2022-ci ilin sentyabr döyüşləri erməni revanşistlərinin növbəti çöküşü oldu
27 sentyabr 2020-ci il Azərbaycan xalqının erməni işğalçıları üzərində zəfərinin başladığı gündür. Həmin gün Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və düşmənə qarşı döyüşən Azərbaycan Ordusunun ətrafında yumruq kimi birləşdi.
44 gün davam edən İkinci Qarabağ müharibəsi Ermənistanın məğlubiyyəti ilə başa çatdı. Qazanılan Zəfər nəticəsində torpaqlarımızın xeyli hissəsi işğalçılardan azad olundu. Uzun illərdən sonra xalqımız Zəfər sevinci yaşadı. Müharibədə məğlub olmuş, silahlı qüvvələri məhv edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanata imza atmağa məcbur oldu. Rəsmi İrəvan bu bəyanata imza atanda məğlubiyyətini etiraf etməklə yanaşı, həm də üzərinə öhdəliklər götürdü.
Həmişə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozan Ermənistan bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycanla sərhəddə təxribatlar törətməyə başladı. 2020-ci ildə düçar olduğu acı məğlubiyyətindən sonra yenidən güc göstərmək istədi. Ermənistan silahlı quldurlarının tör-töküntüləri 2022-ci il avqustun sonlarından başlayaraq hər gün mövqelərimizi atəşə tuturdular. Amma heç nəyə nail ola bilmirdilər. Azərbaycan Ordusunun döyüşçüləri tərəfindən burunları ovulandan sonra geri çəkilirdilər.
2022-ci il sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələri ordumuzun yerləşdiyi mövqelərə hücuma keçdilər. Düşmən itirdikləri mövqeləri geri qaytarmaq üçün həmin gün Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. İşğalçıların xüsusi hazırlanmış diversiya qrupları gecənin qaranlıq vaxtında ərazinin dağlıq relyefindən istifadə edərək müxtəlif istiqamətlərdə bölmələrimizin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalamaq istəyirdi. Təbii ki, onların bu təxribatçı əməli cavabsız qala bilməzdi.
Ermənistan cəbhə xəttində bu təxribat əməlini törətməklə beynəlxalq havadarlarını münaqişəyə cəlb etməyə, hiyləgərlik edərək məğlub durumu öz xeyrinə dəyişməyə çalışırdı. Güman edirdi ki, həm beynəlxalq birliyi, həm də Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını bu prosesə cəlb edə biləcək. Amma unutdu ki, Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Odur ki, işğalçılar bu əməliyyatda məğlub olmağa məhkum idilər. Çünki müharibədən Zəfərlə çıxmış güclü, qüdrətli Azərbaycan Ordusu ilə bacarmaq onların işi deyildi. Düşmənin ərazilərimizə qarşı olan təxribatının qarşısının qısa müddət ərzində alınması üçün ordumuz bu dəfə də bütün zəruri tədbirləri gördü. 7 saat davam edən döyüşdə təxribatçı qüvvələr darmadağın olundu.
Laçın, Kəlbəcər və Daşkəsən istiqamətində təxtibat törətmək cəhdi düşmənə çox baha başa gəldi. İşğalçıların xeyli sayda döyüş texnikaları, raketləri məhv edildi. Düşmənin 400-ə yaxın canlı qüvvəsi öldürüldü, 300-dən çox hərbçisi yaralandı, düşmənin nəzarətində olan 53 döyüş və 2 minaatan atəş mövqeyi, böyük strateji əhəmiyyətə malik 8 yüksəklik nəzarətə götürüldü. Bundan başqa, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edildi.
Təəssüf ki, təxribatın qarşısı alınarkən bizim də itkilərimiz oldu, 80-ə yaxın əsgər və zabitimiz ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəldi. Düşmən təxribatının qarşısının alınması əməliyyatında yaralanmış əsgər İlknur Əliyev deyir ki, sentyabrın 12-də mövqelərimizdə dayanmışdıq: "Gecə saatlarında həyəcan siqnalı verildi, bildirildi ki, Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlara əl atıb. Biz əks-hücuma keçib qarşı tərəfə lazımi cavab verdik. Gücümüzü, qüdrətimizi erməni işğalçılarına növbəti dəfə göstərdik. Sayıqlığımız sayəsində qısa müddət ərzində düşmən təxribatının qarşısını aldıq".
Erməni işğalçıları mövqelərimiz ətrafında təxribat törədəndə Tələt Nəsirov da hərbi xidmətdə idi. O, ordumuzun Kəlbəcərin Zod kəndi istiqamətində düşmən təxribatının qarşısı alınarkən yaralanmışdır. Həmin günləri xatırlayan T.Nəsirov: "Sentyabrın 12-si gecə ermənilərin təxribatlarının qarşısını almaq üçün həyəcan siqnalı verildi. Döyüş yoldaşlarımızla birlikdə mövqelərimizdə möhkəmlənib onlara layiqli cavab verdik. Dəqiq atəş zərbələri ilə erməniləri geri oturtduq. Düşmən gördü və bildi ki, Azərbaycan Ordusu onların istənilən təxribatının qarşısını almağa qadir və hazırdır. Çünki ordumuzun sıralarında bir-birindən cəsur, igid oğullar xidmət edir".
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı sentyabr döyüşlərindən danışarkən demişdir: "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur".
Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı antiterror əməliyyatlarında torpaqlarımızın işğalına son qoydu. Zabit və əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və qəhrəmanlıqlar göstərdilər. Sözün həqiqi mənasında, heç vaxt unudulmayacaq, daim qürurla xatırlanacaq bir tarix yazdılar.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"