Yanvarın 29-da ölkəmizdə yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə sayca 6-cı seçki keçiriləcək. Mojaritar qaydada keçiriləcək seçkilərdə yalnız bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanuna əsasən, bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında bələdiyyə üzvləri tərəfindən seçilir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə, ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500 nəfərdən az olan ərazilərdə 5, 500 nəfərdən 999 nəfərədək olan ərazilərdə 7, 1000 nəfərdən 4999 nəfərədək olan ərazilərdə 9, 5000 nəfərdən 9999 nəfərədək olan ərazilərdə 11, 10000 nəfərdən 19999 nəfərədək olan ərazilərdə 13, 20000 nəfərdən 49999 nəfərədək olan ərazilərdə 15, 50000-dən 99999 nəfərədək olan ərazilərdə 17, 100000 nəfərdən 299999 nəfərədək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.
Ölkə üzrə 685 bələdiyyə var. Yanvarın 29-da keçiriləcək seçkilərdə 16096 nəfər namizəd qeydə alınıb. Onlar 8071 yer uğrunda mübarizə aparırlar. Seçki marafonuna ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü qoşulub. MSK-nın sədri Məzahir Pənahov siyasi partiyaların bələdiyyə seçkilərində fəal iştirakına münasibət bildirərkən deyib ki, ötən seçkilərdə siyasi partiyalar bələdiyyə seçkilərinə o qədər ciddi yanaşmırdılar: "Lakin bu seçkilərdə 23 siyasi partiya iştirak edir. Bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər öz namizədliklərini irəli sürüblər".
MSK-nın sədri açıqlamasanda onu da vurğulayıb ki, seçkini izləmək üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb, xarici müşahidəçilər qeydiyyata alınmayıb. "Hesab edirəm ki, səsvermə günü aşkarlıq baxımından bütün tələbləri yerinə yetirəcəyik və yanvarın 29-u axşam və yanvarın 30-da ilkin nəticələri ictimaiyyətə çatdırmağa çalışacağıq", - deyə M.Pənahov qeyd edib.
Elşən QƏNİYEV,
"Azərbaycan"