Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi qüdrətindən asılıdır. Bu səbəbdən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ölkəmizin iqtisadi gücü sosial proqramları icra etməyə imkan verir. Dövlət başçısı hələ 2003-cü ildə KİV nümayəndələrinə müsahibəsində demişdir: "Əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin".
Bu gün Azərbaycan dünyaya dayanıqlı iqtisadi inkişafla yanaşı, sosial rifah modelini də təqdim edir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyən Prezident əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atır.
Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə respublikamızın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Bu gün Azərbaycanın dünyada qəbul edilən yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Bu uğurlara yol açan əsas amil isə təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq, Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır.
Ölkəmizdə əhalinin sosial rifahının təmin olunması istiqamətində dövlət siyasətinin əsas prioritetlərindən biri sosialyönümlü xərclərin artırılmasıdır. Bu, özünü büdcə göstəricilərində də aydın büruzə verir. Məsələn, 2021-ci ildə dövlət büdcəsində sosialyönümlü xərclər 10,3 milyard manat təşkil edirdisə, 2024-cü il üçün bu məbləğ 15,5 milyard manata çatdırılıb. 2025-ci ilin büdcəsində isə sosial xərclər 16,9 milyard manat nəzərdə tutulub. Bu göstəricilər qısa müddətdə sosial xərclərin 6,6 milyard manat artdığını ortaya qoyur. Ümumiyyətlə, sosialyönlü xərclərin dövlət büdcəsində çəkisinin 41 faizə çatması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqləyir. Bu artım həmçinin vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması, sosial təminat sisteminin gücləndirilməsi və əhalinin həssas təbəqələrinə dəstək verilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyətini göstərir.
Dövlət başçısı İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılır.
Məlumdur ki, tarixi Zəfərimizdən sonra "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənmişdir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf istiqamətinin ideoloji nüvəsini təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə səmərəli idarə olunmasına və özəl mülkiyyət institutlarının gücləndirilməsinə yol açır.
Azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də vətəndaş məmnunluğunun qorunması dövlətimizin əsas prioritetidir. İşğaldan azad olunmuş ərazilərdə insanların özünüməşğulluğunun təmin edilməsi istiqamətində çox ciddi addımlar atılır. İş yerlərinin yaranması üçün təxirəsalınmaz tədbirlər görülür. Heç şübhəsiz ki, Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti, güclü siyasi mövqeyi və iradəsi düşmənlərimizi ciddi narahat edir. Hər vasitə ilə Azərbaycana mane olmağa çalışan qüvvələr Ermənistanı silahlandırmaqla bölgədə sabitliyi pozurlar. Yerli telekanallara müsahibəsində hərbi və təhlükəsizlik məsələlərinə ayrılan xərclərə toxunan Prezident İlham Əliyev fikirlərini belə izah etmişdir: "Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir".
Elşən QƏNİYEV,
"Azərbaycan"