14 Dekabr 2024 08:30
621
Elm və texnika
A- A+
Elm və əməkdaşlıq dünyanı xilas edəcək

Elm və əməkdaşlıq dünyanı xilas edəcək


Noyabrın 11-22 tarixlərində dünyamızın varlığını və planetimizin gələcəyini təhlükə altında qoyan qlobal iqlim problemlərini dərk etməklə xilas yolu arayan tərəqqipərvər bəşəriyyətin diqqəti tam şəkildə Azərbaycanın paytaxtı Bakı şəhərinə yönəldi. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğurla baş tutdu və çox mühüm qərarlar qəbul edilməklə qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olundu. 

COP29-un proqramlarında Elm, Texnologiya və İnnovasiya Rəqəmsallaşma Günündə yer alan "Xəzər Hövzəsində Dönüş Nöqtəsi: Çevik Reaksiya və Adaptasiya Strategiyaları üçün Regional Siyasət Çərçivəsi", "Davamlı su resurslarının idarəedilməsi üzrə innovativ yanaşmalar", "Xəzər dənizinin ekoloji vəziyyətinə dair elmi panel" interaktiv panel sessiyaları və Qida, Kənd Təsərrüfatı və Su Günündə yer alan "Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya", "COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı" və sairə  tədbirlərin hər birində növbəti illər üçün dünya elmi qarşısında duran başlıca prioritet məsələlərdən söz açılmış, heç bir problemin elm, yüksək texnologiyalar və innovasiyaların birbaşa iştirakı olmadan aradan qaldırılmasının mümkün olmayacağı dəfələrlə vurğulanmışdır.

Bütün tədbirlərdə, görüşlərdə aparılan rəsmi və qeyri-rəsmi müzakirələrdə iqlim dəyişikliyinin təbii ekosistemlərin dayanıqlığına, bioloji müxtəlifliyə, torpaq və şirin su resurslarına, ərzaq və kənd təsərrüfatı sisteminə davamlı mənfi təsirinə aid çoxsaylı faktlara diqqət çəkilmişdir.

Yeri gəlmişkən, həm yerli, həm də qlobal miqyasda elm tərəfindən ərzaq və bioloji təhlükəsizliyə müasir yanaşmaların tətbiqi ilə töhfə verilməsi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olmuşdur. Ölkədə tədqiqatlar üçün bölmə tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlərdən ikisi ("Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması", "Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması" və Maşınöyrənmə üsullarının və süni inttellektin biologiyada, kənd təsərrüfatında və tibbdə tətbiqi) əsasən qeyd edilən problemlərə və müasir yanaşmalarla onların həllinə hədəflənmişdir.

COP29-un gedişində iqlim dəyişikliklərinin dünyanın ərzaq təhlükəsizliyinə yaratdığı xüsusi təhlükə də başlıca müzakirə mövzularından olmuşdur. Müzakirələrdə qeyd edilmişdir ki, 2022-ci ildə 738,9 milyon insanın aclıqla üzləşdiyini və 3,1 milyarddan çox insanın sağlam qidalanmaya çıxışının olmadığını nəzərə almaqla, qlobal istixana qazı emissiyalarının təxminən 30 faizini təşkil edən kənd təsərrüfatı sistemi təcili olaraq transformasiya edilməlidir.

Müvafiq beynəlxalq, regional və milli təşkilatların, mütəxəssislərin, ekspertlərin iştirakı ilə keçirilmiş tədbirlərdə, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşvərətçi Qrup (CGİAR) və digər beynəlxalq qurumların birgə keçirdikləri "Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya" mövzusunda toplantıda mövcud problemlərin aradan qaldırılmasında, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə, onların təsirinin yumşaldılmasında digər amillərlə yanaşı, elm və innovasiyaların xüsusi rolu olduğu dönə-dönə vurğulanmışdır.

Azərbaycanda da fermerlər əvvəllər heç vaxt yaşamadıqları problemlərlə qarşılaşılar: iqlim göstəricilərində kəskin sıçramalar, daha yüksək orta temperatur, həddindən artıq isti günlərin sayının artması, vegetasiya mərhələlərində dəyişmələr, bəzən hədsiz quraqlıq, bəzən yüksək nəmlik stresi, suvarma sistemlərinin şoranlığa rəvac verməsi, xəstəlik və zərərvericilərin iqlimin təsiri ilə artması.

