15 Dekabr 2024 08:05
1272
SİYASƏT
A- A+
Hədəfimiz daha güclü Azərbaycan yaratmaqdır

Hədəfimiz daha güclü Azərbaycan yaratmaqdır


Bu gün həyatımızda baş verənlər, görülən işlər, gerçəkliklər göz önündədir. Çunki yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir.

Ölkəmizdə COP29 kimi mötəbər tədbir öz işini yüksək səviyyədə başa vurdu. Tədbirin yekununda bəşəriyyətin gələcəyi naminə verilmiş tarixi qərarlar dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu bir daha nümayiş etdirdi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan dünya tarixinin ən möhtəşəm tədbirlərindən birinin sədri kimi üzərinə götürdüyü mühüm vəzifələrin öhdəsindən gələ bildi, Qlobal Şimalla Qlobal Cənub arasında ortaq nöqtələrin bir araya gətirilməsi, əvvəllər mümkün olmayan qərarların razılaşdırılması sahəsində nailiyyətlər əldə etdi. 2035-ci ilə qədər iqlim dəyişikliyindən ziyan çəkən inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqqında yekun qərarın qəbul olunmasında ölkəmizin və onun qüdrətli liderinin qətiyyətli mövqeyi xüsusi qeyd edilməlidir. 

COP29-da Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Bununla da Azərbaycan bir daha sübut etdi ki, ölkəmiz  yaşadığımız dünyada həyatın xilası naminə atdığı addımlarla qlobal problemlərin həllinə öz töhfəsini verə biləcək böyük potensiala, gücə və iradəyə malikdir.

Prezident İlham Əliyev "Yaşıl dünya naminə həmrəylik" şüarını dünya miqyasında səsləndirərək birləşdiricilik və qlobal liderlik qabiliyyətlərini bir daha yüksək səviyyədə nümayiş etdirdi. COP29 sədrliyinin fəaliyyət gündəliyində irəli sürülən və addım-addım reallaşdırılan qlobal təşəbbüslərin məqsədi sinerjini, əlaqəliliyi və yüksək təsiri təmin etməklə iqlim fəaliyyətlərini sürətləndirməkdən, bütün maraqlı tərəfləri ortaq məxrəcə gətirərək iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaqdan ibarət olmuşdur. Xüsusilə iqlimlə bağlı maliyyə resurslarının formalaşdırılması və paylanması, "yaşıl enerji" üzrə zona və dəhlizlərin yaradılması, hidrogenlə, rəqəmsallaşdırılmaqla, su və torpaqlarla bağlı məsələlər, davamlı və sağlam şəhərlər, turizm üçün iqlim fəaliyyətləri, biomüxtəliflik və yaşıl örtük problemləri bütün dünyada olduğu kimi, Azərbaycan və onun yerləşdiyi region üçün də aktuallığı ilə seçilmişdir. 

COP29 tədbirinin aktual mövzularından biri də insan kapitalı ilə bağlı olmuşdur. Çünki dayanıqlı inkişafda insan kapitalı çox mühüm rol oynayır və bu sahəyə diqqət cəmiyyətin həm balanslı, həm də ardıcıl tərəqqisini təmin edir. 

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nailiyyətləri sırasında bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycanda təbii resursların insan kapitalına çevrilməsi dövlətin ən mühüm hədəflərindən elan edilib. Bu da respublikamızın strateji planda gələcəyə yüksək həssaslıqla hazırlığından irəli gəlir. 

Azərbaycan dövləti insan kapitalının inkişafı istiqamətində ardıcıl strateji addımlar atır. Dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, bu yöndə genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından, illərlə inkişafımıza mane olan problemlərin uğurla həllindən sonra Azərbaycanın daxil olduğu yeni strateji dövrdə bu məsələ xüsusilə böyük əhəmiyyət daşıyır. Bu mərhələdə əsas hədəf rifah dövləti kimi həyat standartlarını daha da artırmaq, respublikanı bütün istiqamətlərdə dünyanın ən inkişaf etmiş ölkələrindən biri statusuna yüksəltməkdir. İnsan kapitalı bu amalın reallaşdırılmasında, ölkəmizin iqtisadi inkişafı və rəqabət qabiliyyətinin artırılmasında həyati əhəmiyyət kəsb etməkdədir. Ona görə də Azərbaycan dövləti insan inkişafına yönəlmiş tədbirləri getdikcə daha da genişləndirir.


