21 Noyabr 2024 08:00
2395
SİYASƏT
A- A+
Türk dünyasının “yaşıl həmrəyliyi"

Türk dünyasının “yaşıl həmrəyliyi"


Son illər Azərbaycan, Qazaxıstan və Özbəkistan iqtisadiyyatın bir çox sahələrində, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edirlər. Artıq xeyli vaxtdır "yaşıl enerji"nin ixracı ilə bağlı imkanlarının əlaqələndirilməsi üçün bu ölkələrin iqtisadiyyat və enerji məsələləri ilə məşğul olan ali qurumlarının rəhbərləri vaxtaşırı görüşlər keçirir, danışıqlar aparırdılar. COP29 isə bu sahədə yeni mühüm bir səhifə açdı.

Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i imzaladılar. Bu sənədin əhəmiyyətini qeyd etmək üçün Prezident İlham Əliyevin imzalamadan sonra dediyi sözlərə diqqət edək: "Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və "yaşıl enerji" sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən "yaşıl enerji"nin inkişafı sahəsində sinxron fəaliyyət göstərir. Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır".

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanmışdı. Həmin vaxtdan da nəzərdə tutulan məsələlərin gerçəkləşməsi istiqamətində tədbirlər davam edir. Bir neçə ay əvvəl Rumıniya paytaxtında sazişin icrası məqsədilə 8-ci Nazirlər-Rəhbər Komitənin iclası keçirildi. Elə həmin tədbirdə də məlum oldu ki, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin nəticələrinin təqdimatının cari ilin noyabrında ölkəmizin evsahibliyi edəcəyi COP29 çərçivəsində nəzərdə tutulur. Buxarestdəki iclasda iştirak edən energetika naziri Pərviz Şahbazov bunları vurğulayaraq, həmçinin layihənin statusu, digər komponentləri, atılacaq növbəti addımlar, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq "yaşıl enerji" dəhlizinin inkişafı ilə bağlı fikirlərini bölüşdü.

Azərbaycanın "yaşıl gündəliy"i artıq dünyaya bəllidir. Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə 157 giqavat təşkil edir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verildi. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq "Xızı-Abşeron" külək enerjisi stansiyasını tikir. Bu gün artıq bir sıra bölgəmiz də "yaşıl enerji" layihələrinin gerçəkləşdirildiyi məkan kimi tanınır. COP29 çərçivəsində Böyük Britaniyanın BP şirkəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda təməli qoyuldu. "Yaşıl enerji" zonası elan olunmuş Naxçıvan MR-də, eləcə də Biləsuvar və Neftçala rayonlarında da yeni layihələr gerçəkləşəcək. 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Lakin bu hələ görüləcək işlərin hamısı deyil, belə ki, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb.

Dost və qardaş Qazaxıstan və Özbəkistan respublikaları da zəngin "yaşıl enerji" mənbələrinə malikdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə belə dedi: "Bu sazişin praktiki nəticələri Orta dəhlizin iqtisadiyyatlarımızı birləşdirən "yaşıl körpü" qismində inkişafına töhfə verəcək. Bu əsas sahədə sıx əməkdaşlıq üç dövlət arasında təcrübə və qabaqcıl texnologiyalar mübadiləsini gücləndirəcək və enerji təhlükəsizliyimizin gələcəkdə də möhkəmləndirilməsinə kömək edəcək. "Yaşıl enerji" karbon neytrallığına doğru irəliləyən Qazaxıstan üçün prioritet istiqamətdir. Biz qazıntı resurslarından asılılığımızı azaltmaq, texnoloji yenilikləri inkişaf etdirmək və ekoloji davamlılığımızı dəstəkləyə biləcək infrastruktur yaratmaq üçün fəal işləyirik. Qazaxıstan xarici tərəfdaşlarla ümumi gücü 43 giqavat olan "yaşıl layihə"lərin həyata keçirilməsinə dair razılaşmalar əldə edib".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sözügedən layihənin ekoloji əhəmiyyətini xüsusi qeyd edərək dedi: "Nəql ediləcək enerji külək və günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. Biz 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 giqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırırıq. Bundan başqa, ilin sonunadək biz əlavə olaraq 2,6 giqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 giqavat günəş və külək enerjisi istehsal etmək gücünü işə salırıq".

Əlavə edək ki, Səudiyyə Ərəbistanı və bu ölkənin "ACWA Power" şirkəti həm Azərbaycanla, həm Qazaxıstanla, həm də Özbəkistanla bərpaolunan enerji sahəsində sıx əməkdaşlıq və tərəfdaşlıq edir. Ona görə də hər üç dövlət başçısının bunu məmnunluqla və minnətdarlıqla qeyd etməsi də təsadüfi deyil. Sözügedən üçtərəfli görüşdən sonra hər üç prezidentin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında bir sıra yeni sənədlər də imzalandı.

Beləliklə, Azərbaycan-Qazaxıstan-Özbəkistan "yaşıl enerji" ixracı layihəsi mühüm bir layihədir. Onun iqtisadi səmərəsini hər üç dövlət hiss edəcək. Belə ki, layihə çərçivəsində minlərlə iş yeri açılacaq, enerji infrastrukturu inkişaf etdiriləcək, texnoloji və biznes əlaqələri genişlənəcək. Əsas nəticə olaraq əhalinin həyat səviyyəsi yüksələcək. Üçtərəfli görüşdə bunlar bir daha vurğulandı. Qeyd edildi ki, bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil, bu həm də sabaha ötürülən bir töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissinin nəticəsidir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

16:01
23 Dekabr

Almaniyada Milad bazarında hücumla hədələyən şəxs həbs edilib

16:00
23 Dekabr

Bu il ən çox ziyarət olunan milli parklar: Göygöl, Şahdağ və Abşeron

15:43
23 Dekabr

Serbiyanın xarici işlər naziri Qarabağda və Şərqi Zəngəzurdakı layihələr barədə məlumatlandırılıb

15:41
23 Dekabr

İlon Mask: 2025-ci ilin sonunadək süni intellekt insan qabiliyyətlərini üstələyəcək

15:29
23 Dekabr

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, ailələrə evlərinin açarları təqdim olunub FOTO

15:14
23 Dekabr

Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərindən bəhs edilib  

15:10
23 Dekabr

Fəxri ad alan məşqçi: Prezident İlham Əliyev idmanı daim diqqətdə saxlayır və uğurları qiymətləndirir

15:00
23 Dekabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

14:58
23 Dekabr

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

14:25
23 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

14:23
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub 

13:51
23 Dekabr

ANAMA: Ötən həftə 770,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

13:50
23 Dekabr

Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutulub

13:49
23 Dekabr

Dekabrın ötən dövründə maksimal temperatur Sabirabad, Bakı və Abşeron yarımadasında qeydə alınıb  

13:48
23 Dekabr

Stolüstü tennis üzrə ölkə çempionatı başa çatdı

13:27
23 Dekabr

Tramp yenidən Qrenlandiyanı almaq zərurətini açıqlayıb

13:25
23 Dekabr

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə sıx əməkdaşlığın qurulması müzakirə olunub  

13:22
23 Dekabr

ABŞ-də Starbucks işçilərinin tətili genişlənir

13:16
23 Dekabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək - PROQNOZ

13:12
23 Dekabr

Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib - SƏRƏNCAM

12:53
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!