12 Noyabr 2022 01:08
1337
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə

Yeni Azərbaycan Partiyası: Heydər Əliyevdən İlham Əliyevə

 

Azərbaycanda 18 oktyabr 1991-ci il tarixdə dövlət müstəqlliyinin elan olunması ilə ölkəmizdə sovet hakimiyyəti illərindəki təkpartiyalılıq şəraitində fəaliyyətdən çoxpartiyalı sistemə keçidin əsası qoyulmuşdur. Bununla Azərbaycan Xalq Cümhuriyyəti dövründəki çoxpartiyalı demokratik dövlət quruluşu yenidən bərpa olunmuşdur. Müstəqil Azərbaycan Respublikasının seçdiyi bazar iqtisadiyyatına əsaslanan hüquqi-demokratik dövlət quruluşu ölkədə müxtəlif ictimai-siyasi baxışlara malik olan siyasi partiyaların təsis edilməsinə geniş meydan açmışdır. 
XX əsrin doxsanıncı illərinin əvvəllərində, dövlət müstəqilliyinin başlanğıc mərhələsində milli azadlıq hərəkatı dalğasında yaradılmış Azərbaycan Xalq Cəbhəsi Partiyası yeni quruluşla əlaqədar xalqa çox şeylər vəd etsə də, az keçməmiş təcrübəsiz və səriştəsiz adamların təmsil olunduğu üçün  özünü doğrulda bilməmişdir. Həmin məsuliyyətli dövrdə Azərbaycan ziyalıları və yeni nəsil siaysi qüvvələr xalqımızın mütləq əksəriyyətinin fikirlərini ifadə edərək gənc müstəqil Azərbaycan dövlətini cəmiyyət həyatının, demək olar ki, bütün sahələrini əhatə etməkdə davam edən mürəkkəb və dərin böhrandan xilas etməyin yeganə çıxış yolunu dünyamiqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə yeni bir siyasi partiyanın yaradılmasında görmüşlər. Buna görə də XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın tanınmış ziyalıları, el ağsaqqalları Naxçıvana gedərək Muxtar Respublika Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevlə görüşür və onun razılığını almaq üçün iş aparırdılar. Lakin Azərbaycan Respublikasında heç bir vəzifə tutmaq niyyətində olmadığı üçün Heydər Əliyev buna razılıq verməmişdir. Bununla belə, həm Azərbaycan ziyalılarının təkidli tələbləri və ən əsası isə Azərbaycan xalqının düşdüyü ağır vəziyyət, yeni qurulmuş respublikanın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalması doğma xalqına və ölkəsinə ürəkdən bağlı olan, onun bu günü və gələcəyi üçün məsuliyyət daşıdığını yaxşı bilən Heydər Əliyev belə çətin və mürəkkəb şəraitdə üzərinə düşən tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak etmək üçün razılıq vermişdir. 
Bütün bunlardan sonra 91 nəfərdən ibarət Azərbaycan ziyalıları 16 oktyabr 1992-ci il tarixdə "Səs" qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" adlı müraciət məktubu ilə çıxış edərək, hazırkı çətin və mürəkkəb siyasi-iqtisadi və mənəvi böhran mərhələsində müstəqil dövlətin və xalqın xilas edilməsi naminə "Yeni Azərbaycan" adlandırılacaq siyasi partiyanın yaradılmasını və Heydər Əliyevin həmin partiyaya rəhbərlik etməsini xahiş etmişlər. "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciət-məktubunda yeni müstəqillik əldə etmiş gənc respublikanın itirilmə təhlükəsi və çıxış yolları aşağıdakı kimi öz əksini tapmışdır: "Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi isə odur ki, siyasi və iqtisadi sistemdə islahatlar aparılmır... Dünənə kimi küçə və meydanlarda demokratiyadan danışanlar demokratiyanın nə olduğunu dərk etmirlər... Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Respublikanın olan-qalan iqtisadi potensialı dağılır, təbii sərvətlərimiz talan olunur... Gələcəyə ümidsizlikdən yüzlərlə ziyalı, yüksəkixtisaslı kadrlar ölkəni tərk edirlər... Siyasi partiyaların arasında, sözün əsl mənasında, geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam və geniş məlumatı olan güclü lider yoxdur."
Heç şübhəsiz, "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətindəki "Sözün əsl mənasında, geniş xalq kütləsinin inam və etibarını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam və geniş məlumatı olan güclü lider" sözləri bu mühüm siyasi və mənəvi dəyərlərin hamısını özündə yaksək səviyyədə birləşdirən görkəmli dövlət xadimi Heydər Əliyevin obrazını ümumiləşdirilmiş şəkildə ifadə edirdi. Bununla belə, müraciətdə yaradılmasına qərar verilən "Yeni Azərbaycan" adlı siyasi partiyaya rəhbərlik etmək üçün "yeganə mütləq lider" kimi açıq şəkildə yalnız görkəmli dövlət xadimi Heydər Əliyevin olduğu bəyan edilmişdir. Müraciəti imzalayanlar "Azərbaycanın bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə" əsaslanmışlar. Çünki hər kəs çox yaxşı bilirdi ki, Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə respublikaya rəhbərlik sahəsində əldə etdiyi nailiyyətlərə, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Siyasi Büronun üzvü olaraq beynəlxalq aləmdəki nüfuzuna və nəhayət, ən çətin şəraitdə blokada vəziyyətinə salınmış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Azərbaycanın bu ayrılmaz parçasını erməni təcavüzündən xilas etdiyinə görə xalqımızın sarsılmaz inamını qazanmışdır. Ona görə də müraciəti imzalayan tanınmış ziyalılar böyük inamla bu fikirdə idilər ki, "indiki vəziyyətdə belə çətin, məsuliyyətli işi (siyasi partiya yaratmaq işini-İ.H) respublikada öz üzərinə götürməyə qadir olan yeganə şəxs yalnız Heydər Əliyev ola bilər." Müraciətin axırındakı çağırış yalnız bu sənədə imza atan adlı-sanlı ziyalıların deyil, əslində, geniş mənada Azərbaycan xalqının fikrini ifadə edirdi: "Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir." 
Görkəmli dövlət xadimi Heydər Əliyev 24 oktyabr 1992-ci il tarixdə imzaladığı və "Səs" qəzetində çap etdirdiyi "Yeni müstəqil Azərbaycan uğrunda" adlı cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına müsbət münasibətini bildirmişdir. Beş bənddən ibarət olan bu konsepsiyada müstəqil Azərbaycan Respublikası üçün həmin tarixi dövrdə həll edilməsi zəruri olan aşağıdakı vacib ictimai-siyasi və dövlətçilik məsələləri öz əksini tapmışdır:
1. Azərbaycanın müharibə vəziyyətindən çıxarılması və Qarabağ probleminin tezliklə həll olunması;
2. Azərbaycanda mövcud sosial-iqtisadi böhranın aradan qaldırılması və iqtisadi inkişafa nail olunması;
3. Ölkədə məqsədyönlü kadr siyasətinin həyata keçirilməsi;
4. Qanunun aliliyi prinsipinin təmin edilməsi, demokratik azadlıqların təmin olunması;
5. Ölkənin parçalanmasının qarşısının alınması, respublikada yaşayan bütün xalqların iştirakı ilə vahid, bütöv Azərbaycanın qorunub saxlanması və inkişaf etdirilərək möhkəmləndirilməsi.
Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakı şəhərində keçirilməsinə razılıq verilməmişdir. Ona görə də qısa müddətdə zəruri hazırlıq işləri aparıldıqdan sonra 21 noyabr 1992-ci il tarixdə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Təsis konfransında Bakı şəhərindən və Azərbaycanın müxtəlif regionlarından gəlmiş 500 nəfərdən çox nümayəndə iştirak etmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Görkəmli dövlət xadimi və böyük siyasətçi Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri vəzifəsinə seçilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin qəbul olunması, Siyasi Şuranın və İdarə Heyətinin tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyası Sədrinin müavinlərinin seçilməsi haqqında mühüm qərarlar qəbul etmişdir.
