Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Şuşanın bir sıra tarixi-mədəni yerlərində olublar.
AZƏRTAC xəbər verir ki, Cıdır düzünə gələn diplomatlara bu ərazinin tarixi-mədəni əhəmiyyəti barədə məlumat veriblər. Qonaqlar Cıdır düzündən açılan möhtəşəm mənzərəni seyr ediblər.
Sonra 2001-ci il sentyabrın 11-də ABŞ-nin Nyu-York şəhərində törədilən və üç mindən çox insanın həlak olduğu terror aktlarının qurbanlarının xatirəsi anılıb.
Daha sonra diplomatlar Şuşada Aşağı Gövhər Ağa məscidinə gəliblər.
Qeyd olunub ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində əsaslı bərpa işləri aparılıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscid şəhərin tarixi-memarlıq rəmzlərindən biridir.
Diplomatlar Şuşada yeni salınan Qarabağ küçəsi ilə tanış olub, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər. Bu binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır.
Qonaqlara bildirilib ki, tikinti işləri zamanı yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, binaların Şuşanın tarixi-memarlıq simasına və ümumi görünüşünə uyğunluğuna da xüsusi diqqət yetirilib.
Daha sonra diplomatlar Şuşa şəhərində tarixi memarlıq abidələrinə baxış keçiriblər.
Tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”ni ziyarət edən qonaqlara burada görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, görkəmli musiqiçi, tarzən, bəstəkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.
Xarici korpusun nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini də ziyarət ediblər.
Diplomatlar Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası kimi tanınmış binaya da baş çəkiblər. Bildirilib ki, ölkə əhəmiyyətli memarlıq abidəsi XVIII əsrə aiddir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər.
Xarici nümayəndələrə Şuşa şəhərinin tarixi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Daha sonra diplomatik korpusun nümayəndələri Şuşada birinci yaşayış kompleksində sakinlərlə görüşüb, burada yaradılan şəraitlə tanış olublar.
16:14
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Şuşa şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olurlar.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.