Ümumiyyətlə, COP29 dövründə ən çox müzakirə edilən mövzulardan biri də meşə sistemləri, müxtəlif məqsədlərlə meşələrin məhv edilməsi, bunun isə çayların, bulaq və kəhrizlərin qurumasına, torpaqların deqredasiyaya uğramasına, torpaq sürüşmə və uçqunlarına rəvac verməsi olmuşdur. Meşələrin qırılması ziyanın yalnız yarısıdır, fotosintez prosesində fəal iştirak edərək atmosferi oksigenlə zənginləşdirmək əvəzinə qırılan ağacların oduncağı yanacaq, sənaye xammalı və sairə kimi istifadə olunaraq karbon emissiyasının daha da artmasına vəsilə olur.

Təbii yaşıllıqların, eləcə də kənd təsərrüfatının uyğunlaşması üçün bitkilər uyğunlaşmalıdır, lakin onların yeniləşən iqlimlərdə həyat üçün dirəniş göstərməsini, məhsuldarlığını saxlamasını, xəstəlik və zərərvericilərə qarşı davamlılığını təmin edə biləcək heç bir "iqlim dəyişikliyi geni", heç bir "sehirli çubuq" yoxdur. 

COP29-un tədbirlərində iqlim dəyişikliklərinin fəsadlarının yumşaldılması, adaptasıya mexanizmlərinin, elmi nailiyyətlərin və innovasiyaların tətbiqi ilə bağlı Azərbaycanda beynəlxalq mərkəzlərlə əməkdaşlığı da nəzərə almaqla müəyyən təcrübə toplanmışdır.

İqlim dəyişiklikləri dövründə ərzaq və kənd təsərrüfatı sisteminin davamlılığı üçün ilk şərtlərdən biri əkin üçün şəraitə və tələblərə uyğun bitkilərin seçilməsi, əkinçilikdə diversifikasiyaya nail olunmasıdır. Burada söhbət həm növlərarası, həm də növdaxili - sort və hibrid müxtəlifliyindən gedir. Torpaq-iqlim şəraiti, yağıntıların mövcud və proqnozlaşdırılan səviyyəsi, yeraltı sular, temperatur, torpaq və suda duzların miqdarı, üfüqün tərəfi, meyilliyi və s. amillər nəzərə alınmaqla əkiləcək bitki növlərinin, daha sonra isə bu növlərə aid sort və hibridlərin seçilməsi, onların toxumçuluğunun təmin edilməsi elmin vəzifəsidir. 

Geniş miqyasda genetik müxtəlifliyin mövcudluğu, qiymətli nümunələrin yaxşı qorunub saxlanılması, onların bitki yaxşılaşdırılması proqramlarında səmərəli istifadəsi mühüm rola malikdir. Əkinçilik Elmi Tədqiqat İnstitutunda, digər sahə institutlarında böyük genofond toplanmış, bu nümunələr İCARDA (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) və CİMMYT-in (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz) pitomniklərindən gətirilən on minlərlə nümunə ilə birgə seleksiya proqramlarında səmərəli istifadə olunmuşdur və indi də olunur. 

İqlim dəyişikliyinə qarşı elmi fəaliyyətlərdə davamlılıq və uyğunlaşma əlamətlərinə malik bitki genetik ehtiyatlarının, xüsusən mədəni bitkilərin və xalq seleksiyası sortlarının toplanması, öyrənilməsi və mühafizəsi vacib mərhələdir. Akademik Cəlal Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunda yaradılmış Milli Genbankda, ölkədə mövcud olan digər genofond kolleksiyaları və bağlarında toplanmış və tədqiq edilmiş genetik müxtəliflik seleksiya proqramlarında daim dəyişən mühitədavamlı yeni sort və hibridlərin yaradılmasında istifadə olunur. Tək son 6-7 il ərzində ölkə üzrə 70-dən çox bu cür sort rayonlaşdırılmışdır. 

Yabanı bitki və vəhşi heyvan müxtəlifliyinin, xüsusən qırmızı siyahı növlərinin  itmək təhlükəsindən mühafizə edilməsi olduqca vacibdir. İtmək təhlükəsində olan bitki növlərinin müvafiq şəraitləri olan genbanklarda, nəbatat bağlarında toplanaraq qorunub saxlanması və lazım gəldikcə reintroduksiya fəaliyyətlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan təbii növlərin mühafizəsi və təbliği sahəsində yüksək təcrübəyə malik Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi (İUCN, 1948), Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF, 1961), BMT-nin Ətraf Mühit Proqramı (UNEP, 1972), BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının icraçı katibliyinin və digər beynəlxalq təsisatların, eləcə də İDEA kimi yerli biomüxtəlifliyin bərpasında mühüm rol oynayan milli təşkilatların COP29-un işində, COP29 sədrliyi ilə birgə keçirilən tədbirlərdə, panel müzakirələrində fəal şəkildə iştirak etmələri olduqca təqdirəlayiq və sevindirici faktlardır.

