İslamın mahiyyətini yalnız dini mənsubiyyət çərçivəsində dəyərləndirmək doğru olmaz. Bu böyük mənəvi ənənənin təməlində haqqı qorumaq, ədalətə söykənmək, insan ləyaqətinə hörmət göstərmək, mərhəmət və barışa üstünlük vermək kimi dəyərlər dayanır. İslam insanları ayrı-seçkiliyə, ədalətə, düşmənçiliyə deyil, sülhə, mənəvi saflığa və qarşılıqlı məsuliyyətə çağırır. Bu baxımdan islam dünyasının həmrəyliyi yalnız dini yaxınlığın ifadəsi yox, haqqın, ədalətin və beynəlxalq hüququn müdafiəsi müstəvisində mühüm məna daşıyır.
Müasir dünyada bu həmrəyliyin çoxtərəfli ifadə platformalarından biri İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT). Yarım əsrdən çoxdur fəaliyyət göstərən İƏT müsəlman ölkələri arasında siyasi, iqtisadi, mədəni, elmi və humanitar əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan üçün isə bu təşkilatla münasibət müstəqilliyin ilk illərindən etibarən daha geniş məzmun kəsb edib. Təşkilat ölkəmizin ərazi bütövlüyü və suverenliyi məsələsində beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyən, Ermənistanın təcavüzünün nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradan mühüm çoxtərəfli platformalardan biridir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin tarixi ölkəmizin dövlət müstəqilliyini bərpa etdiyi ilk illərə gedib çıxır. Ölkəmiz 8 dekabr 1991-ci ildə Dakarda keçirilən İslam Konfransı Təşkilatının dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul olunub. Bununla Azərbaycan keçmiş sovet respublikaları arasında İKT-yə qoşulan ilk ölkə olub. Həmin dövr Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş, Ermənistanın hərbi təcavüzü genişlənmiş, torpaqlarımız işğala məruz qalmışdı. Ölkənin informasiya və diplomatik imkanları məhdud idi və bu səbəbdən mövqeyimizin beynəlxalq aləmdə tanıdılması mühüm vəzifələrdən birinə çevrilmişdi. Bu baxımdan İƏT üzvlüyü Azərbaycanın islam dünyası ilə tarixi və mədəni bağlarını siyasi əməkdaşlıq müstəvisinə çıxarmaqla yanaşı, Qarabağ məsələsinin beynəlxalq gündəmdə saxlanılması üçün də əhəmiyyətli imkan yaradırdı.
Azərbaycan-İƏT münasibətlərinin sistemli və məqsədyönlü inkişafında Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun xüsusi rolu oldu. 1994-cü ilin mayında Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətlərinin verilməsi ölkəmizin təşkilatla əlaqələrinin daha səmərəli və davamlı şəkildə qurulmasına imkan yaratdı. Həmin ilin iyulunda Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri, ardınca İKT rəhbərliyi ilə təmasları Azərbaycan-İKT münasibətlərinin siyasi əsaslarını möhkəmləndirdi. 1994-cü ilin dekabrında Kasablankada keçirilən VII Zirvə Konfransında "Ermənistan və Azərbaycan arasında münaqişə haqqında" siyasi qətnamənin qəbul edilməsi də bu diplomatik səylərin mühüm nəticələrindən biri idi. Sonrakı illər Azərbaycan tərəfinin təşəbbüsləri ilə İKT gündəliyinə daha geniş məzmunlu sənədlər daxil edildi. Onların sırasında ölkəmizin iqtisadi ehtiyaclarına yardım göstərilməsi, işğal olunmuş ərazilərdə islam dininə aid tarixi və mədəni irsin, ibadət ocaqlarının dağıdılması və təhqir olunması ilə bağlı qətnamələr xüsusi yer tutur.
Həmin mərhələdə mühüm məqam ondan ibarət idi ki, Azərbaycan öz mövqeyini ikitərəfli görüşlərdə deyil, təşkilatın kollektiv qərar qəbuletmə mexanizmləri vasitəsilə də ifadə edirdi. Bu isə ölkəmizin çoxtərəfli diplomatiyasının imkanlarını genişləndirirdi. Təşkilatın müxtəlif illərdə qəbul etdiyi qətnamələrdə Ermənistanın təcavüzü pislənilmiş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına çağırışlar səsləndirilmiş və Azərbaycanın suverenliyi ilə ərazi bütövlüyünə dəstək ifadə olunmuşdur. Bu mövqenin əhəmiyyəti yalnız onun siyasi məzmununda deyil, həm də beynəlxalq təşkilatın kollektiv iradəsini əks etdirməsində idi. İƏT-in 57 üzv dövləti əhatə edən platforma olması Azərbaycanın mövqeyinin geniş dövlətlər qrupunun sənədlərində öz əksini tapmasına imkan verirdi.
2016-cı ilin Aprel hadisələrindən sonra İstanbulda keçirilən 13-cü İslam Zirvə Görüşündə qəbul olunmuş yekun sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı müddəaların yer alması, habelə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Təmas Qrupu"nun yaradılması siyasi dəstəyin daha konkret mexanizmə çevrildiyini göstərdi. Təmas qrupunun yaradılması təşkilatın məsələni ümumi bəyanatlarla yanaşı, xüsusi siyasi formatda da izləmək niyyətinin ifadəsi idi.
