2025-ci ilin dövlət büdcəsi qarşıya qoyulan bütün prioritet vəzifələrin tam yerinə yetirilməsinə imkan verəcək
2025-ci ildə icmal büdcənin gəlirləri 44 milyard 371,4 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2024-cü ilin göstəricisinə nisbətən 856,4 milyon manat və ya 2 faiz artım deməkdir. İcmal büdcə xərcləri isə növbəti ildə 45 milyard 867 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 240,2 milyon manat çoxdur.
İlham ƏLİYEV: "Düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir"
Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama bir neçə gün əvvəl ictimaiyyətə təqdim olunub. Sentyabrın 24-də isə Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.
İclasda qeyd olunub ki, qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunmuşdur.
Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də Prezident İlham Əliyev 2024-cü ildə iqtisadi sferada əldə olunan nəticələri yüksək qiymətləndirmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar müsbət nəticələrini verməkdədir: "İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir".
8 ayda qeyri-neft sektorunda 7 faiz, qeyri-neft sənayesində isə 7,8 artım qeydə alınmışdır. Bütövlükdə, müsbət makroiqtisadi şərait növbəti ilin dövlət büdcəsini də pozitiv məzmunda tərtib etməyə imkan vermişdir.
Xərclərin 17 faizi müdafiə və təhlükəsizlik məqsədlərinə yönəldiləcək
Növbəti il və ortamüddətli dövr üçün budcə siyasəti prioritet çağırışlar nəzərə alınmaqla müəyyən edilmişdir. Bu çağırışlar "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük qayıdışın təmin edilməsi, ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrasının diqqət mərkəzində saxlanılmasıdır.
Gələn il dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə
1 milyard 379,6 milyon manat çoxdur. Növbəti ilin dövlət büdcəsinin xərcləri 39 milyard 667,6 milyon manat nəzərdə tutulur.
Prezident İlham Əliyev bir neçə gün əvvəl yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bildirdi ki, dövlətimizin qarşısında dayanan başlıca vəzifə hərbi gücümüzün artırılmasıdır. "Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik", - deyə dövlətimizin başçısı bildirdi.
Buna görə ordumuzun döyüş imkanlarının daha da gücləndirilməsi, milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq inkişaf etdirilməsi hər zaman olduğu kimi, gələn il də diqqət mərkəzində olacaq. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 17 faizini təşkil edəcək.
Azad edilmiş ərazilərin bərpası üçün 4 milyard manat ayrılması nəzərdə tutulur
Vətən müharibəsindən sonra Azərbaycanın prioritet hədəflərindən biri də işğaldan azad edilmiş torpaqların bərpasıdır. Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bildirdi ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Ötən 4 ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzurda saysız-hesabsız infrastruktur layihələri həyata keçirilib. 3 min kilometr avtomobil yolu inşa edilib, 2 aeroport istifadəyə verilib, 270 meqavat gücündə su-elektrik stansiyaları yaradılıb. İndiyədək 8 min nəfərdən artıq məcburi köçkün Qarabağ və Şərqi Zəngəzura qayıdıb.
İşğaldan azad edilmiş ərazilərin bərpası 2024-cü ildə də yüksək templə davam etdiriləcək. Bunu gələn ilin dövlət büdcəsi layihəsində bu məqsəd üçün nəzərdə tutulmuş xərcin miqyası da təsdiq edir. Belə ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası, işğaldan azad olunmuş ərazilərə dönüşün təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2025-ci ilin dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Bütövlükdə, gəlir və xərclər göstərir ki, 2025-ci ilin dövlət büdcəsi qarşıya qoyulan bütün prioritet vəzifələrin tam yerinə yetirilməsinə imkan verəcək.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"