"Cənubi Qafqaz regionunda bütün mənalarda yeni vəziyyət yaranıb. 2020-ci ildə Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 2023-cü ildə bütün ərazilərimiz boyunca suverenliyimiz dönməz şəkildə təmin edildi. Bu, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan tarixinin yeni mərhələsidir".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, yeni obraza sahiblənmiş və ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş Azərbaycan bu gün həm beynəlxalq münasibətlər, həm də beynəlxalq iqtisadi əməkdaşlıq sistemində iştirak edir. Təbii ki, yeni şərait fonunda Azərbaycanda ölkə prezidentinə xalqın mandatının yenilənməsi məntiqlidir.
Deputat hesab edir ki, bu, tarixi zərurətdir, çünki Azərbaycanın yeni mərhələsinə müvafiq olaraq qarşıda tamam yeni keyfiyyətdə inkişaf hədəfləri qoyulub: "Bu baxımdan yeni mərhələnin prezident seçkiləri ölkə rəhbərinə daha ciddi hədəflərimizə çatmağımız üçün yeni mandat verəcək. Bu, çox əhəmiyyətlidir və bizim gələcək inkişafımız, təhlükəsizliyimiz baxımından vacibdir. Azərbaycanın müstəqillik tarixində heç bir seçki bütün ərazilərimiz boyunca suverenliyimizin mövcudluğu fonunda keçirilməyib. İlk prezident seçkiləri 1991-ci ilin sentyabrın 8-də keçirilib, amma onda artıq Azərbaycan ərazisində separatçı qondarma bir rejim yaradılmışdı".
E.Mirbəşiroğlu vurğulayıb ki, Prezident İlham Əliyevin də dediyi kimi, yeni şəraitdə, yeni mərhələdə ilk olaraq prezident seçkilərinin keçirilməsi çox ədalətlidir. Bu, həm bizim yeni mərhələmizin tələblərinə, həm də Azərbaycan cəmiyyətinin gözləntilərinə uyğundur. Müstəqillik tarixində ilk dəfə bütün ərazilərimizi əhatə edəcək seçkilərdə cəmiyyət üzvləri ölkənin rəhbərini seçmək üçün öz səs hüquqlarından istifadə etmək istəyindədirlər. Bunun özü mənəvi və psixoloji məsələdir.
Deputat hesab edir ki, bu seçkilər cəmiyyətin hər bir üzvünün həyatında xüsusi tarixi hadisədir: "Bu baxımdan cənab Prezidentin vurğuladığı kimi, ilk seçkilərin məhz prezident seçkiləri olması vacib və çox məntiqlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan qarşısına kifayət qədər ciddi hədəflər qoyub. Dövlət başçısının təşəbbüsü ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunub və bu prioritetlər bütün mənalarda ölkəmizin rifahını təmin edəcək kompleks fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Burada yer alan istiqamətlərdən ikisini xüsusi qeyd etmək lazımdır. Bunlardan birincisi, işğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdışın təmin olunması, effektiv məskunlaşmanın həyata keçirilməsi, ikincisi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının, ümummilli iqtisadi inkişaf sisteminə reinteqrasiyasının şərtləndirilməsidir. Bunlar vacib məsələlər olmaqla, ölkənin həm iqtisadi inkişaf, həm də milli təhlükəsizlik məsələsidir. Çünki həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə həyata keçirilməsinin vacibliyindən çıxış etməkdəyik".
Deputat düşünür ki, qarşıdakı illər çox məsuliyyətlidir, bu baxımdan 2025-ci ildə diqqətin prezident seçkilərinə deyil, ümumi inkişaf məsələlərinə yönləndirilməsi qarşıya qoyduğumuz prioritetlərə daha effektiv şəkildə çatmağımıza şərait yaradır: "Çünki prezident seçkisi çox mühüm, ciddi və təyinedici siyasi prosesdir. İstənilən ölkənin siyasi landşaftını məhz prezident seçkiləri müəyyənləşdirir. Buna görə də 2024-cü ildə prezident seçkilərinin keçirilməsi ilə gələcəkdə bütün diqqət və resurslarımızı yeni şərtlərə uyğun prioritetlərimizin həyata keçirilməsinə yönəltməliyik".
E.Mirbəşiroğlu xatırladıb ki, milli prioritetlərin həyata keçirilməsi istiqamətində "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Bu çərçivədə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin görülməsi üçün mühüm addımlar atılıb. Sözügedən strategiyanın həyata keçirilməsi üçün də məhz 2025-2026-cı illər çox önəmli və həlledicidir. "Prezident İlham Əliyev də qeyd etmişdir ki, 2026-cı ilə qədər 140 mindən çox soydaşımız öz ata-baba yurduna köçürüləcəklər. Bu baxımdan 2024-cü il prezident seçkilərinin keçirilməsi, bir çox mənada bizim gələcək inkişafımızın və mövcud reallıqların tələbi idi", - deyə deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"