Zaman-zaman çəkilmiş sənədli filmlər tarixin qiymətli gerçəkliklərini
qoruyub saxlayır. Ona görə də bu filmlərə həmişə böyük maraq və sevgi ilə
baxılır. Çünki bunlar tarixi öyrənmək baxımından çox dəyərli və qiymətli olur.
Dünən Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar
Respublikasının 100 illiyi münasibətilə çəkilmiş "Nuhun izi ilə" sənədli filminin təqdimat
mərasimi keçirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın
azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğulların ruhu birdəqiqəlik sükutla
yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış üçün söz Naxçıvan Muxtar Respublikasının Bakıdakı
daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova verildi. O dedi: "Bu gün
təqdimatına yığışdığımız "Nuhun izi ilə" filmi Naxçıvan Muxtar
Respublikasının 100 illiyinə həsr olunub. Ötən il dekabrın 30-da Naxçıvan
Muxtar Respublikasının 100 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Sərəncama uyğun
olaraq 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı silsilə
tədbirlər keçirilmişdir. Bu gün indiyə qədər keçirilmiş mədəni-kütləvi tədbilərə
daha möhtəşəm biri də əlavə olunur. Təqdim olunacaq sənədli film UNESCO-nun
layihəsi əsasında, həmçinin Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin
təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmişdir. "Nuhun izi ilə"
filminin müəllifi və rejissoru isveçli Mikael Silkeberqdir. Xatırladım ki,
M.Silkeberq ilk əcnəbi rejissordur ki, Şuşa azad olunandan sonra bu şəhər
haqqında film çəkmişdir. Hər iki film çox dəyərli və baxımlıdır. Olduqca
sevindiricidir ki, Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan
bütün sahələrdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik
inkişaf edir. Bu gün təqdim olunan sənədli film böyük mədəniyyət hadisəsidir.
Eyni zamanda bu, Ümummilli Lider Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini,
irsini, həmçinin müstəqil Azərbaycanımızın şərəfli tarixini, zəngin mədəniyyətini dünyada ləyaqətlə təbliğ edən Heydər Əliyev
Fonduna, onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehiban xanım Əliyevaya gördüyü işlərə görə minnətdarlığın ifadəsidir. Bu gün
hamımız Ulu Öndər Heydər Əliyev haqqında böyük sevgi, hörmət və ehtiramla
danışırıq. Ulu Öndər Azərbaycanı bugünkü kimi güclü, qüdrətli görmək istəyirdi.
Ümummilli Lider Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki bu böyük şəxsiyyətin
arzu və istəklərini Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata
keçirir".
Sonra Azərbaycan Respublikasının UNESCO-dakı milli
komissiyasının nümayəndəsi Mustafa Şabanov və rejissor Mikael Silkeberq çıxış
edərək "Nuhun izi ilə" filminin çəkilişlərindən, ərsəyə gəlməsindən ətraflı
söz açdılar.
Çıxışlar başa çatdıqdan sonra "Nuhun izi ilə" sənədli
filmi təqdim olundu. Filmin çəkilişləri Haçadağ, Əshabi-Kəhf ziyarətgahı, Əlincə
qalası, Ordubad rayonu, Gəmiqaya, Möminə Xatun türbəsi, Nuh peyğəmbərin türbəsi
və digər məkanlarda aparılıb. Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr
olunmuş "Nuhun izi ilə" filmi tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə
qarşılanacaq.
Vahid MƏHƏRRƏMOV,
İlham Babayev (foto)
"Azərbaycan"