsuliyyətli işlərin, bitib-tükənməyən qayğıların içərisində romantikliyini qoruyub saxlayan bir komandir canlanır gözümüzün önündə: "Bizim evə nə vaxt gəlsəydiniz, masanın üstündə güldanda dağdan yığılmış çiçəklər, ətirli bitkilər görərdiniz. Polad nişanlı vaxtı cəmi 2-3 dəfə mənə gül buketi alıb. Onda da çiçəkləri xüsusi seçib. Sonralar mənə dağlardan elə çiçəklər yığıb gətirirdi ki, o vaxtadək görməmişdim. Polad kimsənin düşünmədiyini düşünürdü. Atalar, adətən, qızlarına ad günlərində bir əşya, ya da gül dəstəsi alırlar. Polad qızının ad gününə gəlib çata bilmədi. Postdan qayıdanda zəmidən sünbül yığıb gətirdi. Onun əllərində elə gözəl görünürdü ki... Aybənizin atasından aldığı son ad günü hədiyyəsi olan o sünbülləri saxlayırıq..."


"Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə, gələcək haqqında öz sözlərimi dedim". 

İlham ƏLİYEV 


Əsgərlərini əmanət kimi qoruyurdu


Hərbçilərə ailədən uzaqda, təkbaşına yaşamaq zərurətini - yeri gələndə, yemək bişirməyi, evlərini, əşyalarını, geyimlərini təmiz saxlamağı öyrədir. "Polad Həşimovu bacarıqlı, mətbəxi sevən, öz geyimlərini ütüləyən gördüm, hətta deyirdi ki, mən dördüncü sinifdə oxuyandan öz paltarımı ütüləyirdim, - Ofelya xatırlayır. - Möhkəm soyuqlamışdım. Mənə əvvəlcə sıyıq bişirdi. Üstünə qatıq töküb gətirdi. Bir də gördüm qəribə ot gətirdi. Deyirdi ki, sən soğanı yağda qızart, bunu özüm hazırlayacağam... Ancaq bu o demək deyildi, həmişə mətbəxdəydi. Mən özüm imkan verməzdim, yaraşdırmazdım ki, o girsin mətbəxdə nəsə etsin. İkimizin bir yerdə çay dəmləməyimiz, yemək hazırlamağımız çox gözəl idi".

Qəbələ aşını, dolmanı, dovğanı çox sevib. Həyat yoldaşının bişirdiyi yeməkləri həmişə bəyənib. "Hərbçi olduğuna görə yemək seçən deyildi. Bu, həm də onun imanından irəli gəlirdi. Verdiyi nemətlərə görə, Allaha şükür etməyi bacarırdı".

Polad Həşimovun xarakterindəki ən qabarıq cizgi, həyat yoldaşının fikrincə, həddindən artıq təmkinli olması idi: "O, təmkini, səbri, dik duruşu - həm fiziki, həm də mənəvi duruşunu nəzərdə tuturam, susmağı ilə qarşısındakı insanı ömürlük məğlub edə bilərdi. Özünə böyük hörməti vardı. İçində elə böyük mənlik, elə uca şəxsiyyət vardı ki, ona baxanda istər-istəməz özünü yığışdırmalı, davranışlarına diqqət etməliydin. Həyat yoldaşı, uşaqlarının anası idim, amma Polad qapıdan girəndə həmişə özümü düzəltmişəm. Belə bir tələbi yox idi. Ailə idik, gülürdük, danışırdıq... Qapının ağzında bircə onun boğazlı çəkməsini çıxarması üçün yer qalmışdı. İdman döşəkləri düzmüşdük. Polad qapıdan girirdi, uşaqlar atılırdı üstünə. Yıxılırdılar idman döşəklərinin üstünə, yemək yeyənədək oyunlar çıxarırdılar. Ancaq kim olursan ol, onun içindəki şəxsiyyət səni yanında sayğılı davranmağa vadar edirdi. Bir də az danışan adam idi. Peşəsindən irəli gəlirdi. Hərbçilər çox danışmağı sevməzlər. Məncə, belə də lazımdı. Son illərindən, işindən, ətrafındakılardan isə heç danışmazdı".

