20 Dekabr 2024 08:35
427
Mədəniyyət
A- A+
Mən yəhudiyəm, mən qarabağlıyam, mən azərbaycanlıyam

Mən yəhudiyəm, mən qarabağlıyam, mən azərbaycanlıyam


Milix YEVDAYEV: "Bizi Azərbaycandan ayırmaq mümkün deyil, biz nəinki dostuq, qardaşıq, biz Azərbaycanın ayrılmaz hissəsiyik"


"Azadlığından sonra ilk dəfə Qarabağa gedəndə yerlə yeksan olan bir məkan gördüm. Talanmış və yalnız quruca divarları qalmış evlər, dağıdılmış məzarlıqlar, dini ocaqlar, məhv edilmiş təbiət, düşmənin vandallığı insanı dəhşətə gətirirdi. Ancaq indi o diyarlardakı möhtəşəm quruculuq işlərinə  baxanda düşünürsən ki, Azərbaycanda yaşayan türk, yəhudi, ləzgi, udi, avar, talış... fərqi yoxdur, bütün xalqlar sözün əsl mənasında öz qızıl əsrlərini  yaşayırlar. İndi xalqımız üzüağ, gözü gülər, başıdik və qürurludur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən də yəhudiəsilli azərbaycanlı olaraq mən Qarabağ zəfəri ilə fəxr edirəm"...


Quba və Qırmızı qəsəbə... 


O, Qubada Qudyalçayın sol sahilində salınmış və dünyada dağ yəhudilərinin kompakt yaşadığı yeganə yer olan Qırmızı qəsəbədə yəhudiəsilli ailədə dünyaya göz açıb. Elə ömrünün ən şirin anlarla, ən xoş xatirələrlə bol dövrü də məhz "Qafqaz Yerusəlimi" adlandırılan bu qəsəbə ilə bağlıdır. Qırmızı qəsəbədə böyüyüb boya-başa çatıb, məktəbə yollanıb. İndi də böyük hörmətlə andığı savadlı, tələbkar və zəhmətkeş müəllimlərindən hərfləri, rəqəmləri, yazmağı, oxumağı öyrənib. Azərbaycan klassik şairlərinin - Xaqaninin, Nizaminin, Füzulinin... vurğunu olub, poeziyaya könül verib, ara-sıra özü də duyğularını misralara düzməyə başlayıb... 

Onun Qırmızı qəsəbədə keçirdiyi uşaqlıq, yeniyetməlik illəri ilə bağlı ən yaddaqalan anları isə, heç şübhəsiz, əziz bayramlarının - Roş-Ha-Şana, Yom-Kipur, Pesax, Sukkot, Şavuotın...  keçirildiyi günlərlə bağlıdır. 

"Yadımdadır, bayramlarda dədəmin (atamıza dədə deyərdik) əlindən tutub qəsəbədəki sinaqoqa gedərdim. Böyüklərimizin orada şam yandırmasına, dualar etməsinə, "Tövrat" oxumasına maraqla baxardım. 

Bir köhnə odun sobamız vardı, anam bayram günlərində həmişə orada südlü, qozlu, pendirli çörəklər, şirin kökələr bişirərdi... İndiyə qədər də həmin dadda, ətirdə çörək, kökə yeməmişəm. Bəlkə də onlara anamın əllərinin ətri dəydiyi üçün mənə o qədər ləzzətli gəlirdi, bilmirəm..."

Qubanın Qırmızı qəsəbəsindəki ata ocağının istiliyini, doğma hənirini ömrünün bu 78 illik çağında da dünənki kimi xatırlayan, uşaqlıq, yeniyetməlik, gənclik günləri, atalı-analı çağları üçün burnunun ucu göynəyən Dağ Yəhudiləri Dini İcmasının rəhbəri, "Şöhrət" və "Şərəf" ordenli Milix Yevdayevdir "Tolerantlıq ünvanı" rubrikamızın qonağı. Milix müəllimlə birlikdə onun Qırmızı qəsəbədən başlayan ömür yoluna xatirələr cığırıyla qısa səyahət etdik, ölkəmizdə min illərdir var olan dini dözümlülük, multikultural mühitdən söz açdıq, respublikamızın yəhudiəsilli vətəndaşı ilə birlikdə Azərbaycanın Qarabağ zəfərindən qürurla bəhs etdik. Bir haşiyəyə də çıxım ki, söhbətimiz Milix müəllimin dediyi həm Azərbaycan şairlərinin, həm də öz yazdığı şeirlərin müşayiəti ilə keçdi...   


