İlham Əliyevin "Böyük qayıdışı" soydaşlarımızın sonsuz sevinci ilə müşayiət edilir
Mənfur düşmənin Qarabağda və Şərqi Zəngəzurda üç onillik ərzində xarabalığa çevirdiyi şəhər və kəndlərimiz yenidən tikilib qurularaq əvvəlkindən də mükəmməl görkəm alır. Bir zaman buranı göz yaşı içində tərk etməyə məcbur olan insanlar yenidən doğma yurdlarında məskunlaşırlar. Çoxları məcburi köçkün düşəndə uşaq idi, gənc idi, indi isə yurda övladları, nəvələri ilə qayıdırlar.
Azad edilmiş ərazilərimizdə həyat getdikcə daha çox qaynayır. Bu gün artıq Şuşa, Laçın, Füzuli, Xankəndi, Xocalı, Cəbrayıl şəhərlərində və bir neçə kənddə yüzlərlə soydaşımız yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir. Bir sözlə, Böyük qayıdış proqramı uğurla icra olunur. Sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyev Vətən müharibəsindəki qələbədən sonra dediyi "Qarabağı cənnətə çevirəcəyik" sözlərinin də üstündə möhkəm dayanıb. Belə ki, gündən-günə vüsət alan genişmiqyaslı tikinti, bərpa-quruculuq işləri dövlət başçısının şəxsi nəzarətindədir. Regiona hər növbəti səfərində görülən işlərin gedişi ilə tanış olur, tamamlanmış tikililərin açılışını edir, yenilərinin təməlini qoyur. Prezidentlə, birinci xanım Mehriban Əliyeva ilə görüş isə yeni ev-eşiklərindən, yaradılmış şəraitdən məmnun sakinlər üçün əsl bayrama çevrilir. Budəfəki, Cəbrayıldakı görüş isə ikiqat bayram idi, çünki şəhərin azad olunmasının dördüncü ildönümünə təsadüf edirdi. Bildiyimiz kimi, 4 oktyabr həm də Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.
Həmin gün 7,9 hektar ümumi sahədən ibarət yaşayış kompleksi cəbrayıllılara dəyərli hədiyyə oldu. Kompleksdə 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binası var. Mənzillərin sayı 712-dir. Dövlət başçısı kompleksin açılışını edərkən sakinlərlə görüşdü və onları təbrik etdi.
Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə bu səfərində də yaşayış binalarının tikintisinin gedişi ilə ətraflı maraqlanıb. Belə ki, Prezident və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Burada, eləcə də, məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Zəngilan şəhərində isə Prezident altıncı yaşayış kompleksinin təməlini qoydu. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.
Zəngilanda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də 104 mənzilli yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da qoyulub.
12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Zəngilanda Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tikinti meydançasında gedən işlərlə də tanış oldular.
Təqdirəlayiq haldır ki, yurd yerinə dönən insanların məşğulluq probleminin həlli üçün də genişmiqyaslı işlər aparılır. Bir-birinin ardınca yeni müəssisələr istifadəyə verilir. Yenə də dövlətimizin başçısının budəfəki səfərini xatırlayaq. Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməli qoyuldu. Məlumdur ki, Prezidentin 2021-ci il 4 oktyabr tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Bu dəfə sənaye parkında əvvəlcə Litvanın "Dominari" şirkətinin mebel klasterinin təməlqoyma mərasimi oldu. Şirkət tərəfindən sənaye parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
Sənaye parkında, eləcə də, "Karabakh Stone" MMC-nin zavodunun təməlqoyma mərasimi keçirildi. "Karabakh Stone" MMC 2024-cü ilin iyulunda sözügedən Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət parkın 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.
Təməli qoyulan daha bir müəssisə isə "Prestij-Kimya" MMC-nin zavodudur.
Şirkət sənaye parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.
Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Cəbrayıl şəhərində "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlinin qoyulması isə göstərir ki, yeni müəssisələr müxtəlif sahələri əhatə edir. Qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilər buraxacaq müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.
Cəbrayıl rayonunda daha bir müəssisənin təməli qoyulub. Bu, "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikidir. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.
Böyük Zəfərdən dərhal sonra həyata keçirilməyə başlayan infrastruktur layihələrinin icrası da uğurla davam edir. Prezident İlham Əliyev növbəti səfərində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Zəngilan" yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Zəngilan rayonunda "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su-Elektrik Stansiyasının da açılışı olub. "Sarıqışlaq" SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir. İndiyə qədər digər 3 SES - "Cahangirbəyli", "Şayıflı" və "Zəngilan" Su-Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.
"Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq tikilən "Sarıqışlaq" SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.
Su-elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki "Sarıqışlaq" SES-də, eyni zamanda "Şayıflı" SES-də istehsal olunan "yaşıl enerji"nin sistemə ötürülməsi funksiyasını icra edir.
Bir zaman düşmən tərəfindən yurd-yuvasından didərgin salınan insanların bu gün abad evi də, gur yanan işığı da, bol suyu da var. Lakin dövlətimizin bu regionda apardığı quruculuq işi təkcə bundan ibarət deyil. Doğma kəndinə, şəhərinə dönən insanların istirahət etməyə parkı da, qonağını qəbul etməyə hər şəraiti də, uşağının təhsil-tərbiyə almağa məktəbi, bağçası da var. Prezidentin bu səfəri bir daha göstərdi ki, onların sayı getdikcə qat-qat artacaq.
Flora SADIQLI,
"Azərbaycan"