O, 1992-ci ilin noyabrında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndləri uğrunda döyüşlərdə iştirak edəndə çox gənc idi. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevralında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda vuruşub. Sonrakı illərdə də zabit yoldaşları və əsgərləri ilə birlikdə düşmənlə üz-üzə postlarda mətanətlə dayanıb. Qışın şaxtasında, boranında, yayın istisində təhlükəli yollardan keçib. 

Əsgərləri ilə yuxarı postlara un, ərzaq, odun daşıyırdı. Evinə üstü-başı toz, palçıq içində qayıdırdı. Qırmızısı çəkilməyən gözləri ilə uşaqlarına, həyat yoldaşına gülümsəyirdi. Yorğunluğunu qürurla dəf etmək üçün məğrur dayanırdı. İki dəqiqə keçməmiş divanda oturduğu yerdə elə yuxuya gedirdi, sanki illərdi yatmırdı... 

Daşkəsəndə yerləşən "N" saylı hərbi hissədə 2008-ci ilin dekabrında xidmətə başladı. Yeni yaradılmış hərbi hissə idi. Daşkəsənin kəsərli soyuğunda piyada qalxdıqları yollar təhlükəliydi, qəzalar baş verirdi. Polad Həşimov kazarma, yeməkxana, hamam tikirdi, yuxarı postlara yol çəkirdi.

Onun üçün xidmətində dayandığı vətənin torpaqları kimi, əsgərləri də əmanət idi. "Anaları bizə etibar edib göndəriblər, biz onları qorumalıyıq", - deyirdi. Yaşadıqları ucqar kəndlərdəki şəraitsiz mənzillərdə həyat yoldaşının yaratdığı səliqə-sahman, rahatlıq, bişirdiyi yeməklər də yadına əsgərlərini salırdı. Əlbəttə, onlar hərbi hissələrdə ac deyildilər. Dövlət əsgərlərinə baxırdı. Ancaq ana yeməyinin dadı başqadır. Polad yeməyini yeyə-yeyə bunları düşünürdü.... Evdə həyat yoldaşının istifadə etdiyi yuyucu tozları hərbi hissəyə aparırdı ki, əsgərlərinin əlləri yara olmasın. 

Həyat yoldaşı başa düşür, onunla fəxr edirdi: "Qohumlardan kimsə bizə mürəbbə verirdi, qoyurdum yemək masasının üstünə. Soruşurdu: "Bu mürəbbədən bizdə var? Bir qaba tökərsən, gedəndə apararam". O, feyxoa mürəbbəsini çox sevirdi. Bunu bilən qohumlarımızdan biri bizə pay gətirdi. Elə zənbildən çıxaran kimi dedim ki, verəcəyəm Polada əsgərlərə aparsın. Gördüm, qohum incidi. Güldüm. Başa saldım ki, Polad evdə feyxoa mürəbbəsi olduğunu bilən kimi, onsuz da aparacaq, bəri başdan bunu qoyum kənara".


"Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir!"

İlham ƏLİYEV 


Zəfərin ilk müjdəsi - Aprel döyüşləri 


Polad Həşimov, adətən, günorta gəlir, nahar edib qayıdırdı. Bir neçə gün idi özünü qəribə aparırdı. Evə gəlib bir az uşaqlarla oynayır və həyat yoldaşı ilə söhbət edirdi, divanda oturub on-on beş dəqiqə televizora baxırdı. Yenə işə gedirdi. O gün isə gedəndə cibindən evin açarını, maaş kartını və bir az nağd pul çıxarıb masanın üstünə qoydu. Bəlkə də düşünürdü ki, şəhid olaram... 

Həyat yoldaşı heç nə başa düşməyib: "Biz bilmirdik axı... Gecənin yarısı pəncərələr silkələndi, çox möhkəm səs gəldi. Əvvəl elə bildim zəlzələdir. Sonra gördüm zəlzələyə oxşamır, ardı-arası kəsilmir. Qorxu içində səhəri açdıq. Qonşulardan soruşdum. Dedilər ki, bilmirsiz, döyüşlər başlayıb. Dörd gün Poladdan xəbər ala bilmədik, telefonuna zəng çatmadı. Bərdədə yolun kənarında, həyət evində yaşayırdıq. Görürdük, cəbhədə yaralanan əsgərləri, zabitləri təcili yardım maşınları ilə Bərdə rayon xəstəxanasına gətirirlər. 

