Bu, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində aydın əksini tapıb
İlin əvvəli ənənəvi olaraq, ötən ilə dair yekunların çıxarıldığı, əldə olunan nailiyyətlərin təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirildiyi bir dövrdür. Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrin, o cümlədən ölkə iqtisadiyyatının inkişafının əsas vektorlarını müəyyənləşdirdi. İnvestisiyaların cəlb olunması baxımından ABŞ və Çinlə strateji münasibətlərin üstünlükləri, nəqliyyat dəhlizlərinin inkişafı və yükdaşımaların artımı, "yaşıl enerji" sahəsində perspektivlər və elektrik enerjisinin ixracı istiqamətində atılan addımlar, eləcə də Qarabağ regionunun dirçəldilməsində əldə olunan uğurlar və bu prosesdə turizm sektorunun inkişafı diqqətə çatdırıldı.
Ötən ilin ən mühüm hadisələrini qeyd edən dövlət başçısı, xüsusilə, avqust ayında Azərbaycan-ABŞ münasibətlərində baş vermiş tarixi irəliləyişi vurğuladı. Bildirildi ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən mərasim zamanı iki ölkə arasında tərəfdaşlığın inkişafına mane olan 907-ci düzəliş dayandırılıb, həmçinin beynəlxalq sülh və rifah naminə "Trump route for international peace and prosperity" (TRIPP) adlı nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalanıb. Bu layihənin reallaşması Zəngəzur dəhlizinin inkişafını sürətləndirəcək və Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasına töhfə verəcək.
Bakı və Vaşinqton iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulmasını, B2B formatında qarşılıqlı biznes səfərlərinin təşkili, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta dəhliz çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafını zəruri hesab edir. ABŞ-nin qabaqcıl vendorlarının, çip istehsalçılarının, proqram təminatı hazırlayan şirkətlərin, o cümlədən süni intellekt və kibertəhlükəsizlik sahəsində nou-hau təcrübəsinin Azərbaycana cəlb edilməsi, DATA mərkəzlərinin tikintisi imkanları nəzərdən keçirilir. Bununla bağlı Prezident İlham Əliyev dedi: "Eyni zamanda Azərbaycanın hədəflərindən biri də regional süni zəka qovşağına, IT mərkəzinə çevrilməkdir və hesab edirəm ki, bizim buna nail olmaq üçün potensialımız var. Biz indi tərəfdaşlarımızla məlumat mərkəzlərinin yaradılması üzərində çalışırıq. Bildiyiniz kimi, məlumat mərkəzlərinin çoxlu elektrik enerjisinə ehtiyacı var. Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Beləliklə, bu gün daxili məqsədlər üçün istifadə etmədiyimiz ixrac və ya burada istehlak oluna bilən əlavə 2000 meqavat və ya 2 qiqavat həcm varımızdır". Azərbaycan-ABŞ münasibətlərini nəzərdən keçirsək, deyə bilərik ki, ABŞ Cənubi Qafqaza Qara dəniz regionu, Xəzər hövzəsi və Şərqi Aralıq dənizi arasında strateji körpü kimi yanaşır. Bu sxemdə Azərbaycan periferiyaya deyil, logistika qovşağına çevrilir. Qovşaq isə həmişə diqqət, etibarlılığa investisiya, təhlükəsizlik marağı və destabilizasiyaya qarşı diplomatik qoruma əldə edir. Və prosesləri bu mənada təhlil etsək o zaman Azərbaycanın regionda oynadığı əhəmiyyətli rol bir qədər də önə çıxır. Daha bir vacib amil ondan ibarətdir ki, üçtərəfli görüş Azərbaycanın infrastruktur planlarının beynəlxalq legitimliyini gücləndirdi. Söhbət hər detalın təsdiqindən deyil, kommunikasiyaların və iqtisadi açıqlığın gələcək regional quruluşun əsası kimi tanınmasından gedir. Bu isə prosesi pozmağa cəhd edə biləcək tərəflər üçün riskləri ciddi şəkildə artırır, çünki sabotaj artıq yalnız bir tərəfə deyil, ABŞ-nin də daxil olduğu bütöv bir arxitekturaya zərbə kimi görünür.
Ötən ilin mühüm beynəlxalq nəticələrindən biri də Azərbaycan-Çin işgüzar əməkdaşlığının inkişafıdır: "Böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər", - deyə Prezident İlham Əliyev qeyd edib. Dövlət başçısı ikitərəfli ticarət dövriyyəsinin 4 milyard ABŞ dollarını keçdiyini, 20 faizdən çox artım qeydə alındığını və investisiya xarakterli müqavilələrin imzalandığını vurğulayıb. Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsinə fəal şəkildə investisiya qoyurlar: günəş və külək-elektrik stansiyaları tikilir, onların sayının artırılması ilə bağlı sorğular var, günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrobusların yığımı həyata keçirilir və gələcəkdə onların lokallaşdırılmasının artırılması planlaşdırılır.
