"Qoca qitə"də terror hücumlarının və cəhdlərinin
sayı dörd dəfə artıb
Almaniyanın Maqdeburq
şəhərində təşkil olunmuş Milad yarmarkasında terror aktı törədilib. Meriya yaxınlığındakı köhnə bazarda bir nəfər
avtomobilini Yeni il hədiyyələri almağa
gələn camaatın üstünə sürüb. Çoxlu sayda insanın yaralandığı bildirilir. Həlak
olanlar da var.
Hücum faktını Almaniya hökumətinin sözçüsü Matias Şuppe təsdiqləyib.
Polis 80 nəfərin yaralandığını bildirib. Onlardan 15-nin vəziyyəti ağırdır.
Saksoniya-Anhalt federal əyalətinin baş naziri Rayner Haseloffun sözlərinə görə,
terror aktı nəticəsində biri azyaşlı uşaq olmaqla iki nəfər dünyasını dəyişib.
Terrorçu hücumdan dərhal sonra saxlanılıb.
"Die Welt" qəzetinin məlumatına görə, hücum edən
1974-cü il təvəllüdlü kişidir. O, Səudiyyə Ərəbistanından 2006-cı ildə
Almaniyaya gəlmiş həkimdir.
Həftəlik "Der Spiegel" 50 yaşlı şübhəli Taleb əl-Abdulmohsenın
psixiatr və psixoterapevt olduğunu aydınlaşdırıb. "Frankfurter
Rundschau" qəzeti onun haqqında hələ 2019-cu ilin martında yazmışdı:
"Taleb əl-Abdulmohsen 2006-cı ildən Almaniyada yaşayır. O,
psixoterapevt ixtisası almaq üçün
Almaniyaya ziyarətçi həkim kimi gəlib və dindən uzaqlaşdıqdan sonra vətənində
ölümlə hədələndiyi üçün sığınacaq istəyib.
44 yaşlı həkimin siyasi qaçqın statusu var".
Ekspertlər baş verənləri ilk növbədə Yaxın Şərqdəki hadisələrlə əlaqələndirirlər. Solingen şəhərində
Almaniyaya sığınacaq üçün müraciət edən 26 yaşlı suriyalı gəncin avqustun 23-də
şəhər festivalı zamanı 3 nəfəri bıçaqladığı və 8 nəfəri yaraladığı iddia edilən
qırğından sonra İslam Dövləti (İD) terror qruplaşması bu hücum üçün məsuliyyəti
öz üzərinə götürüb.
Bununla belə İŞİD-in məsuliyyətini üzərinə götürdüyü ən
böyük terror aktı Qərbi Avropada deyil, 2024-cü ilin martında Moskvada baş
verib, o zaman Crocus City Hall konsert zalında törədilən terror aktı nəticəsində
140-dan çox insan həlak olub.
Ekstremizmin qarşısını almaq və zorakı cinayətkarları
deradikallaşdırmaq üçün işləyən Zorakılığın Qarşısının Alınması Şəbəkəsinin
(VPN) eksperti Tomas Müke deyir: "Ekstremistlər Yaxın Şərqdəki mövcud
münaqişədən qüvvələri səfərbər etmək üçün istifadə edirlər. 2023-cü il
oktyabrın 7-dən etibarən Qərbi Avropada terror hücumlarının və hücum cəhdlərinin
sayında dörd dəfə artım qeydə alınıb".
Solingen qətliamı bir neçə həftə ərzində Avropada baş verən
bir sıra hücum və hücum cəhdlərindən biridir. Lakin İŞİD-in həmişə onların
arxasında olub-olmadığı bəlli deyil və baş verən bütün hadisələrdə ancaq
radikal islamçıları günahlandırmaq qərəzli mövqedir.
Solingen hücumu ilə eyni gündə Fransanın cənubunda iki
minalanmış avtomobil partladılıb.
Amerikalı müğənni Teylor Sviftin avqustun əvvəlində Vyanada
planlaşdırılan konsertindən bir müddət əvvəl Avstriya hakimiyyəti iki nəfəri həbs
edib. Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsi bildirib ki, əsas şübhəli
Şimali Makedoniya əsilli 19 yaşlı avstriyalı həbs edilərkən "özünü və
mümkün qədər çox insanı öldürmək" istədiyini deyib. Sviftin konsertləri ləğv
edilib.
Mayın sonunda Almaniyanın cənubundakı Mannheym şəhərində bir
əfqan kişi polis əməkdaşını öldürüb və
daha beş nəfəri ağır yaralayıb.
7 oktyabr 2023-cü ildən bəri Qərbi Avropada 8 terror aktı və
21 cəhd və ya planlaşdırılan hücum rəsmi olaraq qeydə alınıb. Tomas Mükenin
sözlərinə görə, bu dalğa gözlənilməz deyil: "İD təbii olaraq qorxu yaymaq
və cəmiyyəti parçalamaq məqsədilə Qərbi Avropanı hədəfə alıb ki, onlar öz
sıralarına daha çox insan cəlb etsinlər".
Ekspertlər hesab edirlər ki, Avropa artıq terrora təslim
olub. Bunun əsas səbəblərindən biri də avropalıların miqrantların
assimilyasiyasına töhfə vermək istəməməsidir. Bu, müsəlmanlara və digər
dini etiqadlı miqrantlara qarşı zülm və
ayrı-seçkiliyə gətirib çıxarır, nəticədə onlar terrorçuya çevrilirlər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"