20 Yanvar faciəsi xalqımızın tarixinə qürur və iftixar günü kimi yazılıb.
Bu qanlı faciənin baş verdiyi vaxtdan 35 illik bir zaman keçməsinə baxmayaraq, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda şəhid olanların xatirəsini həmişə hörmətlə anır, ehtiramla yad edir. İllərdən bəridir şəhidlərin dəfn olunduğu xiyaban xalqımızın müqəddəs ziyarətgahına və and yerinə çevrilib. Təkcə bu qanlı faciənin ildönümlərində deyil, ilin bütün günlərində şəhidlərin məzarı ziyarət olunur, ruhlarına dualar oxunur.
Yanvarın 20-sidir. Şəhidlər xiyabanına ziyarətə gələnlərin ard-arası kəsilmir. Səhər saatlarından başlayaraq xalq müstəqilliyi və azadlığı uğrunda şəhid olan oğul və qızlarının məzarını ziyarət edir. Şəhidlər xiyabanını ziyarətə gələnlər əllərində tər qərənfillər kövrək addımlarla məzarlara yaxınlaşırlar. Gözlərində qəm, çöhrələrində kədər qan rəngli qərənfilləri şəhidlərin məzarının üstünə düzür, xatirələrini ehtiramla anırlar.
Xiyabanın girəcəyindəki geniş meydanda hüzn günü ilə bağlı müxtəlif rəngli güllərdən ibarət diqqətçəkən kompozisiyalar düzəldilib. Bütün bunlar müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş şəhidlərə hörmət və ehtiramın ən parlaq əlamətidir. Böyük əziyyətlər bahasına yaradılmış bu kompozisiyalar ziyarətə gələnlərin diqqətini özünə cəlb edir.
Şəhidləri ziyarətə gələnlərlə görüşüb söhbət etdik, onların ürək sözlərini dinlədik. Övladı Rahillə ziyarətə gələn Reyhan Tahirqızı dedi ki, 35 il əvvəl keçmiş sovet imperiyasının əsgərləri tərəfindən törədilən qanlı faciə bu gün də ürəyimizi yandırır. Soyuq yanvar gecəsində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş vətənpərvər övladlarımızın işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaq. İllərdir ki, 20 Yanvar faciəsinin ildönümlərində əlimdə qərənfillər xiyabana gələrək qəhrəmanlıq tariximizə adları böyük hərflərlə yazılmış şəhidlərin məzarını ziyarət edirəm, ruhlarına dualar oxuyuram. Xalqımız şəhidləri heç vaxt unutmur və unutmayacaq da. Çünki onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçiblər. Bu günlər təkcə ölkəmizin paytaxtında deyil, bölgələrdə də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş təbbirlər keçirilir. Hər evdə, hər ailədə şəhidlərin xatirəsi əziz tutulur. Elə buna görədir ki, bu gün Şəhidlər xiyabanına gələn ziyarətçilərin ard-arası kəsilmir.
Sabirabad rayonunun Qəzli kəndindən ziyarətə gəlmiş Sakit Şirvanov bizimlə söhbət zamanı dedi ki, 20 Yanvar hadisələri xalqımıza qarşı törədilmiş bağışlanmaz cinayətdir. 35 il əvvəl, bu qanlı hadisə baş verən günlərdə biz kənddə idik. Xəbər yayıldı ki, sovet ordusu Bakı şəhərinə qoşun yeridir. Bu xəbəri eşidəndə biz tələsik Kürdəmir rayonuna üz tutduq. Deyirdilər ki, qoşun şəhərə oradan keçəcək. Məqsədimiz o idi ki, ölkəmizin paytaxtına gedən tankların qarşısını kəsək. Amma biz yola yaxınlaşanda gördük ki, artıq zirehli texnikaların kalonu Kürdəmirdən keçib üzü şəhərə tərəf irəliləyir. Buna görə də onların hərəkətinə mane ola bilmədik. Keçmiş sovet rəhbərliyi 20 Yanvar faciəsi ilə xalqımızın mübarizə əzmini qırmağa, zəiflətməyə çalışırdı. Amma bunun əksinə oldu, xalqımızın mübarizə əzmi daha da gücləndi, müstəqillik ideyası ümummilli amala və məqsədə çevrildi. 20 Yanvar hadisələri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə mayak rolunu oynadı. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki ölkəmiz gərgin mübarizələrdən sonra həm ərazi bötövlüyünü, həm də suverenliyini tam bərpa edib. Azərbaycanın bütün ərazilərində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımız tarixinin ən qürurlu və xoşbəxt günlərini yaşayır. İftixar dolu bu günlərin ömrü əbədi olacaq.
- 20 Yanvar faciəsi hər birimizin dərdi, sağalmayan yarasıdır, - deyə ziyarətçi Xədicə Kusayeva sözə başladı: "Bu qanlı faciə ağrımız, acımız olmaqla yanaşı, həm də xalqımızın istiqlal yolunun başlanğıcıdır. Yetmiş il sovet imperiyasının əsarət məngənəsində sıxılmış, əzilmiş xalqın azadlıq səsidir, müstəqilliyə can atmaq uğrunda cəsarət nümayiş etdirilən şərəfli tarixdir. Biz bu tarixin müqəddəsliyini, paklığını və zəruriliyini övladlarımıza, gələcək nəsillərə də çatdırmalıyıq. Qoy gələcək nəsillər tariximizi yaxşı öyrənsinlər, şəhidlərimizin hansı amal uğrunda canlarından keçdiklərini dərindən bilsinlər. Mən iki uşaq anasıyam. Amin və Ayan balaca olsalar da, onlara müstəqilliyimiz və suverenliyimiz uğrunda gedən mübarizədən ətraflı danışıram. İstəyirəm ki, onlar Vətən üçün gərəkli övlad kimi böyüsünlər. Bu gün də onları 20 Yanvar şəhidlərinin məzarını ziyarət etməyə gətirmişəm. Düşünürəm ki, tariximizi təkcə danışmaq yox, həm də övladlarımıza ətraflı şərh etməliyik. Ətrafıma baxanda görürəm ki, başqa valideynlər də övladlarını Şəhidlər xiyabanına gətiriblər. Deməli, gələcək nəsillər tariximizi daha da dərindən öyrənəcək, sabahımızın vətənpərvər, qəhrəman gəncləri kimi böyüyəcəklər".
Şəhidlər xiyabanına ziyarətə gələnlərin sayı getdikcə artır. Yaşından asılı olmayaraq, ayağı yer tutanların hamısı şəhidlərin məzarını ziyarət edir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidləri heç vaxt unutmayacaq, daim onları hörmətlə anacaq, ehtiramla xatırlayacaq.
Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"