Nüfuz və düşünülmüş siyasət


Bütün bu layihələr, mötəbər tədbirlər regionun lider dövləti kimi Azərbaycanın qlobal məkanda nüfuzunu getdikcə yüksəldir və bu da bir sıra faktorlara əsaslanır. Tarixi Zəfərimizlə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması respublikamızın regional və beynəlxalq siyasətdə mövqeyini gücləndirdi. Münaqişənin həlli ilə ölkədə yeni geosiyasi reallıq yarandı və beynəlxalq səviyyədə daha çox diqqət çəkdi. 

Yada salaq ki, Azərbaycan kimi digər postsovet ölkələrinə də müstəqillik illərinin başlanğıcından regional konfliktlər "miras" qalıb. Bu ölkələrin bəzilərində separatçılar özlərinə yuva quraraq qondarma respublikalar elan ediblər. Azərbaycan təxminən otuz illik işğal dövründən sonra torpaqlarının azadlığına, ərazi bütövlüyünə və suverenliyinə nail olan yeganə ölkədir. Azərbaycan erməni işğalçı qüvvələrin torpaqlarımızı tərk etməsi barədə BMT-nin illərdən bəri havadan asılı qalmış dörd qətnaməsinin icrasına öz gücü ilə nail oldu. Bölgəmizdə qarşılıqlı əməkdaşlıq, yeni qlobal layihələr, dayanıqlı inkişaf üçün mühüm imkanlar ortaya qoydu. Bu tarixi reallıq, təbii ki, Azərbaycanın qlobal nüfuzuna da təsir göstərən çox ciddi məsələdir. 

Beynəlxalq aləmdə ölkəmizin mövqeyini gücləndirən daha bir mühüm amil Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən enerji təhlükəsizliyi və infrastruktur layihələridir. Sirr deyil ki, enerji təhlükəsizliyi qlobal siyasətdə strateji mövqeyə malikdir və iqtisadi, geosiyasi, hərbi və digər sahələrdə böyük rol oynayır. Enerji təhlükəsizliyi müasir dünya siyasətində güc balanslarını təyin edən əsas amillərdən biri kimi çıxış edir. Ölkələr həm enerji təchizatı mənbələrini şaxələndirmək, həm də enerji infrastrukturunu qorumaq üçün strateji qərarlar qəbul edirlər. Azərbaycanın enerji siyasətindəki uğurlar, təqdim etdiyi mühüm imkanlar, ən əsası isə uzun illərin sınağından çıxmış etibarlı tərəfdaş olması, Prezident 

İlham Əliyevin bəyan etdiyi kimi, sözünə də imzası qədər dəyər verməsi həm dövlətimizə olan marağı, həm də ölkəmizin beynəlxalq nüfuzunu getdikcə yüksəldir.    

Ölkəmiz xüsusilə neft və qaz ixracında mühüm aktorlardandır. Uğurla reallaşdırılan TAP (Trans-Adriatik Boru Kəməri) və TANAP (Trans-Anadolu Boru Kəməri) kimi layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolunu son illərdə daha da artırıb. Xüsusilə Ukrayna müharibəsi fonunda Avropa üçün etibarlı enerji təchizatçısı kimi Azərbaycanın rolu güclənir.


