Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü ilin ilk 9 ayı ərzində ümumilikdə 17 milyon 979 min 237 müraciət qeydə alınıb.
AZƏRTAC TƏBİB-in mətbuat xidmətinə istinadla xəbər verir ki, müraciətlərdən 446 min 65-i stasionar, 17 milyon 533 min 172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.
2024-cü ilin ilk 9 ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə edilib. Belə ki, sözügedən müddət ərzində 61 milyon 794 min 180 (8 milyon 277 min 201 stasionar, 53 milyon 516 min 979-u ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 59 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. 2024-cü ilin ilk 9 ayı ərzində 24 milyon 653 min 322 laborator müayinələr aparılıb ki, onların da 3 milyon 830 min 336-sı stasionar, 20 milyon 822 min 986-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 123 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. Yanvar-sentyabr ayları ərzində 274 min 532 cərrahi əməliyyat və prosedur (251 min 578 stasionar, 22 min 954 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisədə cərrahi əməliyyatlar və prosedurlar 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 16 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb.