Artıq başa çatan COP29 Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu - həm belə bir mötəbər tədbirin keçirilməsinin ölkəmizə həvalə edilməsi, həm qlobal konfransın yüksək səviyyədə təşkili, həm də bir il bizə qarşı aparılan haqsız və qərəzli gözdənsalma kampaniyasına dövlətimizin sinə gərməsi baxımından...
Dünya bir daha bizim imkan və bacarıqlarımızın, dövlət və qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi oldu. İştirakçıların kütləviliyi və beynəlxalq aləmin diqqətini özünə cəlb etməsinə görə COP29 şübhəsiz ki, bu qəbildən olan ən uğurlu mötəbər əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşdü.
Azərbaycanın "yaşıl gündəliy"i, multikulturalizm siyasəti və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr dayanıqlı inkişaf yolunda olduğumuzu bir daha təsdiqlədi, ölkəmizin öz tarixini və milli maraqlarını qoruyaraq qlobal proseslərə necə fəal şəkildə qoşulduğunu göstərdi. Bu yanaşma Azərbaycanın enerji və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirərək COP29-un keçirilməsi üçün ideal bir platforma təqdim etdi.
Bu gün Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və onları gücləndirmək, eləcə də həmrəyliyi möhkəmləndirmək imkanını yaradır. Dövlət başçısı Liderlər Sammitindəki çıxışında bu məsələni önə çəkərək demişdir: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".
Dövlətimiz inkişaf etmiş və inkişaf edən ökələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq ücün bundan sonra da əlindən gələni edəcəyini bəyan etdi. Bütün bu amillərlə yanaşı, COP29 Azərbaycanın həm də uzun illərdir apardığı ədalət uğrunda mübarizəsində nail olduğu simvolik zəfərdir. Bu yalnız dövlətin deyil, hər bir vətəndaşın COP29 zəfəridir.
İntellektual potensialımızın dünyaya nümayişi
Bakıda yüksək səviyyədə keçirilən COP29-u səciyyələndirən mühüm xüsusiyyətlərdən biri odur ki, Azərbaycan qlobal ekoloji problemlərin çözümü üçün təşkil edilmiş konfransa təkcə evsahibliyi edən tərəf deyildi. Ölkəmiz bu beynəlxalq müstəvinin yaratdığı imkanlardan maksimum yararlanaraq bərpaolunan, yaxud ekoloji cəhətdən təmiz enerji mənbələrinin istismarı sahəsində ciddi addımlar atmağa nail oldu. COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə və sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən və ardıcıl şəkildə yaşıl formata keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft və qaz ixrac edən, neft hasilatı istiqamətində əsryarımlıq tarixi, bir sıra ilklərin vətəni olan bir ölkə üçün inqilabi göstəricidir.
İnsan zəkası inkişaf etdikcə, texnoloji tərəqqi irəlilədikcə hər bir kəs ənənəvi təcrübəni irəli aparıb əvvəlkindən daha yaxşısını, yaşayış tərzi və ətraf mühit üçün daha yararlısını etməyə çalışır. Bu baxımdan "yaşıl enerji"yə keçid prosesi də getdikcə sürətlənir. Həmin prosesdə adətən dəyişiklik meyillərini vaxtında dəyərləndirib ona çevik şəkildə uyğunlaşan dövlətlər, cəmiyyətlər böyük nailiyətlər əldə edirlər. Sevindirici haldır ki, Azərbaycan bu prosesin önündə addımlayan ölkələrdəndir. Zəngin neft resursları ilə tarixən enerji ölkəsi kimi tanınmış respublikamız hazırda "yaşıl enerji"yə keçid sahəsində də nümunələr yaradaraq ənənələrini qoruyub inkişaf etdirir. Eyni zamanda qlobal miqyasda bu istiqamətdə təşəbbüslərə real layihələrlə böyük faydalar verir.
Hazırda Azərbaycan istifadə etdiyi elektrik enerjisinin cəmi 6 faizini bərpaolunan mənbələrindən əldə edir. 2030-cu ildə ölkəmiz bu sahədə 34 faizlik göstəriciyə nail olmağı hədəfləyir. Bu həm hazırda elektrik enerjisinin istehsalı üçün tələb olunan xammala qənaət, həm də ətraf mühitin təmizliyi baxımından ciddi göstərici olmaqla yanaşı, aylardır "neft ölkəsi iqlim dəyişmələrinə dair konfransı necə keçirə bilər" hədyanlarını qaldıran dairələrə və dövlətlərə verilmiş tutarlı cavabdır. Bu, dövlətimizin beynəlxalq öhdəliklərə verdiyi önəm və töhfə, hökumətimizin çevikliyi və novatorluğa adaptasiya bacarığı ilə paralel, xalqımızın intellektual səviyyəsi və potensialının dünyaya nümayişidir. Biz xammal ölkəsi deyil, faydalı qazıntıları istehsala, real iqtisadiyyatın qurulmasına və nəticə etibarilə insan kapitalına sərf edə bilən, savadlı cəmiyyətdə yaşayan xalqıq! Bu reallıq COP29-u yüksək səviyyədə keçirməyə nail olan dövlətimizin və təbii ki, xalqımızın böyük uğurudur.
Avropanın zülməti və türkün işığı
Azərbaycan 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən irəli gələn prinsip və öhdəliklərə sadiqlik göstərərək, onların ardıcıl şəkildə həyata keçirilməsi ilə beynəlxalq tərəfdaşlarını enerji daşıyıcıları ilə təmin edib. Ölkəmizin etibarlı tərəfdaş qismində çıxış etməsi beynəlxalq aləmdə siyasi çəkimizin də artmasına səbəb olub. Azərbaycan faktiki olaraq iqtisadi imkanlarını siyasi kapitalın toplanmasına, beynəlxalq imic və nüfuzunun yüksəlməsinə yönəltməyi bacarmış nadir dövlətlərdən biridir. Geosiyasi platformada əldə etdiyimiz bütün nailiyyətlər və onların məntiqi sonluğu olaraq qazandığımız Qarabağ zəfəri təkcə iqtisadi resurslara malik olmağımızla bağlı deyil, bu imkanları optimallıqla sərfiyyatın və daima etibarlı tərəfdaş statusunda çıxış etməyimizin bəhrəsidir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Avropanın 10-a yaxın ölkəsini mavi yanacaqla təmin edir və "qoca qitə"dəki ixrac coğrafiyamız getdikcə genişlənir. Təsadüfi deyildir ki, ixrac arxitekturasının şaxələnməsini bizdən məhz Avropanın rəhbərləri xahiş edirlər. Bu gün bəzi Avropa dövlətlərinin Azərbaycana münasibətdə qərəzli yanaşmaları, COP29-a qarşı qarayaxma kampaniyasının önündə olmaları qazandığımız uğurlar müqabilində həm də onların məğlubiyyətlərini etiraf etmələridir.
Azərbaycanın dünya iqtisadiyyatının yeni trendi - bərpaolunan enerjidə texniki potensialı quruda 135, dənizdə 157 giqavat təşkil edir. Bu, olduqca böyük ehtiyatdır. Azərbaycan həyata keçirməyi planlaşdırdığı çevik tədbirlər vasitəsilə həmin enerjini ixraca yönəldəcək. Yaxın illərdə Avropa qitəsi Azərbaycanın neft və qazı ilə yanaşı, həm də "yaşıl enerji"sini idxal edəcək. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla ilkin addımlar da atılıb. Azərbaycandan "yaşıl enerji" Gürcüstan üzərindən və Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə ilkin olaraq Rumıniya və Macarıstana çatdırılacaq. Sonra isə təbii ki, Avropanın digər ölkələri də bu ekoloji cəhətdən təmiz və ucuz başa gələn enerji mənbəyinə qoşulacaqlar. Əlamətdar haldır ki, bu xəttə qardaş türk dövlətləri - Qazaxıstan və Özbəkistan da öz ehtiyatları ilə qoşulacaqlar və müştərək ixrac potensialımız daha da artacaq. Beləliklə, türk dünyası Avropa üçün işıq mənbəyi olacaq!
Prezident İlham Əliyev "yaşıl enerji" istehsalı ilə bağlı bu gün Azərbaycanın ciddi təşəbbüslərinin olduğunu Liderlər Sammitində də vurğulamışdır: "Biz 2030-cu ilə qədər təxminən 6 giqavatlıq günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı 4 giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır".
Aydın yol: "yaşıl enerji"yə doğru
COP29-dan əldə etdiyimiz simvolik qələbənin ən mühüm tərəfi isə 4 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli, mətin ordumuzun azad etdiyi torpaqlarımızla bağlıdır. Dövlət başçısının qlobal tədbirin açılışındakı çıxışında xüsusi vurğuladığı layihələrdən biri - BP şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının tikintisi azad edilmiş Cəbrayılda gerçəkləşəcək. Qarşıdakı illərdə bu stansiya xüsusi kabel vasitəsilə Avropaya "yaşıl enerji" ixrac edəcək mənbələrdən biri olacaq. Bu, xalqımızın 30 ilə yaxın müddətdə torpaqlarının azadlığı uğrunda savaşla yanaşı, bizə qarşı aparılan ədalətsiz mübarizədə əldə etdiyi daha bir zəfərdir. Onillər boyunca etnik separatizm və hərbi cinayətlərin, soyqırımı, deportasiya və kriminalın, narkotrafik və qaçaqmalçılığın simvolu olan və "boz zona" kimi tanınan bölgədən əldə ediləcək "yaşıl enerji" xalqımıza qarşı bu ədalətsizliyi müdafiə və mühafizə edən, möhkəmlədən, yaxud ən yaxşı halda buna göz yuman bəzi dövlətlərin təmsil olunduğu Avropaya çatdırılacaq. Bir vaxtlar boz və qaranlıq ərazi, hazırda isə ekoloji amilləri nəzərə almaqla həyata keçirilən modern layihələr meydanı olan Qarabağ və Şərqi Zəngəzur Avropa üçün işıq mənbəyi rolunda çıxış edəcək. COP29-da əldə etdiyimiz qələbələrdən biri də məhz budur, bu nailiyyətimizi dünyaya göstərə bilməyimizdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"