Bu gün Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
Böyük zəhməti, parlaq istedadı, ürəyində gəzdirdiyi mərhəmət və xeyirxahlıq hissi onu daim yüksəklərə səsləyirdi. Elə buna görə də onun mənalı ömrü tutduğu vəzifəsindən asılı olmayaraq mənsub olduğu millətə xidmət etməklə keçib.
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 116-cı ildönümü tamam olur.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb.
Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən bu oğlanı izləməyə başlasa da, Ulu Tanrının mərhəməti sayəsində Mir Cəlal Paşayev çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyib. O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.
Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib və millətinin övladlarına xalqının ədəbiyyatını, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu mənada Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.
Tam əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.
Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən bu sənətkarın yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.
Yazıçının ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.
İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də çap edilib. “Bir gəncin manifesti” bu gün də könüllərə yanğı salır, qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.
Mir Cəlalın “Dirilən adam”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.
Qüdrətli nasirin bədii yaradıcılıq nümunələri dəfələrlə çap edilib. Onun “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962), “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və digər kitabları bu qəbildəndir. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı işıq üzü görüb.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən olan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də xüsusi yer tutub. Filologiya fakültəsi tələbələrinin birinci kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olub. Böyük pedaqoq 1936–cı ildən ömrünün sonunadək dərs dediyi universitetin auditoriyalarında bu fəndən mühazirələr oxuyub.
Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” dissertasiyasına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru elmi dərəcələrini alıb. Füzuli poeziyasını dərindən duyan, klassik ədəbiyyata qəlbən bağlı olan görkəmli alim 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirib. Professor Qara Namazov bu monoqrafiyanı Füzuli ədəbi irsinin öyrənilməsində, mənimsənilməsində və dərk edilməsində elmi açar kimi dəyərləndirir. Təsadüfi deyil ki, əsər 1994-cü ildə yenidən işıq üzü görüb.
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal Paşayev XX əsrin əvvəllərində inqilabi-demokratik meyllərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparıb, əhatəli elmi nəticələr çıxarıb.
Ədəbiyyatşünas alimin tanınmış tədqiqatçı Firudin Hüseynov ilə birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərdə dərslik kimi istifadə olunur. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdikləri yeniliklər haqqında əhatəli elmi fikirlər tam dolğunluğu ilə əksini tapıb.
Mir Cəlal Paşayev böyük şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də zirvələrə ucalıb, əsl şəxsiyyət kimi müdrikləşib.
Əməkdar Elm Xadimi Mir Cəlal Paşayevin XX əsr ədəbiyyatında, ədəbiyyatşünaslıq tarixində açdığı cığır çağdaş təfəkkürümüzün də əsas sütunu olaraq qalacaq.
1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq.
Müdriklər deyiblər ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir edə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, həm də özündən sonra gələn nəsillərə örnəkdir.
Mir Cəlal bütün yaradıcılığı boyu oxucuları ilə həmişə səmimi söhbət aparıb. Elə buna görə də görkəmli ədibin həyat və yaradıcılığı bu gün nəinki Azərbaycanda, onun sərhədlərindən kənarda da geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.
Azərbaycan Respublikası Prezidentinin “UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. Bu həm də Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür.
Xatırladaq ki, 2014-cü ildə böyük ədibin “Seçilmiş əsərləri”nin (5 cilddə) təqdimatı olub. “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çapdan çıxmış beşcildliyin tərtibçiləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, redaktoru Şəmsəddin Axundov, rəssamı isə Nüsrət Süleymanoğludur. Uzun illərdən sonra ədibin əsərlərinin ardıcıllıqla, vahid toplu halında işıq üzü görməsi əslində ədəbi hadisədir.
İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.