Azərbaycan sənətşünaslıq məktəbinin tanınmış simalarından olan professor Cəmilə Novruzova XX əsr Azərbaycan heykəltaraşlıq sənətinin layiqli tədqiqatçısı kimi adını incəsənət tariximizə yazıb. Uzunmüddətli səmərəli pedaqoji fəaliyyəti zamanı bir sıra tanınmış sənətşünas mütəxəssislər yetişdirən alimin bu il 95 yaşı tamam olur.
Cəmilə Həsən qızı Novruzova qədim və zəngin mədəniyyətə malik Naxçıvan torpağında dünyaya göz açmışdı. O, A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinə daxil olmuş, sonra təhsilini Bakıda davam etdirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Sənətşünaslıq fakültəsini bitirmişdi. C.Novruzova 1962-ci ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda böyük elmi işçi vəzifəsində işləməyə başlamış, XX əsr Azərbaycan heykəltaraşlıq sənətinin formalaşması və inkişafı istiqamətində aparmış olduğu dərin araşdırma və tədqiqatları nəticəsində əvvəlcə namizədlik (1956), daha sonra doktorluq (1977) dissertasiyalarını uğurla müdafiə etmişdir. C.Novruzova uzun müddət səmərəli pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə Azərbaycan incəsənət tarixini öyrətmişdir. Sənətşünas alim 1990-cı ildə professor elmi dərəcəsinə layiq görülmüşdü.
Professor C.Novruzovanın elmi fəaliyyət dairəsini XX əsr Azərbaycan heykəltaraşlıq sənətinin yaranması və inkişaf xüsusiyyətləri, heykəltaraşlıq problemləri və tanınmış heykəltaraşların yaradıcılığının araşdırılması və tədqiqi əhatə edirdi. Sənətşünas alim Azərbaycan heykəltaraşlıq məktəbinin məşhur simaları Piyotr Sabsay, Fuad Əbdürrəhmanov, Cəlil Qaryağdı, Mirəli Mirqasımov, Elmira Hüseynova, Tokay Məmmədov, Ömər Eldarov, Fuad Bakıxanov və başqalarının həyat və yaradıcılığına həsr olunmuş 10 monoqrafiyanın, 200-ə qədər elmi məqalənin müəllifi olmuşdur. Bu sırada onun "Sovet Azərbaycanının monumental heykəltaraşlığı" (rus dilində, 1960), "Heykəltaraşlıq haqqında" (Mürsəl Nəcəfovla birlikdə, 1960), "Azərbaycan sovet incəsənəti" (həmmüəllif, rus dilində, Moskva, 1970), "Tokay Məmmədov" (rus dilində, 1973), "Azərbaycan sovet heykəltaraşlığı" (1973), "Fuad Əbdürrəhmanov" (1974), "Azərbaycan SSR təsviri incəsənəti" (N.Həbibovla birlikdə, 1978), "İbrahim Zeynalov" (1981, 1998), "Heykəltaraşlıq" (rus dilində, 1983), "Fuad Əbdürrəhmanov" (rus dilində, 1988), "Fuad Əbdürrəhmanov" (2006) və başqa kitablarını qeyd etmək olar. O, həmçinin "SSRİ xalqları incəsənəti tarixi" çoxcildliyinin hazırlanmasında iştirak etmişdir. Sənətşünas alimin kitab və monoqrafiyaları haqqında ayrı-ayrılıqda bəhs olunmağa layiq elmi-tədqiqat əsərləridir.
2000-ci illərdə Dövlət Rəssamlıq Akademiyasında oxuduğum zaman qayğıkeş müəlliməmiz Cəmilə Novruzovanın mühazirə və seminarlarını hörmətlə xatırlayıram. O, tələbələrinə xüsusi qayğısı və həssaslıqla yanaşırdı.
Vaxt, zaman bir göz qırpımında gəlib keçir. İllər sürətlə bir-birini əvəzləyir. Dəyişməyən və dəyərini itirməyən yaxşı əməllər, özündən sonra miras qoyub getdiyin mənəvi irsdir. Cəmilə Novruzovanın elmi irsi də həmişə yaşayacaq, xatırlanacaq.
Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas