Tanınmış tədqiqatçı alim
Azərbaycan incəsənət tarixində xalqımızın minilliklər boyu yaratdığı dekorativ tətbiqi sənətin bir sahəsi olan xalçaçılıq xüsusi əhəmiyyət daşıyır. Türk dünyasının ünlü dövlət xadimi Mustafa Kamal Atatürkün dediyi kimi, biz tarix yaratmışıq, amma tariximizi yazmamışıq. Bu mənada xalça sənətimizin tarixini yazıya almaq, tədqiq edib üzə çıxarmaq XX əsrin 40-cı illərindən başlayıb.
Bu işdə xalçaçı rəssam, xalçaşünas alim Lətif Kərimovun danılmaz əməyi olub. Bu sahədə o, məktəb yaradıb. Lətif Kərimovdan sonra xalça sənətimizin araşdırılması və tədqiq olunmasında bir sıra sənətşünas alimlər - Cəfər Müciri, Nəcibə Abdullayeva, Anaxanım Əliyeva, Röya Tağıyeva və başqaları uğurlu işlər görüblər. Onlardan biri də 80 illik yubileyi tamam olan, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Kübra Muxtar qızı Əliyevadır.
Kübra Əliyeva Ağdam rayonunda dünyaya göz açıb. Onun babası Abuzər Orucov dövrünün tanınmış ziyalılarından, məşhur "Orucov qardaşları mətbəəsi"nin yaradıcılarından biri olub. Mətbəənin bütün işlərini yalnız Abuzər Orucov aparırdı. Oruc Orucov isə ümumi rəhbərliyi, hökumətdəki işləri öz boynuna götürmüşdü.
K.Əliyeva ali təhsilini indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində alıb (1963-1967-ci illər) və oranı fərqlənmə diplomu ilə bitirib. O, ustadı Lətif Kərimovun istəyi ilə ömrünü xalça sənətinə, bu sənətin araşdırılması, tədqiqi və təbliği işinə həsr edib.
K.Əliyeva yarım əsrdən artıqdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışır. O, burada baş laborant, şöbə müdiri, institutun elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. K.Əliyeva Moskva şəhərində Lomonosov adına Universitetin tarix fakültəsində professor Viktor Mixayloviç Vasilenkonun yanında təcrübə keçib (1978-1980-ci illər). Xalçalarımızın mahir tədqiqatçısı Moskada "Azərbaycanın xovsuz xalçaları" mövzusunda namizədlik (1984), Bakıda isə "XVI-XVII əsrlər Təbriz xalça məktəbi və onun Yaxın və Orta Şərq xalça sənəti ilə əlaqəsi" mövzusunda doktorluq (2004) dissertasiyalarını uğurla müdafiə edib.
Alimin elmi tədqiqat işləri özünün mövzu və işlənilmə baxımından, eləcə də elmi aktuallığı və fundamentallığı ilə yüksək əhəmiyyət daşıyır. K.Əliyevanın Azərbaycan və rus dillərində nəşr olunmuş kitab və monoqrafiyalarından "Azərbaycanın xovsuz xalçaları" (1983, 1988, 2023), "Azərbaycanın xalı və xalçaçılıq terminləri lüğəti" (Rasim Əfəndiyevlə müştərək, 1998), "XVI-XVII əsrlər Təbriz xalça məktəbi və onun Yaxın və Orta Şərq xalça sənəti ilə əlaqəsi" (1999), "Lətif Kərimov" ("Sərvət" seriyasından, 2013), "Lətif Kərimov: Həyat və yaradıcılığı" (Eldəniz İbrahimovla müştərək, 2007), "Ornament tarixi" (2012), "Azərbaycanın xovsuz toxunuşlu məişət əşyaları" (2023), "Təbriz xalça məktəbi" (2023), "Təbriz xalçaçılıq məktəbi" (2023), "Azərbaycan ərazisindəki talışların həsirtoxuma sənəti" (2023), "Lətif Kərimovun həyat və yaradıcılığı" (2023), "Xalq rəssamı Kamil Əliyevin yaradıcılığı" (2023) və başqa nəşrlərin adlarını qeyd etmək olar.