Çox qorxunc, hüznlü günlər idi. Qohumlar zəng vurdular, dedilər, kənddə hamı danışır ki, Polad yaralanıb. Şəhid olması xəbəri də yayılıbmış... Günorta saatlarında, döyüş dayanan kimi Polad mənə zəng vurdu. Danışığımız bəlkə də yarım dəqiqə çəkdi. Soruşdu: "Necəsiz?" Mən də ona ard-arda: "Necəsən?" - dedim. Başqa söz tapmadım. Telefonun o başından Poladın səsinin gəlməsi... Bu hissi sözlə ifadə etmək mümkünsüzdür..."

Sonra yenə zəng edib, "gəlirəm", - dedi. Rayon yeriydi. Həyat yoldaşı, uşaqları onu qarşılamaq üçün küçəyə çıxmazdılar. Bu dəfə yola qaçdılar. Xeyli aralıda maşından düşdü. Çox yorğun, halsız idi, axsayırdı, amma yenə o dik duruşunu saxlayırdı: "Uzaqdan sanki dağ gəlirdi. Biz ona güvənirdik, elə bilirdik, Polad yanımızdadırsa, hər şey düzəldi... Gəldi, yuxarı qalxdıq. Evə girmədi, elə eyvanda oturdu. Başını aşağı dikib susdu. Yəqin gözünün qabağına şəhid olmuş dostları gəlirdi. Biz də danışdırmadıq. Hamımız ətrafında toplaşıb baxdıq. Fikirli-fikirli oturdu, oturdu... O gələnədək açar, pul, kart qoyduğu yerdə qalmışdı. Heç birimiz toxuna bilməmişdik. Biz hərbçi ailələri belə məsələlərdə çox həssas oluruq... Polad onları özü qoymuşdu, istəyirdik özü də götürsün. Evə gələndə götürdü. Heç nə demədi. Ancaq bildi ki, onun üçün nə qədər qorxu, həyəcan keçirmişik".

Sonra yenə getdi. On beş gün evə gəlmədi. Döyüşlər bitsə də, vəziyyət ağır idi...

Aprel döyüşlərindən sonra, 2016-cı il aprelin 20-də Prezident İlham Əliyevin sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi. Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə ona mənzil hədiyyə edildi. Kirayə mənzildə yaşamasına baxmayaraq, həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışladı. 

Polad Həşimov 2017-ci ildən Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi vəzifəsində çalışdı...


"Deyə bilərəm ki, onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı azad etməliyik.

Polad Həşimovun qəhrəmancasına və onunla bərabər digər qəhrəmanlarımızın həlak olması bir daha bütün xalqı da, eyni zamanda sarsıtdı və hərəkətə gətirdi. Polad Həşimov öz şəhadəti ilə, deyə bilərəm ki, xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı. Əgər bu olmasaydı, müharibəni belə aparmaq çətin olardı".

İlham ƏLİYEV


Şəhidliyi yuxuda agah oldu


"Uşaqlar balaca olanda işləmədim. Onlar böyüdülər. 2018-ci ildə müəllim işləmək üçün imtahan verdim. Əgər Polad icazə verməsəydi, mən heç imtahana hazırlaşa bilməzdim. Bizim dəyər verdiklərimiz onun üçün dəyərli idi. Yaxşı müəllim olacağıma əmin idi. İmtahandan keçdiyimi biləndə yumruğunu düyünləyərək astaca yerə vurdu. Sevincini belə bildirdi. Mən də dərs cədvəlimi elə qurdurdum ki, Poladı, uşaqları yola salandan sonra evdən çıxa, hamıdan tez qayıda bilim. Yəni işlədiyim iki il müddətində onun düzəni pozulmadı. Gördü yenə səliqə-sahman yerli-yerindədir, yemək hazırdır. Şəmkirdə yaşayırdıq. Şəmkir kənd məktəbində müəllim işləyirdim. Həyat yoldaşım polkovnik idi. Sonra general oldu. Amma mən - general arvadı hər gün kənd məktəbinə kiçik, köhnə avtobusla bir saat yol gedirdim..."

General rütbəsi Polad Həşimova 2019-cu il iyunun 26-da verildi. Bu xəbəri aldığı gündən də gülə-gülə danışır Ofelya xanım: "Qohumlar zəng vurub dedilər ki, Polada general rütbəsi veriblər. Sevindiyimdən uçurdum. Polad işdəydi. Dərhal daxili nömrəsinə zəng vurdum. Xəbər verdim ki, Polad sənə general rütbəsi veriblər. Cavab verdi ki, mənim xəbərim yoxdur. Təbii ki, bilirmiş, onlara əvvəlcədən məlumat verilir axı. Bizə deməmişdi..."

Söhbətimizin ən kədərli məqamındayıq. Ofelya xanımın xatirələrində general sevimli ailəsi ilə vidalaşır: "Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi. Vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: "Siz gedin, mən də gələcəyəm", - dedi".

On dörd gün idi Qəbələdəydilər. 2020-ci il iyunun 14-nə açılan səhər idi. Ofelya səhər namazını qılıb, yenidən yatdı... Yuxuda dəhşət içində "Polad" deyib qışqırdı. Öz səsinə oyandı... 

Çox keçmədi ki, qohumları gəlməyə başladılar. "Mən hələ sağalmamışdım. Fikirləşdim yəqin məndən hal-əhval tutmağa gəlirlər. Ertə, saat 8-də gəlmələrinə təəccübləndim. Uşaqlar da yataqdan qalxdılar. Qohumlar danışırdılar: "Cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb". Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq... Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş... Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı... Mən onda başa düşdüm... 

Poladın xətrini çox istədiyi əmisi "qızım" deyib gələndə... Dedim: "Yaxına gəlməyin". Bildim ki... baş verib artıq...". Poladı mən yuxuda adını çağırıb qışqırdığım an vurmuşdular. Böyük oğlum isə həmin dəqiqələrdə yuxusunda atasının vurulduğunu görmüşdü".

Əşyalarını yığmaq, evi təhvil vermək üçün Şəmkirə qayıtdılar. Ofelya evdə torbaların içində on cür bitki gördü. Polad yerli camaatdan almışdı. Yas içindəydilər. Onları bir kənara qoydu. Sonralar tanıyanlara göstərdi. "Soyuqdəymənin dərmanıdır", - dedilər. Polad Həşimov Ofelya üçün alıbmış o bitkiləri. Həyat yoldaşının istifadə etməyə ürəyi gəlmir. Hamısını saxlayır...

Aybəniz 10-cu, Davud 8-ci, Teymur isə 5-ci sinifdə oxuyurdu. Harada yaşamışdılarsa, orada - Daşkəsəndə, Şəmkirdə, Tovuzda, sonra yenə Şəmkirdə məktəbə getmişdilər. Ataları şəhid olduqdan sonra təhsillərini Bakıda davam etdirdilər.

İnsanlar, adətən, dünyalarını dəyişdikdən sonra xatirələrdə qalırlar. Polad Həşimov isə ailə üzvlərinin həm xatirələrində, həm də arzularında yaşayır. Qızının həkim, oğlunun kompüter mühəndisi olmasını istəmişdi. Aybəniz də, Davud da onun arzularına uyğun sənət seçdilər. Hər ikisi tələbədir: "Aybəniz uşaq olanda atası həmişə ona "mənim həkim qızım", - deyirdi. Çünki qızının kuklalarına iynə vurduğunu görürdü. Aybəniz böyüdükcə həkimliyə həvəsi dəyişmədi. Ona görə ki, atası demişdi ki, həkim olarsan. Eləcə də görürdü Davud uşaq vaxtından kompüterə maraqlıdır, açıb tökür, quraşdırır. Dedi ki, sən bu sahəyə gedərsən. Teymur balaca idi o vaxt. Formalaşma dövrü olmalı idi. Artıq on beş yaşı var. Bir sahə seçib, hələ ki hazırlaşır. Çox xoşbəxtəm ki, Poladın arzusunu yerinə yetirirlər. Təbii ki, atalarının ən böyük arzusu onların yalnız iş-güc sahibi olmaları deyildi. İstəyirdi onlar gözəl əxlaqlı, xeyirxah olsunlar, insanı, Allahı, təbiəti sevsinlər".

Polad həmişə uşaqlarına deyirdi, idmanla məşğul olun. Özü gənclik illərində idmanla çox məşğul olub. Həmişə futbol oynayırdı. Hərbi şəhərcikdə onun öz hesabına hərbçi ailələri üçün tikdirdiyi meydançada indi də hərbçi uşaqları, hərbçilər futbol oynayırlar. Polad o vaxtlar həyətin bir kənarına idman alətləri qoydurdu. "Bizim qaldığımız ərazi dağlıq, təpəlik idi. Polad maşınla oranı hamarlatdı, torpaq gətirtdi, ağaclar əkdirdi, böyük bağ saldırdı. Bir ay sonra şəhid oldu...", - Ofelya kədərlə deyir...


"General Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir".

İlham ƏLİYEV


Poladın adından sui-istifadə edilməsi onun hüquqi varisi olan bizə çox pis təsir edir...

"Onun şəhid olduğu posta bir ildən sonra getdik. Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər... Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir... Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu.

Fikirləşirdim ki, həyat yoldaşım iyirmi beş il o təhlükənin içində olub. Ömrünün ən qaynar illəri bu yerlərdə şaxtada üşüyə-üşüyə, dona-dona keçib. Mən orda tək həyat yoldaşımın deyil, digər zabitlərin də vətən üçün necə əzab-əziyyətə qatlaşdıqlarını anladım. Və nə yaxşı ki getdim. Bir gün şans yaranarsa, yenə gedərəm. Ora da bir zirvədir. Çıxmaq çətindir, sərhəddir, qarşı tərəfdə post var. Amma ora qəhrəmanlıq zirvəsidir".

Geri dönəndə yolların kənarından boylanan sarı güllərə baxırdı. Polad onlardan yığıb evə gətirirdi. Fikirləşirdi: "Polad burda olsaydı, mütləq o güllərdən yığıb mənə verərdi". Birdən zabit sürücüyə: "Maşını saxla", - dedi. Gedib o güllərdən bir dəstə yığıb gətirdi, səssiz-səmirsiz Polad Həşimovun həyat yoldaşına verdi. Maşın yola düzəldi. 

Generalın çiçək toplayıb evinə apardığını hər kəs bilirdi. Zabit də bunu xatırlamışdı...

"Qəlbimə, mənəviyyatıma yerləşdirmişdim Poladı. Bu, başqa bir duyğudur. Onun iş yeri bizim yaşadığımız şəhərciyin içindəydi. Arada təxminən yüz metr məsafə vardı. İşdən gəlməyinə beş dəqiqə qalmış çıxıb baxırdım ki, Polad o qapıdan gələcək. Saat ikiyə beş dəqiqə qalmış çıxırdı. Gəlib bloka girənədək gözlərimi çəkmirdim. Sonra gedib qapıda qarşılayırdım. Gedəndə qapıyadək yola salıb yenə eyvana çıxırdım. O iş yerinin qapısından içəri keçənədək baxışlarım onu izləyirdi. Axşam yenə belə... Hər dəfə onun dalınca niyə elə həsrətlə baxırdım, özüm də bilmirdim. Ona bağlanmışdım. Həqiqətən də, bir insanı o qədər sevmək doğru deyilmiş. Onu bir gün itirə bilərsiniz... Ondan sonra qərar vermək çətindir. Çox düşünürəm, tutaq ki, Polad burdadır... O, necə qərar verər? Mən, əslində, onun sağlığında verəcəyi qərarları verirəm. Polad fiziki olmasa da, yenə bizim yanımızdadır. Ömrümüzü onun üçün yaşayırıq. Amma bir kəlmə soruşmaq var ha... Polad neyləyim? Və cavab almamaq var... O çox çətindir. Ancaq düşünürəm ki, şükür Allaha, ondan sonra həyatımızı davam etdirə bilirəm... Çalışıram hər şey onun görmək istədiyi kimi olsun. Qızım bir dəfə mənə dedi: "Bizim həyatda heçmi səhv etmək şansımız yoxdur? Çünki insanlar elə bilirlər, məsələn, imtahandan biz ancaq beş almalıyıq. Cavab verdim ki, əlbəttə, içindən çıxmağınız müşkül olan çətinliklə qarşılaşa, qərarlarınızı düzgün verməyə bilərsiz. Həyatdır... Önəmli olan özünü hər gün bir az da inkişaf etdirmək, mənəviyyatı, insanlığı, əxlaqı və ən əsası Polad Həşimovun ad-sanını qorumaqdır".

Polad Həşimov bir zirvədir. Onun adından sui-istifadə edilməsi ailəsinə çox ağır təsir edir. Ofelya xanım danışır ki, bir təşkilat Polad Həşimov adına qızıl medal düzəltdirib hansısa bir bəstəkara verib: "Təbii, bu, qeyri-qanunidir. Hansısa təşkilatın özünü reklamdır. Hər kəs bilməlidir ki, Polad Həşimov tarixi şəxsiyyətdir. Onun şəhadətindən yüz illər keçməyib. Bizimlə əlaqə saxlamaq lazımdır. Hüquqi varis olaraq mən tək deyiləm. Onun qızının iyirmi, oğullarının on səkkiz, on beş yaşları var. Əlbəttə, biz bu medalı və digər belə "mükafatları"  qəbul etmirik. Polad Həşimov sağlığında da, şəhid olandan sonra da Prezident İlham Əliyev tərəfindən bir çox orden və medallarla təltif olunub.  Azərbaycanın Milli Qəhrəmanıdır. Adına küçə, parklar var. Dövlət tərəfindən lazımi addımlar atılıb. Və əlbəttə, Polad Həşimovun adına orden, yaxud medal təsis olunması bizim çox böyük arzumuzdur. Medallar və ordenlərin yaradılması haqqında qanun var və dövlətin başçısı tərəfindən buna qərar verilir. Bir gün dövlət başçısı tərəfindən Polad Həşimov adına orden təsis edilsə, bu orden yalnız Polad kimi zirvədə olan insanlara verilə bilər".

Ofelya Salmanova böyük ürək ağrısı, təəssüf və narahatçılıqla söhbətini davam etdirir: "Biz Polad Həşimovun hüquqi varisləriyik. Onun adından bəzilərinin sui-istifadəsini Poladın ruhuna xəyanət kimi qəbul edirik. Polad bütün həyatı boyu iddiasız yaşadı, heç kəsin qapısına getmədi, heç bir qurumdan yardım istəmədi və almadı. Maddi mənfəət üçün çalışmadı, özünü heç reklam etmədi. Nə özü, nə də övladları üçün yaxşı şərait yaratmaq məqsədilə bir dövlət qurumuna da müraciət etmədi. Belə gözü tox, məğrur, təmənnasız, ləyaqətli ömür sürdü. Biz ailəsinin, yaxınlarının da borcu Polad Həşimovun bu şərəfli adına xələl gətirməməkdir, onun kimi məğrur yaşamaqdır. Polad Həşimovun hüquqi və mənəvi varisləri, ailəsi olaraq heç vaxt onun adından sui-istifadə edə bilmərik. Çünki Polad bizi əsla bağışlamaz... Poladın təmiz adını, namuslu ömür yolunu qorumaq ən böyük amalımızdır..." 


"Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.

Mən tapşırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız".

İlham ƏLİYEV


Generalın "Xatirə otağı"...


Azərbaycan torpaqlarının işğaldan azad olunması, suverenliyi naminə canından keçən şəhidlərimizin bir çoxu kimi Polad Həşimovun da ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Bir otağı ailə üzvləri generalın əşyaları üçün ayırıb. Bura "Xatirə otağı" deyirlər...

Hərbi geyimləri, orden və medalları, portretləri və daha neçə-neçə qiymətli əşyalar, sənədlər saxlanılır burada... Onları bir-bir nəzərdən keçiririk. Ofelya xanım deyir: "Mən Polad Həşimovun əşyalarını qoruyuram. Sabah da övladları saxlayacaq. Onlara çox ehtiyatla toxunuruq, çünki tarixi əşyalardır. Həm Polad Həşimovun şəxsiyyətini, həm də dövrümüzün hərbi qayda-qanunlarını, böyük Zəfərimizi özündə ehtiva edir. Bu əşyalar gələcək nəsillərə ötürülməlidir". General Polad Həşimovun sağlığında şəxsi evi olmayıb. Kirayə evlərdə, hərbi şəhərciklərdə yaşayıb. Onun simvolik xatirə muzeyi yaradıla, bu otaqdakı dəyərli əşyalar orda nümayiş oluna bilər". Polad Həşimovun xatirə muzeyinin yaradılması ailəsinin də ən böyük arzularından biridir.

