Bu gün müstəqilliyimizin özü ilə yaşıd olan "Azərbaycan" qəzetinin səhifələrində bir zamanlar xəyalını qurduğumuz, böyük Zəfərin əks-sədasını görürük. İndi 108 yaşlı "Azərbaycan" qəzetinin hər nömrəsinə zirvələrində üçrəngli, ay-ulduzlu bayrağı dalğalanan, suverenliyi tam bərpa olunmuş bütöv bir ölkənin qüruru həkk olunur. Müstəqilliyin ən çətin illərindən bu günümüzə qədər keçilən mübarizə və qəhrəmanlıqla dolu yolu qələmi ilə addımlayan bu nəşr indi qalib Azərbaycanın Zəfər imzasını tarixə yazır.
Qələmlə hörülən vətənpərvərlik qalası
70 illik susqunluqdan, məhbus həyatından sonra 1990-cı illərin fırtınalı, ağrılı günlərində yenidən işıq üzü görən "Azərbaycan" qəzeti bu dəfə tamam başqa bir imtahanla üz-üzə qaldı. Bir tərəfdə işğal olunmuş torpaqlar, bir milyondan çox qaçqın və köçkünün göz yaşı, daxili böhranlar... Qəzetin səhifələri o böhranlı illərdə bir xalqın fəryadını, sızlayan yarasını tarixə yazırdı. Amma xoşbəxtlikdən, elə həmin səhifələr Ulu Öndər Heydər Əliyevin qurtuluş həmləsi ilə qaranlıqdan işığa çıxan Azərbaycanın dirçəliş salnaməsinə də çevrilməyi bacardı. Ulu Öndərin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir" ideyasını özünə yol xəritəsi seçən qəzet ölkəmizin daxili böhranlardan qurtuluşa və Zəfərə qədər olan bütün mərhələlərini dəqiqliklə tarixiləşdirdi.
Ərazilərimizin işğal altında olduğu, yüz minlərlə soydaşımızın yurd həsrəti ilə yaşadığı o çətin illərdə qəzetin üzərinə çox böyük və məsuliyyətli bir missiya düşürdü. Qarabağın və Şərqi Zəngəzurun işğal altında olduğu illərdə böyüyən yeni nəsildə Vətən sevgisini, torpaq təəssübkeşliyini sarsılmaz etmək. Qəzetin hər nömrəsində dərc olunan analitik yazılar, tarixi araşdırmalar və insan taleyindən bəhs edən publisistik məqalələr oxucuya müstəqilliyimizin yalnız ərazi bütövlüyümüz tam təmin olunduqdan sonra öz əsl mahiyyətini tapacağını aşılayırdı.
Bu illər ərzində nəşrin səhifələrində Birinci Qarabağ müharibəsi zamanı az qala əliyalın şəkildə düşmənin top-tüfənginə qarşı cəsarətlə sinə gərən vətən övladlarının qəhrəmanlıqlarından bəhs edən yüzlərlə silsilə yazı yer aldı. Milli atributlarımızın, dövlətçilik ənənələrimizin və hərb tariximizin təbliğinə geniş yer ayıran "Azərbaycan" qəzeti milli ideologiyanın formalaşmasında, cəmiyyətin vahid qayə ətrafında sıx birləşməsində özünəməxsus rol oynadı.
Hələ Böyük qayıdışın xəyallarda olduğu vaxtlarda qəzet əməkdaşları işğal altındakı rayonlarımızın zəngin mədəni irsini, tarixini, darmadağın edilmiş kənd və şəhərlərimizin həqiqətlərini davamlı olaraq gündəmdə saxladılar.
Bir sözlə, "Azərbaycan" qəzeti öz vətənpərvərlik yazıları ilə cəmiyyəti ruhən və mənən o müqəddəs ana - Vətən torpaqlarının azad ediləcəyi, Azərbaycanın bütöv olacağı günə hazırlayırdı.
Qələmdən süngüyə, sözdən Zəfərə
Və o gün 2020-ci il sentyabrın 27-də gəlib çatdı...
İkinci Qarabağ savaşında "Azərbaycan" qəzetinin hər bir əməkdaşı, sözün həqiqi mənasında, qələmini süngüyə çevirdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin "Qarabağ Azərbaycandır!" hayqırtısı və cəbhədən verdiyi müjdələr qəzetin hər sayında böyük coşqu ilə işıqlandırıldı. Æurnalistlərimiz təkcə xoş xəbərləri yazmadılar, düşmənin cəbhədən kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutaraq müharibə cinayətləri törətməsini də dünyaya çatdırdılar.