Kübra Əliyeva ilk dəfə olaraq Azərbaycan sənətşünaslıq elmində xalqımızın ən qədim xalça sənəti olan Azərbaycan xovsuz xalçalarının yaranması tarixini, bu xalça növlərinin klassik təsnifatını, bədii və texnoloji xüsusiyyətlərini araşdırıb tədqiq etmişdir. Lətif Kərimov xovlu xalçaların "pasportlaşdırılma"sını yaratdığı kimi, xovsuz xalçalar istiqamətində bu işi sənətşünas alim Kübra Əliyeva reallaşdırmışdır. Kübra Əliyevanın 70 illik yubileyi ilə əlaqədar AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "İncəsənət və mədəniyyət məsələləri" adlı elmi toplusunun 2014-cü il tarixli 4-cü sayı alimin elmi irsinə və yaradıcılığına həsr olunmuşdur. Qeyd olunan nömrədə xalçaşünas alim haqqında tanınmış sənətşünaslar - Ərtəkin Salamzadə, Sevil Sadıqova, Vidadi Xəlilov, Məmməd Əliyev, Yeganə Hacıyeva, Aidə Sadıqova, Aytən Səlimova və Flora Nacinin elmi məqalələri dərc olunmuşdur.
K.Əliyeva uzun illərdir ki, pedaqoji fəaliyyət göstərir. O, 1979-cu ildən 2001-ci ilədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəssamlıq bölməsində (Quba filialında 10 il) dosent vəzifəsində çalışmış, indiyədək bir çox peşəkar sənətşünas və xalçaçı rəssam yetişdirmişdir. K.Əliyeva 2001-ci ildən 2004-cü ilə qədər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin memarlıq dizaynı bölməsində istedadlı memar-magistrlərin yetişməsində böyük əmək sərf etmişdir. Xalçaşünas alim 2003-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq kafedrasında müəllim-dosent, hazırda isə professor vəzifəsində çalışır.
K.Əliyeva ixtisaslı xalçaşünas alim kimi bir sıra ictimai işlərdə də öz bilik və bacarıqlarını əsirgəməmişdir. O, Azərbaycan Sovet Ensiklopediyasının (ASE) III cildindən başlayaraq X cildinə qədər Azərbaycan dekorativ-tətbiqi sənətinə aid 60-dan artıq məqalənin müəllifidir. Eyni zamanda alim Azərbaycanın dövri mətbuatında və xarici ölkələrdə nəşr edilən 100-dən artıq elmi məqalənin müəllifidir.
K.Əliyevanın səmərəli elmi və pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Kübra Əliyeva "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür (2014). 1989-cu ildə "Əmək veteranı" medalı ilə təltif edilən alim uzun illər Azərbaycan Respublikası Prezident Administrasiyası yanında Ali Attestasiya Komissiyasının və Milli Azərbaycan Tarixi Muzeyinin eksperti olmuşdur. O, AMEA-nın Terminologiya Komitəsinin üzvüdür.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Albanşünaslıq mərkəzində öz elmi fəaliyyətini davam etdirən sənətşünas alim, professor Kübra Əliyeva inanırıq ki, bundan sonra da özünün elmi və pedaqoji fəaliyyəti ilə Azərbaycan sənətşünaslıq elminin tərəqqisi və inkişafı istiqamətində yeni-yeni uğurları ilə elm və sənət adamlarını sevindirəcəkdir.
Əsəd QULİYEV,
Rəssamlar İttifaqının üzvü,
sənətşünas
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
10 Sentyabr
“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublika...
10 Sentyabr
“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əm...
10 Sentyabr
“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında...
10 Sentyabr
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Resp...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsd...
10 Sentyabr
Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi ...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 4 sentyabr və 5 sentyabr tarixli iclas protokollarının təsdi...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!