Avropa Parlamentində deputatlar Ermənistan və Azərbaycanla bağlı məsələni yenidən gündəmə gətiriblər.
AZƏRTAC xəbər verir ki, bu müzakirələr fonunda deputat Tyerri Mariani iki ölkənin sülh sazişi imzalamağa hazırlaşdığı bir vaxtda Avropa Parlamentinin mövqeyini tənqid edib.
“Azərbaycan və Ermənistan 1994-cü ildən münaqişə vəziyyətində olsalar da, son beş ildə fəal sülh danışıqları aparılır və bu proses artıq yekun mərhələyə yaxınlaşıb. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. Donald Trampın vasitəçiliyi ilə mümkün olan bu diplomatik addım real nəticələr verib.
Ermənistan yaxın günlərdə 30 ildən çox fasilədən sonra ilk dəfə Azərbaycandan neft tədarükü alacaq. Gürcüstan isə bu normallaşmanı dəstəklədiyini bildirərək, neftin öz ərazisindən ödənişsiz tranzitinə razılıq verib”, - deyə T.Mariani bildirib.
O qeyd edib ki, Bakı və İrəvan Avrasiya məkanında nəqliyyat və ticarət əlaqələrini köklü şəkildə dəyişdirəcək yeni iqtisadi dəhlizin yaradılması barədə razılığa gəliblər. 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək seçkilər ərəfəsində bu vəziyyətin sabitləşməsi və iqtisadi dirçəliş perspektivləri ölkə və region əhalisi üçün müsbət qiymətləndirilir.
Tyerri Marianinin fikrincə, məhz belə bir sülh şəraitində Avropa Parlamentinin Azərbaycana qarşı 14-cü tənqidi qətnaməni qəbul etməsi tarixi prosesə ziddir və qurumun etibarlılığına zərər vura bilər. O hesab edir ki, Avropa Parlamenti revanş yox, barış və inkişaf yolunu seçən Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın cəsarətli səylərini dəstəkləməlidir. Deputatın sözlərinə görə, parlamentin əsas məqsədi Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin bağlanmasına və regionun sabit inkişafına töhfə vermək olmalıdır.