45 saylı Sumqayıt 4-cü Seçki Dairəsinin 1 saylı məntəqəsi Sumqayıt Dövlət Dram Teatrının binasında yerləşir. Məntəqə seçkiyə tam hazır vəziyyətdədir. Binanın çölündə hər bir namizədin şəkli və platforması asılıb. Bununla seçicilər namizədləri daha yaxından tanımaq üçün imkan əldə ediblər.
1 saylı məntəqə seçki komissiyasının sədri Samir Şəfiyev bildirdi ki, dəqiqləşdirilən siyahı üzrə seçicilərin sayı 1497 nəfərdir. Siyahı hazırlanandan sonra da məntəqənin üzvləri Səbilə Cəfərova və Məxmirə Məmmədova hər gün məntəqənin əhatə etdiyi 3 məhəllədə sakinlərin siyahısını dəqiqləşdirirlər.
Biz məntəqədə olan zaman ilk dəfə səs verəcək Şamil Osmanlı ilə rastlaşdıq. Şamil vurğuladı ki, 2006-cı ildə anadan olub. Qohumlarından Vətən müharibəsində iştirak edənlər var: "Qazi və şəhid qardaşlarımız bizlərə vətəni sevməyi, onu qorumaq, düşməndən təmizləmək dərsini öyrətdi. Biz gənclər də yaxşı bilirik ki, bu seçkinin ölkəmiz üçün əhəmiyyəti böyükdür, Qələbəmizdən sonra keçirilən ilk bələdiyyə seçkisidir. Bu seçkinin ölkəmizin inkişafında xüsusi payı olacaq. Haqqı olanın qələbəsini təmin etmək, səsimizlə onu müdafiə etməklə gələcəyə səs verəcəyik".
1944-cü il təvəllüdlü Səxavət Salmanovla da məntəqənin qarşısında rastlaşdıq. Yaşlı seçicilərin nümayəndəsi kimi Səxavət müəllim bildirdi ki, vaxtılə Sumqayıta gələndə 18 yaşı vardı: "İlk günlərdən ictimai işlərdə yaxından iştirak etməyə başladım. O zamandan öyrənmişəm ki, ölkə üçün vacib tədbirlərdə iştirak edim. Neçə gündür hər dəfə buradan keçəndə məntəqəyə baş çəkirəm. Məhəllədə qonşularla qərar vermişik ki, seçkilərdə hamılıqla iştirak edək".
Məntəqənin üzvü Məhsəti Şirəliyeva dedi ki, artıq bildiriş vərəqələri hazırlanır və yaxın günlərdə sakinlərə paylanacaq. Məntəqə seçki komissiyasının sədri Samir Şəfiyevin sözlərinə görə, seçkinin demokratik keçirilməsi üçün lazım olan bütün işlər görülüb. Məntəqə texniki ləvazimatlarla, təlimatlarla təmin edilib. Müşahidəçilərin sayı seçki günü dəqiqləşəcək. Səsverməyə gələ bilməyən seçicilər də unudulmayacaq.
Akif ƏLİYEV,
"Azərbaycan"