"Çörək ağacının oğlu"


Əsrlərdir Yevdayevlər ailəsinin Azərbaycanda yaşadığını və bu torpağa dərin köklərlə bağlandıqlarını vurğulayan Milix Yevdayev söylədi ki, buna görə də hər zaman İsraili tarixi, Azərbaycanı isə ana vətənləri sayırlar.   

- Dədəm İlxanan Aqarunoviç Yevdayev 1941-1945-ci illər müharibəsində 5 il ərzində III Ukrayna Cəbhəsində Mozdokdan Avstriyanın mərkəzi Vyanaya qədər döyüş yolu keçmişdi. 1945-ci ildə isə o, vətənə qayıdaraq düz 40 il Qırmızı qəsəbədə və Qubada çörəkbişirən işləyib. Həmin illər bütün ölkədə vəziyyət çətin idi. Sonradan böyüklərimizdən eşitmişdim ki, dədəm pulsuz çörək almağa gələnləri də heç zaman əliboş geri qaytarmayıb. Görünür, elə bu səbəbdən qəsəbədə çox az adam onu öz adı ilə çağırar, əksəriyyət dədəmə "çörək ağacı" deyərdi. Bugünün özündə də Qırmızı qəsəbəyə və Qubaya gedəndə o dövrün yaşlı insanları məni görən kimi deyirlər ki, "çörək ağacının oğlu" gəldi"... Bu ad mənim üçün dünyanın ən təmtəraqlı titullarından da əzizdir... 

Dədəm yəhudiəsilli Batsion Asafovna Aqababayeva (Yevdayeva) ilə ailə qurub və onlar birlikdə 60 il ömür sürüblər, 6 övlad böyüdüblər. Dədəmin aman-zaman bir qardaşı olub.  O, 1946-cı ildə 34 yaşında vəfat edib.  Buna görə dədəm əmimin dörd övladını da bizimlə birlikdə böyüdüb. Ana tərəfimin kökü isə indiki İranın Gilan vilayətindən olub. Anamın babasının babası qardaş-bacısı ilə birgə XVII əsrdən Qırmızı qəsəbəyə köçüb. Kompakt yaşamaq yəhudilərə xasdır. Buna görə onların burada yaşadıqları məhəllənin adı "Gilan" adlandırılıb. Həmin vaxt bu qəsəbə Yəhudi qəsəbəsi adlanırmış. 1920-ci ildə Qırmızı Ordu Azərbaycanı tutduqdan sonra qəsəbənin adını çevirib Qırmızı qəsəbə qoyublar. 


Nağıl kimi dünya


Uşaqlıq dövrü ilə bağlı ən xırda detalları da xatırladığını deyən Milix Yevdayev söyləyir ki, o zaman indiki kimi firavanlıq yox idi. Atası çörəkçi olduğu üçün evdə aclıq sarıdan korluq çəkməsələr də, geyim-kecimləri haqqında bunu demək olmazdı.

- Gündüzlər evdə süfrə açılmazdı. Dərsdən gələndə bir tikə pendir-çörək atışdırardıq. Axşamlar isə mütləq evdə süfrə salınardı, amma evimizdə belə bir qayda var idi ki, dədəm evdə olmasa idi, qazanın ağzı açılmazdı... Bu, ailənin böyüyünə hörmətin ifadəsi idi...

Dədəm çox çətinliklə də olsa, zəhməti ilə əmimin dörd qızını böyüdüb, onların toy-düyünlərini edib. 

Məktəbi bitirənə qədər qəsəbənin 1 nömrəli tam orta məktəbində oxumuşam. Ravinoviç soyadlı ibtidai sinif müəllimim qəsəbəmizin ravviniydi. Onlar nəsillikcə ravvin idilər. O, düz 54 il həmin məktəbdə dərs dedi. O qədər tələbkar müəllim idi ki... Xatırlayıram ki, hüsnxət dərsində hərfləri düz yazmayanda, zoğal çubuğu var idi, onunla sağ əlimizə vurardı ki, düz yazın. Həmin zoğal çubuğunun "qorxusu"ndan sinifdə hamının xətti "inci" kimi olardı. Hərdən şuluqluq edəndə bizə qulaqburması da verərdi. Amma heç kim inciməz, şikayət etməzdi. İnanın ki, onun dediyi dərs sonrakı həyatım üçün bünövrə oldu. İndi də ilk müəllimlərimi müqəddəs insanlar kimi xatırlayıram və onlardan sonra müəllim məfhumu mənim üçün müqəddəs şəxsə çevrilib. 