Ədalətə çağırış: Qoşulmama Hərəkatını gücləndirən ölkə


Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrliyinin də ölkəmizin qlobal nüfuzunun yüksəlməsində çox əhəmiyyətli rolu oldu. Ölkəmiz Qoşulmama Hərəkatına dünyamız üçün çox mürəkkəb bir dövrdə rəhbərlik etdi. Bu dövr həm qlobal pandemiya, həm də yeni geosiyasi gərginliklərlə yadda qaldı. Belə çətin və mürəkkəb şəraitdə dövlətimiz Hərəkatın əsas prinsiplərini qorumaqla bərabər, onu daha fəal və təsirli bir beynəlxalq platformaya çevirməyə müvəffəq oldu. Azərbaycan pandemiya dövründə bu qlobal bəlaya qarşı beynəlxalq həmrəyliyi gücləndirmək üçün bir sıra təşəbbüslər irəli sürərək onların icrasına nail oldu. Belə ki, 2020-ci ildə Qoşulmama Hərəkatı ölkələrinin dövlət və hökumət başçılarının COVID-19 ilə mübarizəyə həsr olunmuş Zirvə görüşünü təşkil etdi. BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürdü. Bu sessiya pandemiya ilə mübarizə üzrə qlobal səylərin koordinasiyasına mühüm töhfə verdi.

Azərbaycan 80-dən çox ölkəyə, xüsusilə inkişaf etməkdə olan dövlətlərə tibbi və humanitar yardım göstərərək dünyada örnək yaratdı. Peyvəndlərə ədalətli çıxışın təmin edilməsi üçün beynəlxalq təşəbbüslər irəli sürdü və dünya ictimaiyyətini bu təşəbbüslər ətrafında bir araya gətirməyi bacardı. 

Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun əsas prinsiplərini, o cümlədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq hüququnu uğurla müdafiə etdi. Təsadüfi deyil ki, Azərbaycan ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa edərkən Hərəkata üzv ölkələr ərazi bütövlüyümüzü yekdilliklə dəstəklədilər. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi Hərəkat çərçivəsində daha geniş dəstək qazandı.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan ölkələrin qlobal gündəlikdəki maraqlarının qorunmasına xüsusi diqqət yetirdi. İqlim dəyişikliyi, qida təhlükəsizliyi və iqtisadi inkişaf kimi mühüm məsələlərin həllinə dəstək oldu. BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq quraraq bu ölkələrin problemlərinin qlobal səviyyədə gündəmə gətirilməsini təmin etdi. 

Dövlətimiz Qoşulmama Hərəkatının institusional inkişafına nail oldu, qurumun çevik, işlək yeni təsisatları formalaşdırıldı, xüsusilə Hərəkat çərçivəsində gənclərin fəal iştirakı təşviq edildi. 2022-ci ildə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi yaradıldı. Bu, gənclərin bu qurumun dəyərlərinə və məqsədlərinə töhfə verməsi üçün yeni imkanlar açdı. Gənclər arasında multikulturalizm, dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirlər keçirildi.

Azərbaycan Qoşulmama Hərəkatının BMT ilə əməkdaşlığını gücləndirərək, onun prinsiplərinin beynəlxalq təşkilatların qərarlarına təsir göstərməsi üçün çalışdı. Azərbaycanın formalaşdırdığı əsaslar qurumun gələcək fəaliyyəti üçün güclü zəmin yaratdı. Azərbaycanın sədrlik müddəti rəsmən başa çatsa da, ölkə əməkdaşlığı davam etdirir və yeni təşəbbüslərlə çıxış edir.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü qurumun beynəlxalq nüfuzunun artmasına, inkişaf etməkdə olan ölkələr arasında liderliyinin möhkəmlənməsinə və daha təsirli bir təşkilata çevrilməsinə səbəb oldu.

COP29 çərçivəsində də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitinin keçirilməsi Bakı konfransında böyük rəğbətlə qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu ölkələrlə münasibətlərin daha yüksək səviyyədə olduğunu bildirdi. Onların səsinin qlobal arenada eşidilməsinə hər cür şəraitin yaradılmasının vacibliyini söylədi və belə dövlətlərə bütün maddi və texniki dəstəyin göstərilməsini diqqətə çatdırdı. Bu gün elə etmək lazımdır ki, həmin ölkələr özlərini iqlim dəyişmələrindən qoruya bilsinlər. "Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik", - Azərbaycan Prezidenti  sammitdəki nitqində dedi.