Yeni Azərbaycan Partiyası 18 dekabr 1992-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən rəsmi şəkildə qeydiyyata alınmışdır. Bu, Yeni Azərbaycan Partiyasının qeydiyyatdan keçmiş rəsmi bir siyasi qurum kimi fəaliyyətə başlamasını təmin etmişdir. Bununla Azərbaycanda Heydər Əliyev kimi dünya miqyasında xüsusi nüfuza malik olan görkəmli dövlət xadiminin rəhbərlik etdiyi ən böyük siyasi gücün meydana çıxmasına imza atılmışdır.
Müstəqil Azərbaycan dövlətinin və xalqımızın taleyində mühüm, həlledici rola və böyük əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyası tarixə Heydər Əliyev Partiyası kimi daxil olmuşdur. Bunu şərtləndirən əsas faktorlar aşağıdakılardır:
1. Görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısıdır.
2. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsinin əsas müəllifidir. Partiyamızın proqramı və nizamnaməsinin başlıca prinsipləri və əsas tezisləri, ana müddəaları Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Ekspertlərin rəylərinə görə, Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsi nəinki Azərbaycanda, hətta Müstəqil Dövlətlər Birliyi ölkələrindəki yeni siyasi partiyaların hamısının proqram sənədlərindən daha təkmil və üstündür.
3. Qüdrətli dövlət xadimi Heydər Əliyev 1992-ci ildən ömrünün sonunadək Yeni Azərbaycan Partiyasına böyük bacarıqla rəhbərlik etmişdir. Dövlət başçısının yüksək təşkilatçılıq qabiliyyəti, zəngin dövlətçilik təcrübəsi, qeyri-adi səfərbərlik bacarığı Yeni Azərbaycan Partiyasının böyük sürətlə inkişaf etdirilməsinə ciddi təkan vermişdir.
4. Azərbaycanın əsas ziyalı potensialı, aparıcı siyasi qüvvələri və yeni nəslin nümayəndələri məhz böyük sınaqlardan bacarıqla çıxmış, beynəlxalq miqyasda özünü görkəmli dövlət xadimi kimi təsdiq etmiş Heydər Əliyevə görə bu nəhəng siyasətçiyə böyük inam bəsləyərək Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşlar. 
Heydər Əliyevin rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 300 min nəfəri keçmişdir. Bu göstərici Azərbaycanda mövcud olan çoxsaylı siyasi partiyaların birlikdə hamısının üzvlərindən qat-qat çoxdur.
5. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının birinci və ikinci qurultayları görkəmli dövlət xadimi, mahir siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə keçirilmişdir. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının qurultaylarındakı parlaq məruzələri və yekun sözü bu partiyanın inkişaf strategiyasının əsasını təşkil edir.
6. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə vaxtilə 24 oktyabr 1992-ci ildə "Səs" qəzetində çap olunmuş "Yeni müstəqil Azərbaycan uğrunda" adlı "91-lər"ə cavab məktubunda ölkənin inkişafı üçün bəyan etdiyi müddəaların hamısını dönmədən və ən yüksək səviyyədə həyata keçirmişdi.
7. Görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə həm geniş mənada müstəqil Azərbaycan dövlətinin, Azərbaycan xalqının və həm də Yeni Azərbaycan Partiyasının gələcək inkişafı üçün Prezident İlham Əliyev kimi əsl lider bəxş etmişdir.
Bütün bunlara görə Yeni Azərbaycan Partiyası Heydər Əliyev partiyası kimi tanınmış və şöhrət qazanmışdır. Doğrudur, görkəmli dövlət xadimi Heydər Əliyev siyasi hakimiyyətə yalnız bir partiyanın dəstəyi ilə gəlməmişdir. O, geniş mənada xalqın bütün təbəqələri tərəfindən 1993-cü ildə ən ali dövlət vəzifəsinə - ölkə Prezidenti vəzifəsinə seçilmişdir. Bununla yanaşı, Azərbaycanda siyasi tarazlığın qorunub saxlanılmasında, bütövlükdə ictimai-siyasi proseslərin istiqamətləndirilməsində, prezident, parlament və bələdiyyə seçkilərində, müstəqil dövlətin ümummilli ideologiyasının formalaşdırılması və təbliğində Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır. Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası Yeni Azərbaycan Partiyasının siyasətinin əsasını təşkil edir.
Yeni Azərbaycan Partiyası təsis edildiyi 21 noyabr 1992-ci il tarixdən yaradıcısı Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 3 oktyabr 1993-cü ilə qədər müxalifət partiyası olaraq fəaliyyət göstərmişdir. Müxalifətdə olduğu dövrdə yeni azərbaycançılar öz işlərini sivil və demokratik prinsiplər əsasında qurmuş, təmsil etdikləri partiyanın proqramı və nizamnaməsinin müddəalarına və çağırışlarına məsuliyyətlə əməl etmişlər. Yeni Azərbaycan Partiyasının fəalları cəmiyyət hadisələrini kortəbii çağırışlara, kütlə psixologiyasına istinad etmək və qarşıdurma yaratmaqla deyil, mövcud prosesləri ölkə reallıqları və dünya təcrübəsi vasitəsi ilə qiymətləndirib, addım atmağa üstünlük verdiklərini nümayiş etdirmişlər. Beləliklə, Yeni Azərbaycan Partiyası ölkəmizdə əsl siyasi müxalifət partiyası kimi fəaliyyət göstərmək mədəniyyəti nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə 12 noyabr 1995-ci il tarixdə keçirilən seçkilərdə Yeni Azərbaycançıların mütləq üstünlük qazanmaları Heydər Əliyev siyasi kursunun həyatiliyini, müstəqil Azərbaycan dövlətinin maraqlarına layiqincə cavab verdiyini bir daha təsdiqləmişdir. Bələdiyyə seçkilərində də xalq tərəfindən Yeni Azərbaycan Partiyasının üzvlərinə daha çox etimad göstərilməsi bu partiyanın artıq çətin sınaqlardan uğurla çıxdığını, ümumxalq etimadı qazandığını göstərir. 
Müstəqil dövlətçilik üçün ən zəruri faktorlardan biri olan Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilməsi ölkə Prezidenti Heydər Əliyevin və onun başçılıq etdiyi Yeni Azərbaycan Partiyasının nüfuzunu və cəmiyyətdəki rolunu daha da qüvvətləndirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının ana müddəaları, əsas prinsipləri ölkə rəhbəri Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Heydər Əliyev Konstitusiya yaradılması prosesinə rəhbərlik etmişdir. Bütün bunlara görə Azərbaycan Respublikasının Konstitusiyası həm də "Heydər Əliyev Konstitusiyası" adlandırılmaqdadır. Konstitusiyanın hazırlanması və müzakirəsi prosesində yaxından iştirak etmiş yeni azərbaycançılar bu dövlət qanunvericilik külliyatının təbliği işlərində fəallıq göstərmişlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə rəhbəri olaraq respublikanı düçar edilmiş dərin hərbi-siyasi və iqtisadi-mənəvi böhrandan xilas etməklə bərabər, ardıcıl olaraq həmişə partiya quruculuğu məsələləri ilə də məşğul olmuşdur. Bu baxımdan 19 noyabr 1994-cü il Yeni Azərbaycan Partiyasının yaradılmasının ikiilliyi ilə əlaqədar olaraq ilk dəfə partiya fəallarının ümumrespublika müşavirəsinin keçirilməsi və həmin müşavirədə ölkə Prezidenti Heydər Əliyevin proqram xarakterli geniş nitqi, aparılmış işgüzar müzakirələr iqtidar partiyasının yeni tarixi şəraitdəki vəzifələrinin müəyyən edilməsində mühüm rol oynamışdır. Az sonra Yeni Azərbaycan Partiyasında Qadınlar Şurasının və Gənclər Birliyinin təsis edilməsi, Heydər Əliyev tərəfindən bu qurumların fəaliyyət istiqamətlərinin müəyyən olunması iqtidar partiyasının cəmiyyətin ən aparıcı və mütəşəkkil siyasi qurumu kimi fəaliyyətini genişləndirdiyini və müasirləşdirdiyini nümayiş etdirmişdir. Heç şübhə yoxdur ki, 12 noyabr 1995-ci il parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbə qazanması artıq Heydər Əliyevin rəhbərlik etdiyi bu siyasi qurumun cəmiyyətin inkişafında xüsusi rola malik olmasının