Azərbaycan-Çin tərəfdaşlığının digər mühüm istiqamətlərindən biri də hərbi-texniki əməkdaşlıqdır. Bu əməkdaşlıq təkcə hərbi texnikanın alınması ilə məhdudlaşmır, eyni zamanda müdafiə sənayesində birgə istehsalın yaradılmasını da əhatə edir. Müsahibədə dövlət başçısı Bakı ilə Pekin arasında nəqliyyat sahəsində əməkdaşlığın fəal inkişafına da toxunub. Çin Mərkəzi Asiya ölkələri ilə yanaşı, yük axınının əsas mənbəyi kimi qiymətləndirilir və Çindən əlavə yüklər "Şərq-Qərb" marşrutunu, Orta dəhlizi tam şəkildə tələbatlı edəcəkdir.
Mərkəzi Asiya-Azərbaycan ittifaqı bu gün müstəqil geosiyasi reallığa çevrilməkdədir. Artıq söhbət ayrı-ayrı ikitərəfli sazişlərdən və ya situativ iqtisadi layihələrdən deyil, regional C5 formatının genişlənmiş C6 konfiqurasiyasına sistemli transformasiyasından gedir. Bu modeldə Azərbaycan kənar tərəfdaş deyil, struktur formalaşdıran əsas element kimi çıxış edir. Bu dəyişiklik dekorativ deyil, ontoloji xarakter daşıyır - Avrasiyanın məkan əlaqəliliyinin məntiqi köklü şəkildə dəyişir. İqtisadi əlaqəlilik, nəqliyyat və logistika bu gün aparıcı beynəlxalq aktorlar üçün xüsusi önəm kəsb edir və Mərkəzi Asiya regionunu Qərblə coğrafi baxımdan birləşdirə bilən ən etibarlı ölkə Azərbaycandır.
Media nümayəndələri ilə görüşdə İlham Əliyev ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə də toxunaraq yaxın və uzunmüddətli perspektiv üçün əsas inkişaf istiqamətlərini açıqladı: "İqtisadi fəaliyyətimizlə bağlı, ölkəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir. Bu gün bizim xarici borcumuz tarixdə ən aşağı səviyyədədir, hesablamalardan asılı olaraq ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcu 16 və ya 17 dəfə üstələdiyinə görə xarici borcumuzu geri ödəyə bilərik. Nəyə görə bir rəqəmi qeyd etmirəm, çünki ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir, 83-84 milyard ABŞ dolları". Ehtiyatların artması və borc asılılığının azalması Qarabağın və Şərqi Zəngəzurun bərpası, sosial və müdafiə sahələrinə çoxmilyardlı maliyyə vəsaitlərinin ayrılması, iri investisiya layihələrinin icrası fonunda baş verir ki, bu da milli iqtisadiyyatın yüksək dayanıqlılığını aydın şəkildə nümayiş etdirir.
Xarici borcun yüksək sabitliyi nəzərə alınaraq, nəqliyyat layihələrinin, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, eləcə də ümumi əlaqəliliyin artırılması məqsədilə nisbətən kiçik həcmdə - 3-4 milyard ABŞ dolları məbləğində əlavə borclanma qərarı qəbul olunub. Yaxın vaxtlarda böyük tələbatı nəzərə alaraq Bakı, Sumqayıt və Xırdalan şəhərlərini, ümumilikdə Abşeron yarımadasını əhatə edən genişmiqyaslı su təchizatı və kanalizasiya proqramı qəbul ediləcək. Burada söhbət su ehtiyatlarının idarə olunmasından, o cümlədən Azərbaycanda ilk olacaq və içməli suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyəcək duzsuzlaşdırma qurğusunun yaradılmasından, kənd təsərrüfatı üçün daha çox su təmin etmək məqsədilə yeni kanalların tikintisindən, həmçinin Bakının nəqliyyat problemlərinin həllindən gedir: "Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək", - deyə dövlət başçısı bildirib. Vurğulayıb ki, bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik. Artıq beş ildir ki, işğaldan azad edilmiş ərazilərin inkişafı üzrə dövlət strategiyası icra olunur və bu müddət ərzində çox böyük irəliləyiş əldə edilib. Nəqliyyat, enerji və kommunal infrastruktur sürətlə bərpa olunur, yaşayış binaları, sosial və istehsal obyektləri tikilir. Ölkəmizin rəhbəri bununla bağlı qeyd etdi ki, enerji sistemi - dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur: "Çünki biz beş il ərzində 307 meqavat gücündə su-elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik. Su təchizatı olmadan heç kim oraya köçməz, orada yaşamaz. Bu məsələ də öz həllini tapır və su anbarları - bir neçə su anbarını yenidən qurmuşuq, sıfırdan qurulan, məsələn, Zabuxçay su anbarı, əsaslı təmir olunan Sərsəng, Suqovuşan, Köndələnçayda üç, Xaçınçay.