Ümumiyyətlə, orta məktəbdə bütün müəllimlərimiz seçilmiş şəxslər idilər. Bizi tənbeh də edirdilər, amma əsas o idi ki, hamımızı ürəkdən, öz övladları kimi sevir, biliklərini bizə aşılayırdılar, öyrədirdilər. Azərbaycan dili və ədəbiyyatı müəllimlərimiz Şifro Yaqubova və Yaqub Yaqubov qardaş-bacı idilər. VII sinfə qədər bizə bacı, sonra qardaşı dərs demişdi. Onlar bizə ədəbiyyatı elə sevdirdilər ki, hətta buna görə məndə ədəbiyyata, xüsusilə poeziyaya həvəs yarandı. İndiyə qədər də poeziyanı sevirəm. Görürsünüz, stolumun üstündə şairlərimizin şeir kitabları var. Gündəlik heç olmazsa Azərbaycan ədəbiyyatından 50 səhifə poeziya mütaliə edirəm. Azərbaycanın klassik şairlərini, eyni zamanda Səməd Vurğunu, Rəsul Rzanı, Tofiq Bayramı, Nəriman Həsənzadəni və başqalarını mütaliə etməyi çox sevirəm. Şair Nəriman Həsənzadə ilə yaxın dostam. Hərdən özüm də cızma-qara edirəm...

Bilirsiniz, indi də ötən günlərin gözəl xatirələri ilə yaşayıram. İnsan illər ötdükcə xatirələrə bağlanır və o xatirələr də bir nağıla çevrilir. O nağılı isə heç kəsə vermək istəmirsən. Çünki o nağıl sənindir. 


Nağıl danışardı nənəm gecələr, 

Nağılla dolardı sinəm gecələr. 

Nağıllı günlərim qayıdan deyil,

Qayıdıb yanğımı soyudan deyil, 

Nağıl kimi gəlir, mənə bu dünya.


Vətən yolu


Milix Yevdayev danışdı ki, Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirəndən sonra onu Moskvadan çox uzaqda olmayan bir qəsəbədə işləməyə göndərirlər. Ancaq o, Moskvada Yüngül Sənaye Nazirliyinə gedib həmin yerdə işləmək istəmədiyini bildirir. Bu dəfə isə Milix müəllim işləmək üçün məcburən şaxtası iliklərə işləyən Sibir vilayətinə məxsus Ulyanov şəhərini seçməli olur.  

- Səhəri gün ora getmək üçün nazirliyə sənədlərimi götürməyə gəldim. Payız aylarıydı deyə hava soyuq və çiskinliydi. Mən isə nazik pencəkdə idim. Orada olan 60 yaşlarında bir qadın halıma baxıb dedi ki, bala, belə niyə geyinmisən? Bilirsən ki, hara gedirsən? Bu vəziyyətdə orada donarsan. Cavab verdim ki, nəyim varsa əynimdədir və ora getməkdən başqa seçimim yoxdur. Qadın dedi ki, yaşadığın yerə getmək istəyirsənsə, sabah gəl, əgər nazir məktuba qol çəksə, səni Azərbaycana göndərərik. Elə də oldu. Mənə yaşadığım yerdə işlə təmin olunmaq üçün icazə verildi. 

Qayıdıb Azərbaycana gəldim və 1 nömrəli ayaqqabı fabrikində işə düzəldim. Orada işlədiyim bir il müddətində vəzifəm nəzarətçidən sexin texnoloquna qədər, maaşım isə 68 manatdan 140 manata yüksəldi. 

O zaman yüngül sənaye nazirinin müavini olan Tahir Qafarov vaxtilə diplom rəhbərim olmuşdu, eyni zamanda diplom müdafiəsində müdafiə komitəsinin sədri idi. Onun həm diplom işimdən, həm də müdafiə zamanı çıxışımdan xoşu gəlmişdi deyə bir dəfə mənə təklif etdi ki, nazirliyə yanına işləməyə gəlim. Qəbul etdim və bir aydan sonra nazirlikdə işləməyə köçürüldüm. Beləliklə, 1972-ci ildən Yüngül Sənaye Nazirliyi bağlanana qədər orada işlədim, mühəndislikdən şöbə rəisinə qədər yüksəldim və elə oradan da təqaüdə çıxdım. 

Onu da deyim ki, nazirlikdə işlədiyim dövrdə Belarus Xalq Təsərrüfatı İnstitutunda da təhsil aldım. Təqaüdə çıxdıqdan sonra isə Dağ Yəhudiləri Dini İcmasına sədrlik etməyim məsləhət görüldü və qəbul etdim. Artıq 10 ildən çoxdur bu vəzifəni icra edirəm.

Dağ Yəhudiləri Dini İcmasının sədri söylədi ki, Azərbaycanda yəhudi xalqının yaşayıb inkişaf etməsi üçün digər dövlətlərdən də yaxşı şərait var. 

- Sinaqoqa gəlmisiniz və gördünüz ki, qapılarımız taybatay açıqdır, amma Avropada, Fransada gedib bir sinaqoqa sərbəst şəkildə girə bilməzsən. Hər 10 addımdan bir bu məkanları avtomatlı, silahlı əsgərlər qoruyur. Biz isə bütün dini ayinlərimizi sərbəst yerinə yetiririk. Azərbaycan Prezidenti İlham Əliyev hər bir vətəndaşın prezidenti olduğunu təsdiqləyir. Biz bunun əməldə icrasının tam mənası ilə şahidi oluruq. Yəhudiəsilli vətəndaşlar Azərbaycan xalqının istifadə etdiyi bütün imtiyazlardan sərbəst yararlanırlar. Bu sinaqoqu dövlət tikib bizə hədiyyə verib. Möhtərəm Prezident İlham Əliyev hər il icmamıza maliyyə yardımı ayırır, bayramlarımızda bizi təbrik edir. Dövlət tərəfindən Bakıda sinaqoqun yanında bizə torpaq sahəsi ayrılıb və hazırda orada  4 mərtəbəli dini-mədəni mərkəz tikilir. 

Paytaxtımızda mühüm küçələrdən biri Milli Qəhrəman Albert Aqarunovun adını daşıyır. Həmin küçədə Albertin şərəfinə möhtəşəm heykəl ucaldılıb. Belə bir nümunə heç bir ölkədə yoxdur.

Bütün bunlara görə dövlətimizin başçısı İlham Əliyevə şeir həsr etmişəm və həmin şeirimi ilk dəfə məhz cənab Prezidentin özünə oxumuşam. 


Alqış söyləyirik, Prezident, sizə,

gözəl bir sinaqoq bəxş etdiz bizə.

Doğmasız, əzizsiz hər birimizə,

dərin minnətdarıq, Prezident, sizə.


Odlar yurdumuzun mətin oğlusan,

Heydər məktəbinin davamçısısan,

Vətənə, xalqına arxa-dayaqsan,

dərin minnətdarıq, Prezident, sizə.


Xalqların yaşayır indi dinc, rahat,

Yaşayış yüksəlir, hər gün, hər saat.

Xalqın üçün daim yaşa, qur, yarat,

dərin minnətdarıq, Prezident, sizə.


Hər eldən, obadan sizə var salam,

hamının qəlbində sizədir inam.

Humanist prezident, mehriban insan,

dərin minnətdarıq, Prezident, sizə.


Məhz Azərbaycan xalqının yüksək mədəniyyəti ölkəmizdə tolerantlığın yaranmasında məhək daşıdır. Tolerantlıq və multikultural mühit elə bir məfhumdur ki, o, sehrli çubuq vasitəsilə yarana bilməz. İnsanların şüurunda, həyat tərzində, qəlbində xalqa, millətə, ölkəyə, əhatəsinə sevgi olmasa, bu mühitdən danışmaq mümkün deyil. 

Bir neçə il əvvəl Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə  Fransada multikulturalizmlə bağlı keçirilən bir konfransa getmişdik. Orada Parisin ravvini Rav Xaym çıxışı zamanı söylədi ki,  etiraf etməyə məcburuq ki, biz Fransada küçədə fransız, evdə isə yəhudiyik. Bu söz məni tutdu. Söz veriləndə dedim ki, Rav Xaym, sizdən fərqli olaraq biz Azərbaycanda küçədə də yəhudiyik, evdə də...

O vaxt birinci xanım Mehriban Əliyeva konfrans iştirakçılarını Azərbaycana dəvət etdi ki, gəlib ölkəmizdə olan multikultural mühiti öz gözləri ilə görsünlər.   

Rəhmətlik Ulu Öndər Heydər Əliyev deyirdi: "Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür". 

Balığı sudan ayırdınmı, candan ayrılar. Biz yəhudilərin də Azərbaycana və Azərbaycan xalqına, ana yurda eşqimiz var. O eşq gəldi-gedər deyil. Fikir vermisinizsə, dünyanın harasında olursaq olaq, soruşanda fəxrlə deyirik ki, azərbaycanlıyıq. 


Babəklərin gur səsində,

Koroğlular nərəsində,

Tarixlərin səhifəsində

qızıl hərflə yazılasıyıq,

biz azəri balasıyıq.


Həm Birinci, həm İkinci Qarabağ müharibəsində yəhudi övladları da cəsarətlə vuruşublar. Albert Aqarunovun qəhrəmanlığının özü tarixi epopeyadır. Bütün bunlar yəhudilərin Azərbaycana olan bağlılığının bariz göstəriciləridir. Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Biz nəinki dostuq, qardaşıq, Azərbaycanın ayrılmaz bir hissəsiyik. Biz dil açandan iki dildə danışırıq, həm Azərbaycan, həm də yəhudi dilində.


Okeanın o tayında erməni təəssübkeşlərini təkbaşına susdurdu


Hələ Vətən müharibəsinə qədərki dövrdə özünün də ölkəmizin milli maraqlarını dünyanın əksər yerlərində, o cümlədən ABŞ-də, hansı ki, erməni lobbisi burada çox güclüdür, müdafiə etdiyini deyən Milix Yevdayev vurğulayır ki, heç zaman haqq sözünü deməkdən çəkinməyib və bu gün də eyni mövqeni sərgiləyir: 

- ABŞ-nin Kaliforniya ştatında 1 milyona yaxın sayı olan erməni diasporu yaşayır. Onlar 2015-ci ildə Kaliforniya Senatına qətnamə vermişdilər ki, bu ştat erməni separatçılarının yaratdığı dırnaqarası Dağlıq Qarabağı tanısın. Los-Ancelesə ezam olunaraq Senatda bu qətnaməyə qarşı çıxış etdim. Həm mənə, həm də erməni çıxışçıya hərəmizə 5 dəqiqə vaxt ayırmışdılar. Hansı dildə danışacağımı soruşanda dedim ki, ingilis dilini bilirəm, amma doğma Azərbaycan dilində danışacağam. Dedilər ki, o zaman sənə 5, tərcüməçiyə 

5 dəqiqə vaxt veririk, eyni zamanda erməni çıxışçının vaxtını 10 dəqiqə artırırıq. Orada altı nəfər erməni deputat var idi, onlardan biri isə Bakı ermənisi idi. Onlar mənə sual etdilər ki, azərbaycanlı deyilsiniz, amma bu necə olur ki, 17 min kilometr uzaqdan gəlib, Azərbaycanı müdafiə edirsiniz? Dedim ki, bəli, yəhudiəsilliyəm, amma Azərbaycan vətəndaşıyam. İsrail tarixi, Azərbaycan isə doğma vətənimizdir. Siz indi bu qətnamə ilə müharibəni qızışdırırsınız, lakin o müharibədə nə siz, nə də sizin övladlarınız vuruşmayacaq. Savaşanlar yenə azərbaycanlılar və Azərbaycanda yaşayan xalqların övladları olacaq.   

İndi eyni sualı özünüzə qaytarıram ki, bəs sizin nə marağınız var ki, 1000 kilometrlərlə uzaqdan Azərbaycanı hədələyirsiniz? Burada olanlardan bir nəfər durub desin ki, Qarabağı görüb. Heç kəs görməyib. Oradakı əsl vəziyyətdən də xəbəriniz yoxdur. Ancaq müharibəni qızışdırırsınız. İstəyim odur ki, müharibə olmasın, nə erməni, nə azərbaycanlı analar ağlamasın... 

Səhəri gün onların qəzetlərinin birində çap olunan məqalədə yazılmışdı: "Bakıdan olan bir nəfər yəhudi kamikadze bir milyonluq erməni diasporu ilə döyüşə gəlib..." 