Azərbaycan-İƏT münasibətlərinin mühüm istiqamətlərindən biri də Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı əməkdaşlıqdır. 2009-cu ildə başlanmış "Xocalıya Ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası bu istiqamətdə geniş fəaliyyətin əsasını qoydu. 2013-cü ilin fevralında Qahirədə keçirilən İƏT Zirvə Toplantısının Yekun Kommünikesində Xocalı faciəsi ilə bağlı ağır hüquqi qiymətləndirmə ifadə edildi və üzv dövlətlərin bu məsələnin beynəlxalq səviyyədə tanıdılması istiqamətində səylərinin artırılması vurğulandı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı İƏT-in mövqeyi Azərbaycanın siyasi diplomatiyasında mühüm yer tutdu. Təşkilat həmin ilin iyulunda Ermənistanın Tovuz istiqamətində hücumunu, sentyabr ayında Azərbaycan ərazilərinə qarşı hərbi təxribatları və hücumları pisləyən bəyanatlar yaydı. Təşkilat Gəncənin raket atəşinə tutulması ilə bağlı Azərbaycanla həmrəyliyini ifadə etdi. 16 noyabr 2020-ci il tarixli bəyanat isə döyüşlərin dayandırılmasına və sülhə çağırış mövqeyini əks etdirirdi. Vətən müharibəsindən sonra da İƏT-in mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi istiqamətində davam etdi. 2021-ci ilin sentyabrında İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının faktaraşdırıcı missiyasının Azərbaycana səfəri bu baxımdan mühüm hadisə oldu. Missiya Ağdam, Tərtər və Gəncədə araşdırmalar apararaq işğal və hərbi əməliyyatların nəticələri ilə bağlı məlumatlar topladı. 2023-cü ilin sentyabrında isə İƏT İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdam, Füzuli və Gəncəyə səfər edərək mədəni-dini abidələrin dağıdılması, qəbiristanlıqların vəziyyəti və müharibənin humanitar nəticələri ilə bağlı araşdırmalar apardı. Bu missiyalar siyasi bəyanatlarla yanaşı, faktların yerində öyrənilməsi və hesabat mexanizmlərinin də işə salındığını göstərdi.
İƏT-in 2024-cü il siyasi qətnaməsində Azərbaycanın 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabr hadisələri nəticəsində suveren ərazilərində nəzarəti bərpa etməsi qeyd olunur. Sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək bir daha təsdiqlənir, işğalın nəticələrinin aradan qaldırılması və bərpa prosesinə diqqət yetirilir. 2025-ci ilin iyununda İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul olunmuş İstanbul Bəyannaməsində Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişlərə münasibət bildirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə xələl gətirən addımlardan çəkinməyə çağırış edilib. Həmçinin azad edilmiş ərazilərin bərpası, minalardan təmizləmə və məcburi köçkünlərin ləyaqətli qayıdışı ilə bağlı Azərbaycana dəstək ifadə olunub.
Azərbaycanın İƏT daxilindəki fəallığı mədəni-humanitar istiqamətdə də özünü göstərir. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, həmin il IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün təqaüd proqramlarının təsis edilməsi bu siyasətin mühüm nümunələrindəndir. Bu təşəbbüslər islam həmrəyliyinin yalnız siyasi bəyanatlarla deyil, təhsil, idman, gənclər və humanitar əməkdaşlıq vasitəsilə də möhkəmləndirilməsinə xidmət edib.
Azərbaycan-İƏT əlaqələrinin möhkəmliyi yüksəksəviyyəli qarşılıqlı səfərlərdə və görüşlərdə də özünü göstərir. İƏT Baş katiblərinin ölkəmizə səfərləri, Azərbaycan rəhbərliyi ilə görüşləri və təşkilatın müxtəlif tədbirlərində iştirakı münasibətlərin davamlı xarakter daşıdığını göstərir. 2006-cı ildə Bakıda İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü konfransının keçirilməsi, 2017-2019-cu illərdə İƏT Baş katibi Yusif bin Əhməd Əl-Useyminin Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə görüşləri, 2021-ci ildə Baş katibin ölkəmizə səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə verilən diqqət bu münasibətlərin yüksək səviyyədə saxlanıldığını göstərən faktlardır. Bu görüşlərdə siyasi məsələlərlə yanaşı, iqtisadi, humanitar, mədəni və institusional əməkdaşlığın inkişafı da müzakirə olunub. Beləliklə, Azərbaycan-İƏT münasibətləri Qarabağ məsələsi ilə məhdudlaşmayan çoxşaxəli əməkdaşlıq formatına çevrilib.
Azərbaycan-İƏT münasibətlərinin tarixi göstərir ki, həmin əlaqələr müstəqilliyin ilk illərində siyasi dəstək və beynəlxalq hüquqa əsaslanan mövqeyin müdafiəsi ilə başlayaraq, zaman keçdikcə çoxtərəfli diplomatiya, humanitar əməkdaşlıq və strateji tərəfdaşlıq məzmunu qazanıb. Bu əməkdaşlıq Azərbaycanın haqq işinə verilən siyasi dəstəyin və islam dünyasının ədalət, suverenlik və beynəlxalq hüquq prinsiplərinə bağlılığının nümunəsidir.
Elşən QƏNİYEV,
"Azərbaycan"