 Bu nailiyyətlər Azərbaycanın beynəlxalq arenada daha fəal bir tərəfdaş kimi çıxış etməsinə geniş imkanlar yaratdı.


Türk dünyasının birlik mərkəzi


Azərbaycan Türk Dövlətləri Təşkilatında fəal rol oynayaraq həm qurumun gücləndirilməsinə, həm də türkdilli dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verir. Ölkəmizin bu təşkilatdakı liderliyi həm tarixi bağlara, həm də strateji maraqlara əsaslanır. Son illər ərzində respublikamız Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması və təsir dairəsinin genişləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslərlə çıxış edib. Təşkilatın 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adını alması və onun institusional inkişafında Azərbaycanın təşəbbüsləri müstəsna rol oynayıb. Ölkəmizin tarixi zəfəri təşkilata üzv dövlətlər arasında həmrəylik ruhunu daha da gücləndirdi. Azərbaycanın regionda yaratdığı yeni tarixi reallıqlar türk dövlətləri arasında da daha sıx əməkdaşlıq üçün zəmin hazırlamış oldu. Bu möhtəşəm qurumun üzv ölkələri ərazi bütövlüyümüzə dəstək göstərərək regional təhlükəsizlik məsələlərində vahid mövqe nümayiş etdirdilər.

Azərbaycanın regional nəqliyyat və logistika layihələrində bu qurum çox mühüm rol oynayır. Zəngəzur dəhlizinin açılması perspektivi türk dövlətlərini birləşdirən strateji nəqliyyat marşrutu kimi təşkilat çərçivəsində prioritet məsələlərdən biridir. Azərbaycan həmçinin Orta dəhliz təşəbbüsü vasitəsilə türk dövlətlərini Avropa ilə birləşdirərək beynəlxalq ticarət və tranzit imkanlarını genişləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəhəng kommunikasiya infrastrukturu layihələri başqa ölkələr üçün də qlobal əhəmiyyəti ilə yanaşı, həmçinin Türk Dövlətləri Təkilatının iqtisadi inteqrasiyasını gücləndirir. Azərbaycan enerji sahəsindəki təcrübə və imkanlarını da qardaş türk dövlətləri ilə paylaşır. TANAP və digər enerji layihələri vasitəsilə bu dövlətlərin Avropanın enerji bazarına çıxışı təmin olunur. 

Azərbaycan ortaq tarixə malik bu ölkələr arasında iqtisadi-ticari, mədəni əlaqələrin gücləndirilməsi üçün də çox mühüm addımlar atır, türk dünyasının geosiyasi mərkəzi kimi çıxış edərək əməkdaşlıq üçün yeni perspektivlər açır. Ölkəmizin təşkilatda fəal iştirakı türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin gücləndirilməsinə töhfə verir. Bu fəaliyyətlər həm Azərbaycanın milli maraqlarına xidmət edir, həm də türk dünyasında inteqrasiyanı dərinləşdirir və təşkilatın qlobal nüfuzunu artırır. 


Dialoq məkanı


Geostrateji baxımdan Qərblə Şərqin təmas məkanında qərar tutan Azərbaycan sivilizasiyalar arasında dialoq missiyasını son onilliklərdə uğurla yerinə yetirir. Ölkəmiz beynəlxalq səviyyədə müxtəlif dialoq platformaları, 2008-ci ildən davam edən "Bakı prosesi" vasitəsilə müxtəlif dinlər və millətlər arasında əməkdaşlığa töhfə verir. İqtisadiyyatın diversifikasiyası, beynəlxalq əməkdaşlıq və daxili sabitlik məsələləri respublikamızın beynəlxalq nüfuzunu artıran tendensiyaların davam etməsində mühüm rol oynayır. Belə bir fəaliyyət isə milli maraqlarımızın qorunması və ölkəmizin qlobal proseslərdə daha da aktiv iştirak imkanlarını genişləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu proses bundan sonra da davam edəcəkdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!