Bundan əlavə, qəzet xalqın döyüş ruhunu, arxa cəbhədəki həmrəyliyini və əsgərlərimizin igidliyini əks etdirən analitik yazılar, oçerklər və müsahibələr də dərc edirdi. "Azərbaycan" qəzeti İkinci Qarabağ müharibəsi dövründə tarixi hadisələrin canlı salnaməsini yaradaraq, Zəfər yolunun mühüm informasiya dəstəkçilərindən birinə çevrilmişdi.
Vətən müharibəsi günlərində qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun "Üç cəbhənin sərkərdəsi" yazısında Qələbəyə sarsılmaz inam öz əksini belə tapıb: "Biz hamımız bu müharibədən qələbə gözləyirik!
Biz hamımız bu müharibədə Ali Baş Komandan İlham Əliyevə güvənir və əminik ki, həsrətlə gözlədiyimiz qələbəyə bizi məhz böyük rəhbərimiz çatdıracaq!
Biz hamımız İlham Əliyevi indi daha böyük coşqu və məhəbbətlə sevir və bir xalq olaraq ətrafında yumruq kimi birləşmişik!
İlham Əliyev bu günlərdə dayanmadan, durmadan, istirahət etmədən üç cəbhənin hamısında böyük əzm və uğurla çalışır, əsl sərkərdə, müdrik rəhbər, uzaqgörən dövlət başçısı kimi xalqın etimad və etibarını ən yüksək səviyyədə doğruldur!
Yaşa Ali Baş Komandanımız!
Tarix bu xidmətlərinizi heç zaman unutmayacaq!
QƏLƏBƏ BİZİMLƏDİR!
QARABAĞ BİZİMDİR!"
Qəzetin əməkdaşları İradə Əliyevanın, Flora Sadıqlının, Rəşad Cəfərlinin, Rəhman Salmanlının, Rüstəm Kamalın, Zöhrə Fərəcovanın, mərhum əməkdaşımız Rəşad Baxşəliyevin... "Azərbaycan Ordusu tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirir", "Düşmən ordusu qorxu və səksəkə içində qaçır", "İşğalçı Ermənistan vandalizminə görə cavab verəcək", "Tarixin alqışladığı qələbə", "İlham Əliyev Xudafərinə də azadlıq bəxş etdi", "Qələbə rəmzi", "Biz qisasımızı döyüş meydanında alırıq"... adlı yazılar və digər qələmə alınan çoxsaylı məqalələr İkinci Qarabağ savaşını bütün gerçəklikləri ilə oxucuya çatdırdı.
"Sentyabrın 27-dən başlanan ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğal olunmuş rayonlarımızı bir-birinin ardınca azad etməklə, müstəqillik tariximizin ən şərəfli səhifəsini yazır", - fikirləri "Azərbaycan Ordusu tarixi və müqəddəs missiyasını şərəflə yerinə yetirir" adlı məqalədə qürurla vurğulanır.
"Tarixin alqışladığı qələbə" başlıqlı yazıda əksini tapan "Deyirlər, xoşbəxtlik sadəcə andır. Amma saatlarla, günlərlə, illərlə sürən xoşbəxtlik də varmış. Prezident İlham Əliyevin noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini xalqa elan edərək həyatımıza gətirdiyi qürur, sevinc bütün tarixə dolan fəxarət hissidir, ömrümüzü bəzəyən, dövlətimiz var olduqca bizimlə birgə əbədi olacaq xoşbəxtlikdir" sözləri xalqımızın yaşadığı sevinc hisslərinin sözlə ifadəsidir.
"Milli ləyaqət simvolu olan üçrəngli Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, hər bir şəhərində ucadan uca zirvələrdə əzəmətlə dalğalanır. Bu, Azərbaycanın təəssübünü çəkən insanlar üçün, habelə Yer üzündə yaşayan bütün azərbaycanlılar, xüsusilə işğaldan azad edilən ərazilərin sakinləri üçün nə qədər qürurvericidir", - deyə "Qələbə rəmzi" adlı yazıda Zəfər qüruru paylaşılır...
Qızıl səhifələr
"Azərbaycan" qəzetində işıq üzü görən bütün bu məqalələr yüz illər sonra da öyrəniləcək Zəfər salnaməsinin qızıl səhifələridir. Qəzetdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidliyə ucalan vətən övladlarının həyatına, Qarabağ zəfərinin qazanılması üçün misilsiz xidmətlər göstərən qəhrəman oğullarımızın şücaətinə, bir qərinəlik həsrətdən sonra yurduna dönən insanlarımızın qayıdış sevincinə həsr olunmuş yüzlərlə yazı qələmə alınıb və bu gün də bu səpkili yazılar nəşrin ana xəttini təşkil edir.
