Həzi Aslanov hərb salnaməsində yeni səhifələr açmışdır
Xalqımızın tarixboyu yaratdığı şanlı qəhrəmanlıq səhifələrinin mühüm bir dövrü İkinci Dünya müharibəsinə aiddir. 1941-1945-ci illərdə altı yüz mindən artıq soydaşımız müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub.
Onlardan 170 min nəfəri orden və medallarla təltif edilib, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçib. General-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da fədakarlığı ilə böyük qəhrəmanlıq tarixi yaradan Azərbaycan övladlarından biridir. Mahir hərbi sərkərdə Volqadan Baltik dənizinədək çətin, ağır döyüşlərdə mərdliklə iştirak edib.
Dünyanın faşizmdən qurtulması uğrunda gedən qanlı savaşlarda Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən vəfat edib və orada torpağa tapşırılıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol göndərişi ilə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinə yollanıb. Orada rota qəzetinin redaktoru olub. Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilib. İkinci Dünya müharibəısinə qədər sovet ordusunda taqım komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris atıçılıq hissə üzrə köməkçisi, batalyon komandiri, diviziya komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb.
İkinci Dünya müharibəsi başlananda Həzi Aslanov Ukraynada - Lvov vilayətində xidmət edirdi. Onda hələ kapitan rütbəsində idi. 1939-cu ilin sonunda o, Sovet-Fin hərbi münaqişəsi ilə əlaqədar könüllü olaraq Kareliyaya gedir. Tankçılar Həzi Aslanovun rəhbərliyi ilə Mannerheym səddini aşır və digər döyüş əməliyyatlarında iştirak edirlər. Sovet qoşunlarının qələbəsi nəticəsində 1940-cı il martın 12-də SSRİ ilə Finlandiya arasında sülh müqaviləsi imzalanır. Həzi Aslanov isə əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır. 1940-cı ilin noyabrında ona vaxtından əvvəl mayor rütbəsi verilir.
Hitler Almaniyası SSRİ-yə qarşı müharibə elan edəndə Həzi Aslanov öz tankçıları ilə düşmənin önünə ilk çıxanlardan olur. O, döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edir, hitlerçiləri ağır tələfata uğradır.
Moskva ətrafındakı vuruşmalarda qəhrəmanlığına görə Həzi Aslanov "Qırmızı Ulduz" ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə də onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Onun tankçıları vuruşaraq 40 kilometrdən artıq yol gedərək Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Bu qəhrəmanlıq nümunəsi Kotelnikovo yaxınlığında gedən döyüşlərdə daha böyük şücaətlə davam etdirilir. Öz tankçıları ilə düşmənin 30 əks-hücumunu dəf edən polkovnik-leytenant Həzi Aslanov bu döyüşdəki rəşadətinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülür. Bununla bağlı SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanında yazılmışdır ki, cəbhə komandanlığının döyüş tapşırığını nümunəvi surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, ona tabe olan hissələrə bacarıqla və mətanətlə komandanlıq etdiyinə görə, Həzi Əhəd oğlu Aslanova Sovet İttifaqı Qəhrəmanı, Aslanovun polkuna isə qvardiya adı verilir.
Qələbələr üçün doğulmuş mahir hərbçi
Sərkərdəlik bacarığını görərək 1943-cü il dekabrın 17-də onu hərbi sahədə biliklərini daha da təkmilləşdirmək üçün Zirehli Tank Qoşunları Akademiyasına göndərirlər. Üç aydan sonra o, doğma 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də Həzi Aslanova tank qoşunları general-mayoru ali hərbi rütbəsi verilir.
1944-cü ildə Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. H.Aslanovun komandiri olduğu briqada da bu qoşunların tərkibində idi. Əvvəlcə Belarusiyanın iri şəhər və dəmir yolları düşməndən təmizlənir. O, briqadadakı əsgər və zabitləri ilə böyük qəhrəmanlıq göstərərək iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki rəşadətinə görə 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq" ordeninə, general-mayor Həzi Aslanov isə "İkinci dərəcəli Suvorov ordeni"nə layiq görülür.