özünütəsdiqi demək idi. Dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin 11 noyabr 1998-ci il tarixdə ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, əslində, bu dahi siyasətçinin qələbəsi olsa da, həm də onun rəhbərlik etdiyi partiyanın da böyük uğuru idi. 21 noyabr 1998-ci il tarixdə keçirilmiş Yeni Azərbaycan Partiyasının 6 illiyinə həsr olunmuş təntənəli yığıncaqda Heydər Əliyevin rəhbərliyi ilə hesabat xarakterli məsələlərlə yanaşı, gələcək vəzifələrə də gur işıq salınması bu mütəşəkkil siyasi qurumun sabahına daha böyük inamla baxmağa imkan yaratmışdır. Xüsusən 21-22 dekabr 1999-cu il tarixdə keçirilmiş Yeni Azərbaycan Partiyasının I Qurultayında yeni tarixi dövrün mühüm vəzifələrinin müəyyən edilməsi ilə yeni azərbaycançılıq siyasi-ideoloji hərəkata çevrilmişdir. Partiyanıın I Qurultayında ölkəmizin yeni nəsil siyasətçilərinin önündə gedən Milli Məclisin deputatı İlham Əliyevin Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi partiyada yeniləşmələrə və gənclərin axınına böyük təkan vermişdir. Bundan sonra 21 dekabr 2001-ci ildə keçirilmiş Yeni Azərbaycan Partiyasının II Qurultayında İlham Əliyevin partiya Sədrinin birinci müavini seçilməsi ölkənin siyasi həyatında və partiya quruculuğunda xüsusi canlanmaya, novatorluğa və inkişafa  səbəb olmuşdur. 
Yeni Azərbaycan Partiyasının çoxcəhətli və səmərəli fəaliyyəti, beynəlxalq nüfuza malik siyasi təşkilat kimi böyük uğurla öz yolunu davam etdirməsi, daim yeniləşməsi və inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır. Doğrudur, İlham Əliyev Yeni Azərbaycan Partiyası sıralarına gələnədək özünəməxsus ciddi siyasi mübarizə yolu keçmiş, diqqətəlayiq səviyyədə yetkin və mükəmməl təcrübə qazanmışdı. Heydər Əliyevin çətin, keşməkeşli, dərin mənalı həyatı və mübarizəsi görkəmli dövlət xadimi, qətiyyətli və müdrik bir siyasətçi kimi İlham Əliyev üçün böyük məktəb olmuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə və Moskvada siyasət olimpinin zirvəsində təmsil olunduğu zaman Heydər Əliyevin yaşadığı məsuliyyətli, keşməkeşli və mənalı həyatın, apardığı dönməz mübarizənin görünən və görünməyən tərəflərinin dərsləri İlham Əliyevin gələcək böyük siyasət naminə atdığı taleyüklü addımlarda qiymətli təcrübə kimi mühüm əhəmiyyət kəsb etmişdir. Heç şübhə yoxdur ki, İlham Əliyevin Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu bir ali məktəbdə mükəmməl ali təhsil alması, tarixçi-diplomat ixtisasına və xarici dillərə dərindən yiyələnməsi də onun siyasi dünyagörüşünün formalaşmasında əhəmiyyətli rol oynamışdır. Ona görə də İlham Əliyevin Yeni Azərbaycan Partiyası sıralarına qoşulması, hər şeydən əvvəl, bu partiyanın aydın mövqeyə malik kamil bir siyasətçi ilə daha da möhkəmlənməsinə xidmət etmişdir. İlham Əliyev Yeni Azərbaycan Partiyasına ölkəmizin yeni nəsil siyasi gəncliyinin lideri kimi daxil olmuşdur. Bununla həm də Yeni Azərbaycan Partiyası Sədrinin müavini, birinci müavini kimi keçdiyi mənalı yol da onun siyasi təcrübəsinin daha da zənginləşməsinə, fəaliyyət dairəsinin üfüqlərinin genişlənməsinə geniş meydan açmışdır. Nəhayət, 15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 26 mart 2005-ci il tarixdə keçirilmiş III Qurultayında iqtidar partiyasının Sədri seçilməsi ilə həm ölkəmizin həyatında, həm də partiyanın inkişafında yeni bir tarixi dövr başlamışdır.