COP29 Sədrliyi, IUCN və UNEP tərəfindən təşkil edilmiş "Qlobal Liderlərin Dəyirmi Masa tədbiri: Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyətinin və Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması", COP29 Sədrliyi ilə Rio Konvensiyalarının (UNFCCC, CBD, UNCCD) birgə əməkdaşlığı çərçivəsində keçirilmiş "Rio-Trio Təşəbbüsünə həsr olunmuş yüksəksəviyyəli tədbir", İDEA-nın İUCN-lə birgə "İUSN-in Qırmızı Siyahısının planetimizi xilas etmək üçün çağırışı", WWF-lə birgə "Dəyişən iqlimdə bəbirlərin gələcəyinin təmin edilməsi" tədbirləri böyük maraqla qarşılanmış və gələcək fəaliyyətlərlə bağlı bir sıra qərarların əldə edilməsinə təkan vermişdir.

Bu təşkilatların da bütün müzakirələrdə vurğuladıqları kimi, mövcud olan və itirilmə təhlükəsi ilə üzləşən dəyərli genetik müxtəlifliyin qorunmasına təminat vermək üçün dünya miqyasında, xüsusən böyük dövlətlər tərəfindən daha davamlı institusional və maliyyə tədbirləri görülməlidir. 

Ölkə üçün aktual olan adaptiv su və torpaqqoruyucu texnologiyaların, biotəhlükəsizliklə bağlı problemlərin innovativ yanaşmalarla tədqiqi üzrə də Azərbaycanda müəyyən işlər görülür, lakin bunlar əsasən ənənəvi monitorinqlərin keçirilməsi, yeni texnologiyaların transferi və tətbiqi ilə məhdudlaşır. Milli tədqiqat sisteminin dünya səviyyəsinə çıxaraq proseslərə daha dərindən və daha fəal nüfuz etməsinə ehtiyac vardır.

Ətraf mühitlə, təbiətin, biomüxtəlifliyin öyrənilməsi və qorunması, ərzaq təhlükəsizliyi, insan sağlamlığı ilə bağlı tədqiqatlar sistemində rəqəmsallaşdırılma ölkənin əsas prioritetlərindəndir. Bir faktı qeyd edə bilərik ki, 2020-ci ildən etibarən ölkədə su və torpaqlardan istifadənin yüksək səmərəliliyinin təmin olunmasına xidmət edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılmışdır. İqlimlə əlaqəli tədqiqatlarda, xüsusən proqnozlaşdırmada, ekspert proqramlarının hazırlanmasında maşınöyrənmə üsullarının, süni intellektin tətbiqi gündən-günə genişlənir.

Rəqəmsallaşdırma və digər yüksək texnologiyalar da daxil olmaqla, elm və innovasiyaların tətbiqinə xüsusi ehtiyac olan digər bir sahə seleksiyanın məqsədyönlülüyünü artırmaq və müddətini qısaltmaqla bitkilərdə sürətlə dəyişən iqlim və torpaq şəraitinə uyğunlaşmanı vaxtında təmin etməkdən ibarətdir. Azərbaycanda genidəyişdirilmiş bitkilərdən istifadə qadağandır. Ölkə zəngin biomüxtəlifliyə malikdir, GMO bitkiləri isə ətraf mühitlə bərabər, bu müxtəlifliyi çirkləndirə, həşərat faunasına ziyan verə bilər. Ona görə də seleksiyada ənənəvi metodlarla molekulyar-genomiks texnologiyalarının vəhdəti arzuolunandır. 

