Dünya İqtisadi Forumunda iştirak etmək həm də yüksək beynəlxalq nüfuzun göstəricisidir
"2025-ci ilin Dünya İqtisadi Forumu "Ağıllı Əsr üçün əməkdaşlıq" mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlılığın gücləndirilməsi müzakirə olunacaq".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib. Deputat bildirib ki, bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etməsi üçün çox vacib platformadır. Bu platformada iştirakımızın çox böyük əhəmiyyəti var. Onun fikrincə, ümumiyyətlə, Dünya İqtisadi Forumu iqtisadi olduğu qədər də siyasi əhəmiyyət daşıyır. Çünki foruma dövlət və hökumət başçıları, rəsmi nümayəndələr, biznes strukturlarının rəhbərləri, bir sözlə, 130 ölkədən 3000-ə yaxın yüksək səviyyəli nümayəndə toplaşacaq. "Forum çərçivəsində iqtisadi mövzularla yanaşı, siyasi məsələlər də müzakirə olunur. Dövlət başçımızın da bu forumda iştirakı çox əhəmiyyətlidir. Davosa etdiyi səfərin ilk günündə dövlət başçımız Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşıyan bir çox məsələyə münasibət bildirib. Azərbaycan Prezidentinin iqtisadi forum çərçivəsində digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşləri də ənənəvi xarakter alıb. Prezident İlham Əliyev yanvarın 20-də Davosda "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin ölkəmizlə əməkdaşlıq imkanlarının müzakirəsi baxımından çox əhəmiyyətlidir", - deyə deputat əlavə edib.
A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin tədbir çərçivəsində bir çox görüş keçirəcəyi, ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparacağı gözlənilir. Onu da qeyd edək ki, Azərbaycanın investisiya və biznes mühiti istər daxili, istərsə də xarici investorlar üçün əlçatandır.
Deputat hesab edir ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir: "Forumun hesabatları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabətqabiliyyətli iqtisadi mühitlə bağlıdır. Bu forumda da iştirakımız ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılmasına və investisiyaların cəlb edilməsinə töhfə verəcəkdir. Forum çərçivəsində dövlət başçılarının siyasi mövzularda müzakirələr aparması bir çox qlobal xarakterli məsələlərin həll olunmasına imkan verir. Eyni zamanda regional məsələlərin müzakirəsi yeni əməkdaşlığın formalaşmasına və ölkəmizin nüfuzunun daha da artmasına xidmət edir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"