1987-ci ilin noyabrına qədər işimlə əlaqədar demək olar ki, ildə iki-üç dəfə Qarabağ bölgəsinə ezamiyyətə gedirdim, Xankəndidə çox olurdum. Burada yaşayanların necə zəhmətkeş, qayda-qanuna riayət edən insanlar olduqlarına şəxsən şahid idim. Həm azərbaycanlılar, həm ermənilərlə görüşürdüm, dəvət edirdilər, qonaqları olurdum, toylarında iştirak edirdim. Yəni mehribançılıq var idi... 

Qarabağda hadisələrin bu cür faciəvi hala gəlib çıxmasına xaricdən, Ermənistandan gələn ermənilər səbəb oldular. Aranı qızışdırdılar və 1988-ci ilin fevralında hadisələr başladı. Azərbaycanlılara qarşı soyqırımları, qətliamlar törədildi, vətəndaşlarımız yurdlarından didərgin salındı, torpaqlarımız işğal altına düşdü.


"Onda bildim ki, qayıdır Vətən"


- Vətən müharibəsinin üçüncü günü - sentyabrın 30-da artıq cəbhə bölgəsində idim. Düşmənin döyüş meydanından uzaqda yaşayan rayonlarımıza yağdırdığı bombaları gözlərimlə gördüm. Ancaq bu bombardmanlara baxmayaraq, heç kəs yurdunu tərk etmirdi. Ümumiyyətlə, xalqımız çox böyük vətənpərvərlik hissi yaşayırdı, ruh yüksəkliyi içərisində idi. Bu da əminlik yaradırdı ki, Vətən müharibəsində Azərbaycanın yüz, iki yüz minlik yox, on milyonluq ordusu düşmənlə savaşırdı. Eyni zamanda da Qarabağın xilaskarı möhtərəm Prezidentimiz İlham Əliyev Vətən müharibəsi günlərində informasiya savaşı apararaq beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırırdı. Həmin zaman beynəlxalq KİV-ə 30-dan çox müsahibə verən və qərəzli jurnalistləri yerində oturdan Müzəffər Sərkərdəmiz dünyaya sübut etdi ki, Azərbaycan və Azərbaycan Prezidenti kimdir. 

44 günlük savaş boyu Prezidentimizin sərgilədiyi qətiyyətli siyasəti görəndə  tam əmin oldum ki, çox tezliklə torpaqlarımız azad olunacaq. 


Səsində Koroğlu nərəsin gördüm,

Gözündə Tanrının nurunu gördüm,

Dizində Koroğlu təpəri gördüm,

Onda bildim ki, qayıdır Vətən.


İki yüz il boyu ermənilərin şərinə düşən Azərbaycan xalqı çox zülm gördü, zillət çəkdi. Amma sınmadı, sonda haqqı, ədaləti bərpa etdi, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olundu. Bu dünyada hər şeyin sahibi olmaq olar, amma xoş günü qazanmaq lazımdır. Qalib Liderimiz İlham Əliyev bu ölkədə yaşayan milliyyətindən, dilindən, dinindən asılı olmayaraq, bütün xalqları xoş günlərin yiyəsi, başıuca, qürurlu etdi... 

İndən sonra isə xalq olaraq üzərimizə düşən vəzifə ölkəmizin milli maraqlarını göz bəbəyimiz kimi qorumaqdır. 

Bu yazı vasitəsilə Milix Yevdayevin 78 illik ömür yolunun timsalında Azərbaycanda doğulan, bu torpağa ürəkdən bağlı olan dağ yəhudilərinin ölkəmizdəki yaşam tərzinə ötəri işıq tutmağa, əsrlərdir Odlar diyarında kök salaraq yaşayan bu insanların Azərbaycanda min illərdir var olan tolerantlıq mühitində xalqımızla necə qaynayıb-qarışdıqlarını göstərməyə çalışdıq. Ruhi saflığın hökm sürdüyü sinaqoqda Milix Yevdayevlə müsahibəmiz zamanı nədən danışsaq da, elə söhbətimiz hərlənib-fırlanıb Azərbaycan xalqının tarixindən, keçmişindən süzülərək bu günə qədər gələn və milli-mənəvi dəyərləri arasında başlıca yeri tutan tolerantlığın üstünə yön aldı... Tolerantlığın elə həm də azərbaycançılıq olduğunun danılmaz gerçəkliyi vurğulandı... 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!