Qəzetdə müxtəlif rubrikalar altında vətənpərvərliklə bağlı məqalələr yer alır. "Zəfər zirvəsini fəth edənlər", "Biz qayıtdıq, Vətən!", "Qarabağ söhbətləri", "Şəhidlər ölməz, vətən bölünməz", "Vətən deyəndə", "Tarix yazan oğullar", "Biz daha köçkün deyilik", "Vətən oldu oğullar!", "Ölməzliyə qovuşanlar", "Yurdu yaşadan qəhrəmanlar", "Vətən üçün doğulanlar" adlı rubrikalarda qəzetin əməkdaşları Züleyxa Əliyevanın "Qısa ömür, əbədi tale", Vahid Məhərrəmovun "Yaralansa da, silahını yerə qoymadı", Elşən Qəniyevin "Bir zabitin Vətən andı", Əsmər Qardaşxanovanın "Qarabağın meşələri bərpa olunur", Ülkər Xaspoladovanın "Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır", Təhminə Verdiyevanın "Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri davam edir", özümün qələmə aldığım "Bizim əbədi Laçın"... kimi yazılar bu qəbildəndir.
"Qısa ömür, əbədi tale" başlıqlı məqalədə müqəddəs şəhidlik məqamının qüssəqarışıq qüruru ən incə məqamına qədər əks olunub: "Hər şəhid evinə gedəndə insan ürəyində qəribə bir ağırlıq daşıyır. Qapını döyməzdən əvvəl nəfəsini toparlamalı olursan. Çünki bilirsən ki, içəridə zaman bir yerdə dayanıb. Saatlar işləsə də, divarlar ötüb keçən günün səsini saxlayır. Bu dəfə də elə oldu. Qapı açıldı və mən bir ömrün xatirəsinə doğru addımladım. Elə bir mənzilə daxil oldum ki, burada qüssəli xatirələr yaşayır…"
"Ağdamın yeni həyatı Böyük qayıdışla canlanır" adlı yazıda vurğulanır ki, Ağdamın taleyində yeni səhifə 2020-ci ilin noyabrında açıldı: "Azərbaycan Ordusunun döyüş meydanında qazandığı Qələbənin nəticəsi olaraq rayonun işğal altında qalan hissəsi Azərbaycana qaytarıldı. Bundan dərhal sonra rayon ərazisinin minalardan təmizlənməsinə, infrastrukturun yaradılmasına və şəhərin gələcək inkişaf modelinin hazırlanmasına başlanıldı. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin bərpasının təməli qoyuldu"...
"Azərbaycan" qəzetinin əməkdaşı olmuş şəhid Elgün İsmayılovun xatirəsi artıq 20 ildən çoxdur ki, çalışdığı qəzetin redaksiyasında böyük ehtiramla yad edilir, xatirəsinə həsr olunan yaradıcılıq müsabiqəsi təşkil olunur. Belə ki, hər il Elgünün doğum günündə redaksiya kollektivinin onun xatirəsinə həsr etdiyi tədbir İkinci Şəhidlər xiyabanındakı məzarını ziyarətlə başlayır. Tədbirdə "Azərbaycan" qəzetində ənənəvi vətənpərvərlik mövzusuna həsr olunmuş yaradıcılıq müsabiqəsinə yekun vurulur və qaliblər mükafatlandırılırlar.
108 il əvvəl istiqlalımızın carçısı kimi işıq üzü görən "Azərbaycan" qəzetinin keçdiyi yol həm də müasir dövlətçilik tariximizin canlı güzgüsüdür. Ən çətin illərin ağrı-acısını öz səhifələrində daşıyan, hər nömrəsində mübarizə ruhunu, inamı və vətən sevgisini yaşadan bu qəzet öz tarixi missiyasını həmişə şərəflə yerinə yetirib.
Dünənə qədər torpaq həsrətimizi, qəlbimizdəki nisgili kağıza köçürən qələmlər, bu gün eyni qürurla Böyük qayıdışı, dirçələn şəhər və kəndlərimizin yeni həyatını, xalqımızın Qələbə coşqusunu yazır.
108 illik zəngin ənənəsi olan "Azərbaycan" qəzeti bundan sonra da müstəqil dövlətimizin rəmzi, qalib xalqımızın gələcək nəsillərə ötürüləcək ən etibarlı, ən dəyərli Zəfər salnaməsi, qiymətli məxəz kimi yaşayacaq, var olacaq!
Yasəmən MUSAYEVA,
"Azərbaycan"