Bircə faktı yada salaq ki, təkcə 1944-cü ilin hücum döyüşləri ərəfəsində general Həzi Aslanov Ali Baş Komandanlıq tərəfindən 8 dəfə təşəkkür alır, iki dəfə "Qırmızı Ulduz", 3 dəfə "Qırmızı bayraq", "Aleksandr Nevski", "İkinci dərəcəli Suvorov Ordeni", "1-ci dərəcəli Vətən Müharibəsi Ordeni" və çoxlu sayda medallarla təltif olunur.
Onun müəmmalı ölümü
Azərbaycan xalqının zəngin hərb ənənələrini öz sərkərdəlik qüdrətində yaşadaraq şərəflə davam etdirən, Ali Baş Komandanlığın böyük rəğbətini qazanan 34 yaşlı gənc generalı müharibədən sonra bütün SSRİ miqyasında parlaq hərbi yüksəliş gözləyirdi. Əfsuslar olsun ki, müharibənin başa çatmasına təxminən üç ay qalmış amansız ölüm buna mane olur.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən general Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Mitava şəhəri yaxınlığında mina partlayışından dünyasını dəyişir. Onun ölümü ətrafındakı müəmmalar indiyə qədər tam aydınlaşmayıb. Arxiv materiallarına əsasən, 15 nəfərə yaxın yüksəkrütbəli zabitin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman onun durduğu yerdə qəflətən ardıcıl olaraq partlayan minalar düşmən işinə bənzəmirdi. Çünki onların olduqları yer düşmənin atəş mövqeyindən xeyli uzaqda idi. Üstəlik, şahidlərin sözlərinə görə, generalın yarası ağır olsa da, ölümcül deyilmiş.
Amma o, yaralı vəziyyətdə səhra hospitalına yerləşdirildikdən sonrakı hadisələrin gedişi yenə də müəmmalara bürünür. Tədqiqatçı-jurnalist Musa Bağırovun sənədlər, arxiv materialları, şahidlərin söylədikləri hadisələr əsasında yazdığı "Sərkərdənin taleyi" adlı kitabında (Bakı, 1999) bunlar hərtərəfli əksini tapmışdır. Orada göstərilir ki, hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqiaşvili Həzi Aslanovun sağ böyrək ətrafından ağır zədə aldığını söyləyir. Çoxlu qan itirən generala Beqiaşvili özü qan verir. "Vəziyyəti getdikcə yaxşılaşırdı... Qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində generalı səhra hospitalına çatdırdıq", - deyə Beqiaşvili öz xatirələrində qeyd edir.
Bundan sonra Həzi Aslanovun təcili olaraq Moskvaya aparılması əmri gəlir. General Beqiaşvilidən onunla birgə Moskvaya getməyi xahiş edirlər. "Mənə təcili olaraq hazırlaşmaq əmri verildi. Amma bir neçə dəqiqədən sonra bildirdilər ki, generalla mən getməyəcəyəm. Həzi Aslanovu müşayiət etmək üçün xüsusi həkim qrupu təyin edilib. Mən generalla sağollaşdım və briqadaya qayıtdım. 3 saatdan sonra dedilər ki, Həzi Aslanov keçinib".
Yaralandıqdan sonra general cəmi 23 saat müddətində sağ olub.
Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına təqdim olunması barədə sənədlərin məqsədli şəkildə itirilməsi faktı, bu məsələdə haqq-ədalətin yalnız 47 ildən sonra öz yerini tutması da az mətləblərdən xəbər vermir.
Tədqiqatçı-jurnalist Musa Bağırov Həzi Aslanovla bağlı həmin sənədi üzə çıxarmaqdan ötrü xeyli əziyyətlərə qatlaşır. General haqqında ilk filmini o, 1967-ci ildə lentə alır. 1983-cü ildə isə Azərbaycan televiziyasının sifarişi ilə Həzi Aslanov barədə sənədli film hazırlayır. Filmə ictimai baxışda iştirak edən veteranların söhbətindən məlum olur ki, H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilibmiş. Amma generalın komandiri olduğu hərbi hissə Pribaltika cəbhəsinin komandanı İvan Xristoforoviç Baqramyanın tabeliyinə veriləndən sonra həmin təqdimat da izsiz-soraqsız yoxa çıxmışdı…
Nəhayət, uzun sürən axtarışlardan sonra 14 avqust 1944-cü il tarixli təltif sənədində Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi göstərilir. Orada qeyd edilir: "23-30 iyun 1944-cü ildə Həzi Aslanovun rəhbərlik etdiyi 35-ci tank briqadası 580 yaşayış məntəqəsini azad etmiş, düşmənin 18 tank, 118 avtomaşınını məhv etmiş, alman ordusunun 580 zabit və əsgərini əsir götürmüşdür. Berezina çayını birinci keçərək Vileyka şəhərini azad etmişdir". Musa Bağırovun bu tapıntısından və SSRİ rəhbərliyinə müraciətindən sonra M.Qorbaçov və onun Şahnazaryan kimi daşnak xislətli əlaltıları sənədi nə qədər şübhə altına almağa çalışsalar da, buna nail ola bilməyiblər. 22 iyun 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi barədə fərman imzalanır.
Musa Bağırov mükafatı da götürüb Bakıya qayıdır, amma Vətəndə də məyusluqla üzləşir. Kimsə bunun tarixi dəyərini, Azərbaycan xalqı üçün əhəmiyyətini dərk edəcək təfəkkürdə olmur. AXC-Müsavat iqtidarının səriştəsiz rəhbərləri Həzi Aslanovun sovetlər üçün vuruşduğunu deyərək "Qızıl Ulduz" ordenini və medalı qəbul etməkdən açıq şəkildə boyun qaçırırlar.
Musa Bağırov mükafatları iki il evdə saxlamalı olur. "Heydər Əliyev hakimiyyətə gələndən sonra bir müşavirə keçirilirdi. Mən də orada çıxış etdim. Sonda isə Prezidentə yaxınlaşıb dedim ki, Həzi Aslanovun həmin orden və medalı iki ildir məndədir, heç kim qəbul etmir. O isə "Nə danışırsan?! Haradadır!? Tez onları mənə gətir!" - dedi. Səhərisi gün saat on bir tamamda ordeni də, medalı da götürüb Prezident Administrasiyasına getdim. Heydər Əliyev çox mehribanlıqla məni qucaqladı. Ordeni-medalı məndən təhvil aldı (9 may 1994-cü il)", - deyə Musa Bağırov təxminən 20 illik zəhmətinin nəticəsini, Ulu Öndərin qədirbilənliyini belə xatırlayır.
Hazırda general Həzi Aslanovun ikinci "Qızıl Ulduz"u Azərbaycan Tarix Müzeyinin ən qiymətli eksponatlarından biri kimi qorunmaqdadır. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızla yanaşı uyuyur.
Bu il anadan olmasının 115-ci ildönümü tamamlanan general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov Azərbaycanın sarsılmaz əzmini, güclü iradəsini rəmzləşdirən şəxsiyyətlərdəndir. Belə şəxsiyyətlərin öz ömürləri ilə yaratdıqları nümunələr xalqın ruhunu hər zaman oyaq saxlayır. Cəmiyyətin vətənpərvərlik tərbiyəsində, xüsusilə gənc nəslin mənəvi-əxlaqi dəyərlər ruhunda yetişməsində müstəsna rol oynayır.
İradə ƏLİYEVA,
"Azərbaycan"