Hazırda ölkəmizin Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Sədri kimi özünəməxsus şərəfli inkişaf yoluna və ənənələrə malik olan bu partiyanın daha da inkişaf etdirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə, beynəlxalq əlaqələrinin genişləndirilməsinə və müasirləşdirilməsinə ciddi əhəmiyyət verir. İndiki mərhələdə Yeni Azərbaycan Partiyası Azərbaycan ictimai-siyasi mühitinin ən mütəşəkkil, aparıcı qüvvəsi kimi çıxış edir. Buna görədir ki, Yeni Azərbaycan Partiyası daim yeniləşən Azərbaycanın böyük ənənələrə malik olan yeni tipli, yetkin və dialektik inkişafda olan siyasi partiyası kimi nüfuzunu və şöhrətini nəinki qoruyub saxlayır, getdikcə daha da artırır, genişləndirir və möhkəmləndirir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasında aparılan geniş islahatlar ölkəmizdə partiya quruculuğu sahəsində əldə edilmiş mühüm nailiyyətdir. Bu gün nəinki Azərbaycanda, hətta dünya miqyasında beynəlxalq əlaqələr  baxımından Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək ikinci bir partiya göstərmək  çətindir. Müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə qazanılmış nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının özünəməxsus böyük payı, rolu və xidmətləri vardır. Vaxtilə XX əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdə müxalifət partiyası olmağın nümunəsini göstərən Yeni Azərbaycan Partiyası bu gün İlham Əliyevin liderliyi ilə Azərbaycan cəmiyyətində iqtidar partiyası kimi nümunəvi fəaliyyət göstərməyin məsuliyyətini və şərəfini uca tutmağın canlı və parlaq örnəyinə çevrilmişdir. Yeni Azərbaycan Partiyasında ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini kimi çoxcəhətli səmərəli fəaliyyəti geniş mənada respublikamızda bütün sahələr üzrə müasir inkişafın, o cümlədən partiyamızın siyasi fəaliyyətinin daha da genişləndirilməsinə və gücləndirilməsinə uğurla xidmət edir və böyük töhfələr verir.
Göründüyü kimi, Azərbaycan Respublikasının siyasi-ideoloji həyatında xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və məsuliyyətli yol ölkəmizdə tənəzzüldən böyük tərəqqiyə, böhrandan hərtərəfli müasir inkişafa və müasirləşməyə doğru gedişatın real mənzərəsini bütün gerçəklikləri ilə dolğun şəkildə əks etdirir. Əslində, Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik çətin və şərəfli yol müstəqil Azərbaycan dövlətinin və xalqımızın müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə ölkəmizin daha böyük sabahlarına dərin inam yoludur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin "dəmir yumruğ"u ilə II Qarabağ-Vətən müharibəsində qazanılmış tarixi Zəfər qüdrətli lider faktorunun xalqın və dövlətin həyatında misilsiz rol oynadığını əyani surətdə sübut etmişdir. Müstəqil Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə böyük sürətlə inkişaf edən respublikamızda Yeni Azərbaycan Partiyasının ideoloji əsasını təşkil edən azərbaycançılıq ideyasının daha da genişləndirilməsi, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi, ölkədə siyasi mədəniyyətin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, böyük quruculuq proseslərinə geniş meydan açılması, xalqımızın gələcək xoşbəxt həyatına gur işıq salır.
Müstəqil Azərbaycan Respublikası bu gün özünün yüksək inkişaf və əsl intibah yolunu böyük uğurla davam etdirir.

İsa HƏBİBBƏYLİ, 
AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!