"Çalışırıq zərrə qədər onun adına, ruhuna toxunmayaq. Öz aramızda belə ehtiyatla davranırıq, Poladın xoşuna gəlməyəcək sözləri, hadisələri danışmırıq. Bir də görürsən, uşaqlardan biri: "Axşam atamı yuxumda görmüşəm", - deyir. Ya da mən onlara Poladı yuxumda gördüyünü söyləyirəm. Ancaq heç birimiz yuxumuzu danışmırıq. "Necə gördün" deyə sual da vermirik. Sanki qorxuruq, birdən Polad gedər, daha yuxumuza gəlməz... Uşaqları onun adına layiq yaşayır, arzuladığı kimi təhsil alırlar. Ola bilər övladları da xalq üçün önəmli insanlar olsunlar, böyük işlər görsünlər. O zaman onlar da qəhrəmana çevrilərlər. Hələ ki bizim ailənin bir qəhrəmanı var. O da Polad Həşimovdur. Biz onun kölgəsində, necə deyim, rahat yaşayırıq. Və onun adını qoruyuruq. Mənim bütün həyatım, işim, amalım budur. Polad Həşimov müstəsna xidmətlər göstərdi. Soyuq olanda böyrəkləri ağrıyırdı. Ayaqlarının yarası isə heç sağalmadı. Uzunboğaz hərbi çəkmənin sürtməsindən yaranmışdı. Qərargah rəisi idi. Sağalanadək ayaqqabı da geyinə bilərdi. Geyinmədi ki, mənə əsgər, zabit baxır"...

O, hərbçi peşəkarlığı, vətənsevərliyi, insanlığı ilə nümunə oldu. Mərd, igid general işğalçılara qarşı döyüşərək şəhid olanda bu ağır xəbər bütün Azərbaycan xalqını sarsıtmaqla bərabər qisasa və qələbəyə səslədi. Onun adı, əməlləri böyük bir güc oldu. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də bu döyüş ruhu ilə müharibəyə başladı... 

Polad Həşimov yüzlərlə, minlərlə əsgər və zabitin peşəkar, vətənpərvər, qayğıkeş, təəssübkeş komandiri olmuşdu. O hərbçilər Polad Həşimov məktəbini davam etdirirlər. O məktəbdən çıxmış peşəkar, savadlı, yüksəkrütbəli zabitlər, könüllü cəbhəyə gedən Polad Həşimovun neçə-neçə keçmiş əsgəri 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdilər...

Və Polad Həşimovun müqəddəs arzusu, hədəfi artıq 4 ildir ki, gerçəyə çevrilib: Qarabağ Azərbaycandır!


Zöhrə FƏRƏCOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNESCO Rabat şəhərini 2026-cı ildə dünyanın kitab paytaxtı elan edib

11:17
09 Oktyabr

Pakistan Senatının sədri: Ölkəmiz Bakıda keçiriləcək COP29-da layiqincə təmsil olunacaq

11:08
09 Oktyabr

TƏBİB: Cari ilin ilk 9 ayında 62 milyona yaxın tibbi xidmət göstərilib

10:58
09 Oktyabr

Türkiyədə Qədim Roma dövrünə aid hərbi istehkam tapılıb

10:54
09 Oktyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO nümayəndə heyəti ilə görüşüb

10:39
09 Oktyabr

DİN: Ötən gün 47 cinayətin üstü açılıb

10:38
09 Oktyabr

Cəbrayıl şəhərinin 148 yaşlı məktəbində tədris yenidən başlayıb

10:37
09 Oktyabr

Bəzi rayonlara leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

10:21
09 Oktyabr

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıb

09:58
09 Oktyabr

Prezident İlham Əliyev Hadrutun azad edilməsinin dördüncü ili münasibətilə paylaşım edib

09:37
09 Oktyabr

206 ilin bir günü

09:35
09 Oktyabr

Şəkidə quru tütün istehsalının 4,2 min tona çatacağı gözlənilir

09:30
09 Oktyabr

"Poliqon" bu dəfə Tərtərdədir

09:25
09 Oktyabr

Qəbələdə sənaye məhsullarının 90 faizi qeyri-dövlət sektorunda istehsal olunur

09:20
09 Oktyabr

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!