Bu istiqamətdə Azərbaycanda son illərdə həm maddi-texniki baza, həm kadr hazırlığı, hən də tədqiqatların intensivləşdirilməsi baxımından müəyyən irəliləyişlərə nail olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparılan tədqiqatlar nümunə göstərilə bilər. Burada qeyd olunmuş istiqamətlərdə bir sıra mühüm fundamental və tətbiqi nailiyyətlər əldə olunmuş, rəqəmsal fenomiks, genomiks, molekulyar, biokimyəvi, morfo-fizioloji və biofiziki parametrlərin bioinformatik proqramlarla kompleks müqayisəli analizinin nəticələri artıq davamlı sortların yaradılmasında birbaşa tətbiq edilmişdir.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində davamlılıq kimi multimürəkkəb əlamətlərin genetik "arxitekturası"nın təyini üzrə tədqiqatlarda artıq irimiqyaslı genetik analizlər aparılır. Bu baxımdan son tədqiqatlarımızda buğda genomunda yüksək dəqiqliklə təsərrüfat əhəmiyyətli multimürəkkəb əlamətlərin genetik izlərini identifikasiya etmək məqsədilə GWAS (genome-wide association studies) - bütöv genom üzrə qiymətli əlamətlərlə ilişikli assosiasiyaların təyini analizi aparılmışdır. 

COP29 göstərdi ki, həm ümumən dünyada, həm də ayrı-ayrı ölkələrdə iqlim-stres amillərinin fəsadlarına qarşı davamlı sistemlərin qurulması və bu işdə elmin yüksək iştirakının təmin olunması üçün iri həcmdə maliyyə yatırımlarına ehtiyac var. Bəzi inkişaf etmiş dövlətlərin etinasızlığına baxmayaraq, müxtəlif səviyyələrdə qəbul edilmiş qərarlar bu sahədə də irəliləyişlərə nail olunacağına inam yaradır.

Azərbaycan "yaşıl dünya" naminə öz imkanlarından, o cümlədən maliyyə resurslarından maksimum istifadə təcrübəsi nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərin "yaşıl inkişaf" prinsiplərinə uyğun inkişafı istiqamətində önəmli layihələrə start verilməsi bunun sübutudur. Hazırda qarşıya Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvan MR-də "sıfır emissiya"ya nail olunması kimi çox mürəkkəb bir vəzifə qoyulmuşdur. Böyük qayıdış ərazilərində artıq ağıllı, süni intellekt metodlarına əsaslanan müəssisələrin, yaşayış məntəqələrinin yaradılmasına başlanmışdır. Bütün bu faktlar COP29-un yüksək kürsülərindən də dəfələrlə qeyd edilmiş və dünyanın "yaşıl gündəliy"ində qalmaqda davam edəcəkdir.

COP29-da iqlim dəyişikliyinin insan sağlamlığına təsiri də geniş şəkildə ən yüksək səviyyələrdə müzakirə olunmuş, bu problemin qoyuluşu, şərhi və həll yollarının axtarışına bir neçə tədbir həsr edilmişdir. Burada "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması" mövzusunda yüksəksəviyyəli "dəyirmi masa" qeyd edilə bilər. Tədbirdə "Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması" və "Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması" mövzularında sessiyalar keçirilmişdir. 

COP29 bir daha göstərdi ki, bu gün iqlimdən doğan problemlərin həlli kompleks elmi, multidissiplinar yanaşma tələb edir, burada tədqiqat və innovasiyalar təkcə texnoloji irəliləyişlərə deyil, həm də effektiv siyasi mövqe və qərarlar, adekvat potensialın və texniki yardımlar vasitəsilə araşdırmalar üçün əlverişli mühitin yaradılmasını tələb edir. COP29-un da aşkar göstərdiyi kimi, Azərbaycan elə bir inkişaf səviyyəsinə çatmışdır ki, iqlimin doğurduğu problemlərin həlli texniki və maliyyə resursları, eləcə də siyasi iradənin mövcudluğu baxımından tamamilə mümkündür. 

COP29-un Bakıda keçirilməsinin bir müsbət nəticəsi də onun Azərbaycanda insan kapitalının inkişafına verdiyi töhfələr hesab edilə bilər. 

İnanırıq ki, COP29  Azərbaycanın müvafiq elm sahələrinə, elmi mühitə yeni ruh gətirəcək, problemlərin daha aydın dərk edilməsi, elmi prioritetlərin düzgün qoyulması, atılacaq addımların sistemli xarakteri, elm və innovasiyalara istiqamətlənmiş investisiya qoyuluşları tezliklə dünyada və ölkədə daha böyük və uzunmüddətli faydaların əldə olunmasına imkan verəcəkdir.


İradə HÜSEYNOVA ,

AMEA-nın vitse prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!