Eyni zamanda yollar, körpülər, o cümlədən uzunluğu 70 kilometrə çatan tunellər inşa edilir və bu işlərin böyük hissəsi artıq tamamlanıb. İlk növbədə dəmir yolları istismara verilib - Bərdə-Ağdam xətti, hazırda Ağdam-Xankəndi xətti, Zəngəzur dəhlizi üzrə dəmir və avtomobil yolları çəkilir, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər və digər istiqamətləri birləşdirən nəqliyyat qovşaqlarında işlər aparılır".
Prezidentin sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etməkdir. Bu gün həmin ərazilərdə, o cümlədən tikinti işlərində çalışanlarla birlikdə, 32 şəhər və kənddə 70 min nəfər yaşayır. Cari ildə bu rəqəmin əhəmiyyətli dərəcədə artacağı gözlənilir və ən azı 30-50 yaşayış məntəqəsinə köçürülmə planları nəzərə alınmaqla, ilin sonuna qədər daimi yaşayan və işlərə cəlb olunan vətəndaşların sayı 120 min nəfəri keçə bilər.
Prezident, Ali Baş Komandan qeyd etdi ki, son beş il ərzində Azərbaycan Ordusu öz gücünü əhəmiyyətli dərəcədə artırıb və bu gün qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olan müasir, çevik və yüksək döyüş qabiliyyətli bir struktura çevrilib. Söhbət bəyanatlardan deyil, ardıcıl və sistemli dövlət siyasətinin real nəticələrindən gedir. Ordunun yeni silah və texnika nümunələri ilə, o cümlədən yerli istehsal məhsulları ilə təchiz olunması, xaricdən silah alınmasında mənbələrin şaxələndirilməsi, milli hərbi-sənaye kompleksinin inkişafı - bütün bunlar Azərbaycanın hərbi potensialını keyfiyyətcə yeni mərhələyə yüksəltməyə imkan verir. Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti bir neçə dəfə artırılıb, son illərdə yaradılan komando qüvvələri isə artıq minlərlə peşəkar hazırlıqlı əsgər və zabiti özündə birləşdirir. Eyni zamanda prinsipial olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda ordunun gücləndirilməsi heç bir halda aqressiv xarakter daşımır. Rəsmi Bakının siyasəti hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmışdır və bu gün də həmin xəttə sadiqdir. Azərbaycan heç vaxt işğalçı dövlət olmayıb, əksinə, onilliklər ərzində o, ərazilərinin böyük hissəsi işğal altında olan, yüz minlərlə vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmiş bir dövlət kimi işğalın qurbanı olmuşdur.
Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası tək bir amilin deyil, ardıcıl və qarşılıqlı əlaqəli tədbirlər kompleksinin nəticəsi oldu. Ölkə iqtisadi cəhətdən gücləndi, dayanıqlı maliyyə sistemi quruldu, irimiqyaslı enerji və infrastruktur layihələri həyata keçirildi, güclü və müasir ordu formalaşdırıldı, eyni zamanda uğurlu, məqsədyönlü xarici siyasət və diplomatik fəaliyyət aparıldı. Məhz bu amillərin vəhdəti tarixi ədalətin bərpasına imkan verdi.
Elə bu səbəbdən Prezident İlham Əliyevin sülhə dair söylədiyi fikirlər xüsusi dəyər daşıyır: "Mən Yeni il müraciətimdə bildirdim ki, biz müharibəyə hazırlaşmırıq və bu, həqiqətən də belədir. Hesab edirəm və ümidvaram ki, müharibələr arxada qalıb, amma heç kim zəmanət verə bilməz. Axı biz dünyada hadisələrin necə dəyişdiyini görürük". Dövlətimizin başçısı eyni zamanda xatırlatdı ki, müasir dünyada hər bir ölkə öz təhlükəsizliyi barədə ciddi düşünməyə borcludur. Bu bəyanat yetkin və məsuliyyətli dövlət təfəkkürünün təzahürüdür. Beynəlxalq hüquq normalarının getdikcə daha tez-tez pozulduğu, "kim güclüdürsə, o haqlıdır" prinsipinin səssiz qaydaya çevrildiyi bir dünyada sadəlövhlük çox baha başa gələ bilər. Güclü ordu Azərbaycan üçün təzyiq aləti deyil, sülhün təminatıdır. Vətən müharibəsində qalib gəlmiş ölkənin Prezidenti tərəfindən sülhün əhəmiyyətinə dair səsləndirilən fikirlər isə gücün, siyasi yetkinliyin və dinc həyatın dəyərinin dərindən dərk edilməsinin göstəricisidir. Bu sülhü qorumaq, müdafiə etmək və gələcək nəsillərə ötürmək - dövlətin və cəmiyyətin strateji vəzifəsidir.
Hicran HÜSEYNOVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor