"...COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda təşkil olunan konfransda COP29-un əhəmiyyətini vurğulayan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qeyd etdi ki, dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir.
"Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir"
Fəaliyyətində hər zaman ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Mehriban xanım Əliyeva ölkəmizin, dünyamızın yaşıllaşması üçün böyük səylər göstərir, çağırışlar edir, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bu istiqamətdə əməli işlər həyata keçirir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi "Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir" şüarını devizə çevirən fond 2007-ci ildən ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə "Hərəmiz bir ağac əkək!" aksiyasını həyata keçirməyə başlayıb. Fond Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkməklə respublikada rezonans doğuran layihənin əsasını qoyub. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdiriblər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağac əkilib.
Bu günə qədər də Heydər Əliyev Fondunun bu nəcib çağırışına ölkəmizin bütün bölgələrindən böyük həvəslə dəstək verilir.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyətində ətraf mühitin mühafizəsi daim prioritet olub. İşğaldan azad edilən ərazilərimizə Prezident İlham Əliyevlə bərabər yollanaraq öz əlləri ilə ağac əkməsi də Mehriban xanım Əliyevanın təbiətin bərpasına necə həssaslıqla yanaşmasını bir daha təsdiqləyir.
Ölkəmizin birinci xanımı COP29 çərçivəsində "yaşıl zona"da "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində" mövzusunda təşkil olunan konfransdakı çıxışının sonunda da birbaşa təbiətin qorunmasına xidmət edəcək təklif irəli sürdü ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın: "Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq. İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.
Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək".
IDEA təbiəti mühafizə edir
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da ətraf mühitin təhlükəsizliyinin təmin olunması və təbiətin mühafizəsi sahəsində mühüm fəaliyyət göstərir.
IDEA-nın rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.
2020-ci ilin mayında start verilən "Zəngin hövzələr" layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Həmçinin ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması istiqamətində IDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reintroduksiya layihələri həyata keçirilir.
Azərbaycanın evsahibliyi etdiyi COP29 çərçivəsində həyata keçirilən "Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması" mövzusunda "dəyirmi masa" müzakirələri zamanı çıxış edən Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən icra olunan müvafiq fəaliyyətlər, o cümlədən "Zəngin hövzələr", "Bir damcı" layihələri və "Blue Marine Foundation" təşkilatı ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yaradılan ilk dənizkənarı mühafizə olunan ərazi seçilmiş Qızılağac Milli Parkı ilə bağlı bir sıra məsələlərə toxunub. Məlumat verib ki, 2011-ci ildən etibarən 7 mindən çox könüllünün yardımı ilə sahilyanı ərazilərdən 120 tona yaxın tullantı toplanaraq təkrar emal edilib. Ətraf mühitin mühafizəsi sahəsində gənclərin rolunu vurğulayan Leyla Əliyeva Xəzər dənizinin gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində çalışacaq gənc mütəxəssislərin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.
COP29-da Həmrəylik Mərkəzi
COP29 tədbirinin keçirildiyi ərazidə yüzdən çox pavilyon fəaliyyət göstərir. Bu pavilyonlarda innovasiyalar, iqlim dəyişmələrinin yaratdığı fəsadlara qarşı mübarizə üzrə vacib həll yollarının təqdim edilməsinə dair müzakirələr, panel iclaslar keçirilir. Həmçinin müxtəlif sərgilər təşkil olunur. Bu baxımdan COP29-un "yaşıl zona"sında yerləşən Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə yaratdıqları Həmrəylik Mərkəzi xüsusi diqqət çəkir. İki fond beynəlxalq tədbir zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirib.
Bu pavilyonda Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri təqdim olunur. Burada təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılıb. Pavilyonda maraqlı interaktiv bölmələrdən biri isə monitordur. Monitorda olan xüsusi düyməni sıxanda Azərbaycanda dayanıqlılıq rəmzi hesab olunan Eldar şamının böyümə prosesini müşahidə etmək mümkün olur. Eldar şamı il ərzində 60-80 santimetrə qədər böyüyə bilir və daha çox quraqlıq, quru iqlimə malik ərazilərimizdə yetişir.
Pavilyonun digər hissəsi isə sıfır atık layihəsinə həsr olunub.
Reportaj üçün yollandığımız "yaşıl zona"da adıçəkilən Həmrəylik Mərkəzinin həm yerli, həm də xarici vətəndaşların böyük marağına səbəb olduğu diqqətimizi çəkdi. Ziyarətçilər yaxınlaşıb pavilyonu gəzir, məlumat alır, interaktiv oyunlarda həvəslə iştirak edirdilər.
Heydər Əliyev Fondunun yaşıl dünya naminə həmrəylik nümayiş etdirdiyi COP29-da təbiətin qorunmasını milli ideya kimi görən, hətta bir ağacın belə kəsilməsini özünün yaralanması hesab edən Ulu Öndər Heydər Əliyevin "yaşıl imzası" aydın görünürdü.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"